Şərəfli alim ömrü
Azərbaycanda kimya elminin inkişafında xüsusi
xidmətləri olmuş
Yusif Məmmədəliyev,
Rüstəm İsmayılov,
Vahab Əliyev, Musa Rüstəmov, Sultan Mehdiyev,
Əli Quliyev, Məcid Mərdanov, Bahadır Zeynalov və digər alimlərimiz kimi bu il 90 illik
yubileyi qeyd edilən kimya elmləri doktoru, akademik Sahib Müseyib oğlu Əliyevin də xidmətləri unudulmazdır.
Sahib Müseyib oğlu Əliyev 1933-cü ilin
mart ayının 15-də Gədəbəy
rayonunda anadan olub, 1949-cu ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra M.Əzizbəyov
adına Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub və 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək
"Mühəndis-texnoloq" ixtisasına yiyələnib.
Sahib Əliyevin əmək və elmi fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə
bağlı olub.
O, İnstitutu bitirdiyi
il V.Kuybişov
adına Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutuna aspiranturaya daxil olub və
1958-ci ildə namizədlik
dissertasiya işini uğurla müdafiə edib. Əmək fəaliyyətinə həmin
il kiçik
elmi işçi kimi başlayan Sahib Əliyev artıq bir il sonra,
1959-cu ildə elmi və təşkilatçılıq
bacarığı nəzərə
alınaraq NKPİ "Plastik
kütlələr" laboratoriyasına
müdir müavini vəzifəsinə irəli
çəkilib.
Sahib Əliyevin bilavasitə yerinə yetirdiyi və rəhbərlik etdiyi tədqiqat işləri çoxşaxəli
olub aromatik karbohidrogenlərin, onların
oksitörəmələrinin katalitik alkilləşməsi,
alkil və tsikloalkil aromatik
karbohidrogenlərin izomerləşmə,
dehidrogenləşmə reaksiyalarının
tədqiqi, benzolun, fenolun, alkil, tsikloalkil, tsikloalkenil törəmələrinin səmərəli
sintez üsullarının
işlənib hazırlanmasına
həsr olunub. Aparılmış tədqiqatlara,
o cümlədən, alkil-,
tsikloalkilaromatik karbohidrogenlərin,
difeniletan və onun alkil törəmələrinin
dehidrogenləşmə reaksiyalarının
tədqiqindən alınnış
nəticələrə əsaslanaraq
stirolun alkil, oksitörəmələri, ?-fenilstirol və onun alkil, alkenil
törəmələri, difenil
və alkildifenillərin
sintez proseslərinin əsası qoyulub, bu proseslərin katalizatorun qaynar layında həyata keçirilmə texnologiyası
işlənib hazırlanıb.
Alınmış nəticələr Sahib Əliyev tərəfindən
1967-ci ildə 34 yaşında
müdafiə edilmiş
"Alkil-, alkenilaromatik
karbohidrogenlərin və
oksitörəmələrinin heterogen-katalitik sistemlərdə
alınması və çevrilməsinin tədqiqi"
mövzusunda doktorluq dissertasiya işinin əsasını təşkil
edib.
Yüksək elmi potensialı, təşkilatçılıq bacarığı ilə fərqlənən Sahib Əliyev
1969-cu ildə NKPİ-nin
"Oliqomerlər" laboratoriyasına
müdir təyin olunub və 1970-1976-cı illərdə eyni zamanda "Plastik kütlələr" şöbəsinin
müdiri vəzifəsini
icra edib.
NKPİ-nun tarixində bu laboratoriyanın həmişə özünə
məxsus yeri və dəyəri olub. Çünki onun ilk yaradıcıları
respublikanın ən tanınmış simaları
akademik Yusif Məmmədəliyev, sonra
isə akademik Rüstəm İsmayılov
olub. Sonradan bu laboratoriyaya
rəhbərlik etmək,
hər iki dahi akademikin yetişdirməsi və davamçısı olmuş
gənc alim S.M.Əliyevə nəsib olur.
1971-ci ildə Sahib Əliyev
"Neft kimyası və neftkimyəvi sintez" ixtisası üzrə professor elmi adına layiq
görülüb, 1983-cü ildə Azərbaycan SSRİ
Elmlər Akademiyasının
müxbir üzvü,
1989-cu ildə həqiqi
üzvü seçilib.
