Xatirələrdə əbədi
yaşayan dahi şəxsiyyət
ULU
ÖNDƏR HEYDƏR ƏLİYEV MÜSTƏQİL
AZƏRBAYCANIN QURUCUSU, RƏHBƏRİ VƏ LİDERİ
KİMİ
Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyev haqqında danışmaq çox çətindir. Hətta xatirələrdə belə bu böyük siyasət adamını, dövlət xadimini, lideri və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyəti tam təqdim etmək mümkün deyildir. Çünki Heydər Əliyev çox dərin mənəviyyata, yüksək iradəyə və əxlaqa malik şəxsiyyət olmaqla yanaşı, həm də qeyri-adi strateji zəka sahibi idi. Buna görə də Ulu öndərin ifadə etdiyi fikirləri hətta illər sonra tam anlamaq asan deyildir. Lakin Heydər Əliyev kimi dahi insanla uzun illər bir yerdə işləməyin özünün də qiymətli, əziz və faydalı xatirələri vardır. Mən onların bir qismini bölüşmək istədim.
Tələbkar, qayğıkeş və yorulmaz lider: Böyük məktəb
Dahi şəxsiyyətlərlə birgə işləmək hər insanın qismətinə yazılmır. Mənim uzun illər Azərbaycan Respublikasında yüksək vəzifələrdə çalışmağım bu baxımdan həyatımın ən məhsuldar və mənalarla dolu mərhələsidir. Həm də ona görə ki, Ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə illərlə çalışmışam. Mənim üçün çox böyük əhəmiyyəti olan üç məsələ haqqında indi də çox düşünürəm. Onları üç qrupa bölərdim: birincisi, Heydər Əliyev dahi şəxsiyyət kimi idarəetmə ilə öyrətməyi bir-biri ilə heyrətamiz dərəcədə uyğunlaşdıra bilən böyük siyasətçi idi, ikincisi, Heydər Əliyev sözün yüksək mənasında mənəvi-əxlaqi dəyərlərə sahib, milli mədəniyyəti tam gözləyən və uzaqgörən bir Prezident idi, üçüncüsü, Ulu öndər birgə işlədiyi insanları böyük qayğı ilə idarə edən, tələbkar, nizam-intizamlı və millətinə sıx bağlı olan Böyük lider idi!
Heydər Əliyevin hər kəlməsində mən hikmət görürdüm. İndi Ulu öndərin ifadə etdiyi fikirləri tez-tez xatırlayıram, demək olar ki, hər gün onları təkrarlayıram. Xüsusilə dövlətin müstəqilliyi və millətin inkişafı ilə əlaqədar söylədikləri yaddaşımda möhkəm yer almışdır. Ulu öndər öyrədirdi: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək; həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir".
Bu fikirlərdə cəmiyyətin mədəniyyəti, ölkənin iqtisadiyyatı, dövlətin müstəqilliyi və dünya miqyasında nüfuzunu daim artırmaq zəruriliyi dahiyanə ifadə edilmişdir. Hər dəfə dövlətçilik fəlsəfəsi haqqında düşünərkən mən bu fikirləri təkrar-təkrar ağlımdan keçirirəm. Məsələ həm də onunla bağlıdır ki, Ulu öndərlə birgə işlədiyimiz müddətdə siyasətin incəliklərini ondan öyrənməyə çalışırdım. Bunun üçün Ümummilli lideri həmişə çox diqqətlə dinləyir, hər bir cümləsindəki hikməti anlamağa çalışırdım. Şübhə etmirəm ki, Heydər Əliyevdən öyrənə bildiklərim bütövlükdə həyatımın hər bir sahəsində mənə əvəzedilməz dəstək olmuşdur və indi də onları rəhbər tutaraq davranmağa çalışıram. Mən onun qeyri-adi strateji düşüncə sahibi olduğunu nəinki görürdüm, həm də bir yerdə işləyəndə təsirini və qüdrətini öz üzərimdə hiss edirdim. Heydər Əliyev çox güclü inandırma və əsaslandırma qabiliyyətinə malik şəxsiyyət idi.
