Naxçıvanda ilk kitab ziyafəti
Gözəl bir gün idi. Kitab adamlar
və rəngarəng,
müxtəlif mövzulu
kitablar doğma Naxçıvanımıza qonaq
gəlmişdi. Şəhər yuxudan oyanıb, canlanmışdı elə
bil. Əlli iki ildir burda yaşayıram, belə kitab qələbəliynin, kitab
sərgisinin ilk dəfədir
şahidi və iştirakçısı olurdum.
Ömrümün iyirmi
üç ili
kitabların arasında
keçib. Kitabxanamda iyirmi beş
minə yaxın kitablara sahiblik edib, oxucularımla bölüşmüşəm. Bu, başqa bir
duyğudur.
Birinci Naxçıvan
Kitab Sərgisi naxçıvanlılar üçün
bir ilkdi, bir yenilikdi. Kitablar və
kitab adamlar - bunların hər ikisini sevən kitabsevərlər bir məkanda birləşmişdi.
"Naxçıvan Universieti"nin güllü-çiçəkli
həyətində üstəgəl,
kitab ətri duyulurdu. İnsanı düşündürən, keçmişə,
bu günə, gələcəyə bağlayan
sirli bir dünya...
Sərgidə həm müəllif kimi, həm kitab dəlisi olaraq tamaşaçı kimi yerim vardı. Kitablar stendlərə
düzülərkən Naxçıvan
səmasında şimşəklər
oynadı, yağış
səpələdi, yer-göy
nurlandı, Şəmil
Sadiq demişkən,
"havada olan azaçıq tozu- torpağı yudu-arıtdı,
gül-çiçəyi daha da gözəlləşdirdi".
Ürəklərdə birlik,
ümid vardı:
"- Hər şey gözəl olacaq". Dəyərli yazarımız
Varisin hədiyyə etdiyi, hələ ki, beş-on səhifəsini oxuduğum
kitabın adını
xatırladım: - "Sonda
ümidlər ölür"... Hər şeyin ən
yaxşısını düşünərək
yaşamalıyıq. Elə hər zaman...
Sərgidəki ilk işim yerlərini
tutmuş iyirmi beş nəşriyyatın
nümayəndələrinə xoş gəldin edib, uğur arzulamaq oldu. Ola bilər ki,
bir-ikisi yaddan çıxsın. Onlarla həmsöhbət
olarkən kitablara göz atırdım.
Bəzi nəşriyyatların gözəl
təbliğatı diqqətimi
çəkdi. Kitablar haqqında
alıcılara, maraqlanan
hər kəsə ətraflı məlumat verilməsi çox xoşuma gəldi.
Mənim ürəyimi dünya boyda kitaba çevirən
sərgidə hər yaşda insana rast gəlmək olardı. Yaşlı nəsil, müəllimlər,
tələbələr-gənclər, məktəb şagirdləri,
bağça uşaqları...
Çünki burada kitabsevərlərin
hər birinin zövqünü oxşayacaq
ədəbiyyat nümunələri
vardı.
Gələn qonaqlar arasında müxtəlif peşə,
vəzifə sahibləri
olsa da, onları Naxçıvana
gəlişlərində bir
məqsəd birləşdirirdi
- Birinci Naxçıvan
Kitab Sərgisi. Yazarlar
- öz təmkini ilə seçilən Elçin Şıxlı,
hər kəsə səmimiyətini, sadəliyini
hədiyyə edən
Rəşad Məcid,
uşaqların sevimli
şairi Zahid Xəlil, qırx ildən sonra doğma Naxçıvana ayaq basan Rüstəm
Behrudi, adını eşidib, özünü
görmədiyim, kitablarından
tanıdığımız Elxan Elatlı, ilk kitabı on min tirajla çap olunan, gənclərin, həm də ürəyi gənc olanların sevimli yazarı Varis, görünüşü
ilə türk gözəlini xatırladan,
"Türk dünyasının
ən yaxşı yazarı" mükafatına
layiq görülən
Şah Səlimi Türkay, adını çəkə bilmədiyim
neçə-neçə söz
xiridarları vardı
bu kitab ziyafətində. Dəyərli
alimimiz Qulu Məhərrəmli, elmin müxtəlif sahələrində
tanınmış alim-filoloq,
publisist-naşir, sərginin
təşkilatçılarından biri Şəmil Sadiq, jurnalistlərin dostu Yunis Orucov,
"insan öz düşüncələrinin nəticəsidir"
deyən psixoloq Orxan Şahbaz, gözəl səsi ilə şeirlərə yeni nəfəs, ikinci həyat verən bədii qiraət ustası Xəzər Süleymanlı
- hər kəs öz sahəsində mükəmməl idi. Biz ev sahibi
olsaq da, sərgidə qonaq idik. Burada iştirak etmək
hər bir yazarın haqqıdır.
Məktəbli, gənc
yazarlarımız - Sabrina Gültəkin,
Əmir İmanov,
"İnsansız küçələr"lə
ətrafina onlarla oxucu yığan Leyla Səfərova, "Payızda gilənar dadı" damağından
getməyən Elxan Yurdoğlu, bəyəndiyim
ən gözəl uşaq şeirlərinin müəllifi Kamil Araz, sərgi adını eşidib, kitablarını götürüb
gələn neçə-neçə
həvəskar söz
adamları, hər kəsi burada tapmaq olardı. Bir kəlmə sözü ilə insana motivasiya verən qocaman qələm adamları - Asim Yadigar, Hüseyn
Əsgərov, Muxtar Məmmədov, özümüzə
yaxın bildiyimiz, amma uzaqdan bizi
seyr edib keçən, "xeyirli-uğurlu
olsun" sözünü
belə adama qıymayanlar da vardı bu kitab-
könül sərgisində.