Sahib Əliyev respublikamızda və onun hüdudlarından
kənarda elmi dairələrdə aromatik
karbohidrogenlərin alkilləşməsi,
alkil-, tsikloalkil aromatik karbohidrogenlərin dehidrogenləşməsi və
yüksək aktivlikli,
selektiv homogen və heterogen metalkompleks katalitik sistemlərin iştirakı
ilə alkenlərin və arilalkenlərin oliqomerləşməsi, polimerləşməsi,
izomerləşməsi sahəsində
bilavasitə rəhbərliyi
və iştirakı ilə aparılmış
fundamental tədqiqatları ilə tanınıb.
S.Əliyevin rəhbərliyi və
bilavasitə iştirakı
ilə pirolizin maye məhsullarının
karbohidrogen tərkibinin
tədqiqi, laklar, boyalar istehsalında tətbiq olunan bitki yağlarını effektiv əvəz edən örtükəmələgətirici
oliqomerlərin, epoksid
qətranı üçün
tikici komponent - iki əsaslı turşu anhidridlərinin evtektik qarışığı
və suda həll olan oliqomer sulfonatların, benzol, toluol, solvent və neftpolimer qətranı alınması
ilə pirokondensatın
kompleks emal prosesi işlənib hazırlanıb, sənaye
miqyasında istehsalı
həyata keçirilib.
Onun rəhbərliyi ilə aparılmış sistemli
tədqiqatlar nəticəsində
yeni sinif polifunksional, kondensləşməyə
və polimerləşməyə
qabil monomerlər: vinil-, izopropenilfenollar və onların allil-, qlisidil-, mürəkkəb efirlərinin
və karbomatlarının
sintez şəraiti işlənib hazırlanıb,
bu monomerlər əsasında istiliyə,
şüalanmaya, oksidləşdirici
destruksiyaya qarşı
davamlı, tərkibində
reaksiyayaqabil funksional qruplar saxlayan və öz-özünə
strukturlaşa bilən
yeni tərkib oliqomer və sooliqomerlər sintez edilib, sənaye polimerlərinin modifikasiyası
həyata keçirilib.
Alınmış nəticələrə
əsaslanaraq p-izopropilfenollar,
doymamış fenolformaldehid
qətranlarının təcrübə-sınaq
qurğusunda istehsalı
təşkil edilib və SSRİ EA Elmi-Tədqiqat
Üzvi-Sintez İnstitutu,
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Univerdsiteti), "Karbolit"
Elm İstehsalat Birliyi
(Moskva), Ümimittifaq Aviasiya Materialları İnstitutu ilə birgə termiki davamlı, yüksək dielektrik göstəriciləri
ilə fərqlənən
yeni tərkib plastik kütlələr, iqtisadi cəhətdən sərfəli və keyfiyyətli yeni nəsil vertolyot, təyyarə mühərriklərində
tətbiqə yararlı
yapışqan tərkiblər
işlənib hazırlanıb.
Sahib Əliyevin bilavasitə
rəhbərliyi ilə
aparılan elmi və praktiki tədqiqatlar sırasında
oliqobutadienstirolun alınma
prosesi təcrübə-sınaq
və sənaye qurğularında həyata
keçirilib. Oliqobutadienstirol və onun reaksiyayaqabil törəmələri
əsasında yeni foto-, elektron-, rentgen şüasına həssas rezistlər alınıb və elektron sənayesində tətbiq olunub. Korroziyaya qarşı davamlı, dekorativ laklar və boyalar isə tikinti sənayesində, məişətdə
tətbiq tapıb.
Həyatının son illərində Sahib Əliyev
beton qarışıqları
üçün qatqı
- superplastifikator kimi geniş tətbiq tapmış, suda həll olan oliqomer sulfonatların alınma texnologiyası sahəsində elmi, praktiki əhəmiyyət
kəsb edən tədqiqatlar aparıb. Aparılmış çoxsaylı tədqiqatlar
nəticəsində yerli,
əlverişli xammal-katalitik
krekinq qazoylu əsasında oliqomer sulfonatların alınma prosesi işlənib hazırlanıb.