Bununla yanaşı, Ulu öndərin böyük səbri və dərin düşünülmüş hesablamaları vardı. Buna görə də Heydər Əliyev bir dəfə də olsun, vaxtından əvvəl addım atmaz, heç zaman tələsməzdi. Həmişə hər bir incə məqamı belə təhlil edib qərar verər, onunla işləyən hər bir kəsi də bu ruhda formalaşdırırdı. Şəxsən mənim üçün bu özəllik çox qiymətli idi və çalışırdım ki, böyük şəxsiyyətin həmin yüksək mənəvi-əxlaqi, siyasi, iradi, diplomatik keyfiyyətlərindən özüm üçün faydalı nəsə götürüm.
Heydər Əliyev çox yenilikçi idi. Məncə, yuxarıda vurğuladığım keyfiyyətlər Ulu öndərə həmişə yenilik etməyə imkan verərdi. Bu səbəbdən Heydər Əliyevin hər dəfə yeni ideya ilə çıxış etməsi məni təəccübləndirmirdi, əksinə, bunu tam normal hal kimi qəbul edirdim. Çalışırdım ki, Ulu öndərin ifadə etdiyi fikirləri dəqiqliklə özüm üçün qeyd edim. Bu vərdiş də mənə çox şey öyrətdi. Məsələn, Heydər Əliyevin həmişə ölkənin gələcəyi haqqında düşünməsi əsl məktəb idi.
Dünya tarixində nadir dövlət başçısı-lider olmuşdur ki, ölkənin gələcəyini həmişə düşünsün və praktiki fəaliyyətində bu amal uğrunda var gücü ilə çalışsın. Heydər Əliyevin fəaliyyəti bu aspektdə bütün dünya üçün bir örnəkdir. Görürdüm ki, heç bir çətinlik, maneə, tələ və ya ittihamlar onun möhkəm iradəsini sındıra bilmirdi. Bu baxımdan Heydər Əliyevlə birgə çalışmaq ciddi sınaq məktəbi, idarəetmə və Vətəni sevməyi öyrənmək fürsəti idi. Bu yerdə mən 2010-cu ildə "Səs" qəzetinin redaksiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada dediyim fikirləri bir daha xatırlatmaq istərdim: "Mən Heydər Əliyevi insan qalaktikasının ən parlaq ulduzu hesab edirəm. Xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. Həyatda başqa heç nəyə nail olmasaydım da, bu, mənim üçün kifayət edərdi. Dünyanın 60-dan çox ölkəsinin rəhbərlərinin bir neçə nəsli ilə tanış olmuşam, müxtəlif nümayəndə heyətlərinin tərkibində onlarla görüşmüşəm, onlarla aparılan danışıqlarda iştirak etmişəm. Bu görüşlər mənim üçün bir nəticəyə gəlmək, fikir söyləmək, qərar qəbul etmək üçün çox böyük əhəmiyyətə malik olub. Səmimiyyətlə deyirəm: mən nə XX əsrdə, nə də XXI əsrin əvvəllərində o dövlət başçıları arasında Heydər Əliyev kimi şəxsiyyət görə bilməmişəm. Çünki dəfələrlə olan görüşlər, edilən söhbətlər, aparılan danışıqlar zamanı mübaliğəsiz, şişirtmədən deyirəm ki, onların Heydər Əliyev simasının, dühasının, zəkasının kölgəsində qaldıqlarını görmüşəm. Bunu zaman da sübut edir. Heydər Əliyev sağlığında tarixə çevrilmiş insan idi. Heydər Əliyev bütün situasiyalarda xalqa nə cür xidmət etməyin yolunu göstərdi. O, hər addımında böyük bir vətəndaş olduğunu, Vətəninə, millətinə nə qədər ürəkdən bağlı olduğunu nümayiş etdirirdi. Bir dəfə mənim Fransaya səfərim zamanı orada gənc fransız haradan olduğumu soruşdu. Cavabında SSRİ-dən olduğumu dedim. O da fransızca bir neçə dəfə Lev Yaşin və Əliyev dedi. Düzü, əvvəlcə bu sözlərin mənasını anlamadım. Yanımdakı tanışımdan onun nə dediyini soruşduqda dedi ki, əfsanəvi futbolçu Lev Yaşin və dünya miqyaslı dövlət adamı Heydər Əliyev haqqında danışır. Görün, ötən əsrin 80-ci illərində Avropanın mərkəzi şəhərlərinin birində SSRİ-ni kimin vasitəsilə tanıyırdılar".
