Seyran Səxavətin Qarabağ
səfəri
Seyran Səxavətlə
doğma Qarabağımızı
səfərə getmişik. Kürdəmir Regional Mədəniyyət İdarəsi
ustadın Beyləqan rayonunun ziyalıları və yaradıcı adamları ilə görüşünu planlaşdırıb.
Füzuli rayonunun Arayatılı kəndində,
vaxtilə şan-şöhrəti
bütün Sovetlər
Birliyinə yayılmış,
iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama
Həsənovanın kəndində
- bütün qarabağlıların
"Ana" dediyi Şamama
Həsənovanın kəndində
gecələdik.
Gözəl bir yaz sabahı
açılır. Tut da yetişib. Görməmiş kimi daraşırıq
tuta. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Füzuli Mədəniyyət Mərkəzinin
direktoru Anar Ağayev da gəlir. Ağzımızdan tut gələnədək tut yeyirik. Səhər yeməyinə yer
qalmayıb. Elə ayaq
üstə bir çay içirik, Beyləqana gedəcəyik.
Seyran Səxavət
deyir ki, şəhid Səid Rəşidzadənin ruhundan
icazə almamış
görüşə başlamaq
olmaz. O Səid
Rəşidzadənin ki,
Vətən müharibəsində
Hadrutun azad olunmasında misilsiz qəhrəmanlıq göstərmiş
və Hadruta ilk dəfə müqəddəs
bayrağımızı sancandan
sonra düşmən
gülləsi ilə şəhadətə yüksəlmişdi.
Məzarı da Arayatılı
kənd qəbiristanlığında
Şəhidlər xiyabanındadı.
Üz tuturuq Arayatılı kənd qəbiristanlığına. Bu da Səidin və Qarabağın azadlığı uğrunda
Vətən müharibəsində
həlak olmuş arayatılıların məzarları.
Seyran və sonra da
hamımız Səidin
və şəhidlərin
məzarları önündə
baş əyirik.
Seyran Səidin ruhundan icazə istəyir və içimizdə ağlaya-ağlaya qəbiristanlıqdan
ayrılırıq.
Yolumuz Beyləqanadı. Şəhərdə Heydər Əliyevin adını daşıyan
gözəl bir park
var. Tarix Diyarşünaslıq
Muzeyi də bu parkda yerləşir.
Görüşün başlanmasına xeyli vaxt qalsa
da, park adamla doludu. Beyləqanlılar sevimli yazıçılarını
dövrəyə alırlar.
Əslində görüş elə
parkda başlayır.
Gözəl bir yaz havasında Qarabağın xarakterini, balını, duzunu, istiotunu həm yazılarında, roman və
povestlərində, həm
də özündə
daşıyan Seyran Səxavətlə elə
səmimi, mehriban bir söhbət alınır ki. Nəhayət, camaat muzeyin
zalına yığışa
bilir. Və görüşün rəsmi hissəsi başlayır. Əslində buna rəsmi hissə demək olmazdı. Həm Seyranın səmimiliyi,
həm də görüşə gələnlərin
səmimiliyi rəsmi görüşü qeyri-rəsmi
bir vəziyyətə
gətirir. Hiss olunur
ki, görüşə
gələnlər yazıçının
əsərlərini az qala bitdə-bitdə
oxuyublar.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin
Seyran Səxavətin yaradıcılığına həsr
olunmuş hazırladığı
film də yazıçını
çox geniş təqdim edir. Arada film dayandırılır,
kimsə qalxıb Seyranın gənclik illərindəki şeirlərindən
birini söyləyir və Seyrana naqolay bir sual
verir. Seyran onun naqolay sualına çox qolay bir cavab
verir və görüş iştirakçılarının
üzünə təbəssüm
qonur. Sual verənlər də, Seyran da o qədər
səmimi idilər ki, adam
vaxtın necə keçdiyini bilmir. Görüşə gələnlərin əksəriyyəti Seyrandan
şeir istəyir.
Seyran da açır şeir boğçasını
və hətta gənclikdə sevdiyi qızın itinə yazdığı şeiri
də oxuyur.
Ümumiyyətlə, Kürdəmir Regional Mədəniyyət
İdarəsi və Füzuli rayonunun Mədəniyyət Mərkəzi
bu görüşə
ciddi hazırlaşmışdılar.
İştirakçılardan biri Seyrana sual verir ki, Aqil Abbas da, sən də Qarabağdan çox yazırsınız, sən istedadlısan, yoxsa Aqil Abbas? Məni gülmək tutur. Deyirəm ki, o sualın cavabını mən verərəm. Düzdür, Seyran da cavab verir, təbii ki, məni lazım olduğundan artıq tərifləyir. Söz mənə veriləndə deyirəm:
- Seyran Səxavət mənim ustadımdır. Və Seyran bütöv
Faiq Xudanlı Seyran Səxavətin yaradıcılığı və şəxsiyyəti haqqında geniş bir məruzə edir. Sonra da yazıçıya Mədəniyyət İdarəsinin adından bir xatirə bağışlayır. Xatirə də rəssam tərəfindən çəkilmiş Qarabağın gözəl bir mənzərəsidir.
Nəhayət, görüş başa çatır. Zaldan çıxırıq, amma heç kəs Seyranın söhbətlərindən doymayıb, onu buraxmaq istəmir. Şəkil çəkdirirlər, evlərinə dəvət edirlər, amma biz üzü güləbədinə - Bakıya qayıtmalıyıq. Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov 7-ci sinifdə oxuyan bir uşağı Seyranla tanış edir və deyir ki, onun çox gözəl səsi var. Xahiş edirik ki, bir oxusun. Uşaq şirin Qarabağ avazı ilə necə oxuyursa, hamımız valeh oluruq. Seyran deyir ki, görüşün ən gözəl hissəsi bu idi.
Onu da qeyd edim ki,
Kürdəmir Regional Mədəniyyət
İdarəsi əhatə etdiyi rayonlarda müxtəlif şair
və yazıçılarla belə görüşləri ayda bir dəfə, ya iki dəfə keçirir. Eyni zamanda regionda yaşayan şair və
yazıçıların əsərlərini Mədəniyyət
Nazirliyinin büdcəsi hesabına çap etdirib kitabxanalara paylayır. Həmin kitablardan
beşini də bizə
bağışladılar.
Aqil
ABBAS
525-ci qəzet.- 2023.- 19
may.- S.12.