Zamana ədəbi səyahətin illəri
və töhfələri
Çox da səliqəli və sistemli olmayan arxivimdə
köhnə bir qovluq var. İçərisində qəzet kəsikləri
- 80-ci illərdə dövrü mətbuatda çap
olunmuş məqalə və resenziyalarım saxlanır. Üzərində
"E.Axundovaya. 4.11.1984" yazılıb.
Bilmək istəsəniz, həmin rəqəmlər
qırx illik dostum, görkəmli publisist, ictimai xadim, Azərbaycanın
Xalq yazıçısı, diplomat Elmira xanım Axundova ilə
dəqiq tanışlıq tariximizi əks etdirir.
Köhnə
qovluğun tanışılığa nə dəxli ola bilər? İzah edim.
Yazıçılar İttifaqı üzvlüyünə qəbul
olunmaq
üçün sənədlərimi
hazırlamışdım. Səhv etmirəmsə,
sənədləri qəbul komissiyasında bu işə məsul
olan mərhum şair Nüsrət Kəsəmənli
yoxlayırdı. Gətirdiyim kağızlara baxıb
"Apar ver referent Elmira Axundovaya" - dedi. Qovluğun
üzərinə ad və tarix yazıb imza atdı. Elmira xanım sənədləri götürüb
boş qovluğu özümə qaytardı. İndiyə
qədər də dediyim kimi, arxivimdə qalır...
Deməli,
gələn il tədricən səmimi
dostluğa çevrilən ilk tanışlıq tariximizin 40
illiyini qeyd eləmək üçün əlimizdə
daşdan keçən sənəd var...
Bu
qırx il necə sürətlə gəlib
getdi! Necə mütəhərrik, dinamik, faciə və sevinc
anları biri-birini əvəz edən dövrdə
yaşadıq! Nə qədər maraqlı hadisələrlə
üzləşdik, bir vaxtlar bizə əlçatmaz
görünən insanlarla çiyin-çiyinə
dayandıq. Dünyanı gəzib-dolaşdıq.
Ədəbiyyatdan siyasətə baş vurduq.
Həyatın, insan münasibətlərinin hər
üzünü gördük. Ən sevindirici cəhət
isə odur ki, bütün bunlardan sonra sürətlə dəyişən
dünyada münasibətlərimizin dəyişməzliyini
qoruya bildik...
Yenə
qırx il əvvələ qayıdım.
İndiki kimi
yadımdadır ki, o vaxtlar deyəsən,
İttifaq sədrinin referenti, ya da Yazıçılar
İttifaqında hansısa texniki vəzifədə
çalışan Elmira iri eynəkli, sarışın və
yaraşıqlı gənc xanım idi. Qovluğu alarkən mənim
darağa yatmayan qıvrım saçlarıma, rəsmiyyətdən
uzaq geyimimə, sadəlövh və çəkingən rəftarıma
baxıb yəqin ki, bir az da ironik tonda
"Tı poet?" - deyə maraqlandı.
Rişxənd elədiyini düşünüb daxilən
incidim.
Doğrusu, həmin anda ağlıma da gəlməzdi ki, bu
rusdilli, şəhərli və sanki fərqli-fərqli
dünyalardan gəldiyimiz gənc qız gələcəkdə
azsaylı, sadiq və etibarlı dostlardan biri olacaq. Həyatımın çətin anlarında onu
yanımda görəcəyəm, məsləhətlərinə
ehtiyac duyacağam.
Bir neçə ildən sonra artıq Akademiyanın məşhur
Nizami İnstitutunda bir yerdə işləyirdik. Respublika rəhbəri Heydər
Əliyevin təşəbbüsü ilə
açılmış Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinə müdir təyin edilən akademik Mirzə
İbrahimov Yazıçılar İttifaqından
yaxşı tanıdığı, bilik və
bacarığına bələd olduğu Elmiranı da
özü ilə gətirmişdi, İnstitutda
çalışmasına təkid eləmişdi.
Yeni əməkdaş ilk gündən zəhmətsevərliyi,
məsuliyyət hissi, hamı ilə asanlıqla dil tapıb
ünsiyyətə girmək bacarığı ilə diqqəti
çəkdi.
