YAXŞI DƏRSLƏRİN
KÖHNƏLMƏZLİYİ
Tarixin uzağı da maraqlıdır, yaxını da. Bəzən
elə düşüncə yaranır ki, hadisələrdən
nə qədər çox aralanmışıqsa, o
tarixçələr haqda bilgilərimiz də bir o qədər
azdır. Amma deməyin! Çox vaxt 50 il,
100 il qabağın olmuşlarının üstünə elə
sis-duman çökür ki, minillər əvvəlki hadisələrdən
bunlara nisbətən daha çox agah oluruq.
Odur ki, yaxın tariximizi dürüst bilməyimizə həmişə
ehtiyac var. Çünki o tarixin içərisində həm də
yaxın sabahımızın xəritəsi gizlənir.
Saat 16-ını keçir. 1970-ci ilin 5
mayıdır. Balaca bir otağa
böyük Azərbaycanın qayğıları, sualları,
şəxsiyyətləri, hadisələri
sığışıb. Bir neçə saat ərzində
bu otaq Azərbaycan boydadır...
...1970-ci
ildə görkəmli dövlət xadimi və ədib Nəriman
Nərimanovun anadan olmasının 100 ili
tamam olurdu və mayın 5-dəki Büro iclasında
müzakirə olunan mövzulardan biri də bununla bağlı
idi. Hələ 1968-ci ildə də həmin məsələyə
Mərkəzi Komitədə baxılmışdısa da, hələ
ki məhz keçirilməli olduğu 1970-ci ildə yubiley mərasiminin
layiqli təntənə ilə baş tutması
üçün ciddi tərpəniş olmamışdı.
Heydər Əliyevinsə Nəriman Nərimanova bir şəxsiyyət
olaraq münasibəti məxsusi idi, o vaxt da, ondan sonrakı illərdə
də Nərimanova özəl rəğbət və
ehtiramını heç vaxt gizlətmədi, gərək olan
anda Nərimanovun haqları uğrunda sadə olmayan mübarizələr
də apardı.
Nəriman
Nərimanovun yubiley mərasimi bütün təntənəsi
ilə düz 2 il sonra - 1972-ci ilin
mayında gerçəkləşəcək. Hələliksə
Büro iclasında Heydər Əliyevin sədr, Cəfər Cəfərovun
sədr müavini kimi təsdiq edildiyi yeni yubiley
komissiyasının tərkibi təsdiq edilir və bu geniş
siyahıda dövlət rəhbərliyinin əsas adları ilə
yanaşı, Elmlər Akademiyasının vitse-prezidenti Məmməd
Arif Dadaşzadənin, Yazıçılar
İttifaqının sədri Mirzə İbrahimovun, xalq maarif
naziri Mehdi Mehdizadənin, mədəniyyət naziri Rauf
Hacıyevin, Dövlət Mətbuat Komitəsinin sədri
İsrafil Nəzərovun, Kinematoqrafiya Komitəsinin sədri Məmməd
Qurbanovun olması yubileylə bağlı niyyətlərin əhatə
dairəsi haqqında ilk baxışdanca təsəvvür
oyadırdı. Doğrudur, sonralar da müxtəlif
onillərdə yaradılan yubiley komissiyaları, həmin tərkibə
ənənəvi olaraq müəyyən qurumların rəhbərlərinin
adlarının əlavə edilməsinə çox rast gəlinib.
Ancaq bu tərkib o tərkiblərdən, yubiley
komissiyasının sədri də adı elə formal olaraq ora
birinci yazılanlardan deyildi. Ta 1972-ci ildə yubileyin
ehtişamla qeyd ediləcəyi vaxtadək Heydər Əliyev Nəriman
Nərimanovla bağlı nəzərdə tutduğu
bütün tədbirlərin umduğu yüksək tələblər
səviyyəsində hazırlanıb həyata keçirilməsi
üçün mütəmadi diqqət və tələbkarlığını
əsirgəmir. Halbuki respublikaya rəhbərliyə
yeni başladığından onun ölkənin iqtisadi-təsərrüfat
həyatı ilə bağlı işləri başdan
aşırdı və sanki bu məsələni
tabeçiliyində olan digərlərinə həvalə edərək
ara-sıra gedişata ümumi nəzarət yetərdi.
