"Yadındamı": keçmişə
yeni baxış
Televiziya ilə bağlı yazılarımda tənqid
diskursunun daha çox yer almasını günün
reallığı diktə eləyir. Elə bir vəziyyət
yaranıb ki, televiziyadakı mövcud vəziyyətə hər
yerdə - yazılı və elektron mediadan başqa, sosial
şəbəkələrdə, həmçinin, millət vəkillərinin,
ayrı-ayrı ziyalıların
çıxışlarında da toxunulur. Problem
həm də ondadır ki, keyfiyyətsiz, ideyasız
teleproqramların çoxluğu içində tək-tük
peşəkar verilişlər görünməz qalır.
Bu yazımda azsaylı keyfiyyətli proqramlardan
biri - ATV-nin efirində hər həftə yayımlanan
"Yadındamı" haqqında bəzi qeydlərimi edəcəyəm.
2019-cu ildən
hazırlanan "Yadındamı"nın adı ilk
baxışda poetik təsir bağışlasa da (Oqtay
Ağayevin oxuduğu "Yadındamı, ötən günlər"
mahnısından),
proqram araşdırma xarakterlidir, faktlara söykənir,
informativ və təhlili mətnə əsaslanır.
"Yadındamı"nın ideya və
ssenari müəllifi Füzuli Sabiroğludur. Füzuli
Sabiroğlu 50-dən çox sənədli filmin rejissorudur,
yazıçılıq fəaliyyəti ilə məşğuldur,
uzun illik televiziya təcrübəsinə və Azərbaycanın
mədəni-tarixi həyatı ilə bağlı dərin
bilgilərə malikdir. Ümumiyyətlə isə,
Füzuli Sabiroğlu ölkə mədəniyyəti
üçün çox vacib iş görür; onun tədqiqatları
nəticəsində ölkənin müxtəlif sahələrini
əhatə edən, unudulmuş audiovizual arxiv materialları
üzə çıxıb, mediada yayılaraq səs-küyə
səbəb olub: "Bizim Cəbiş
müəllim" filmindən Həsən Seyidbəylinin bu
ekran əsərinə daxil eləmədiyi səhnə,
"Qayınana" filminin çəkiliş prosesi və
filmin rejissoru Hüseyn Seyidzadənin müsahibəsi,
1956-cı ildə keçirilmiş Gənclər
Festivalından maraqlı görüntülər və s.
2004-cü ildən başlayaraq, Füzuli Sabiroğlu Dövlət
Film Fondu, Kino-Foto Sənədləri Arxivi, Dövlət
televiziyasının arxivləri ilə işləyərək
xeyli material toplayıb. Və Azərbaycanın quruculuq, mədəni,
ictimai-siyasi həyatına ekskurs eləyən "Yadındamı"
verilişinin ssenari müəllifi məhz onun olması təsadüfi
deyil.
Ölkədə müxtəlif illərdə baş
vermiş mühüm hadisələrin, şəhərlərin,
tikililərin tarixi ilə bağlı maraqlı məlumatlar
ötürən verilişin üstün cəhətləri
çoxdur. Mətnlər lakonikdir, dolğundur, vizual
konsepsiyası səliqəli, dinamikdir (bəzən mövzuya
uyğun bədii səhnələrdən istifadə olunur),
dramaturgiya düzgün qurulub və 30-40 dəqiqə ərzində
mövzuya dair vacib bilgilər alırsan.