İşçilər arasında hörmət
qazandı. Artıq mənim də şair
olmadığımı bilirdi. Bəlkə bu səbəbdən ədəbiyyatşünaslıq
və sənət, həyat və insanlar haqqında ciddi
mövzularda söhbətimiz tuturdu.
Elmira Axundova qısa müddət ərzində Cəlil
Məmmədquluzadənin XIX əsr rus realizmi ilə əlaqələri
mövzusunda namizədlik dissertasiyasını tamamlayıb
müdafiə etdi. Mövzu maraqlı idi. O zaman dəbdə
olan tipoloji tədqiqat metodu əsasında
yazılmışdı. Bir müddət üzərində
işləyib elmi monoqrafiya kimi çap etdirdi. Onun ilk kitabı haqqında "Ədəbiyyat və
incəsənət" qəzetində resenziyam dərc olundu.
1980-ci illərin
meyarları ilə yanaşanda gələcək
üçün yollar görünürdü. Mövzu
götürüb doktorluq dissertasiyası yaza bilərdi.
Baş elmi işçi, şöbə müdiri ola bilərdi. Amma Ədəbiyyat
İnstitutunun divarları artıq Elmiraya dar,
cansıxıcı görünürdü. Onu fəal, mütəhərrik həyat daha çox
cəlb edirdi. Hadisələrin mərkəzində olmaq, praktiki
fayda gətirmək, bilik və enerjisini daha lazımlı sahəyə
yönəltmək istəyirdi.
Puşkinin
məşhur ifadəsi ilə desəm, həm yaşamağa
can atır, həm duymağa tələsirdi. İnadla
özünütəsdiq yollarını axtarırdı.
Tezliklə bu axtarışlar uğurla nəticələndi.
Artıq həyatda yerini tapmışdı.
Nə edəcəyini bilirdi. Üstəlik də, məqsədə çatmaq
üçün kifayət qədər biliyi, əzmi, iradəsi
vardı.
Həyatımıza fırtına kimi daxil olan 90-cı
illər hərəmizi bir tərəfə atdı. Elmira tezliklə
istedadlı publisist kimi məşhurlaşdı.
"Azadlıq" radiosunun rus xidmətində
çalışdı, "Literaturnaya qazeta"nın Azərbaycan müxbiri oldu. Ciddi mətləblərə toxunan cəsarətli və
prinsipial yazıları, çıxışları ilə ədəbi-ictimai
fikirdə böyük rəğbət doğurdu. Və təsadüfi deyil ki, qələm
adamlarına münasibətdə son dərəcə həssas
və tələbkar olan Prezident Heydər Əliyevin diqqətini
çəkdi, etimadını qazandı.
Zəhmətsevərliyi,
daim irəliyə can atması sayəsində Elmira bir
neçə il ərzində
Akademiyanın keçmiş sıravi işçisindən
ölkə miqyasında tanınan nüfuzlu jurnalistə, rəy
və fikirlərinə ehtiyac duyulan yazıçı-publisistə
çevrildi. Şübhəsiz, köhnə həmkar və
dost kimi onun uğurlarını müşahidə etmək
çox xoş idi... Və aydın məsələdir
ki, mən də bir yerdə dayanıb-durmamışdım.
Keçdiyimiz yollar da oxşar idi. Dövrün,
dəyişən zamanın tələbi ilə ictimai-siyasi fəaliyyət
sahəsinə atıldıq. İkimiz də,
amma müxtəlif vaxtlarda Milli Məclisə seçildik.
Diplomat kimi Azərbaycanı Mərkəzi
Avropanın iki mühüm ölkəsində təmsil etdik.
Yaxşı ki, hər şeyə rəğmən,
sözə, ədəbiyyata olan sadiqliyimizi qoruya bildik.
Bəzən dostlarım, həmkarlarım tənqid, yaxud
təşviq olmasının fərqinə
varmadığım bir şəkildə çox
yazdığımı diqqətimə çatdırırlar. Amma
düzünü deyim ki, Elmira ilə müqayisədə o qədər
də çox yazdığımı düşünmürəm.
Yəqin ki, indiyə qədər çıxan
kitablarının sayını özü də itirib...
Mənim təxmini hesablamalarıma görə,
dünyanın müxtəlif ölkələrində,
müxtəlif dillərdə çap edilmiş qırxa
yaxın bioqrafik, siyasi detektiv, bədii-publisist və sənədli
tarixi roman janrında kitabların müəllifidir.