Ancaq yox, Nərimanov onunçün qəlbinə çox
yaxın bir sima idi, onu özünə ruhca doğma hesab edirdi
və həmin qənaətin təsdiqləyici bir çox
sübutları ilə yanaşı, bunu da yadıma salıram
ki, misilsiz salnaməçi və özü də canlı
salnamə olan Qulam Məmmədli bir mərasimdə Birinci
katibə xitabən onu yeni dövrün Nəriman Nərimanovu
adlandıranda Heydər Əliyev necə məmnun idi!
Nəriman
Nərimanovun 100 illik yubileyini Heydər Əliyev bu
böyük şəxsiyyətin, nəhayət ki, dolğun və
dürüst qiymətini alması, Vətəninə və
xalqına ixtisarlarsız, əmmalarsız əsl
qayıdışına çevirmək əzmindəydi və
hadisələrin sonrakı gedişi də bunun əyani təsdiqinə
çevrildi. Nəriman Nərimanovla əlaqədar bu və
sonrakı büro iclasları üçün hazırlanan sənədlər
arasında onun haqqında Püstəxanım Əzizbəyova,
Cəmil Quliyev, Məmməd Qazıyev, Danil Quliyev, Firidun
Köçərlinin imzaladıqları və birgə səylərlə
hazırlanmış 34 səhifəlik, ayrıca tədqiqat əsəri
sayılmalı arayış da yer alırdı. Nəzərə
alaraq ki, Azərbaycan Kommunist Partiyasının Birinci katibi N.Nərimanovun
yubileyi ilə əlaqədar Mərkəzdə hər cür
gözlənilməz suallarla da qarşılaşa bilər, bu
arayış sadəcə bir elmi oçerk səciyyəli
deyildi, görkəmli şəxsiyyətlə bağlı
sovet mənbələrində tuş düşülə biləcək
müəyyən neqativ baxış və mülahizələri
də əks etdirirdi.
Həmin
məqamlara toxunmazdan əvvəl bunu da vurğulayıb
keçim ki, arayışda
çox əvvəllər də başqa bir mənbədə
oxuduğum bir fikrə rast gələndə, yenə
keçmişlərdəki kimi, içərimdə o sual
yarandı ki, görən, "Ümumittifaq
ağsaqqalı" niyə belə söyləyibmiş:
"Nərimanovun hüzr günündə Mixail
Kalinin deyib ki, Nəriman Nərimanovun şəxsində biz
doğma partiya işimizdəki yoldaşımızı və
dostumuzu dəfn edirik. Onun simasında Qızıl meydan
Şərq xalqlarından ilk qurbanını qəbul edir"
(Tam dəqiqlik üçün sözləri Kalininin
ağzından çıxdığı kimi, rusca da verirəm:
"V eqo liüe Krasnaə plohadğ poluçaet pervuö
jertvu ot narodov Vostoka".
Niyə məhz "qurban", niyə məhz
"jertva"?).
Arayışın
son səhifəsində N.Nərimanovun ölümündən
sonrakı taleyinin düyünlü anlarına işarə
edilir: "1930-cu illərin əvvəllərində
respublikaya qayıdan və yüksək vəzifələr
tutan Bağırov hər vəchlə Nəriman Nərimanovun
inqilabi hərəkatda, Azərbaycanda sovet hakimiyyətinin qələbəsində,
ilk sosialist yeniləşmələrində xidmətlərini
kiçiltməyə çalışmışdır.
