Türkiyədə seçkilər
Mayın 14-də Türkiyədə keçirilən
parlament və prezident seçkiləri təkcə Türkiyə
və Azərbaycanda deyil, bütün dünyada, xüsusilə də Avropada böyük müzakirələrə
səbəb oldu. Avropa mediası
Türkiyənin sosial
xüsusiyyətlərini, demokratiyanın
tarixini və inkişafını anlamadığı
üçün çox
yanlış və qərəzli nəticələrə
gəldi. Amma görünür,
prezident Tayyib Ərdoğanın seçkilərdə
ilk turda qalib gələ bilməməsi
bəzi avropalı şərhçiləri təəccübləndirib.
Çünki onların fikrincə,
Türkiyədə seçkilər
davamlı olaraq saxtalaşdırılır və
seçkilər şou
üçün keçirilir.
Türkiyədə keçirilən seçkilər
ən çox Azərbaycanda həyəcan
və diqqətlə izlənilib. Sosial şəbəkələrdən
və qəzetlərdən
izlədiyimə görə,
əksəriyyət Tayyib
Ərdoğanın seçilməsinin
tərəfdarı idi.
Çünki Tayyib Ərdoğan
İkinci Qarabağ müharibəsində Azərbaycan
üçün əlindən
gələni etdi və bu, onun
xalq arasında populyarlığının, sevgisinin
artmasına səbəb
oldu. Hətta bəzi şərhçilər
ona qarşı çıxan siyasətçiləri
və partiyaları Amerikanın adamları, terrorçular və satqınlar kimi qələmə verdilər.
Ancaq
1876-cı ildə Osmanlı
İmperiyasında başlayan
seçkilərdən sonra
türklər həmişə
iki qrupda səs veriblər. İlk seçkidən 147
il keçməsinə
baxmayaraq, çox fərqli etnik mənsubiyyətə, həyat
şəraitinə və
dünyagörüşünə malik türklər seçkidə təbii ki, fərqli partiyalara, insanlara səs verəcəklər.
Bu gün Türkiyədə bəzilərinin düşündüyü kimi müxalifətin bir məsələ ətrafında birləşmək xüsusiyyəti yoxdur. Müxalifətin içində terrorçu qruplarla əlaqəsi olan insanlar olsa da, daha çox demokratiya və ya dəyişiklik istəyən başqa qruplar da var. Məsələn, Meral Akşener, Sinan Oğan kimi siyasətçilər Ərdoğan və Baxçalı kimi düşünürlər, Onların, Türkiyənin hərbi sahədə inkişafının tərəfdarı olmaq, türk cümhuriyyətləri ilə daha sıx əlaqələr qurmaqla yanaşı, çox fərqli istəkləri də var. Bəzi tədqiqatçılara görə, Türkiyədə 13 milyona yaxın suriyalı, əfqan və afrikalı var. Türkiyədə səs verən və özünü kamalist və ya millətçi kimi tanıdan bəzi kütlələr və ya siyasətçilər bu 13 milyon əcnəbinin dərhal ölkədən qovulmasını istəyirlər. Onların fikrincə, inanclarına, adət-ənənələrinə möhkəm bağlı olan bu əcnəbilər türklərdən daha sürətlə çoxalır və yaxın gələcəkdə Türkiyə üçün böyük təhlükə yaradırlar. Bu vəziyyətə görə prezident Ərdoğanın siyasətini məsuliyyətli hesab edirlər. Onların iddialarına görə, Ərdoğan bu münasibətlə milli siyasət yerinə ümmət siyasəti yürüdür.
Ərdoğanın əleyhinə olan digər qrup isə Türkiyədə demokratik quruluşun korlandığını, parlamentin arxa plana keçdiyini güman edərək ona qarşı çıxırlar. Onların fikrincə, 2018-ci ildə referendumla qəbul edilən Prezident üsul-idarəsinin "tək adam" rejiminin olmaması üçün müxtəlif qanunların qəbul ediləcəyi iddia edilib və bu qanunlar bu günə kimi qüvvəyə minməyib. Müxaliflər iddia edirlər ki, hər məsələ ilə bağlı prezidentə müraciət etmək, onun xəbəri və icazəsi olmadan nazirliklərin və digər qurumların heç bir iş görməməsi sistemi bloklayır.
Türkiyədə özünü kamalist və dünyəvi olaraq təyin edən müxalifət isə ölkədə dini qrupların çoxalmasından, siyasətin artıq məscidlərdə aparılmasından və Türkiyədəki sistemin tezliklə dini sistemə çevriləcəyindən qorxur. Xüsusən də Türkiyədə din xadimlərinin siyasətə fətva verməsi, kim səhv səs verirsə, günahkar sayılacağı, başısarıqlı və saqqallı dindarların hər gün sosial şəbəkələrdə qadınların azadlığına qarşı fikir bildirmələri bu təbəqəni narazı salır.
Müxalifətin digər bir hissəsi isə son vaxtlar çətin günlər keçirən Türkiyə iqtisadiyyatı və yaşayış bahalığına görə Ərdoğanı günahlandırır.
Türkiyəyə xaricdən deyil, içəridən baxdığımızda
hər iki tərəf üçün
ümumiləşdirməyin nə qədər aldadıcı
olduğu görünür.
86 milyon əhalisi olan
Türkiyədə çox fərqli
fikirlərlə yola çıxan siyasətçilər,
seçicilər və idarəçilər var.
Ərdoğan və Baxçalıya səs verməyənləri
ittiham etmək, onların fikirlərini
yalnız PKK, Soros və ya
Avropa tərəfdarları kimi görmək və qiymətləndirmək
yanlışdır. Həm də heç
vaxt unutmaq olmaz ki, insanlar,
liderlər, siyasətlər gəlib gedir.
Hamı getsə də, dəyişsə də, Türkiyə-Azərbaycan
qardaşlığının, dostluğunun
əbədi qalması iki ölkə üçün həyati bir
məsələdir. Seçkilərə emosional
nöqteyi-nəzərdən baxmaqdansa, ən
yaxşısı hadisələri Türkiyənin real vəziyyəti ilə qiymətləndirmək
və qərəzsiz olaraq sistemə
qarşı çıxanları anlamağa
çalışmaqdır.
Orxan
ARAS
525-ci qəzet.- 2023.- 19 may.- S.12.