Amma
özünü yolun sonuna gəlib çatmış hiss eləmir,
Yazmaq, yeni kitablar çap etdirmək, araşdırmalar
aparmaqla bağlı böyük planları var... Ən
başlıcası isə cəmiyyətdə onun fəaliyyətinə
və yaradıcılığına ehtiyac duyulur...
Yuxarıda
təqdim etdiyim xaotik, sistemsiz düşüncələr
Elmira Axundovanın yenicə çapdan çıxan, təkcə
ədəbi axtarışların deyil, həm də
ömrün bir mərhələsinə yekun xarakteri
daşıyan "Ədəbi səyahətlər: zaman,
süjetlər, fikirlər..." kitabı ilə tanış
olarkən beynimdən
keçdi...
Bu kitabın ardınca mən də xəyali səyahətə
çıxdım. Olub-keçənləri xatırladım, çoxlu tanış üzlər gördüm,
tanış səslər eşitdim. Elmiranın
bələdçiliyi ilə zamana və tarixə, ədəbiyyat
və siyasət dünyasına baş vurmağım
yaddaşımda ən müxtəlif hisslər doğurdu.
Vaxtsız, əvəzolunmaz itkilərə
görə kədər və təəssüf hissi
yaşadım. Bizimlə birlikdə addımlayan dost və
həmkarlarımızın özlərini reklam etmədən
gördükləri böyük, nəcib işlərlə tanış olanda daxilən qürurlandım.
"Səyahətlər" yalnız Azərbaycandan
deyil, dünyanın hər yerindən görünən uca
nöqtədən - Heydər Əliyev zirvəsindən
başlanır. 1992-ci ildə, blokada şəraitində yaşayan
Naxçıvanda Heydər Əliyevdən - bir neçə il əvvələ qədər keçmiş
SSRİ-nin liderlərndən biri kimi tanınan tarixi şəxsiyyətdən
ilk dəfə müsahibə alandan sonra bu mövzu
Elmiranın bədii-publisist
yaradıcılığının əsas xəttinə
çevrildi. "Naşirin qətli",
"Şüşə saray" adlı sənədli
siyasi-detektiv janrda yazılmış, ən
başlıcası isə dövlət
başçısının təqdirini qazanmış
populyar kitabları bu istiqamətdə atılan birinci addım
oldu. Elmira Axundova həmin kitablarda ilk dəfə
gerçək faktlar fonunda Heydər Əliyevin
inandırıcı bədii obrazını
yaratmışdı.
Bir dəfə Elmira Axundovanın "Heydər
Əliyev.
Şəxsiyyət və zaman" adlı çoxcildli sənədli
romanından danışarkən ümumi dostumuz və diplomat
həmkarımız Həsən Həsənov dedi ki, Azərbaycanda
belə ağır, məsuliyyətli yükün altına
yalnız Elmira girə bilərdi. Heydər Əliyevin adına, şəxsiyyətinə və fəaliyyətinə
dair yüksək bədii məziyyətlərə malik, siyasi
ab-havanı və tarixi faktları dəqiq əks etdirən
bir əsəri yalnız o yazıb başa çatdıra bilərdi.
Yalnız onun biliyi, zəhmətkeşliyi, hər insanla öz
dilində danışmaq bacarığı belə bir işin
öhdəsindən gəlməyə imkan verə bilərdi...
Elmira Ümummilli lider haqqında yazmağa 1990-cı illərin
ortalarından başlamışdı. Dövlət
başçısının əksər xarici səfərlərində
onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz
üzvlərindən və səfər boyu Heydər
Əliyevin daha çox ünsiyyət saxladığı
jurnalistlərdən idi. Əvvəlcə
bu yazılar tələbə uyğun olaraq informativ xarakter
daşıyır, səfər təəssüratları kimi
qələmə alınırdı. Heydər
Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini
əks etdirən analitik-informativ yazılar Elmira Axundovanın
"Həqiqət anı" adlı kitabında
toplanmışdı.
Sonra Elmira dövlət başçısının rəsmi
bioqrafı kimi çıxış etməyə başladı. "Ədəbi
səyahətlər"də də etiraf etdiyinə görə,
bu istəyin kökü mərhum Prezidentin özünə
bağlı imiş. Heydər Əliyev istəyirmiş
ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini
araşdırsın. Əgər belə demək
mümkünsə, salnaməçisi, həyat yolunun, ölkəyə
və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik
siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz
və obyektiv tərcümanı olsun.