Mən Ulu öndərlə işlədiyim müddətdə ona da tam əmin oldum ki, Heydər Əliyevin xalqa, torpağa bağlılığı çox güclüdür. Bu baxımdan Ümummilli liderin gördüyü işlər və ümumiyyətlə, qoyduğu iz tariximizdə yeganə haldır, təkrarolunmazdır və əvəzedilməzdir. Bu mənada Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşıdır, o, daim qalacaqdır, əbədidir. Çünki hər bir xalq üçün onun müstəqil dövlətçiliyi ən böyük sərvətidir.
Heydər Əliyev çox zəngin siyasi-mənəvi sərvət qoyub. Ulu öndərin bizə miras qoyduğu dövlətimizi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik. Ulu öndər bizə dövlətçiliyin sirlərini açırdı. Mən də ilk gündən seçdiyimiz yola daim sədaqətli olmuşam və bu yolu seçdiyimə görə həmişə fəxr etmişəm.
Ancaq bir məqamı da etiraf etmək lazımdır. Məsələ belədir ki, Heydər Əliyev kimi bir siyasi və dövlət xadimi haqqında danışmaq onunla bir yerdə işləmiş insanlar üçün heç də asan deyildir, hətta çox çətindir. Çünki Ulu öndər tarixi şəxsiyyət və siyasətçi kimi elə bir fenomendir ki, haqqında ifadə edilən fikirlərin onu tam xarakterizə edə bilməsi çətin işdir. Lakin Heydər Əliyevlə işləmək həm də böyük şərəf idi. Ümummilli lider yorulmaz, tələbkar olduğu qədər də qayğıkeş və mehriban insan idi.
Qeyri-adi
strateji zəka: Zamanı qabaqlayan Prezident
Bir fikri də bölüşmək istərdim. Mən əminəm
ki, insanların həyat yoluna işıq saçan və
yüksək mənəviyyat sahibi olan böyük şəxsiyyətlər
həmişə adi insanların yaşadıqları həyat
tərzinin fövqündə dayanırlar. Ulu öndərin də hərəkətləri sadə
olsa da, onların arxasında həmişə böyük məna
dururdu. Mən bunları xüsusilə xarici səfərlərdə
daha çox hiss edirdim. Heydər Əliyev heyrətedici
dərəcədə diplomatik davranışları və
nitqi ilə sadəliklə dərinliyi vəhdətdə təqdim
edə bilirdi. Açığı, mən
bununla böyük qürur hissi keçirirdim. Həm də ona görə ki, belə bir liderin
yanında insan özünü çox nikbin və yenilməz
hiss edir.
Heydər Əliyev çox dərin və böyük
İdeya insanı idi. Bunu duymadan atdığı
addımların, yeritdiyi siyasətin, istifadə etdiyi diplomatik
üsulların əsl mənasını anlamaq asan deyildi.
Yalnız o halda Heydər Əliyevin uzaqgörənliyini,
necə yüksək strateji təfəkkürə sahib
olduğunu dərk etmək mümkün idi. Bu kontekstdə bir xatirəmi də yada salmaq istərdim.
2014-cü ildə "Yeni Azərbaycan" qəzetinə
verdiyim müsahibədə demişdim: "Etiraf edim ki, bəzən
Heydər Əliyevin cümləsində və ya praktiki
addımında hansı məqsədin qarşıya
qoyulduğunu vaxtında dərk etmək çətin olurdu. Ümummilli lider bütün insanlardan bir neçə
addım irəlini düşünür və ona uyğun
olaraq hərəkət edirdi".
