Vəfa Bağırzadə:
"Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim"
Müsahibimiz az yaşına rəğmən,
musiqi sahəsində önəmli uğurlara imza atan gənc
bəstəkar, Bakı
Xoreoqrafiya Akademiyasının
müəllimi, Azərbaycan
Bəstəkarlar İttifaqının
üzvü Vəfa Bağırzadədir.
Vəfa xanımla söhbətimizə
keçməzdən öncə
haqqında qısa arayış verim ki, Vəfa Bağırzadə
1990-cı ilin 29 oktyabr
tarixində Lənkəran
şəhərində anadan
olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına
6 saylı Uşaq İncəsənət məktəbi
və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı
Musiqi Kollecinin
fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən
sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq
ixtisası üzrə
bakalavr pilləsinə,
2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.
2020-ci ildə musiqi
sahəsindəki uğurlu
fəaliyyətinə görə
Gənclər və İdman Nazirliyi tərəfindən "İlin
fəal gənci" mükafatına layiq görülüb.
- Vəfa xanım, musiqi həvəsiniz ailədən gəlir, yoxsa siz ailədəki
tək musiqiçisiz?
- Ailəmizdə professional musiqi
təhsili alan
tək mən olsam da, musiqiyə
həvəs ailəmizdə
həmişə olub.
Anam ədəbiyyat müəllimi,
atam isə hüquqşünasdır. Yalnız dayım orta musiqi təhsilli
tar ifaçısı olsa
da, sonradan bu sənəti davam etdirməyib. Buna baxmayaraq, valideynlərimiz
bizə həmişə
həm dünya, həm də Azərbaycan klassik musiqi əsərlərini dinləməyi tövsiyə
edirdilər. Musiqiyə, bəstəkarlığa
yönəlməyimdə bunun
da təsiri var. Bu sənəti seçdiyimi
biləndə valideynlərim
məni öz qərarımın öhdəsinə
buraxdılar və daim dəstəklədilər.
Onlar özləri musiqiçi olmasa da, hər
hansı başqa bir peşəni seçməyim üçün
təkid etmədilər.
Hazırda əldə etdiyim
bir çox uğura görə onlara borcluyam.
- Rəssamlar hər bir rəssamın bir tərzi olmalıdır deyirlər,
bəs bəstəkarın
necə, tərzi olmalıdırmı, sizcə?
- Bəli, hər bir bəstəkarın bir tərzi və üslubu olmalıdır. Bu tərz və üslub zamanla formalaşır. Öncə
özündən əvvəlki
sələflərindən və
ya müəllimindən
bəhrələnirsən, araşdırırsan, öyrənirsən,
sonra zamanla özünəməxsus bir
üslubun formalaşır...
Bu üslub bəstəkarın
not yazısında da bilinir.
- Sizin tərziniz nədir?
- Əsərlərimi dinləyənlər və
ifa edənlər mənə deyirlər ki, sənin özünəməxsus dəsti-xəttin
var. Çalışıram ki, yaradıcılığımda
həm Qərb, həm də Şərq musiqi elementlərini bir araya gətirim. Buraya sufi dərviş
ritmləri, muğam, caz, polifoniya, dodakofoniya və s. aiddir. Bir vəhdət halında
verməyə çalışıram.
Muğamlardan Çahargah muğamını
çox sevirəm.
Bəzən özüm
də hiss etmədən
yaradıcılığımda bu muğama köklənirəm. Modernist-minimalist
musiqi cərəyanlarından
da öz yaradıcılığımda bəhrələnməyə çalışıram.
Mənə elə gəlir
ki, mənim artıq üslubum formalaşıb və tanınır.
- Bu qədər bayağı musiqilərin yayıldığı
bir dövrdə akademik təhsilli bəstəkar olmaq və öz musiqini bu
musiqilərdən ayırmağa
çalışmaq çətin
deyil ki?
- Deyərdim ki, çətindir. Çünki akademik musiqilərin
də dinləyici auditoriyası var. Bu musiqiləri
yaradan zaman nə isə umacağın olmur. Gəlir gətirmir, qonorar almırsan. Əksinə, özün nə
isə ödəyirsən
ki, təki əsərlərim səslənsin.
Bayağı musiqilərlə mübarizə aparmaq artıq qeyri-mümkün
olub. Çünki bu musiqilər
məişətimizdə, toylarımızda
daha çox ifa olunur, dinlənilir
və sevilir. Buna görə də
akademik musiqi zövqünü hələ
orta məktəbdən
- birinci sinifdən formalaşdırmaq lazımdır.
