Naxçıvanda birinci
kitab sərgisi
SƏRGİ İŞTİRAKÇILARININ TƏƏSSÜRATLARI
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Zəngin ənənələrə malik Naxçıvan diyarı bu dəfə yeni bir mədəni tədbirə ev sahibliyi etdi. Bir çox dahilərin göz açdığı bu ulu diyarda Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi, "Naxçıvan" Universiteti və "Hədəf" Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi keçirildi.
25 nəşriyyatdan minlərlə kitabın sərgiləndiyi bu tədbir "Naxçıvan" Universitetində təşkil olunmuşdu. Sərgidə həm Bakı şəhərindən gələn ziyalı qonaqlar, həm də muxtar respublikamızdan xeyli sayda kitabsevərlər iştirak edirdi. Elə biz də sərgi təşkil olunan əraziyə üz tutub, onlardan bir neçəsi ilə həmsöhbət olduq.
İlk olaraq Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadıq ilə söhbət etmək, sərgi haqda fikirlərini almaq istədik. Şəmil müəllim qeyd etdi ki, ANAİB, "Naxçıvan" Universiteti, "Hədəf" şirkətlər qrupunun təşkilatçılığı ilə iki gün ərzində Naxçıvanda möhtəşəm kitab sərgisi keçirildi. Bu elin, bu torpağın yetirməsi olduğu üçün özünə mənəvi borc bilən Şəmil Sadiq, uzun illərdir ki, arzusunda olduqları bu sərgini Naxçıvanda keçirmək, yazıçılarımızla oxucuların görüşünü təşkil etmək, kitabların daha əlçatan olmasını təşkil etmək istədiyini bildirdi: "İki günlük səfərimiz zamanı, təqribən yüz nəfərlik heyətlə iştirak edirik. Bu səfərimiz zamanı gedişat tam olaraq ürəyimizcədir. Təqribən 25 nəşriyyatın, 10 mindən çox kitabın, iki gün müddətində keçirilən yazıçı-oxucu görüşlərinin, təqdimat mərasimlərinin, qiraət və nağıl saatlarının keçirilməsi, həmçinin elmi seminarların olması bu işin daha konseptual və möhtəşəm olmasını göstərir. Adətən keçirilən sərgilər yarmarka xarakterli olur. Amma biz bunu Naxçıvanda sərgi, festival şəklində keçirib gözəl bir hadisəni yaşamış olduq. Bu, həm də Naxçıvan tarixində bir ilkdir. Bu qədər nəşriyyatın kitablarının bir arada sərgilənməsi çox önəmlidir. Qonaqların da Naxçıvanın tarixi abidələrimizi ziyarət etmələri, Naxçıvan rəhbərliyinin xoş münasibət göstərməsi hər birimizi ürəkdən sevindirir".
Növbəti həmsöhbətimiz Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı oldu. O, belə bir əhəmiyyətli tədbirin mahiyyətinin mühümlüyünü dilə gətirərək bunun Naxçıvanda təşkil olunmasından şad olduğunu bildirdi. Elçin müəllim üçün xoş məqamlardan biri də oxucuların ailə üzvləri ilə birgə sərgiyə gəlib kitablarla yaxından tanış olmaları idi. Bildirdi ki, kitabsevərlərlə yaxından təmasda olmaq, burada sərgilənən kitablar haqqında məlumatlar əldə etmək özü bir mədəni istirahətdir. Elçin müəllimin arzusu bu oldu ki, Naxçıvanda bu cür kitab sərgilərinin təşkili davamlı olsun.
Kitab sərgisində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edirdi. Naxçıvana vaxt tapdıqca gəlməyi unutmayan Rəşad müəllim sərginin burada keçirilməsinin həm də bu qədim diyara ilk dəfə səfər edənlər üçün fürsət olduğunu, bu mühüm sərginin təşkilində "Naxçıvan" Universiteti tərəfindən gözəl bir ənənənin əsasının qoyulduğunu bildirdi: "Naxçıvan torpağı hər dövrdə Azərbaycana önəmli şəxsiyyətlər, mütəfəkkirlər bəxş edib. O cümlədən, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyev kimi həm Azərbaycana, həm də türk dünyasına dahi bəxş edib. Bu mənada Naxçıvanda kitab oxumaq ənənəsi böyükdür və bunu davam etdirmək lazımdır. Gənclər arasında mütaliəyə, kitaba marağın oyadılmasında bu cür tədbirlərin təşkili lazımlı və vacib addımlardandır. Və düşünürəm ki, nəşriyyatların da marağı və əsas hədəfi elə budur. Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüzdə də, bu haqda söhbətlər edib, Naxçıvanın gələcək inkişafı barədə kitaba marağın vacibliyi, kitaba qarşı ehtiram və hörmətin rəsmi səviyyədə də genişləndirilməsi barədə danışdıq. Elə bilirəm ki, gələcək illərdə bu bayram daha çox insanı əharə edəcək və daha çox insanlar bu cür tədbirlərə qatılacaqlar".