Əlbəttə, bir tərəfdən, sevinir və
qürur duyurdum ki, xalqımızın taleyi möhkəm əllərdədir,
digər tərəfdən isə, siyasətin incəliklərini
Heydər Əliyevdən öyrənməyə
çalışırdım. Bununla bağlı
yaddaşımda indi də canlı olan nümunələr
vardır. Məsələn, 2001-ci il
yanvarın 25-də Heydər Əliyevin Strasburqdakı tarixi
çıxışı unudulmazdır. Həmin
tədbir Azərbaycanın Avropa Şurasına üzvlüyə
qəbul edilməsi ilə bağlı keçirilirdi. Heydər Əliyevin orada söylədiyi nitq indiyə
qədər qulaqlarımda səslənir. Bu
nitqində Ümummilli lider ölkənin xarici siyasətinin
üç strateji aspektini böyük ustalıqla ifadə
etdi. Bunlar aşağıdakılardan ibarət idi:
birincisi, dövlətin xarici siyasətinin təməlində
mədəniyyəttutumlu suverenliyin təmin edilməsi durur;
ikincisi, qarşıda duran başlıca vəzifələr Azərbaycanın
Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri
dəyərlərə əsaslanan cəmiyyət quruculuğu
müstəvisində müəyyən edilir və nəhayət,
üçüncüsü, bu vəzifələrin həyata
keçirilməsi mexanizmi Azərbaycanın geomədəni
bir məkan kimi Şərqlə Qərbin sintezini təmin etməsi,
iki qitə, iki sivilizasiya arasında körpü rolunu
oynaması əsasında konkret məzmun alır.
Bu fikirlər həm siyasi-strateji, həm də siyasi-nəzəri
aspektdə dahiyanədir. Onlar fəlsəfi səviyyədə
ümumiləşdirmələrdir ki, müasir filosoflar, siyasətşünaslar
üçün də çox maraqlıdır. Məncə, Ulu öndərin bu və buna bənzər
fikirləri və ideyaları araşdırılmalı,
ümumiləşdirilməli və dərsliklərə
salınmalıdır. Onlar bizim gənclər
üçün çox faydalı olardı.
Qeyd etdiyim aspektdə başqa bir misal kimi Ulu öndərin
Çin səfərini göstərə bilərəm. Çin ənənəvi
olaraq müdrikliyi və incə siyasəti ilə
tanınır. Dəfələrlə Heydər
Əliyevin çinli siyasi liderlər tərəfindən
böyük hörmətlə
qarşılandığının, Azərbaycanın dövlət
başçısının müdrikliyinin qəbul və təqdir
edildiyinin şahidi olmuşam. Azərbaycan
rəhbərini onlar bütövlükdə Şərqin
böyük siyasi xadimi kimi qiymətləndirirdilər. Çünki Heydər Əliyev Şərq mədəniyyəti,
ənənəsi və siyasətinin incəliklərini dərindən
bilirdi.
İndi bizim hamımız haqlı olaraq 44 günlük
Vətən müharibəsi ilə qürur duyuruq. Çünki
Prezident İlham Əliyevin başçılığı ilə
düşməni darmadağın edib ərazi
bütövlüyümüzü bərpa etmişik. Bu böyük uğurun əldə edilməsində
Ulu öndərin böyük əməyinin olduğunu da
heç zaman unutmamalıyıq. Bunu
Prezident İlham Əliyev də həmişə haqlı
olaraq vurğulayır.
Heydər Əliyev qısa müddətdə xarici siyasətin
prioritetlərini müəyyənləşdirdi. Həmin
bağlılıqda da Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinin
xarici siyasətdəki yerini dəqiqləşdirdi. Mən o illərdə Ulu öndərin hansı
yüksək entuziazm, həvəs və zəhmətlə
çalışdığının canlı şahidiyəm.
Heydər Əliyev yorulmaq bilmirdi,
qarşısına qoyduğu məqsədə çatmaq
üçün var gücü ilə
çalışırdı. Ümummilli
lider həmişə bizləri də ruhlandırırdı,
qələbənin mütləq Azərbaycanın
olacağına inamını əminliklə ifadə edirdi.
Heydər Əliyev komandasının üzvlərini
elə motivasiya edirdi ki, hər bir insan bütün
gücünü işə yönəldirdi. Bunların nəticəsində Heydər Əliyev həm
ölkə daxilində, həm ordu quruculuğunda, həm də
beynəlxalq miqyasda ciddi uğurlar əldə etdi. Gözümüzün qarşısında cəmiyyət
daha da toparlanır, insanlar Vətən uğrunda həmrəy
olur və dünya dövlətləri Azərbaycanın haqq
işini dəstəkləməyə başlayırdılar.