Heç
yerdə, heç bir partiya sənədində Nəriman Nərimanovun
"natsional uklonist" - "millətçi təmayüllü"
deyə, yaxud "millətçi xarakterli səhvlər
buraxan" kimi xatırlanmasına rast gəlmirik. "Millətçi təmayüllü"
yarlığı Nəriman Nərimanova siyasi avantürist
Bağırov tərəfindən onun işıqlı
adını ləkələmək məqəsədi ilə
yapışdırılmışdır. Elə
"narimanovhina" - "nərimanovçuluq" termini də
onun tərəfindən uydurularaq dövriyyəyə
buraxılmışdır.
Nərimanovun adı tədricən respublika mətbuatından
qeybə çəkildi. Onun adını daşıyan sənaye
müəssisələri, kolxozlar, məktəblər,
texnikumlar, mədəni-maarif müəssisələri,
küçələr, yaşayış məntəqələri
başqa adlarla adlandırıldı. Ancaq
Nərimanovun görkəmli ictimai-siyasi və dövlət
xadmi kimi Zaqafqaziyadan kənarlarda şəxsiyyətinə
münasibət başqa cür idi. Mərkəzi
nəşrlərdə onun bütün fəaliyyəti
müsbət məcrada işıqlandırılırdı.
Yeganə istisna 1938-ci ildə nəşr edilmiş Kiçik
Sovet Ensiklopediyasının 7-ci cildindəki bu ifadədir:
"1921-1922-ci illərdə Nəriman Nərimanov Azərbaycan
Kommunist Partiyasında millətçi qanada rəhbərlik
etmişdir".
Eyni zamanda, bütün arxada qalan müddət ərzində
digər respublika və vilayətlərdə bir sıra
yaşayış məntəqələri onun adını
daşımaqda davam etmişdir".
Həqiqətən, bu, ciddi diqqət edilməli həssas
bir məqamdır və ona görə də yubileyin Heydər
Əliyevin artıq sonralar hər kəsə aydın olacaq
miqyaslarına uyğun tərzdə tam təntənəsi və
əhatəsi ilə keçirilməsini hədəf
götürən tədbirləri sadalamaqdan öncə burada
nəfəs dərməyi lazımlı bilirəm.
Ola bilsin ki, doğrudan da, Mircəfər Bağırovun
Nərimanova münasibətdə qərəzli, düşməncəsinə
fikirləri də varmış. Lakin onu heç də
sovet idarəçilik maşını tərkibində
xüsusi bir fenomen, hər istədiyini edə bilən kimi qələmə
vermək də sadədillik olardı. Heç
mümkün deyildi ki, Sovet İttifaqının digər yerlərində
Nərimanovun adına olan yerlər
olduğu kimi qala-qala Bağırov burada - Bakıda ondan zəhləsi
getdiyi üçün kefi istədiyini etsin, onun adını
tamamilə aradan götürsün. Söhbət
üzdə olan mühüm bir simadan getdiyindən bu, əlbəttə
ki, Mərkəzin diqqətindən yayına bilməzdi.
Zənnimcə, məkrli yanaşma elə Moskvanın
özündən gəlirdi. Məsələnin bu
tərzdə həllində sovetin riyakarlığı bir daha
üzə çıxır. Nəriman Nərimanovun kim olduğunu, hansı əqidəyə
sahibliyini onun adının, xatirəsinin əbədiləşdirildiyi
digər respublikalardan Azərbaycanda, təbii ki, daha
yaxşı bilirdilər və uzaqlarda bu adın bir rəmz
kimi şüurlara təsir imkanı yox kimiydi. Kreml
onu aradan götürərək riyakarcasına necə
arxasınca ağlamışdısa, bu ləğvetmələrdə
də həmin iz sezilməkdədir. Guya
SSRİ boyunca Nəriman Nərimanovun əbədiləşdirilmiş
xatirəsi ilə işləri yoxdur, ancaq Azərbaycanda, bu
adın, bu xəttin təhlükəli təsir imkanları
olduğu məkanda o, unutdurulur. Hərçənd,
əl altından bu istiqamətdə başqa rəzalət də
törədilmişdi. Düzdür, Sovet
İttifaqının başqa yerlərində Nəriman Nərimanovun
adına olan məkanlar elə əvvəlki
kimi adlanmaqda davam etmişdi, ancaq ən göz
qabağındakı bir yerdən ki silinmişdi. Bu, mənim Nəriman Nərimanovun aqibəti ilə
bağlı ilk heyrətə gəldiyim rastlaşmam idi.
