Elçinin əsərlərinin ekran təcəssümü
(Əvvəli
ötən sayımızda)
Xalq yazıçısı
Elçin bəzi əsərlərində keçmişə,
xatirəyə, ümumən
yaddaşa qayıdışdan
mənəvi-əxlaqi təmizlənmə
üsulu kimi istifadə edir. Qəhrəmanın dərin psixoloji aləminə nüfuz etmək onun həm nəsrinə, həm də kino yaradıcılığına
aid olan ən əlamətdar xüsusiyyətlərdən
biridir. "Aman ovçu, vurma məni..." kinopovestində
(bu ssenari İlyas Əfəndiyevin
"Mahnı dağlarda
qaldı" pyesinin motivləri əsasında
yazılıb) Böyük
bəylə Şahnaz
arasındakı dialoqda
Şahnazın daxili aləmi bir daha üzə çıxır. "Gözlə məni" adı ilə ekranlara çıxan filmdə (rejissor Kamil Rüstəmbəyov)
hadisələr gərgin
dramaturji xətt boyunca inkişaf edir.
"Ox kimi bıçaq" kinopovestində isə mühüm işlər müstəntiqi, ədliyyə
müşaviri Gündüz
Kərimbəylinin yeni
iş yerinə gəlməsi, ağır
bir cinayət hadisəsinin izinə düşməsi, nəhayət
cinayətkarın tutulması
və həbs edilməsi təsvir olunur. Rejissor Arif Babayevin
həmin kinopovestin əsasında çəkdiyi
"Arxadan vurulan zərbə" filmində
qocaman çekist Qəmərlinin kürəyindən
vurulan bıçaq zərbəsilə öldürülməsi
filmin əsas süjet xəttini təşkil edir. Uzun axtarışlardan sonra məlum olur ki, bu cinayəti
törədən şəxs
müharibə illərində
insanlara zülm verən, neçə-neçə
günahsız adamların
qanına bais olan, indi isə
başqa adla rayonda yaşayan və öz əməllərini davam etdirən "Qurd Cəbrayıl"dır. O, elə maskalanıb ki, Gündüz Kərimbəyli kimi təcrübəli milis işçisi bu cinayətkarın üzə
çıxarılmasında çətinlik çəkir.
Filmin qəhrəmanı
qocaman çekist Qəmərlinin kürəyinə
vurulan bıçaq zərbəsindən ölməsi
filmin dramaturji xəttini gərginləşdirir. Qəmərli rayonda müəllim işləyən qardaşı
oğlunun yanına gəldikdən sonra yolda kürəyindən ağır bıçaq zərbəsi alır.
Bu zərbəni kim vurub? Hansı səbəbə görə
vurub? Filmdə məhz bu suallara cavab axtarılır. Əslində bu bıçaq zərbəsinin tarixi vardır. Gündüz Kərimbəylini də birinci növbədə bu tarix maraqlandırır.
Bir vaxtlar quldurbaşılıq
edən, insanlara qan udduran, qaçaq
dəstələri təşkil
edib yeni qurulmuş hökumətə
qarşı çıxan
bu cinayətkar indi rayonun qonaq
evində gözətçi
işləyən Fəttahdır.
Aktyor Yusif Vəliyev Fəttahın xarakterindəki
bütün təzadları
məharətlə açıb
göstərir. O, Gündüzü
(Şahmar Ələkbərov)
olduqca mehribanlıqla qarşılayır. Onun qayğısını
çəkir, xəstələnəndə
qulluğunda durur və onunla səmimi rəftar edir. Bütün bunları aktyor
Yusif Vəliyev yüksək sənətkarlıqla
tamaşaçıya çatdırır.
Əli neçə-neçə günahsız
insanın qanına batmış Fəttah əslində cildə girmiş quldurdur. Filmin sonunda Fəttah ifşa olunarkən onun əsl siması
- canavar təbiəti
üzə çıxır.
