"Ana südündən, ata vicdanından yaranmış teatr"

RƏŞİD BEHBUDOV ADINA DÖVLƏT MAHNI TEATRININ 55 İLLİYİ TAMAM OLUR

  

 

Yazımın sərlövhəsindəki ifadəni vaxtilə böyük müğənni Rəşid Behbudovdan aldığım bir müsahibə zamanı ilk dəfə onun dilindən eşitmişəm. Söhbət Mahnı Teatrından gedirdi.

...1981-ci ilin mayında dünya şöhrətli müğənni Rəşid Behbudov rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi ilə birlikdə Kürdəmirə gəlmişdi. Rayon mədəniyyət evində 3 gün konsert oldu.

Mən o vaxt rayon qəzetində müxbir işləyirdim. Redaktorumuz mənə dedi: "Rəşid təsərrüfatlara gedib pambıqçılarla görüşəcək. Sən orada ol, qəzet üçün yazı hazırla. Axşam da mehmanxanaya gedib ondan müsahibə alarsan..."

...Həmin gün tarlada çalışanların hamısı əziz qonağın, böyük sənətkarın ətrafına cəm olmuşdular.

Rəşid səmimi görüşlərdən, hal-əhvaldan sonra qavalını götürüb camaata üz tutdu: "Əziz dostlar, indi mən sizi mahnılarla salamlamaq istəyirəm" - deyib, qarmonun müşayiətilə gözəl mahnılarından oxumağa başladı. İfasını xarici dildə oxuduğu ritmik bir mahnı ilə bitirdi. Alqış sədaları kəsilmək bilmirdi. Sakitlik yarananda dedi: "Eşitdiyiniz bu mahnı urdu dilindədir. Urdu Pakistanın dövlət dilidir".

Mən indi həmin o məqamları xatırlayanda fikirləşirəm ki, erməni vəhşiliyinə, erməni xislətinə nifrət edən, bizim haqq işimizə görə onlara düşmən kəsilən dost Pakistan xalqına, Pakistan dövlətinə Rəşid Behbudov hələ o vaxtlar böyük dəyər verirmiş. Deməli, bu dostluğun, bu istəyin kökləri dərinmiş.

Rəşidin tarla əməkçiləri ilə görüşündən ətraflı qeydlər götürəndən sonra həmin gün axşam mehmanxanaya gedib ondan müsahibə almalı idim. Deyim ki, bu tapşırıq mənim üçün şərəfli bir olsa da, son dərəcə məsuliyyətli idi. Bir tərəfdən sevinirdim ki, bu məşhur sənətkarı daha yaxından görə biləcəm, onunla üzbəüz oturub söhbət aparacam. Əlbəttə, bu mənim qismətimə düşən bir xoşbəxtlik idi. O biri tərəfdən isə bərk nigaran idim.Çünki mən televiziyada onunla aparılan bir neçə müsahibəyə baxmışdım. Aparıcıların, həmsöhbətlərin suallarından asılı olaraq yeri düşəndə sərtləşirdi, yeri düşəndə şən zarafata keçirdi. Heç bir söz, heç bir məqam diqqətindən yayınmazdı hamısına da tutarlı cavablar verərdi. Yerinə düşən, ya düşməyən sözə , fikrə həssas idi. Bir sözlə, çalışıb onun rəğbətini qazanmalı idin.

Bütün bunları gözümün qabağına gətirə-gətirə, onunla bağlı görüb-eşitdiklərimi ürəyimdən keçirə-keçirə dərin tərəddüdlər içərisində mehmanxanaya, Rəşidlə söhbətə gedirdim.

3-cü mərtəbədə, birnəfərlik otaqda qalırdı. Mahnı Teatrının kollektivi burada yerləşmişdi.

Qapını ehmalca döydüm. İçəridən səsini eşitdim. "Gəlirəm" deyib qapını açdı. Özümü təqdim edib qəzetdən gəldiyimi dedim. "Bilirəm, - dedi - redaktorunuz mənə deyib".

Mehribanlıqla məni içəri dəvət edib əyləşməyə yer göstərdi. Həyəcanımı hiss edirdi. Odur ki, gülümsər halda dedi: "Heç narahat olmayın. Əvvəlcə bir stəkan çay içək, sonra qədər desəniz, danışarıq".

Çoxdan bəri məni çulğamış həyəcanım yavaş-yavaş keçib gedirdi. Amma ona verəcəyim sualların məsuliyyəti məni hələ sıxırdı.

Dedim:

- Rəşid müəllim, əcəb, raykomun qonaq evində qalmamısınız? Sizin üçün ora daha rahat olardı.