Elmira Böyük insanın arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaq qərarına gəldi. Yalnız həmin vaxta qədər yazılanları, arxiv materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbət elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə ortaya artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını qoydu.
Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminəm ki, onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək.
Müstəqillik dönəmində Azərbaycana rəhbərlik edən, ölkənin simasını dəyişən iki parlaq, xarizmatik dövlət başçısı - Heydər Əliyev və İlham Əliyev Elmiranın yeni kitabının, zamana və tarixə səyahətinin qəhrəmanları, yol yoldaşları, həm də yolgöstərənləri, bələdçiləri arasındadır. Prezident haqqında yazdığı "İlham Əliyev: Dəyişikliklər fonunda Prezidentin portreti" kitabı indiyə qədər müxtəlif xarici dillərə tərcümə edilib.
"Ədəbi səyahətlər"də hər biri bir insan taleyinə işıq salan, maraqlı və cəlbedici üslubda qələmə alınmış portret-oçerklər toplanıb. Mövzuya müraciət səbəbləri müxtəlif olsa da, hamısını birləşdirən bir ümumi cəhət var - "xalq öz qəhrəmanlarını tanımalıdır". Gizli deyil ki, yaxşı tanıdığın, eyni zamanda cəmiyyətdə də yetərincə tanınan insanlar haqda danışmaq asan olduğu qədər də çətindir. Elmiranın son kitabı mənim nəzərimdə "tanış üzlər" mövzusunda tanış olmadığımız, bilmədiyimiz faktlar, müşahidə və təəssüratlar toplusudur. Özünəməxsus ensiklopediyadır, cəlbedici ədəbi-bədii soraq kitabçasıdır, kədəri və sevinci, acıları və qürur hissi ilə dolu bütöv bir insan tipləri qalereyasıdır.
Kitabdakı məqalə və oçerklərdə ədəbiyyat, elm, mədəniyyət sahəsində fəaliyət göstərmiş, bu gün də ön səflərdə olan onlarla insanın biri-birindən maraqlı, görümlü portretləri yaradılıb. Həmin "söz tablolarını" birləşdirən ümumi mənəvi-psixoloji cəhət - əgər bir kəlmə ilə ifadə etmək lazım gəlsə, qədirbilənlik adlandırıla bilər. Çünki Elmira Axundova milli mədəniyyətə xidmət etmiş, xalqın tarixində kiçik də olsa iz qoymuş hər bir sənət fədaisinin, qələm adamının, ictimai-siyasi xadimin həqiqi və layiqli qiymətini almasına çalışır. Xüsusən də sənət dostlarından kimsənin haqsız yerə unudulmasını istəmir. Bəlkə buna görə də kitabda martiroloqlar - həyatda olmayan insanlar haqda yazılar nisbətən geniş yer tutur.
Onlardan bəzilərini mən də yaxşı tanıyırdım. Birgə yol keçmişdik...
Həssaslıq və dəqiqliklə "Azərbaycan ədəbiyyatşünaslığının son romantiki" adlandırdığı professor Arif Hacıyev İnstitutda şöbə müdirim idi. Demək olar ki, dostluq münasibətləri saxlayırdıq. Həqiqi alim, saf və dürüst insan idi. 35 yaşında elmlər doktoru, professor olsa da, fikrimcə, həyat üzünə gülməmişdi. Tənhalıq sindromundan əziyyət çəkirdi. Bəlkə ətrafındakılar da ona yad kimi baxırdılar. Vaxtsız vəfatından illər sonra Arif müəllimin 80 illik yubileyi də kimsənin yadına düşməmişdi. Yalnız Elmira onu unutqanlıq dumanından çıxarmış, səmimi xatirələrlə yad etmişdi...