Orta məktəbdən dərs
saatlarını tədris
edən müəllimlərin
özünün də
musiqi zövqü kamil olmalıdır.
Məsələn, bəzən eşidirəm,
deyirlər ki, orta məktəbdə musiqi dərslərini dərs saymırdıq.
Həmin
dərs zamanı başqa fənləri oxuyurduq. Halbuki məhz həmin
dərslər klassik musiqi zövqünü formalaşdırmaqda rol oynaya bilər.
- Sizcə, Azərbaycan musiqisi özünün ən peşəkar dövrünü nə zaman yaşayıb?
- Hər dövrün öz tələbi var. Mən daha çox Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Hacı Xanməmmədov, Firəngiz
Əlizadə və digər görkəmli sənətkarların yetişdiyi
mühiti peşəkar
adlandırıram. Çünki biz də o dövrdə formalaşmış bəstəkarlıq
məktəbinin davamçılarıyıq.
Müasir dövrdə F.Əlizadə,
S.Fərəcov, F.Qarayev,
P.Axundova, C.Abbasov, V.Allahverdiyev, C.Allahverdiyev,
D.Dadaşov kimi bəstəkarlarımız klassik
musiqi irsimizin davamçılarıdır. Amma ötən əsrlə müqayisədə klassik
musiqi sənətinə
olan münasibət, məncə, tam qənaətbəxş
deyil. Sanki bir durğunluq yaranıb. Bu da ona görədir
ki, indiki dövrdə daha çox gəlir gətirən musiqilər
toy musiqiləri, bayağı
musiqilərdir.
- Mahnı, yoxsa simfonik janr? Niyə?
- Ciddi musiqiçi hər iki janrda
şedevr əsərlər
yarada bilər. Mənim yaradıcılığımda əsasən akademik musiqilər, simfonik əsərlər yer tutur. Amma mahnı janrında
da özümü sınamışam. Çünki
mahnı kiçik də olsa çox
böyük hiss və
duyğuları ötürə
biləcək bir janrdır. Məsələn, bu janrda Tofiq Quliyev, Elza İbrahimova, Ramiz Mirişli kimi bəstəkarlarımız
şedevr əsərlər
yaradıblar.
- Mahnılarınıza sözü
necə seçirsiniz?
Musiqi yazıb sonra söz axtarışına
çıxırsız, yoxsa
şeiri tapandan sonra melodiya yaranır?
- Bəzən şeir axtarışına çıxıram,
bəzən isə rastıma çıxan şeiri oxuduğum zaman beynimdə musiqisi yaranır. Məncə, belə də
olmalıdır. Musiqiyə söz
yox, sözlərə
musiqi yazılmalıdır.
Ümumiyyətlə, həmişə çalışıram ki,
mahnılarıma dərin
fəlsəfi mənası
olan şeirlər seçim. Çünki sözlər nə
qədər düşündürücü
olarsa, mahnı da bir o qədər
mənalı və gözəl alınar.
Mənə deyirlər
ki, mahnılarına fəlsəfi şeirlər
əvəzinə bir az bəsit
sözlər seç,
onsuz da mahnı özü də bəsit janrdır. Lakin mən mahnını
bəsit janr hesab etmirəm. Əksinə
çalışıram ki,
dərin fəlsəfi
fikirləri olan şairlərin şeirlərinə
müraciət edim.
Belə şairlərdən Ramiz Rövşən, Bəxtiyar
Vahabzadə, Vaqif Səmədoğlunun adlarını
çəkə bilərəm.
- İndi yaradıcılığınızın
hansı mərhələsindəsiniz? Nələr yaradırsınız?
- Hazırda simfonik süita yazıram və paralel olaraq kiçik həcmli musiqilərimin üzərində işləyirəm, onları ərsəyə gətirmək üçün çalışıram. Bu yaxınlarda Violin və piano üçün bəstələdiyim "Bir Ümid İşığı" adlı bəstəm işıq üzü görmüşdü. İnşallah, tezliklə üzərində işlədiyim növbəti əsərlərim də ifa olunar.
- Gələcək planlarınız və arzularınız nələrdir?
- Hər şeydən əvvəl solo konsertlə çıxış etməyi düşünürəm. Çox istəyərdim ki, bu konsert oktyabr ayında doğum günümə təsadüf olunsun. Daha sonra artıq səhnə əsərləri yazmağı düşünürəm. Öncə balet janrında özümü sınamaq fikrim var. Məşhur bir ədəbi əsərə balet yazmağı düşünürəm. Ümid edirəm, hər biri reallaşacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 20 may.- S.16.