Qızmar günəş altında kitab
Uzun müddətdir, Naxçıvanda
kitab sərgisi keçirmək arzusunda idim. Çünki
"Azərbaycan Nəşriyyatlar
Assosiasiyası" İctimai
Birliyi (ANAİB) yaranandan,
sərgilərə, tərdbirlərə
başlayandan ellilərim,
"Niyə Naxçıvana
da gəlmirsiniz?"
- sualını verirdilər. Səbəbini açıb-ağarda bilmirdim. Çünki keçmiş rəhbərliyə
dəfələrlə müraciət
ünvanlasaq da, heç bir cavab gəlmirdi. Hətta Naxçıvanda
çalışan məmur
dostlardan birinə ərkyana etirazımı bildirəndə o da mənə siyasi cavab verdi:
"İnşallah, Zəngəzur
yolu açılsın,
o zaman kitab da gələr, insanlarımız da". Beləcə,
arzumuzu dağlayıb
bir kənara qoymuşduq. Amma keçən il
cənab Prezidentin Naxçıvanla bağlı
atdığı mühüm
addımlar, səlahiyyətli
nümayəndənin göndərilməsi
xeyli mətləbi aydınlaşdırdığı kimi, kitabın da yolunu açdı
və hərəkətə
keçdik. İlk müraciətimiz alqışla qarşılandı,
"Xoş gəlirsiniz"
- deyildi. Hətta, "Bunun üçün bizə müraciətə
də ehtiyac yoxdur, yerli təşkilatlarla
əməkdaşlıq edib
işinizi görün"
- qeyd olundu.
Və budur, o möhtəşəm
- bu il
baş tutması çox vacib olan sərgini yekunlaşdırdıq. Axı bu
kitab sərgisi Ümummilli liderin 100 illik yubileyinə həsr edilmişdi.
2015-ci ildən kitab tanıtmaq, sevdirmək adına onlarla
sərginin təşkilatçısı
olmuşam, amma Naxçıvan mənim üçün bir başqa idi. Digərlərini işim, vəzifəm
hesab etsəm də, Naxçıvanı
mənəvi borcum hesab edirdim. Öz elim, obam, yurdum
idi. "Ora üçün də nəsə etməliyik, ora da xidmət göstərməliyik" - düşüncəsi
heç zaman uzaq olmayıb məndən. Buna naxçıvanlı təəssübkeşliyi
də deyə bilərsiniz. Niyə
də yox...
Ulu öndərin
ədəbiyyata, mədəniyyətə
göstərdiyi xidməti,
verdiyi dəyəri heç zaman unuda bilmərik. Bu, danılmaz faktdır.
Dövründə özünün də iştirakı ilə keçirilən ədəbiyyat, mədəniyyət
festivalları, ədiblərə
verdiyi dəyər unudulmazdır.
Sərgi Ümummilli liderin yubileyinə həsr edildi və şüarı böyük
Hüseyn Cavidin, "Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət"
- misraları oldu. Sərgi posterində
Ulu öndərin filosof-şair üçün
ucaldılmasına göstəriş
verdiyi məqbərə
öz əksini tapdı. Elə açılışa da Ulu öndərin
abidəsi və Hüseyn Cavidin məzarını ziyarət
etməklə başladıq.
Bakıdan yarısını ziyalılar,
ədiblər və naşirlərin təşkil
etdiyi 75 nəfərlik
heyətlə yola düşdük. Elçin Şıxlı, Zahid Xəlil, Rüstəm Behrudi, Rəşad Məcid, Qulu Məhərrəmli, Varis Yolçuyev, Elxan Elatlı, Xəzər Süleymanlı, Orxan Şahbaz, Əhməd Qəşəmoğlu, Allahverdi
Məmmədli, Rafiq İsmayılov, Tahir Tahiroviç, Arif Əliyev, Bəhruz Əzimov, Çingiz Özgür, Solmaz Amanova, Nurman Tariq, Səbuhi Şahmursoy, Cavid Qədir, Nizami Hüseynov, Seymur Tağıyev, Yusif İlhamoğlu, Mübariz Yunusov, Əsəd Süleymanov, Şöhlət İxtiyaroğlu,
Samir Şamıyev, Rəşad İsmixanov, Əhliman Ərşadlı,
Nicat Əliyev, İmanyar Quliyev kimi ziyalıların iştirak etdiyi möhtəşəm festival...
Bu sərgiyə ilk dəstək
"Hədəf" Şirkətlər
Qrupundan gəlsə də, ikinci əsas dəstək "Naxçıvan" Universitetindən
oldu. Geniş, işıqlı, gözəl mənzərəsi
olan, böyük resurslara malik universitetin rektoru Anar Kazımov başda olmaqla, tələbə-müəllim kollektivi
sərgini öz tədbirləri kimi qəbul edib əllərindən gələnin
də artığını
etdilər.