Araşdırma
xarakterli bu tip verilişlərin (buna film də demək olar)
uğuru əlbəttə ki, təkcə rejissor həllindən,
redaktor və ssenaristin əməyindən asılı deyil. Nüfuzu və baxımlılığı təmin
eləyən faktorlardan biri aparıcının şəxsiyyəti,
energetikası, intellekti, mövzuya dərindən bələd
olması və onu tamaşaçıya çatdıra bilmək
ustalığıdır. Efirə
çıxdığı ilk dönəmdə verilişin
aparıcısı Mir Səməd Cəfərli idi. Mir Səməd Cəfərli uzun illər xəbərlər
proqramlarının, ictimai siyasi verilişlərin
aparıcısı qismində çalışıb. Hərçənd,
təcrübəli xəbər aparıcısı olsa da,
"Yadındamı"nın mətnləri
onun təqdimatında bir qədər monoton səslənir, bədən
diliylə ötürdüyü vizual informasiya sanki mətnin
mahiyyəti ilə sinxronlaşmırdı. Yəqin
ki, bu, onun xəbər proqramlarında sadəcə inormasiya
ötürücüsü olması faktıyla bağlı
idi. Sonrakı mövsümdə onu aktyor
Faiq Mirzə əvəzlədi.
Faiq Mirzənin dilin xırdalıqlarına
və faktlara bələdsizliyi mətnin səslənməsi
zamanı özünü büruzə verirdi və belə təsəvvür
yaranırdı ki, o, mövzunun kontekstindən kənardadır.
İndi isə verilişi kinorejissor Mübariz
Nağıyev təqdim edir (o, həm də verilişin
rejissorudur). Bədii
və sənədli filmlər müəllifi Mübariz
Nağıyev, mənə elə gəlir ki,
"Yadındamı"nın ən
uğrulu aparıcısıdır. Mübariz
Nağıyevi rejissor kimi tanıyırdım, amma onu bu
verilişdə bir aparıcı kimi kəşf elədim.
O, sxematik danışmır, əhəmiyyətli
vurğuları harda edəcəyini bilir, bu mənada
mövzuya bələdçiliyi sezilir, intellektual obraza
malikdir.
"Yadındamı"
onun rejissor təqdimatında daha çox estetikdir: bu,
özünü rəng həllində də, rakurslarda da
(operatorlar Elvin Zeynalov, Suada Quliyeva), artıq kadrın
olmamasında da, dəqiq montaj vurğularında da göstərir.
"Yadındamı"nın bütün buraxılışları
maraqlıdır. Onlardan biri Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının tarixi ilə bağlıydı.
Teatrın yaranması, bağlanma səbəbləri,
yenidən açılması, repertuarı, yaradıcı
mühitindəki problemlərə qədər bir çox məsələlər
dramaturji ardıcıllıqla təqdim olunurdu.
Teatrın bağlanma səbəbi, elə indi də
ara-sıra səslənən tezislə - teatrların
özünü maliyyələşməyə keçməsiylə
bağlıydı. 1948-cu ildə totalitar rejimin "incəsənətdə
formalizmlə mübarizə" adı altında
yürütdüyü siyasət sənət proseslərinə
zərbə vurdu. Həmin illərdə
hökumətin qərarı ilə bütün dövlət
teatrları özünümaliyyəşməyə
keçirildi. Nəticədə Azərbaycanın
bır sıra bölgələrində fəaliyyət
göstərən xeyli teatr bağlandı. Bu qərardan əziyyət çəkən
qurumlardan biri də Musiqili Komediya Teatrı idi. Teatrın kollektivi dağıldı, aktyorlar digər
teatrlara üz tutmalı oldular və nəticədə, bu sahədə
peşəkar səviyyədə formalaşmağa başlayan
ənənələrə zərbə dəydi. Maraqlı faktlardan biri bu idi ki, hələ o vaxt
istedadı ilə diqqəti çəkən Nəsibə
Zeynalova işsizlik ucbatından "Nizami"
kinoteatrının yay zalında bir müddət kassir işləməyə
məcbur qaldı. Yalnız 1953-cü ildə
Stalinin ölümündən sonra SSRİ-də, digər sahələrdə
olduğu kimi, mədəni sferada da müsbət dəyişikliklər
baş verir, nəticədə Musiqili Komediya Teatrının məsələsi
gündəmə gəlir və teatr yenidən bərpa olunur.
