Güvənin qatili mənfəət...
Keçmiş zamanlarda zalımlığı
ilə məşhur olan bir kral
edam cəzası verdiyi iki məhkumdan
birinin həyatını
özünü əyləndirəcək
yolla bağışlamaq
istəyir. Dar ağaclarını
qurduraraq məhkumların
ikisinə də çiyninə çıxa
biləcəkləri və
güvənəcəkləri bir adam
çağırmağa icazə
verir. Ölkənin məşhur alimini
də sınamaq üçün yanında
oturdur. Hər şey hazır
olandan sonra məhkumların boyunlarına
ip keçirilir və onlar da
öz seçdikləri
adamların çiyninə
çıxaraq dayanırlar.
Məhkumlardan biri çox qüvvətli birini çağırır, o biri
isə özündən
çox arıq, cılız bir dostunu. Kral yanındakı
alimdən soruşur:
"İndi göstər
görüm hünərini,
səncə, kim yıxılacaq, güclü
olan, yoxsa bu cılız?" Yaşlı alim əminliklə deyir: "Güclü olan çox çəkməz
yıxılar, cılız
olan isə ölsə də, yıxılmaz. Zəifin çiynindəki məhkum xilas olacaq".
İki saatlıq ölüm-qalım savaşından sonra güclü olan adam yıxılır və çiynindəki məhkum dar ağacından sallanıb ölür. Bu işə çox təəccüblənən kral alimə deyir: "Sən necə oldu ki, bu cılız adamın qalib gələcəyini bildin? Həqiqətən də sən böyük alimsən". Yaşlı alim yerindən qalxıb sevinclə məhkum dostunu qucaqlayan adama baxıb deyir: "Bunun alimliklə bir əlaqəsi yoxdur. Onlar dar ağacına gələndə ikisini də diqqətlə izləyirdim. Öz istəkləriylə çağırdıqları adamlar onlara yaxınlaşanda biri çağırdığı güclü adama bir kisə qızıl verdi. Demək ki, canını qurtarmaq üçün güclü adamı pulla tutmuşdu, buna görə onun gücünün bəs edəcəyini fikirləşirmiş. Digəri isə dostunu uzun-uzadı qucaqladı, birgə ağladılar. Sonra o cılız, arıq adam and içdi ki, ölsəm, yıxılmayacam. Onda onların həqiqi dost olduqlarını anladım. Mən yalnız mənfəət üstünə qurulmuş münasibətlərin çox da uzun çəkmədiyini bildim..."
İnsanı bu həyatda yoran, incidən əsas amillərdən biri, bəlkə də birincisi ətrafındakı mənfəətçi insanlardır. Çox zaman böyük bir mənfəət uğruna qurulan bu dostluqların, münasibətlərin o qədər də tez fərqinə varmarıq. Fərqinə varanda isə ya gec olar, ya da ən yaxşı halda gecə yaxın... Bir andaca bütün güvən, inam, arzu, xəyal o münasibətə, o dostluğa aid qəlbində bəslədiyin nə varsa, hamısı yerlə-yeksən olar. Əvəzində isə boşluq qalar, nəhəng bir boşluq...
Uzun illərdən bəri tanıdığım yaxşı bir insan vardı. Daha doğrusu, mən onu yaxşı bilirdim. Ən azından özümə və çevrəmizdəki insanlara qarşı hər zaman yüksək sayğı və yaxşılıq görmüşdüm. Dildən pərgar adamdır həm də. Qarşısındakı heç tanımadığı, bilmədiyi bir adam belə olsa, əgər ondan kiçicik bir işi keçirsə, o boyda adam onun önündə kiçilib yumağa dönməkdən çəkinmir. Düzü, bu xasiyyətini sonlara doğru fərq etdim. Elə yeni-yeni fərqinə varmışdım ki, illərdir yaxşı deyə tanıdığım bu adamın ağıla sığmayacaq, necə deyərlər, yatsam yuxuma girməyəcək bir pisliyini gördüm. Ən betəri isə o günə kimi can deyib, can eşitdiyi həmin adama elədiyi pisliyin adını "mənə sərf eləmir" qoyması idi. Bax, onda dişlədim barmağımı. "Sərf etmək" mənfəətin bir digər adı deyilmi? Demək ki, uzun illərdən bəri qurulan bütün bu münasibət sərf etdiyi üçün qurulubmuş, yəni bunun adı dostluq, doğmalıq yox, mənfəət imiş ki, ilk sərf etməyən məqamda gözünü qırpmadan satmağı, yarı yolda buraxmağı rahatlıqla mənliyinə sığışdırdı.
Etiraf edirəm ki, "mənə sərf eləmir" cümləsi qarşısında keçirdiyim şok effekti bircə an çəkdi. Sonra isə düşündüm, məqamı hara, titulu nə, geyimi necə olur olsun, adının qarşısında hansı ünvanlar düzülür düzülsün, mənfəət qarşısında kiçilənlərdən heç vaxt böyük olmaz.
Hə, bir də
başınıza gələn qəfil olaylardan
sarsılmayın. Unutmayın ki,
yaxşılar birdən pis, pislər
yaxşı olursa, bunun
bircə adı var: mənfəət!..
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 19 may.- S.7.