Onu da deyim ki, xarici siyasət kursunun digər prioritetləri
istiqamətində də böyük uğurlar əldə
edilirdi. Məsələn, Cənubi Qafqaz ölkələri
arasında yalnız Azərbaycanın liderliyi və müstəqil
siyasət yürütməsi dünya tərəfindən
etiraf olunurdu. Ölkə regional və
qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından
birinə çevrilirdi. Azərbaycan Cənub
Qafqazda perspektivli iqtisadi əməkdaşlığın,
multikulturalizmin, mədəniyyətlər və dinlərarası
dialoqun sivil modelini təklif edən dövlətə
çevrilirdi. Bu gün Prezident İlham
Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi
bütün bunlara görə böyük şansdır.
Heydər Əliyevin daha bir yüksək mənəvi
keyfiyyəti öz xalqına, Vətəninə və
soydaşlarına sarsılmaz inamla bağlı olmasından
ibarətdir. Ulu öndər Azərbaycana və azərbaycanlılara
inanırdı. Harada yaşamasından
asılı olmayaraq azərbaycanlıları
düşünürdü. Həmişə
bizə deyərdi ki, Azərbaycan çox güclü və
sayılan dövlətlərdən olacaq və bunu sizlər
görəcəksiniz. Azərbaycanın ən
çətin hallarda belə yolundan dönməyəcəyini
söyləyirdi.
Mən şəxsən Heydər Əliyevin bu qətiyyətini
tam qəbul edirdim. Çünki anlayırdım ki, Ulu
öndər siyasi varisini yetişdirir və yetişdirdiyi yeni
Lider əminliklə Heydər Əliyevin yolunu davam etdirəcəkdir.
Bu baxımdan İkinci Qarabağ müharibəsində
İlham Əliyevin dövlət başçısı, Lider
və Ali Baş Komandan kimi bütün istedadının
aydın olması tamamilə qanunauyğundur. İlham Əliyevin bütün sahələrdə,
o cümlədən, xarici siyasətdə nümayiş
etdirdiyi böyük məharət və səmərəlilik
gözlənilən idi. Heydər Əliyev
özünə tam layiqli varis qoyub getmişdir. Heydər
Əliyev o qədər qüdrətli, o qədər
böyük tarixi şəxsiyyətdir ki, o, Azərbaycanı
bütün müsəlman dövlətləri
üçün nümunə kimi ortaya qoydu ki, baxın,
İslam dininə xidmət edən xalqın da belə dövləti
ola bilər və bunu nümayiş etdirə
bilər. Bu, nəinki İslam ölkələri,
bütün dünya üçün nümunədir. Baxmayaraq ki, bəziləri paxıllıqdan bunu etiraf
etmək istəmirlər. Bu məsələdə
dünyada Azərbaycan xalqından xoşbəxt başqa xalq
tanımıram. Biz millət olaraq çox
şanslıyıq.
Şanslı olmağımızın da müxtəlif tərəfləri
vardır.
Heydər Əliyev bu xalqa müstəqil olmaq, mənəviyyat
və əxlaqdan gələn ənənələri
yaşatmaq, mübariz olmaq, dövlətçi olmaq, suverenlik
və ərazi bütövlüyünü bərpa etmək
şansını verdi. Mən
burada 2015-ci ildə verdiyim müsahibələrin birində
ifadə etdiyim fikri bir daha təkrar etmək istəyirəm.
Onda demişdim ki, "Bugünkü Azərbaycan
Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi
mirasdır və… bu gün Heydər Əliyevin əziz xatirəsi
yaşayır... 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərinin
ən böyük dövlət və siyasi xadimlərindən
biri Heydər Əliyev idi. Tale belə gətirdi
ki, o, Azərbaycanın rəhbəri oldu. Ulu
öndər öz xalqını çox sevirdi, Azərbaycana
bütün varlığı ilə bağlı idi və
çox inanırdı. Bizim hamımız
bəlkə də onun inamına, etimadına layiq deyilik, amma
o, bunu edirdi. Bunun da əvəzində biz
ona inanırdıq. Bu gün də biz
inanırıq ki, Heydər Əliyevin qoyduğu yol ən
düzgün yoldur".