"Altun-kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov isə Naxçıvana ikinci dəfədir gəldiyini, bu qədim diyarın tarixi və turizm üçün əhəmiyyətli olan gəzməli-görməli yerlərinin onda xoş ovqat yaratdığını bildirdi. Naxçıvanda keçirilən kitab sərgisi haqqında isə müsahibim bunu çoxdan arzuladığını bildirdi. Qeyd etdi ki, naxçıvanlıların qonaqlara və sərgiyə münasibəti bizi çox sevindirdi. Sərginin təşkilinin kitabsevərlər üçün böyük töhfə olduğunu bildirdi.
Sərgidə yazıçı, şair Zahid Xəlil ilə söhbətimiz oxucuları ilə görüşü və imza saatında oldu. "Naxçıvan" Universitetində təşkil olunmuş bu cür gözəl kitab sərgisinin keçirilməsindən böyük fərəh hissi duyduğunu bildirdi. Və onunla görüşməyə gələn naxçıvanlı oxucularının da görüşdən məmnunluqla ayrılmaları onu daha çox sevindiridi. Kitab sərgisinin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edən Zahid müəllim, bu ənənənin davamlı olmasını arzuladı.
Vaxtilə ən az oxucusunun Naxçıvanda olmasını düşündüyünü, lakin bu sərgisində fikrində yanıldığını qeyd edən növbəti müsahibim isə Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı Varis Yolçuyev oldu. Varis müəllim, indiyə kimi dünyanın bir çox ölkəsinə səfər etsə də, ulular yetişdirən qədim diyarda ilk dəfə olduğunu, bunun üçün özünü xoşbəxt hiss etdiyini, bir yazıçı kimi Hüseyn Cavidin, Mirzə Cəlilin vətənində olmağın sevincini yaşadığını söylədi. Yazıçı Möminə xatun kimi dünya əhəmiyyətli bir abidəni gəlib gözləri ilə görməyə vəsilə olmaları üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Yazıçımız yaxın zamanlarda Azərbaycan-Türkiyə birgə istehsalı olacaq Atabəylərlə bağlı çoxseriyalı televiziya filmi istehsal ediləcəyini və həmin filmin ssenari qrupunun rəhbəri kimi Möminə xatun türbəsini yaxından görməyin onun yaradıcılığına böyük bir stimul veriyini söylədi.
İllər sonra doğma məmləkəti Naxçıvana ayaq basan dəyərli şairimiz Rüstəm Behrudi ilə həmsöhbət olmaq fərqli bir təəssürat idi. Söhbətimizə alman imperatoru Bissmarkının ifadələri ilə başladı: "Təhsilə pul xərcləməyən bir dövlət, gələcəkdə həmin pulu böyük bir həbsxanaların tikilməyinə sərf edəcək". Çünki insan nə qədər cahildirsə, o qədər də cinayətkar olmağa yönəlir. Və düşünürəm ki, uzun illərdi Naxçıvanda bu cür kitab sərgiləri keçirilməyib. Bu təşəbbüs Naxçıvan ziyalılarının, naxçıvanlı oxucuların həyatında böyük bir hadisədir. Cahil insanların həm dövlət, həm də cəmiyyət üçün faydası ola bilməz. Az sayda adamın kitaba yönəlməsini belə görsək, bu, bizim üçün çox sevindirici bir hadisədir". İllərdir doğma diyarda oxucuları ilə görüşün təşkil olunmamasından narazılığını ifadə edən Rüstəm Behrudi, illər sonra ata yurdu Naxçıvanda oxucuları ilə görüşünə şərait yaradıldığı üçün təşkilatçılara öz dərin təşəkkürünü bildirdi.