NKPİ-da işlənib
hazırlanmış texnologiya
üzrə, katalitik krekinq prosesində alınan yüngül qazoyl fraksiyası əsasında 10 min tondan çox betona qatqı 1983-cü ildə
institutun tabeliyində
olan Təcrübə
Sənaye zavodunda istehsal olunaraq 52690 saylı hərbi hissədə dəmir beton istehsalında tətbiq edilib. Bu qatqıdan istifadə edilməsinin beton qarışığının axıcılığını yaxşılaşdırdığı, alınan betonun möhkəmliyini yüksəltdiyi
və sementin sərfini azaltdığı
qeyd olunub.
Sahib Əliyevin rəhbərbərliyi
ilə aparılmış
bir sıra tədqiqatların nəticələri
təcrübə-sınaq və
sənaye miqyasında
tətbiq tapıb:
- Oliqoarilalkenlərin və aromatik karbohidrogenlərin alınması ilə pirolizin maye məhsullarının kompleks
emalı prosesi - Bakı "Neftqaz" zavodunda, Koxtla-Yarve və Slants şəhərlərində
"Şist emalı"
kombinatlarında;
- Oliqodivinilstirol lakının
alınma prosesi - Azərbaycan MEA NKPİ-nin
Təcrübə-Sınaq və
Sumqayıt şəhəri
"Sintetik kauçuk"
zavodlarında;
- Oliqodivinilstirol və polidien-yağ əlifi və onun əsasında
boya alınması prosesi - Kursk "Məişət
kimyası" zavodunda,
Mahaçqala "Kimya"
zavodu və Ust-Kamenoqorsk "Titan-maqnezium"
kombinatında;
- Yerli xammal-neftin katalitik krekinqindən alınan yüngül qazoyl fraksiyası əsasında beton qarışıqları üçün
kimyəvi qatqının-superplastifikatorun
alınma prosesi - Azərbaycan MEA NKPİ-nin
Təcrübə-Sınaq zavodunda
və Novomoskovski
"Üzvisintez" zavodunda.
Sahib Əliyev elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1960-70-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Kimya-texnologiya" fakultəsində və Ç.İldırım adına Politexnik İnstitutunun "Tikinti materialları" kafedrasında müəllim vəzifəsində işləyib. Onun rəhbərliyi ilə 35 elmlər namizədi, 3 elmlər doktoru hazırlanıb. Sahib Əliyevin rəhbərliyi ilə aparılmış elmi-tədqiqat işlərinin nəticələri 500-dən çox elmi əsər, o cümlədən, 1 monoqrafiyada, 165 müəlliflik şəhadətnaməsi və ABŞ, İngiltərə, Yaponiya, Fransa, Niderland, İtaliya, Çexoslovakiya, Hindistan və digər dövlətlərin 25 patentində öz əksini tapıb.
Bu tədqiqatların nəticələri müxtəlif yerlərdə Sumqayıt SK zavodu, Bakı "Neftqaz" zavodunda, Estoniyada Korkleyerva kombinatında və s. tətbiq tapıb.
Sahib Əliyev "Neft kimyası" ixtisası üzrə Elmi Şuranın "Monomer və oliqomerlərin kimyası və texnologiyası" bölməsinin sədri, NKPİ və M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda kimya elmləri namizədi və doktoru elmi dərəcəsi verilməsi üzrə İxtisaslaşdırılmış şuraların, SSRİ EA və Azərbaycan SSR EA "Neft kimyası" üzrə Koordinasiya Şurasının üzvü, SSRİ Ümumittifaq elmi-tədqiqat dəmir-beton institunda sementə və betona kimyəvi qatqılar üzrə məsləhətçi olub.
Məhsuldar elmi və elmi-pedaqoji fəaliyyətinə görə Sahib Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, ÜİXT nailiyyətləri sərgisinin gümüş medalı və diplomları ilə təltif olunub.
Akademik Sahib Əliyev 7 fevral 1990-cı ildə vəfat edib.
Neft kimyası, neft emalı, yüksək molekullu birləşmələr kimyası sahəsində tanınmış mütəxəssis akademik Sahib Əliyev yaddaşlarda əsl ziyalı, təvazökar, sadə, mehriban, müdrik bir insan kimi əbədi iz qoyub.
Minavər
İBRAHİMOVA
Azərbaycan Elm və Təhsil Nazirliyi
Neft-kimya Prosesləri İnstitutunun
şöbə müdiri, kimya
elmləri doktoru, professor
525-ci qəzet.- 2023.- 19 may.- S.15.