Heydər Əliyevlə bağlı xatirələrim, əlbəttə,
bu yazıda vurğuladıqlarımla məhdudlaşmır. Ulu öndər
dövlət başçısı, siyasi lider, yüksək
mənəvi dəyərlərə malik şəxsiyyət
kimi çox koloritli, xarizmatik rəhbər idi. Onunla işlədiyim hər saniyə belə mənim
üçün bir məktəb idi. Ancaq yenə də
bir məqamı vurğulamaq yerinə düşərdi: Heydər
Əliyev qeyri-adi strateji zəkaya malik Prezident-Lider idi! Onu da
deyim ki, mən "qeyri-adi təfəkkür sahibi" dedikdə,
onunla uzun müddət bir yerdə çalışmaq qisməti
olmuş məmur kimi Ulu öndərin yalnız gələcəyi
öncədən görə bilmək kimi yüksək
qabiliyyətini nəzərdə tutmuram! Heydər
Əliyev işlədiyi hər anda belə yüksək
strateji təfəkkür sahibi olduğunu sübut edirdi.
Ümummilli lider qarşıya hansı çətinlik
çıxırsa-çıxsın, hansı mürəkkəb
vəziyyət yaranırsa-yaransın, heç zaman təmkinini,
uzağa, gələcəyə baxış qüdrətini
itirmirdi. Son dərəcə böyük səbir
və dəqiq məntiqlə baş verənləri bizə
izah edir və eyni zamanda, ən səmərəli
çıxış yollarını müəyyənləşdirərək
ifadə edirdi. Biz görürdük ki,
Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsini
hansı dəqiqliklə müstəqil dövlət
quruculuğu kursunda tətbiq edir. Təcrübə
göstərdi ki, Ulu öndər dövlətçilik və
müstəqilliklə bağlı bütün məsələlərdə
tam haqlı olmuşdur!
Mən şübhə etmirəm ki, Prezident İlham
Əliyevin qazandığı bütün uğurlarda Heydər
Əliyevin uğurlu lider yetişdirən yüksək səviyyəli
siyasi məktəbinin payı vardır. Bunu cənab
Prezident də həmişə vurğulayır.
Heydər
Əliyevlə uzun müddət bir yerdə işləmiş
insanlar kimi biz cənab Prezident İlham Əliyevlə
böyük qürur duyuruq! Etiraf edək, çox mürəkkəb
geosiyasi proseslərin baş verdiyi, hər an qarşıya
risklərin çıxdığı bir tarixi dönəmdə
Azərbaycan Respublikasının nüfuzunu zirvələrə
yüksəltmək, cəmi 44 günə ölkənin ərazi
bütövlüyünü təmin etmək, bütün
dünyanı heyrətə salan enerji-nəqliyyat layihələrini
reallaşdırmaq və hətta Avropanın milli təhlükəsizliyinə
dəstək olmaq hər liderin işi deyil! Bunu
Avrasiyada bu qədər geniş miqyasda İlham Əliyevdən
başqa hansı lider bacarır?
Bu bağlılıqda illər öncə (2015-ci il) dediyim bir fikri xatırlatmaq istərdim: "Geosiyasət klassikləri deyir ki, Balkanlardan sonra Avrasiya məkanında ikinci ən həssas nöqtə, bütün proseslərə rəvac verə biləcək məkan Cənubi Qafqazdır. Belə bir yerdə bu cür sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək və qazanmaq çox böyük şeydir. Qarabağ da bizimdir və bizim də olacaq. Lakin bu gün proseslərin ən optimal yolu budur… Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun digər prioritetləri istiqamətində də böyük uğurlar əldə edilmişdir. Bunun ən gözəl sübutu bu gün Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanın liderliyi və müstəqil siyasət yürütməsinin dünya tərəfindən etiraf olunmasıdır. Ölkəmiz regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Azərbaycan perspektivli, iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən Cənubi Qafqaz dövlətidir!"
Bu fikirlərə 2023-cü ilin prizmasından
baxdıqda, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu
dövlət başçısı-lider olduğunu daha
aydın görürük. Və bu mənzərə
məni o qədər sevindirir ki, hər gün "Allah Ulu
öndərə qəni-qəni rəhmət etsin, Azərbaycanın
dünyaya Günəş kimi doğmasının əsasını
qoydu", - deyə düşünürəm! Şübhə
etmirəm ki, cənab Prezident İlham Əliyev bundan sonra da
hamımızı qürurlandıran yeni-yeni addımlar atacaq!
Çünki İlham Əliyev Heydər Əliyevin siyasi
varisidir!
Novruz
MƏMMƏDOV
Azərbaycan
Respublikasının sabiq Baş naziri
525-ci qəzet.- 2023.- 19 may.- S.10-11.