Hələ tələbə idim, Moskvada,
SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun kitabxanasında köhnə kitab və
jurnalları araşdırırdım. Sovet
paytaxtında bu elmi-tədqiqat mərkəzi "Armyanskiy
pereulok" deyilən çox da uzun olmayan bir küçə
qırığında yerləşirdi. Ancaq
həmin institutun buraxdığı, o çağlar çox
məşhur olan və geniş yayılan nəşrlərinin
hamısının sonunda məhz hansı ünvanda nəşr
edilməsi də göstərilirdi və bu da erməniçiliyin
daha bir mümkün vasitədən yararlanaraq təbliğ
edilməsi demək idi. Bu institutun yerində
XIX yüzilin əvvəllərində erməni
uşaqlarına Şərq dillərinin öyrədilməsi
üçün gimnaziya olmuşdu. Təməli
1814-cü ildə qoyulmuş həmin binanın üstündə
hər yerə bir iz qoymaq aşiqi ermənilər 1822-ci ildə
ayrıca lövhə yapışdıraraq tikilinin ilk sahibi
olan Lazarevin adını tarixləşdirmişdilər.
1827-ci ildə bu yer keçir Rusiya imperiyası Xalq Təhsili
Nazirliyinin sərəncamına, çevrilir Şərq Dilləri
İnstitutuna, amma üstündəki Lazarev adı da qalır.
1925-ci ildə Moskva Şərqşünaslıq
İnstitutuna sovet hökumətinin qərarı ilə Nəriman
Nərimanovun adı verilir. Lakin o məkanda
erməniçiliyin gözü həmişə vardı.
Və səbəbsiz deyil ki, SSRİ
dağılan dönəmdə nail oldular ki, oranı təzədən
ələ keçirsinlər və indi orada Ermənistanın
Rusiyadakı səfirliyi yerləşir. Bu
institutun üstündən Nəriman Nərimanovun
adının götürülməsində də 1930-cu illərdə
onların əlinin olması istisna deyil. Ancaq
bir var sadəcə ad götürülür, başqa bir adla əvəz
olunur. Di gəl, mənim hələ tələbə
ikən qarşılaşarkən həm təəccübləndiyim,
həm sarsıldığım başqa bir cəhət
vardı. Ayrı-ayrı köhnə kitab
və jurnallarda Nəriman Nərimanovun adı eynən
1937-1938-ci illərdə "xalq düşməni" elan
edilənlərin adı qara mürəkkəblə
örtülərək oxunmaz edildiyi kimi pozulmuşdu. Şəxsiyyətimizə belə münasibətin
səbəbini öyrənmək istəsəm də,
çox arxivlərin qapalı olduğu o çağlarda bu
müəmmaya cavab tapa bilməmişdim.
Başqa sözlə, bilavasitə şahidi olduğum bu
hadisəylə onu diqqətə çatdırmaq istəyirəm
ki, Mərkəzdə Nəriman Nərimanova yanaşmada sanki nəzərə
çarpdırılmayan sırf bədxah və düşməncəsinə
münasibətin belə təzahürləri də vardı. Odur ki, onun adının
qaralanma məsələlərində Bağırov, yəqin
ki, əsas təşəbbüskar deyil, müti
icraçı idi və ola bilsin ki, bu
işi bir az da iştahla yerinə yetirirmiş ki, İttifaq səviyyəsində
ondan savayı məşhurlaşan azərbaycanlı dövlət
xadimi olmasın.