Mənim üçün bu verilişdə yenilik məşhur
"Qayınana" əsərinin taleyi haqda verilən məlumat
idi. Məsələ ondadır ki, 1964-cü ildə Məcid
Şamxalovun "Qayınana" komediyasının librettosu
kitabça formatında çap olunubmuş. Həmin nəşrin ön sözündə deyilir
ki, komediya ilk dəfə 1957-ci ildə Azərbaycanın
bölgə teatrlarında (Gəncə, Naxçıvan, Mingəçevir,
Sumqayıt) tamaşaya qoyulub. Daha sonra isə
digər respublikaların - Özbəkistan, Ermənistan,
Türkmənistan, Tacikistan, Dağıstan, hətta
Bolqarıstan teatrlarının diqqətini də cəlb eləyir
və sözügedən ölkələrdə dəfələrlə
oynanılaraq uğur qazanır. Azərbaycanın
paytaxtında isə əsərə yalnız bu kitabça
çap olunandan sonra, 1964-cü ildə quruluş verilir.
1978-ci ildə isə Hüseyn Seyidzadənin
eyniadlı bədii filmi ekranlaşdırır.
Hərçənd, verilişdə aparıcının
qeyd etdiyi "əsərin komediya janrının tələblərindən
aşağı olmasına baxmayaraq" fikriylə tam
razılaşa bilmirəm. Çünki
bugünün prizmasından baxanda "Qayınana"
bütün hallarda, ailə-məişət
mövzusundakı komediya janrında çəkilmiş filmlərin
ssenarilərini və ya tamaşaları bir çox məziyyətlərinə
görə (yumor hissi və keyfiyyəti, obrazların
konsepsiyası, dramaturgiya, ötürdüyü mesajlara və
s.) üstələyir.
Əslində "Qayınana" əsəri ilə
bağlı sovet dönəmində qazanılmış bu təcrübə
bizim üçün bir model rolunu oynaya bilər; müasir
dövrdə necə əsərlər yazılmalıdır
ki, o, təkcə bizə yox, başqa ölkələr
üçün də maraqlı olsun.
Düzdür, verilişdə qeyd edildi ki, Nəsibə
Zeynalovanın baş rolu oynadığı bu tamaşanın
anşlaqla keçməsində məhz aktrisanın
istedadı, obrazı özünüküləşdirməsi
böyük rol oynayıb. Hətta qayınana
rolunda onun dublyoru Nəcibə Behbudova olsa da,
tamaşaçılar məhz Nəsibə Zeynalovaya görə
gəlirmişlər. Və afişada Nəcibə
Behbudovanın adı yazılanda zalın yarıdan çoxu
boş qalırmış. Lakin bu,
faktdır ki, əsər 1964-cü ilə, hələ Musiqili
Komediya Teatrında oynanılanadək artıq digər ölkələrdə
maraq doğurmuşdu.
Nəsə, mətləbdən çox
uzaqlaşdım, mövzuya qayıdım. Arxiv materiallarından
uyğun istifadə - "Qayınana" tamaşasının
hazırlıq mərhələsində bəstəkar Zakir
Bağırovun, rəssam Böyükağa Mirzəzadənin,
rejissor Niyazi Şərifzadənin, əsərin müəllifi
Məcid Şamxalovun yaradıcı müzakirələri,
premyeradan kadrlar, 1940-cı illərin sonunda teatrın ləğvindən
əvvəl Lültfəli Abdullayevin, Əhməd Anatollunun,
Aliyə Terequlovanın ifasında "Arşın mal
alan"dan və digər tamaşalardan fraqmentlər
verilişin təsvir sırasını daha da zənginləşdirir.