Ədəbi həyatdan yaxşı tanıdığım, yadımda həmişə gənc, üzügülər, nikbin insan kimi qalmış Siyavuş Mustafazadə, dəqiqliyi, səmimiliyi, centlmenliyi ilə seçilən tənqidçi Həsən Quliyev, şəkililərə xas bütün gözəl xüsusiyyətləri özündə birləşdirən naşir və tərcüməçi Azər Mustafazadə, Vurğun ocağının yetirmələri - Yusif və Vaqif Səmədoğlu qardaşları, Azərbaycanın kino tarixində qəfil meteor kimi parlayıb sönən istedadlı rejissor Əli Qafarov, "Azadlıq" radiosundakı milli-vətənpərvər fəaliyyəti ilə tanınan jurnalist Elmira Əmrahqızı, ölkəmizin tarixindəki ən gənc siyasi lider Nazim Hacıyev... Və daha neçələri... Xatirələrdə yaşayan bu insanlar haqda işıqlı-kədərli rekviyemləri təəssüf və ağrı hissi keçirmədən oxumaq olmur.
Azərbaycanın dostları və təbliğatçıları kimi tanınan məşhur qazax şairi Oljas Suleymenev, tənqidçi-publisist, "Literaturnaya qazeta"nın xüsusi müxbiri Lyudmila Lavrova, milli maraqlarımızın ehtiraslı müdafiəçisi, yəhudi balası Arye Qut, hərb tariximizə dair qiymətli araşdırmaların müəllifi Rudolf İvanov, daim haqq işimizin tərəfdarı kimi gördüyümüz Qalina Mikeladze... Elmira onları elə nəcib, minnətdar boyalarla təqdim edir ki, bu portret-oçerklərlə tanış olan əcnəbi müəlliflərin günün birində ölkəmizin və xalqımızın dostuna çevriləcəklərinə inam yaranır.
Xalq yazıçısı, səfir Elmira Axundova qələm dostları və diplomat həmkarları haqda da silsilə portret-oçerklərin müəllifidir. 2019-cu ildə böyük fikir adamı Əhməd Ağaoğlunun 150 illik yubileyi münasibəti ilə çap etdirdiyim kitablara ilk olaraq o, obyektiv və səxavətli qiymət verdi. Həmin məqalənin bu məcmuəyə daxil olunması isə ikiqat xoşdur. Elmiranın tanınmış yazıçılarımızdan İsmayıl Şıxlı, Anar, Elçin, Vidadi Babanlı, Məmməd Oruc haqqındakı məqalələri və portret ştrixləri ədəbi duyumun həssaslığı, ədəbiyyatın borc və vəzifələrinə baxış prinsipiallığı ilə seçilir. Bu oçerklərdə diqqəti çəkən başqa bir mühüm cəhət isə Elmiranın məşğulluğuna və məşhurluğuna baxmayaraq, ədəbi həyatın gündəlik qayğıları ilə yaşamağı bacarmasıdır.
Mövzu genişliyinə və müxtəlifliyinə, haqqında söz açılan yaradıcı şəxsiyyətlərin bolluğuna və rəngarəngliyinə görə "Səyahətlər"i Xalq yazıçısı Anarın müəllifi olduğu məşhur "Azərbaycanın siması" ("Lik Azerbaydjana") ensiklopedik nəşri ilə müqayisə etmək mümkündür. Elmira Axundova da böyük müasiri kimi ədəbiyyat və ictimai-siyasi həyatda keçirdiyi on illərin yüksəkliyindən dövrün mədəni kaleydeskopunu yaratmağa çalışmış və fikrimcə, istəyinə nail olmuşdur.
Hələlik Elmiranın sonuncu çap edilmiş kitabı olduğu, həm də müəllifin müəyyən mənada ədəbi-mədəni fikrimizin müstəqillik illərini əhatə edən bütöv bir dövrünə yekun vurduğu üçün üzərində bir qədər geniş dayandığım "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər" toplusu qarşıya qoyulmuş məqsədə nail olub.
Nəticə etibarı ilə "səyahətlər" (əslində sərlövhəyə çıxarılan "stranstvovanie" sözü rus dilində daha geniş anlamı ehtiva edir, onu bəlkə də "ölkə-ölkə gəzmək", "gəzib axtarmaq", "gəzib baxmaq" kimi tərcümə etmək daha doğru olardı) zamanın obrazını canlandırmağa, onu maraqlı süjetlərlə yaddaşlara hopdurmağa, yeni fikir və düşüncələr üçün çıxış nöqtəsinə çevirməyə imkan yaradır...
lll
Həyatının mühüm mərhələsinə yekun vurduğu bu günlərdə Elmira xanımın yaradıcı fəaliyyətinin davamı olan "praktiki işləri" ilə bağlı iki epizodun üzərində də dayanmaq istərdim. Əslində isə belə epizodlar çoxdur.