- Bunu mənə dedilər, razı olmadım. Axı, mən tək deyiləm, sayımız çoxdur. Hamımız ora sığmazdıq.

- Tək Siz özünüz qala bilərdiniz.

- Bu necə ola bilər, - dedi - mən rahat olum, bəs kollektiv? Axı, mən onlarla bir gəlmişəm, yaxşı, ya pis - bir yerdə qalmalıyıq...

Onun bu dedikləri, eləcə özünə xas olan düşüncələri müsahibə zamanı verəcəyim bəzi suallara ətraflı, dəqiq səmimi cavablar idi. Ona görə bu qənaətə gəldim ki, söhbətimizi konkret sual-cavab şəklində qurmağa ehtiyac yoxdur. Elə söhbət əsnasında ürəyimdən keçən sualların cavabını ondan ala bilirdim. Rayona gəlişi, xüsusilə yaz fəslində, yaşıl tarlaların qoynunda əmək adamları ilə görüşləri, hər yerdə böyük hörmətlə qarşılanması ilə bağlı təəssüratları müsahibəm üçün maraqlı faktlar idi.

Söhbətimiz Mahnı Teatrının üzərinə gəldi.

Dedim:

- Rəşid müəllim, yaratdığınız Mahnı Teatrı hamının ürəyindəndir. Teatrın yaranma zərurəti haqqında deyərdiniz?

O, ani olaraq fikirləşib cavab verdi:

- Mahnı Teatrı ana südündən, ata vicdanından yaranmış teatrdır.

Sonra da gülümsəyib sözünə əlavə etdi:

- Mən Sizin sualınıza bircə cümlə ilə cavab verdim. Bunların demək olduğundan özünüz nəticə çıxarın.

Onun bir cümləlik bu cavabının arxasında nələr yox idi?! Hazırlayacağım yazıya elə o anlardaca yaxşı bir sərlövhə tapdım: "Ana südündən, ata vicdanından yaranmış teatr". Eynilə bu yazıdakı sərlövhə kimi...

O, Mahnı Teatrına olan marağımı görüb bu haqda əlavə fikirlər söylədi:

- Fikirləşdim ki, - dedi - mahnıların, muğam parçalarının, rəqs nümunələrinin təqdimatında nəsə bir yenilik, bir dəyişiklik edim. Elə bir yenilik ki, bunlar tamaşa halında olsun. Teatra bənzər bir üslubda təqdim olunsun. Janr müxtəlifliyi rəngarənglik tamaşaçıda, dinləyicidə maraq yaratsın, onların zövqünü oxşasın. Bütün bunları nəzərə alaraq Mahnı Teatrı yaratmaq qərarına gəldim şükür ki, buna nail oldum. İndi əsas məsələ budur ki, biz bu işin öhdəsindən necə gəlirik yaxud gələ bilirikmi? Qoy bunu tamaşaçılar, dinləyicilər desinlər...

...Xudahafizləşib ayrılanda dedi:

- Qəzet çıxanda ondan bir-ikisini də mənə gətirərsiniz.

...Qəzet çıxdı. Şəkli ilə birlikdə bir səhifəlik müsahibəm dərc olunmuşdu.

2-ci dəfə mehmanxanaya getdim. Qəzetin nüsxələrindən bir neçəsini ona təqdim etdim. Maraqla alıb baxdı. Yazının sərlövhəsində öz sözlərini gördü: "Ana südündən, ata vicdanından yaranmış teatr".

Razılıq hissi ilə dedi:

- Çox sağ olun ki, mənim bu sözümü başlığa çıxarmısınız...

...O vaxtdan 42 il keçib. Hər dəfə Mahnı Teatrının qarşısından keçəndə qeyri-ixtiyari ayaq saxlayır, Rəşid Behbudovun burada ucalan heykəli önündə dayanır, vaxtilə onun Kürdəmirə gəlişi, zəhmətkeşlərlə səmimi görüşləri, maraqlı konsertlər verməsi, xüsusilə də onunla üzbəüz oturub həmsöhbət olduğum o unudulmaz məqamlar gözlərimin önünə gəlir, gözəl ifaları qulağımda səslənir. Onunla bağlı bu xatirələr mənim üçün tayı-bərabəri, bənzəri olmayan bir mənəvi sərvətdir.

Bir vaxtlar böyük həvəslə yaratdığı və daim fəxr etdiyi Mahnı Teatrı onu həmişə yaşadır və yaşadacaq. Ruhu şad olsun böyük ustadın!

 

Tofiq ABDULLAYEV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

525-ci qəzet.- 2023.- 20 may.- S.20.