Proqramın maraqlı buraxılışlardan biri də
Sumqayıt şəhərinin yaranma tarixi ilə
bağlıdır. Sumqayıta şəhər statusunun verilməsinin
tarixçəsi, məhz burada sənayeləşmənin səbəbləri,
mədəni həyatdan fakt-təsvirlər, mədəniyyət
obyektlərinin tikintisinə dair mətnlər heç görmədiyimiz
vizual informasiyalar, fotolar və lentə alınmış sənədli
xronika ilə müşayiət olunur. Süleyman
Dəmirəlin 1967-ci ildə Sumqayıta səfəri ilə
bağlı süjetin (yeri gəlmişkən,
görüntünü aşkara çıxaran Füzuli
Sabiroğlu olub) diktor mətnində isə Azərbaycan və
Türkiyə arasındakı dostluq münasibətləri
xüsusi vurğulanır. 2001-ci ildə "Azərtac"a
verdiyi müsahibədə Süleyman Dəmirəl səfərini
belə xatırlayırdı: "Mən 1967-ci ildə
Türkiyənin Baş naziri olaraq Bakını ziyarət
etdim, o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında
münasibətlər yeni yaranırdı. Onda
münasibətlər qapalı idi. Sumqayıt
şəhərini tanıyıram. 1967-ci
ildə Azərbaycana gələndə oraya getdim. Möhtəşəm bir şəhərdir".
Araşdırmadan məlum olur ki, sovet dönəmində
xarici dövlət xadimlərinin tez-tez səfər elədiyi
şəhərlərdən biri Sumqayıt idi və məqsəd
yox yerdən var edilən bir şəhərin sənaye
qüdrətini nümayiş etdirmək olub. Və sovet
dönəmində şəhərin göz oxşayan təsvirlərindən
sonra 1980-ci illərin sonlarına keçid, iqitsadi
çöküşün nəticəsinin şəhərin
görkəminə və sakinlərinə təsiri kədərli
ovqat oyadır.
Ümumiyyətlə, "Yadındamı" verilişində mövzular hərtərəfli siyasi, mədəni, sosial tərəflərdən araşdırılır. Analoji yanaşma Sovet İttifaqında Yeni il bayramının rəsmi bayramlar arasında yer almasının tarixçəsinə həsr olunan verilişdə də əksini tapır. 1930-cu illərdə bu bayramın ailə çərçivəsində keçirilməsinə icazə verilməsinə səbəb uşaqlar olub. Həmin illərdə Ukrayna Kommunist Partiyasının ikinci katibinin "Uşaqlara yaxşı yolka təşkil edək" məktubundan sonra Yeni il bayramının keçirilməsi SSRİ-də aktuallaşıb. 1947-ci ildən rəsmi bayram kimi təqvimə salınan Yeni il ənənələrinin formalaşması, yeməklərdən tutmuş yolkalara qədər, sovet adamlarının Yeni il hazırlıqları, məişətdə, sosial-mədəni həyatda bayramın təsiri ilə bağlı müxtəlif məqamlardan söhbət açılır. Misalçün, 1971-ci ildə güclü qar yağması səbəbindən Yeni il süfrələrini bəzəyən nemətlərdən birinin - naringinin qıtlığını əks etdirən retro süjet, 1980-ci illərdə Yeni il ərəfəsində Bakı sakinləri arasında keçirilən sorğuda, "Yeni il televiziya şənliklərindən nə gözləyirsiz" sualına cavabda adamların tənqidi mövqeyi ("Maraqlı nəsə olsun, şablon olmasın, təzə bir şey görmək istərdik" kimi) sözügedən buraxılışın maraqlı epizodlarındandır.
"Yadındamı" üzümçülüyün tarixi, toy ənənəsi, memarlıq, az festivalı, 1967-ci ildə ermənilərin Xankəndində azərbaycanlıları qətlə yetirməsi, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra Dağlıq Qarabağda erməni millətçilərini razı salmayan yeni elmi-mədəni mühitin formalaşmasına şərait yaratması, bölgəyə diqqəti və digər vacib mövzularla zəngindir.
Bir sözlə, digər kanallar kimi, efirində şou proqramların daha çox yer aldığı ATV-də "Yadındamı" kimi əhəmiyyətli verilişin mövcudluğuna ancaq sevinmək olar. Və təbii ki, biz də ümumən Azərbaycan teleməkanında peşəkar layihələrin artmasını arzulayırıq.
Sevda
SULTANOVA
525-ci qəzet.- 2023.- 20 may.- S.12.