Bunu söyləmək artıqdır ki, ikimiz də qazandığımız bir çox uğurlara görə özümüzü mərhum Prezident Heydər Əliyevə borclu sayırıq. Böyük insanı daha geniş miqyasda tanıtmağa, irsini və şəxsiyyətini təbliğ etməyə çalışırıq.
Bu düşüncələrlə 2016-cı ildə "Heydər Əliyev. Şəxsiyyət və zaman" üçcildliyini macar dilində çap etdirmək qərarına gəldik. Tanınmış tərcüməçi Tamaş Varheqi kitabları çevirməyi öhdəsinə götürdü. Müəllif də əvvəldən axıra qədər kömək və məsləhətlərin əsirgəmədi. İşin həcmi böyük olduğundan layihəni 2019-cu ildə başa çatdırdıq. Kitabı təmənnasız olaraq Macarıstanın 100-dən çox kitabxanasına hədiyyə etdik. Müəllifin iştirakı ilə Budapeştdə gözəl təqdimat mərasimi keçirdik. Səfirliyin böyük salonuna toplaşanlar Elmira xanımın Heydər Əliyev haqqında danışdığı biri-birindən maraqlı epizodlara heyranlıqla qulaq asırdılar...
Budapeştə həm də Milli Məclisin deputatı kimi gələn Elmira xanım bir sıra faydalı görüşlər keçirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə gözdən əlil və fiziki cəhətdən qüsurlu uşaqlar üçün tikilmiş məktəb-yataqxananı ziyarət etdi...
Rusiyanın Ukraynaya hücumundan iki həftə əvvəl isə mən Kiyevdə idim. Səfir Elmira Axundovanın dəvəti ilə hər baxımdan sələfimiz adlandırıla biləcək başqa bir yazıçı-diplomatın - Cümhuriyyət hökumətinin Ukraynaya təyin etdiyi ilk səfir, Kiyev universitetinin məzunu Yusif Vəzirlə bağlı anım mərasimində iştirak edirdim.
Onu da deyim ki, Elmira yeni ideyalara, maraqlı təkliflərə çox həssasdır. Bəzən kiçik bir detal, adi bir təəssürat onu axtarış və tapıntlarla zəngin olan böyük yola çıxarır, çoxlarının bacarmadığı yaddaqalan işlər görməsinə təkan verir.
Dost ölkəyə səfir kimi fəaliyyətə hazırlaşdığı vaxt da belə oldu. Təcrübəli həmkar kimi mənə zəng vurmuşdu. Xalqımızı daha yaxşı tanıtmaq, tarix və mədəniyyətimizi təbliğ etmək üçün ilk növbədə hansı işləri görməyin məqsədə uyğunluğu haqda fikir mübadiləsi aparırdıq. Yusif Vəzirin mövcud problemlərlə sıx səsləşən "Studentlər" romanının Ukrayna dilinə tərcüməsinin yerinə düşəcəyini dedim. Elmira dərhal bu ideyanı tutdu. Bir neçə aydan sonra əsərin orijinaldan çevrilmiş Ukrayna variantı artıq hazır idi. Mənim ön sözümlə Kiyev nəşriyyatlarından birində nəfis şəkildə çap olundu.
Kitab təqdimatından başlayan proses ortaya çarizm dövründə "Müqəddəs Vladimir" adlanan bu universitetin hüquq fakültəsini 1915-ci ildə bitirmiş Yusif Vəzirlə bağlı digər ideyalar çıxardı. Bəlkə ali məktəbin divarına şöhrətli məzunun xatirə lövhəsi vurulsun? Bəlkə tədris otaqlarında biri "Yusif Vəzir auditoriyası" adlandırılsın və təqdimat da elə orada keçirilsin?
Aydın məsələdir ki, təklif vermək asan, onu yerinə yetirmək isə son dərəcə çətindir. Birdən-birə ağlıma gələn bu fikirləri səsləndirəndə onların yaxın gələcəkdə həyata keçiriləcəyinə o qədər də ümid etmirdim.
Amma Elmira bütün universiteti ayağa qaldırdı. Hüquq fakültəsinin ən
yaxşı tədris otaqlarından birinin "Yusif Vəzir
auditoriyası" üçün ayrılmasına nail oldu. Qarşısında yazıçı-diplomatın
barelyefinin vurulmasına razılıq aldı.