Qayıdıram 1970-ci ilin mayına və
qaldırıram Nəriman Nərimanovun 100 illik yubileyi ilə əlaqədar
düşünülən tədbirlər planını. O vaxtadək Azərbaycanda
sovet onillərində bir neçə təntənəli
yubiley mərasimi keçirilmişdi ki, ən təntənəliləri
Nizami və Füzulinin ildönümləri olmuşdu. İndi bu 3 səhifəlik tədbirlər planına
hadisələrin üstündən bir belə müddət
ötəndən sonra xüsusi əhəmiyyətli bir sənəd
kimi yanaşmam bica deyil. Bu sənəddə
ilk növbədə Heydər Əliyevin miqyasları,
gördüyü işə canyandırma həddi və Nərimanov
şəxsiyyətinə münasibəti görünməkdədir.
Hətta Nizami və Füzuli kimi dahilərin zəmanəsinə
görə çox möhtəşəmlik və təmtəraqla
keçirilən yubileyləri əsnasında belə indi Nəriman
Nərimanovla əlaqədar nəzərdə tutulanların əksəri
yada düşməmişdi. "Ya belə
də etmək olar" təsəvvürü
oçağkı respublika rəhbərliyində heç
olmamışdı. Söhbət ilk
növbədə şəxsiyyətimizin respublikanın
içərisindən daha artıq kənarlarda təqdimi məsələsindən
gedir. Çünki daxildə hər halda
respublika rəhbərliyinin bir çox məsələləri
arzuladığı kimi həll etmək imkanı
olmamış deyildi. Lakin respublikadan kənarda
görüləcək istənilən iş üçün
qabaqca Moskvanın razılığının alınması
gərək idi. İndi Nəriman Nərimanovun
yubileyi ilə bağlı həmin tədbirlər sırasına
baxarkən onu da düşünürəm ki, belə bir layihə
1970-də deyil, 1980-də tərtib olunsaydı, bəlkə də
bunca heyranlıq oyatmızdı. Çünki
1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində
Heydər Əliyevin sovet rəhbərliyi yanında nüfuzu
da, sözünün yolaçma gücü də
keçmişlərlə müqayisəyəgəlməz dərəcədə
artmışdı və hansısa qapını açmaq elə
də çətin deyildi. Baxmayaraq ki, 1970-ci ilin
mayında o, hələ cavan rəhbər idi, hələ
respublikaya başçılıq etməsinin 1 ili
də tamamlanmamışdı. Yəni
sözün canı odur ki, məsələlərə
yanaşmadakı nəfəs genliyi, sualların
qoyuluşundakı əzəmətlilik ona yaşın və
yolun hansı mərhələsində olmasına rəğmən,
elə əvvəldən xas idi.
İrəli
sürülən və hökmən Kremllə
razılaşdırılmalı,
razılaşdırılması da heç də asan olmayan məsələlərə
ötəri baxış bunu da nişan verir ki, Heydər
Əliyevin sonrakı daha püxtə çağlarında
artıq hamı üçün əyan olan üstün
liderlik keyfiyyətləri - o ötkəmlik, o məqsədyönlülük,
o məqsədlərə doğru irəliləməkdəki
qətiyyətlilik onda elə əvvəldən varmış,
həmişə varmış.
Elmi sessiyalar, irili-xırdalı nəşrlər,
çeşidli sərgilər-filan üzərində
dayanmağa lüzum yoxdur, bunlar aşağı-yuxarı hər
yubileydə olur. Bu layihədə şah damarı təşkil edən
ovaxtacan bənzərinə az tuş gəlinənlər
idi. Bakıda, Cənubi Sovet meydanında Nəriman
Nərimanovun heykəlinin ucaldılması qət edilir və
abidənin yubiley keçirilənədək hazırlanıb
quraşdırılması vəzifəsi qoyulurdu. Ovaxtkı Kommunist, indiki İstiqlaliyyət
küçəsindəki 15 saylı evdə, 1913-1918-ci illərdə
yaşadığı mənzildə muzeyinin yaradılması
və bu işin 1971-ci ildə tamamlanması istənilirdi.