Keçirilən seminarlar, yaradıcı görüşlər, imza
saatları, bir də hər anı yaddaşlara həkk edən çoxlu fotolar - hamısı bütün gözəlliklərin yaradıcısının
ancaq insan olduğunu bir daha təsdiqlədi. Naxçıvanımızın
gözəlliyinə gözəllik
qatanlar, bir daha əmin oldular ki, bu
yurdda Ustad Cavidin, Mirzə Cəlilin, Məmməd Arazın, Abbas Zamanovun, Yusif Məmmədəliyevin, neçə-neçə
ziyalı aydınlarımızın
nəfəsi, izi var. Bir də o izlərə
sahib çıxacaq gəncliyimiz
var.
Yazar Varisin seminarında iştirak etmək də çox xoş oldu mənim üçün. Onu Naxçıvan oxucusundan
razı getdiyinə
tam əminəm. "Mən inanmırdım ki, Naxçıvan oxucusu ədəbiyyatı,
xüsusilə mənim
əsərlərimi belə
çox sevər"
- deyən də, elə Varis oldu.
Həmkarlarımdan biri - Elnarə xanım yüz iyirmi manatlıq kitabı seçib evindəki xəzinənin
üstünə əlavə
eləmişdi. Aldığı
kitablarla maraqlandım,
Ramiz Abdullaoğlunun
"Koramal", "Relslər
üzərində uzanmış
adam", Toedor Drayzerin "Dahi"si, Elxan Elatlının kitabları
və s. və ilaxır. Doğrudan da kitab sevgisi başqadır.
İkigünlük sərgi başa çatanacan təbiət
dondan-dona düşdü. Kitablardakı insan taleləri kimi gah güldü,
gah ağladı, nur saçdı, qayğılandı, əsdi-coşdu,
sonunda təslim oldu, sakitləşdi.
Sanki, təbiət insanla ayrılmaz tellərlə bağlı,
həm də insanın təbiətin bir parçası olduğunu bizə sübut etməyə çalışdı. İnsan da,
təbiət də yaradıcıdır. Kimin nə
yaratması önəmli
deyil, necə yaratması önəmlidir.
Yazıb-
yaratdıqlarımız özümüzdən
bir parçadır.
Biz isə yaratdıqlarımızda
yaşayırıq.
İnanıram ki, 13-14 may tarixində
"Naxçıvan Universiteti"nə
yolu düşənlər
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən
Birinci Naxçıvan
Kitab Sərgisindən
aldıqları təəssüratı
uzun müddət unutmayacaqlar. "Azərbaycan
Nəşriyyatları Assosiasiyası"
İctimai Birliyi,
"Hədəf Şirkətlər
Qrupu" və sərgiyə ev
sahibliyi edən "Naxçıvan Universiteti",
- bu möhtəşəm
təşəbbüs və
təşkilatçılığınız
üçün kitabsevərlər
sizə minnətdardır.
Naxçıvanda, növbəti sərgilərdə
görüşənədək, əziz oxucum.
Naxçıvanın təmizliyinə, gözəlliyinə,
addımbaşı insana
ruh verən gül-çiçəyinə vurulanlar üçün bu şeir də
məndən hədiyyə
olsun.
YENƏ GÜLLƏR AÇIB
BİZİM ŞƏHƏRDƏ
Ürəyim açıldı, gözlərim
güldü,
Qondu ağ vərəğə,
sözlərim güldü,
Güldü, bu misralar, vallahi, güldü,
Yenə
güllər açıb
bizim şəhərdə...
Butalı,
naxışlı xalıdı
yerdə,
Ağı, sarısıdı, alıdı
yerdə,
Arının yeməyə balıdı
yerdə,
Yenə
güllər açıb
bizim şəhərdə...
Sanki yağıb göydən çiçək yağışı,
Bağrına basıbdı çiçək
yağışı,
İçək qönçə-qönçə,
içək yağışı,
Yenə
güllər açıb
bizim şəhərdə...
Hər rəngdə naxışlar
salıb yol üstə,
Qonur kəpənəklər güldə
xal üstə,
Bir nəğmə oxuyur dilim val
üstə,
Yenə
güllər açıb
bizim şəhərdə...
Yağan
yağış donub ləçəklərində,
Günəş gülür yaşıl
birçəklərində,
Rəqs
edir damlalar çiçəklərimdə,
Yenə
güllər açıb
bizim şəhərdə...
Əyildim bir çiçək
alım, gətirim,
Otaqda güldana salsın çətirin,
Küsər, incik düşər
onda ətiri...
Yenə
güllər açıb
bizim şəhərdə...
Yox, yox, qıymamışam onu üzməyə,
Çələng tək telimə
alıb düzməyə,
Göz gərək, ürəkdən
baxıb süzməyə,
Yenə
güllər açıb
bizim şəhərdə...
Qonaqlarım söz sərgisi açıblar,
Vərəq-vərəq, sətir-sətir uçublar,
Kitablar gül olub, işıq saçıblar,
Yenə güllər açıb
bizim şəhərdə.
Hələ təzə açır
düymə-bütası,
Qəlbim
gözəllikdə itib-batası,
Hər gün sığal çəkir bağban atası,
Yenə
güllər açıb
bizim şəhərdə...
Təranə yazdıqca, səksəndi
güllər,
Dedi, gəl, torpağa ək, sən də güllər.
Gözəl Naxçıvanım, tək səndə güllər,
Yenə güllər açıb bizim şəhərdə...
Təranə ARİFQIZI
525-ci qəzet.- 2023.- 19 may.- S.8.