Səfir xanım bununla da kifayətlənmədi. Auditoriyanı
zövqlə təmir etdirdi. Bakıya gedib
Yusif Vəzirin şəxsi arxivindən həyatının
Kiyev dövrü ilə bağlı bəzi sənədlərin
surətlərini, müxtəlif dillərdə çap
olunmuş kitablarını, tələbəlik illəri ilə
bağlı foto-şəkillərini, dövrün ruhunu əks
etdirən bəzi milli artifaktları gətirdi.
Beləcə Yusif Vəzir auditoriyası həm də
kiçik Yusif Vəzir muzeyinə çevrildi. Universitet rəhbərliyinin,
Ukrayna ədəbi-elmi ictimaiyyəti nümayəndələrinin,
diplomatik korpus təmsilçilərinin iştirakı ilə
anım mərasimi də elə bu geniş, işıqlı
auditoriyada başlandı, böyük Akt zalında başa
çatdırıldı.
Kiyevdə
olduğum günlərdə səfir Elmira Axundovanın
yalnız paytaxtda deyil,
Ukrayna miqyasında böyük hörmət
qazandığını gördüm. Kiyev ətrafındakı
İpren şəhərində, Zərifə Əliyevanın
adını daşıyan məktəbdə olduq. Şəhər parkındakı abidəsini ziyarət
etdik. Kiyevin mərkəzində Nizami Gəncəvinin
açılışa hazır olan abidə kompleksinə
baxdıq. Müəllif, (Kiyev universitetindəki
Yusif Vəzir barelyefi də onun işidir) Ukraynanın Xalq rəssamı
Katib Məmmədovla söhbət etdik. Xanım
səfirimizin qısa müddətli fəaliyyəti ərzində
Azərbaycan-Ukrayna əlaqələri geniş miqyas
almışdı. Lakin təəssüf ki, müharibə
hər şeyi yarıda qoydu...
Müharibə hələ də davam edir. Odur ki, səfir
Elmira Axundova bir ildən çoxdur ki, Bakıdadır. Bilmirəm, vəzifəsinin başına nə vaxt
qayıda biləcək. Ümumiyyətlə,
qayıda biləcəkmi? Amma yazıçı-publisist
Elmira Axundova ikinci əsas iş yerindən - yazı
masasından heç vaxt ayrılmır.
"Heydər Əliyev İli" çərçivəsində
elektron mediada məşhur 6 cildliyə düşməyən
maraqlı materialları, müsahibələri çap olunur. Qısa müddətdə Zərifə
xanım və Heydər Əliyevin nəsillərə
nümunə olan ailə münasibətləri haqqında ibrətamiz
fakt və xatirələrlə zəngin "Əbədiyaşar
məhəbbət" kitabını hazırlayıb oxuculara
təqdim etdi (Yeri gəlmişkən, rusca qələmə
alınmış həmin əsər mənim azərbaycancaya
tərcüməmdə, təəssüratlarımdan
doğan sözardı ilə birlikdə "Teass-Press" nəriyyatında
çap olundu). Müasir ədəbi proses haqda yazır, tərcümələr
edir. Yeni əsərləri üçün
material toplayır. Bir sözlə,
zamanın dərinliyinə və intəhasızlığına,
insan talelərinə və süjetlərə, hadisə və
situasiyalara səyahət davam edir.
Elmira xanım hər belə səyahətdən mütləq
əli və ürəyi dolu, yeni əsərlərlə
qayıdır.
Bizə isə sadəcə "Yolunuz açıq
olsun!" - demək qalır.
P.S.
Fürsətdən istifadə edib Elmira xanımı
ömür yolunun yaddaqalan günü - gözəl yubileyi
münasibəti ilə ürəkdən təbrik edirəm. Şəxsi həyatında xoşbəxtlik və
cansağlığı, yaradıcılığında yeni
böyük uğurlar arzulayıram. İnanıram ki, hələ
uzun illər xalqımız və ölkəmiz
üçün uğurlu, faydalı fəaliyyətini şərəflə
davam etdirəcək!
Sarayevo, may, 2023-cü il.
Vilayət
QULİYEV
525-ci qəzet.- 2023.- 20 may.- S.14-15.