Xeyli nəşrlər nəzərdə tutulsa da, biri
xüsusilə diqqətəlayiq idi, gümanımca, heç
indiyədək bu öhdəlik yerinə də yetirilməyib:
Nərimanovun əsərlərinin akademik nəşri. Əlbəttə, dövlətin belə bir qərarı
qəbul etməsi təqdirəlayiq idi və bu cildlərlə
Azərbaycan oxucusu N.Nərimanovu daha yaxşı tanımaq,
bilmək imkanı əldə edərdi. Ancaq dövlətin
qərarı öz yerində, gərək ortada iş ola. Bu isə alimlərdən
asılı, onların məsuliyyətinə bağlı məsələdir.
Düzdür, Nəriman Nərimanovun elə yazıları
vardı ki, onların o vaxt üzə
çıxarılması, həmin akademik nəşrə
salınması çətin, ya mümkünsüz ola bilərdi. Lakin neynək,
akademik nəşri onlarsız da buraxmaq mümkün idi.
Məgər Cavidin sovet dövründə məhz
Heydər Əliyevin səyləri ilə işıq
üzü görən ilk akademik nəşrində onun
bütün əsərləri var? Hələ
sovet yerində idi və böyük şairin mövcud
ideologiya ilə daban-dabana zidd şeirləri də vardı ki,
onları o vaxt deyil, artıq SSRİ süqut edəndən
sonra üzə çıxarmaq mümkün oldu. Ancaq xırda natamamlıqlarla olsa da, hər halda
Cavidin akademik nəşri elə 1980-ci illərin əvvəllərində
başa çatdırıldı, cildlər millətlə
görüşdü.
Azərbaycan Dövlət Universitetində və Tibb
İnstitutunda tələbə və aspirantlar
üçün 4 fərqli Nərimanov təqaüdünün
təsis edilməsi qərara alınmışdı. Ancaq cəlbedici
olan siyahıdakı digər təqaüdlərdir. İndiyədək mövcud olan tələbə təqaüdü
anlayışının coğrafiyası genişləndirilirdi,
Azərbaycandan olub Moskvada, Leninqradda (indi Sankt-Peterburq),
SSRİ-nin başqa şəhərlərində oxuyan tələbələrə
6 təqaüd ayrılırdı.
Və
çevrəni genişləndirmənin başqa
ayrıntıları: qərara alınmışdı ki,
Ukrayna, Gürcüstan respublikalarının, Həştərxan
vilayətinin rəhbərliyinə məktublarla müraciət
edilsin. Odessada N.Nərimanovun təhsil
aldığı universitetdə, Tiflisdə yaşamış
olduğu evdə, Həştərxan şəhərində
işləmiş olduğu binada onun xatirə lövhəsinin
vurulması məsələsi qaldırılır. Tərtib edilərək Sov.İKP MK-ya göndərilməsi
düşünülən məktubun umduğu bunlardan da
artıq idi. İstənilirdi ki, Moskva Dövlət
Universitetinin Şərq dilləri fakültəsinə Nəriman
Nərimanovun adı verilsin, həmin universitetdə tələbə
və aspirantlar üçün Nərimanov təqaüdü
təsis edilsin, o universitetdəcə büstü
qoyulsun, Moskvadakı küçələrdən birinə
adı verilsin, sovet paytaxtında Kalinin küçəsində
Nərimanovun yaşadığı evdə xatirə lövhəsi
olsun.
Ən vacib niyyətlərdən biri - yubileyin
keçiriləcəyi günlərədək hələlik
şərti adı "Doktor Nərimanov" olan, Azərbaycan
və Mosfilm kinostudiyalarının birlikdə çəkəcəkləri
yeni bədii filmi hazırlayaraq tamaşaçılara təqdim
etmək idi.
(Nəriman
Nərimanovla bağlı məsələlər yubileydək
hələ yenə neçə dəfə Mərkəzi
Komitənin növbə gözləməyən təxirsiz
işləri cərgəsində qalacaq, onun abidəsi və
haqqında çəkilən bədii filmlə bağlı
narahatlıqlar da pırtlayıb ortaya çıxacaq, həm
də elə müşküllər ki, onları sadəcə
həll deyil, xilas etmək lazım gələcək, bu da
yalnız və yalnız Heydər Əliyevin dönməzliyi,
qətiyyəti, ona Kremlin ucalarında bəslənən rəğbət
sayəsində mümkünləşəcək. Bunlar həm ictimai-siyasi, həm də mədəniyyət
həyatımızın elə səhifələridir ki, gərək
unudulmaya və biz də o səhifələrə dönəcəyik).