25 nəşriyyatın iştirak etdiyi, 10.000-dən
çox kitabın sərgiləndiyi, 30-a yaxın
tədbirin baş tutduğu sərgi ürəkaçan keçdi. Bizi qarşılayan
da, yola salan da Naxçıvanın
yaz yağışı
oldu. Sanki buludlar da sevinc
göz yaşlarını
saxlaya bilmir, bir-iki saatdan bir kitablara səpələyirdi.
Amma nə naşirlər, nə də oxucular ümidsizliyə qapıldı, üstəlik,
əsl fədakarlıq
göstərdilər.
Bütün iştirakçılar sevinirdi,
çünki bu, Naxçıvan tarixində
ilk kitab sərgisi olmaqla yanaşı, həm də çox ciddi mədəni hadisə idi. Bu qədər ədibin,
ziyalının iki gün ərzində sərgi meydanında olması, oxucularla, sosial şəbəkədən
tanış olduqları insanlarla üzbəüz görüşüb
ünsiyyət qurması
bir başqa aləm idi.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli sərgidə iştirak edən ziyalılarla xüsusi görüş keçirdi. Hətta Bakıdan gələn
qonaqların şərəfinə
Naxçıvan Dram Teatrında
oynanılan "Cibimizdəki
dəli" tamaşasında
ailəsi ilə birgə iştirak etdi.
Görüş zamanı o qədər maraqlı söhbətlər, müzakirələr, hətta ədəbi mübahisələr oldu ki, arada unudurdum, biz yüksək çinli məmurla görüşürük, yoxsa ədəbiyyat, mədəniyyət adamı ilə. Səmimi münasibət, dərin biliklər, əlbəttə, qonaqlarımız üçün də yaddaqalan oldu.
Arif Əliyevin "Yalama" filminin təqdimatında tələbələrin verdiyi suallar, müzakirədə aktiv iştirak, açığı, məni çox qürurlandırırdı. Nə yalan deyim, mən təəssübkeşəm, kəndimin, bölgəmin, ölkəmin, millətimin təəssübkeşiyəm, ona görə başımı uca edəcək məqamlar görəndə çox xoşbəxt oluram. Naxçıvan və naxçıvanlılar başımızı uca etdi. Hər bir dostum ağız dolusu xoş sözlərlə danışdı Naxçıvandan. Taksi sürücüsündən vəzifəli şəxsinədək hamı olduğu kimi göründü və sevildi.
Sərginin büdcəsini planlaşdıranda
çətinliklərimiz çox oldu. Amma ANAİB olaraq bunu etməli
idik. Haradan və necə
olursa, dəstək tapıb bu kitab
bayramını yaşamalı
idik. Heyət böyükdü. Hamını yerləşdirmək
üçün yer çətinliyi, biletlər
və s. xərclər
ciddi mənada sıxıntı yaradırdı.
İlk günümüz gəzinti
ilə başlamalı
idi. Planı elə qurmuşdum
ki, günorta yeməyini Əshabi-Kəhfdə
yeyək. Amma necə?
Ağlıma ilk gələn anam
oldu. Düşündüm ki, biz ayaqüstü
bir dürməklə
yolumuza davam edə bilərik; həm vaxt itkimiz
olmaz, həm də büdcəyə qənaət etmiş olarıq. Səhər biz ora çatanda
anamın hazırladığı
Nehrəm pendirli, tərxunlu və qırmızı pomidorlu dürməklər orada idi. Sadə kənd qadınının
hazırladığı dürməklər
o qədər ləzzətli
idi ki, gələnə
qədər hamı ondan danışdı.
Hətta
bəzi dostlar o pomidordan tapıb aldılar. Elə mən də.
Hətta
məhz o dürməyə
görə harada şəkil çəkdirsək,
ziyalı dostlar məni tam mərkəzə
salırdılar. Bu işin də aparıcı şəxsi
ordubadlı dostum Çingiz Özgür idi.
Qızmar günəşin, qırmızı
dağların, yerlərə
yaxın göylərin,
dadlı-duzlu torpağın,
öz genetik türk kökünü dəyişməyən Naxçıvan
insanının sevgisi
və alqışı
ilə bir sərgini də beləcə yekunlaşdırdıq. "Təbriz" hotelinin düz
qarşısında isə hamının "Amin"
sədaları ilə, "Tanrı bizə belə bir sərgini Təbrizdə keçirməyi də
nəsib etsin" - dedik
və üzümüzü paytaxt Bakıya tutduq!
Şəmil SADİQ
525-ci qəzet.- 2023.- 20 may.- S.19.