Y.Vəliyev obrazın yırtıcı
təbiətini incə
ştrixlərlə, mənalı
detallar və mimikalarla tamaşaçıya
çatdırır. Aktyor Şahmar
Ələkbərov obraza
xas olan qətiyyəti, mərdliyi
və mübarizliyi özünəməxsus sənətkarlıqla,
səbrli və düşünülmüş hərəkətləri ilə
nümayiş etdirməyə
nail olub. Filmdə konflikt
əsasən daxili hisslərin ziddiyyəti fonunda təzahür edir. Daxili monoloqlar, kəskin
psixoloji dialoqlar psixoloji əksetdirmə kimi ayrı-ayrı obrazların daxilindəki
hiss və duyğuların
açılmasına və
ekran təcəssümünə
bir vasitə olur. Rejissor A.Babayev macəra-detektiv
janrında çəkdiyi
bu filmdə insan xarakterini əsas götürərək
filmin ideyasını,
konflikti yaradan səbəbləri bəzək-düzəksiz,
qəhrəmanın mübarizəsi
fonunda ekranda göstərməyə müvəffəq
olub. Filmlə bağlı rejissor yazırdı: "Arxadan vurulan zərbə" filmi mənim üçün rejissor düşüncələrimin və
bizim müasirlərimizin
problemləri, onun həyatı, cəmiyyətə
münasibəti ilə
bağlı axtarışlarımın
davamı oldu. Mən birinci tammetrajlı bədii filmdən başlayaraq həmişə
bir mövzunu - insanın həyatda öz yerini axtarıb tapması mövzusunu inkişaf etdirmək istəmişəm".
Rejissor Şahmar
Ələkbərovun Elçinin
"Toyuğun diri qalması" povesti əsasında çəkdiyi
"Sahilsiz gecə"
filmində bütün
hadisələr Abşeron
kəndlərinin birində
cərəyan edir. Filmdə əsasən
mənəvi-əxlaqi problemlər
qaldırılır. Filmdən
əxz etdiyimiz nəticə isə budur: insan halal
zəhmətinə tapınmalıdır,
öz nəfsinin quluna çevrilməməlidir,
yüksək əxlaqi
keyfiyyətləri ilə
millətinin mənəvi
dünyasında iştirak
etməli, tüfeyliliyə,
namussuzluğa və şərəfsizliyə qarşı
barışmaz mübarizə
aparmalıdır. Çağımızda bu film öz aktuallığını saxlamaqla
tamaşaçıları mənəvi paklığa,
yüksək əxlaqi
tarazlığa və
hər cür mənfi təzahürlərə
qarşı mübarizəyə
səsləyir.
Öncə qeyd etdiyimiz kimi, "Gözlə məni" filmi görkəmli dramaturq İlyas Əfəndiyevin
"Mahnı dağlarda
qaldı" pyesinin motivləri əsasında
Elçinin "Aman ovçu vurma məni" kinopovestinin fonunda çəkilmişdir.
Rejissorla
ssenariçinin birgə
yaradıcılıq axtarışlarının
bəhrəsidir ki, burada təsvir edilən dövr tarixi dəqiqliklə canlandırılmış və
göstərilmişdir. Maraqlı və təsirli tarixi hadisələr üzərində qurulmuş
kəskin sujetli bu film geniş tamaşaçı marağına
səbəb oldu və uzun müddət
ekrandan düşmədi.
"Gözlə məni" filmində müəlliflər tarixi mövzunun əsas məqamlarını sənətkarlıqla
ekranda canlandıra bilmişlər. Bu filmi həyatımızın
indiki mərhələsi
ilə bağlayan nədir? Tarixiliyin müasirliklə əlaqəsi nə dərəcədə təmin
olunub? Film tarixi mövzuda olsa da, onu
müasir həyatımızın
bütün ağrılarını
özündə əks
etdirən yüksək
mündəricəli əsər
adlandırmaq olar.
Film bizi həm
tarixi unutqanlığımızdan,
həm də müasir səhvlərimizdən
ibrət dərsi almağa çağırır.
Yüksək vətənpərvərlik və mənəvi-əxlaqi
keyfiyyətlər əxz
edən bu film çağımızda bu
gün də öz aktuallığını
saxlayır.
Rejissor Vaqif Mustafayevin Elçinin ssenarisi əsasında yaratdığı "Milli
bomba" filmi
2004-cü ildə XXVI Beynəlxalq
Moskva kinofestivalında
uğurla nümayiş
etdirilib. Elə həmin il
bu film Rusiyanın
Smolensk şəhərində keçirilən birinci
"Yeni kino XXI əsr" Beynəlxalq kinofestivalında "Qran-pri"
mükafatına layiq görülüb. 2007-ci il
fevral ayının 8-də
isə "Azərbaycan"
kinoteatrında Azərbaycan
və Rusiya kinematoqrafçılarının birgə layihəsi olan "Milli bomba" filminin təqdimat mərasimi keçirilib.