Hələ çoxunu nisbətən xırda sayaraq
sadalamadığımız bütün bu işlərlə Nəriman
Nərimanov öz xalqına bütövlüyü ilə
qayıtmaq imkanı qazanacaqdı və elə belə də
oldu.
Sovetin
peyğəmbəri, ya bir az da irəli
getsək, İlahisi Vladimir Lenin idi. Nəhəng imperiyanın
birinci adamı Leninin şəhəri Ulyanovskda Nəriman Nərimanovun
adına prospekt verilməsi, həmin
prospektdə 1977-ci ilin dekabrında onun abidəsinin yüksəldilməsi,
həmin açılışı da Heydər Əliyevin
özünün etməsi, oradakı unudulmaz
çıxışı gününə, şəraitinə
görə böyük hünər sayılası əməllər
idi.
Nəriman
Nərimanovu bu qədər ucaltmaqla, onu sovetin əbədi
birinci adam saydığı Leninlə qoşalaşdırmaqla
Heydər Əliyevin nail olmaq istədiyi digər fayda da Azərbaycanı
Sovet İttifaqı içərisində bir qədər irəli
çıxarmaq, bu Birlik daxilində respublikamızın
nüfuzunu, hörmətini daha da artırmaq idi.
Ümumən,
bu amil həmişə Heydər Əliyevin dövlət siyasətində
sadiq qaldığı başlıca düsturlardan oldu:
bütün bacarıqlarını, qabiliyyətlərini,
imkanlarını dövləti daha qüdrətli edə bilməyə
yönəltmək.
Hərdən-hərdən Heydər Əliyevi dövlətçilik
tariximizin nadirlərindən olan Şah İsmayıl Xətai
ilə müqayisə edirlər. Belə tutuşdurma
aparanların haqqı da var.
Şah Xətai
məşhur şeirlərindən birində bəyan edirdi:
Xətaiyəm,
al atlıyam,
Sözü
şəkərdən tatlıyan,
Murtəza
Əli zatlıyam,
Qazilər indi şah mənəm.
Al
atlıyam - döyüşçüyəm, sərkərdəyəm
deyirdi və qoşun əhlinə ismarışını
yetirirdi ki, mənə sadəcə şah kimi baxmayın, ilk
növbədə sizin içərinizdən
çıxmış, sizdən biri olan kimi yanaşın, məni
özünüzə daha yaxın bilin. Şirin söz sahibi,
şair olduğunu dilə gətirirdi, söz-sənət
adamlarına üz çevirirdi, onlara da "məni sadəcə
padşah bilməyin, mən həm də şairəm, sizə
bir köynək yaxınam"
pıçıldayırdı. Şeyxliyinə,
əslən-nəslən təriqət
başçısı olmağına işarə vururdu, o təbəqəyə
müraciət edirdi, onlara da "mənə hamının
padşahı olmaqdan əvvəl özünüzünkü
kimi yanaşın, hamıdan əvvəl sizinlə olduğumu
unutmayın" sorağını yetirirdi. Bu, ağıllı adamın uzaqgörən siyasi
davranışları, idarəedicisi olduğu cəmiyyətin
hər qatına məxsusi nəvazişlə yanaşaraq
onları özünə daha artıq bağlamaq, daha sadiq etmək
yolunda strateji-diplomatik hərəkətləridir.
Eyni ilə Heydər Əliyev. Sovet dönəmində də,
müstəqillik dövründə də ona xas olan istedad və
səriştələrini səfərbər edib vahid səmtə
istiqamətləndirərək daim buna çalışdı
(müvəffəq də oldu) ki, cəmiyyətin hər
qatına simsar olsun, məhz hər təbəqə, hər kəs
onu hakimiyyət kürsüsünün ən yuxarı
başında əyləşən özlərindən biri
kimi, öz təmsilçiləri olaraq qavrasın.