Qonaqlar arasında daha bir müsahibimiz "Parlaq imzalar nəşriyyatı"nın direktoru Nurman Tariqdir. Nurman müəllim dedi: "ANAİB fəaliyyətə başlayan gündən ilk hədəfləri bölgələrə kitab daşımaq olub. Çünki paytaxt Bakıda kitab sərgiləri və bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. Lakin bölgələrədə kitab sərgiləri, kitablarla ünsiyyət bir az minimal səviyyədə olur. Hədəfimiz də elə bölgələrə üz tutub bu kimi problemi ortadan qaldırmaqdır. Naxçıvan beşinci bölgədir ki, kitablarla gedib sərginin təşkilinə müvəffəq oluruq. Gördüyümüz iş çətin və məsuliyyətli işdir, komanda işidir. Amma çox məmnunuq ki bu iş nəticə verir və nə yaxşı ki bu səfərimiz Naxçıvana oldu. İlk dəfə idi naxçıvanlı oxucularla görüşə gəlmişik və necə qarşılanacağımızı bilmirdik. Lakin bura gəldiyimiz gündən çox fərqli bir mənzərə ilə qarşılaşdıq. İstər Naxçıvanda olan tarixi abidələrlə tanışlığımız, insanların qonaqlarımıza olan xoş münasibəti, kitabsevərlərin böyük marağı bizim burdan xoş bir təəssüratla ayrılacağımıza səbəb olur. Ümid edirəm ki, növbəti sərgilərimiz daha da yeni oxucu axınına səbəb olacaq".
Şair-yazıçı Elxan Məmmədovdan da təəssüratlarını bölüşməsini xahiş etdik. O vurğuladı ki, həqiqətən də Naxçıvanda bu cür sərginin keçirilməsi hər kəsin ürəyincədir. Çünki naxçıvanlı müəlliflər Azərbaycanın digər yazıçılarını da yaxından tanımaq imkanı əldə edirlər. Ölkənin tanınmış simaları, məhşur qələm sahibləri, jurnalistləri ümumiyyətlə, ictimai ədəbi mühitimizdə tanınan imzalarla da əyani olaraq tanışlığa səbəb olur. Bununla yanaşı, həm də yerli müəlliflərlə də tanış olmaları üçün bir daha imkan yaranmış olur. Və bunun üçün də ildə bir neçə dəfə bu cür sərgi və görüşlərin keçirilməsini arzu etdi müsahibim. Qeyd etdi ki, Naxçıvan onsuz da festivallar şəhəridir, nə xoş olar ki, bundan sonra kitab festivalı da buna əlavə oluna.
Yerli yazarlarımızdan daha bir müsahibim Təranə Arifqızı oldu: "Azərbaycanın bir çox nəşriyyatlarının bütövlükdə sərgisinin açılması və yazarların, şairlərin eləcə də kitabsevərlərin sərgidə yaxından iştirak eləməsi bizi ürəkdən sevindirir. Hətta yerli yazar kimi bizi daha çox fərəhləndirir ki, biz də bu sərgidə dəvət almışıq və həm kitablarımızın sərgisini, satıtışı üçün yaradılan şəraitdən yararlanırıq".
Belə möhtəşəm bir sərgiyə ev sahibliyi edən "Naxçıvan" Universitetinin rektoru, dosent Anar Kazımovdan da sözlü-sənətli sərginin təəssüratlarını bizimlə bölüşməsini xahiş etdim. O, Ümummilli lider Heydər Əliyevin 100 illik yubuileyi ərəfəsində bu cür sərginin keçirilməsindən qürur böyük fərəh hissi keçirdiyini bildirdi: "Azərbaycanı hər zaman elm, sənət ocağı kimi görmək istəyən Ulu öndər Heydər Əliyev irsinin bu gün ölkədə uğurla davam etdirildiyinin şahidiyik. Sevindirici bir haldır ki, sərginin ilk dəfə keçirilməsinə baxmayaraq, insan axınını müşahidə etdik və "Naxçıvan" Universitetinin fərqli aiditoriyalarında müxtəlif görkəmli qələm sahibləri ilə görüşlər təşkil olundu. Sərgiyə gələn insanlar həm kitablarla yaxından tanış olur, istədikləri kitabları əldə edir, həm də görüşlərdə iştirak etmək şansından yararlanırdılar. Hesab edirik ki, sərgiyə gələn muxtar respublika sakinləri, eləcə də qonaqlarımız özlərinə uyğun kitablar əldə edib, maraqlarına uyğun insanlarla ünsiyyət qurmaq imkanları oldu, onlar buradan əllərində kitablar, üzlərində sevinc hissi ilə ayrılırdılar".
Bir sözlə, I Naxçıvan Kitab Sərgisində iştirak edən hər kəs bu möhtəşəm tədbirin davamlı olmasını arzulayırdı. Ümid edirik ki, belə də olacaq və doğma diyarımız bundan sonra da belə maraqlı tədbirlərlə iştirakçılarını sevindirəcək.
Aidə İBRAHİMOVA
"Şərq qapısı" qəzeti
525-ci qəzet.- 2023.- 18 may.- S.8.