"Hökmdarın taleyi"
filmi də Azərbaycan kinematoqrafiyasının
uğurlu ekran əsərlərindəndir. Ümummilli lider
Heydər Əliyev Milli Dram Teatrının səhnəsində "Hökmdar
və qızı"
tamaşasına baxdıqdan
sonra Xalq yazıçısı İlyas
Əfəndiyevin eyniadlı
pyesinin ekranlaşdırılmasını
məsləhət bilmişdi.
"Hökmdarın taleyi"
bədii filminin (quruluşçu rejissorları
Ramiz Fətəliyev və Dilşat Fəthullin) ilk nümayişi
də məhz Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş, 2008-ci il mayın
12-də göstərilmişdi.
Elçinin əsərləri televiziya rejissorlarının da diqqət mərkəzində olub və onun əsərləri əsasında bir neçə televiziya tamaşası hazırlanıb. Rejissor Məhərrəm Bədirzadə Elçinin "Mən sənin dayınam" əsəri əsasında ədəbi materialın məzmun və ideyasının bədii özəlliklərini özündə əks etdirən baxımlı və yaddaqalan televiziya tamaşası hazırlayıb. Müəlliflər son illərdə həyatımızda baş verən hadisələri bir teatr məkanında təsvir edərək demokratiya pərdəsi altında anarxiya yaradan insanların gülüş hədəfinə düşən tipikləşdirilmiş surətlərini yaratmışlar.
Yazıçının "Qırmızı ayı balası" hekayəsi əsasında rejissor Eyvaz Vəliyevin hazırladığı tamaşada isə hadisələr mühəndis C.Səlimovun ailə dramı üzərində cərəyan edir. Dərin sarsıntılar keçirən "otaqların canına hopmuş ölü sükut"un içində yalnız özü ilə həsb-hal edən C.Səlimovun bu evdə "ünsiyyət" bağladığı "yeganə həmdəm" ancaq qırmızı ayı balasıdır. Bu hədiyyəni qızı Leylanın dörd yaşı tamam olanda ana babası (anası Şəfiqənin atası) Mədəd kişi almışdı. Və bu qırmızı ayı balası Leylanın ilk dostu olmuşdu.
Yazıçısının yaradıcılığında onun Qarabağa və Şuşaya həsr etdiyi əsərləri də xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfər onun də qəlbini riqqətə gətirir. Yazıçı bu münasibətlə yazır: "Bunu da etiraf etmək istəyirəm ki, mən Şuşanın azad olunacağını görəcəyimə inanmırdım, bu, mənim içimdə bir yara idi, çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili siyasi standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu..."
İndiyədək ömrünün altmış beş ilini ədəbiyyatımızın, mədəniyyətimizin və elmimizin inkişafına həsr etmiş dünya şöhrətli yazıçı Elçinin milli azadlığımız və müstəqilliyimiz uğrundakı miqyaslı fəaliyyəti, yüksək ziyalılığı mənəvi zənginliyi, obyektivliyi, xeyirxahlığı, təəssübkeşliyi, ictimai xadimliyi və müdrikliyi ona böyük nüfuz və xalq məhəbbəti qazandırıb. O, böyük sənətkar, böyük şəxsiyyətdir. Milli gerçəklikləri və dünyəvi dəyərləri əks etdirən əsərləri görkəmli qələm sahibini dünya meridianlarında tanıdıb. Fəxr edirik ki, Türk dünyasının böyük sənətkarı, Xalq yazıçısı Elçin bu gün dünya ədəbi fikrinin ən görkəmli təmsilçiləri ilə bir sırada dayanır.
Bu günlərdə - mayın
13-də görkəmli sənətkarın 80 yaşı tamam oldu. "Daxilində heç vaxt öz yaşı ilə barışmayan və
barışmaq fikri olmayan"
istəkli Elçin müəllimi yubileyi münasibətilə ürəkdən
təbrik edir, möhkəm
cansağlığı və yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Vəfa
XANOĞLAN
Sənətşünaslıq
üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2023.- 19 may.- S.14.