...O
gün, o iclasda bir yubiley məsələsinə də
baxılır. Bu, elə sadəcə sıradan
hesab ediləsi, alt qatında digər vacib mətləbləri
gizlətməyən ildönümü olsaydı,
üstünü vurmazdım. Ancaq Heydər
Əliyevin kimliyinin, şəxsiyyətinin
bütövlüyünə və özünəməxsusluğuna
əlavə ştrix artıran hər irili-xırdalı məziyyət
gərək diqqətdə saxlana ki, bu çöhrəni daha
da dəqiq görəsən.
Heydər
Əliyevin əvvəldən-sona bütün fəaliyyət
yolunu yaddaşda canlarından bu xüsusiyyət də bariz
görünür ki, ayrı-ayrı tanınmış,
varlığı ilə, işləriylə Azərbaycan
mühitində seçkin yer tutan hər şəxsiyyətə
onun münasibəti fraqmentar, pərakəndə deyil, həmişə
düşünülmüş, sistemli, ardıcıl olub.
Onun içəri dünyasında bu insanların hərəsinin
öz süjeti vardı və Heydər Əliyev də bu
süjetlərin heç birini yarımçıq qoymurdu,
il-il, bəzən on il-on il o taleləri izləyir, təsirlərini
göstərməkdə davam edirdi. Odur ki, Heydər
Əliyevin bu və ya digər adama münasibətini təhlil
edərkən həmin münasibətlərin hansısa
parçasını, kəsiyini, anını yox,
bütövünü götürüb izləmək gərəkdir,
yoxsa qiymətləndirmə həmişə yanlış
olacaq.
Qərəzlə yanaşan yapışacaq hansısa
şəxsə Heydər Əliyevin haçansa nümayiş
etdirdiyi sərt münasibəti və kontekstdən ayrılmış
bu ömür parçasında mənzərə bir başqa
cür görünəcək. Amma həmin o qərəzkarın
görmədiyi, ya görmək, yaxud da göstərmək istəmədiyi
ayrı səhnələr də sonra gəlir axı.
Dünən sərt olduğu şəxsə artıq
ayrı bir vaxt kəsiyində elə nəvaziş göstərir
ki, Heydər Əliyevin o zaman bu adama qarşı etdiyinin
mütləq hansısa obyektiv səbəblərlə əlaqədar
olması, şəraitlə bağlılığı nəticəsini
çıxarırsan.
Dahi Albert
Eynşteyn 1921-ci ildə, elə bu büro ilası kimi, may
ayında Prinston Universitetində keçirilən seminarda
"Kainatın qanunları" sərlövhəli sonralar
çox məşhurlaşacaq mühazirəsini oxuyurdu və
Pərvərdigar haqqında belə bir çoxmənalı fəlsəfi
fikir də söylədi: "Allah-taala qərəzli deyil, qəlizləşdirəndir"
(Tərcümənin dəqiqliyini tutuşdurmaq istəyənlərçün
deyilişin əslini də verim - "The Lord God is subtle, but
malicious he is not").
Bəzən gendən baxana qərəz, kin təsiri
buraxan olaya yaxınlaşınca çox öynə bunun
ardında vaxtın qəlizləşdirmələrinin
dayandığına şahid kəsilirsən. Odur ki,
hökm verməyə heç vaxt gərək tələsməyəsən.
Sirlərin çoxu həmişə pərdə
ardındadır.
Heydər
Əliyevin tarixi nadirliyinin bir göstəricisi də odur ki,
qatmaqarışıq, təlatümlü əyyamlar, qəliz
gedişatlar içərisində də o, heç vaxt tələsmədi,
gendən baxanın nə deməsindən, necə dəyərləndirməsindən
asılı olmayaraq öz düz yolu ilə getdi və vaxt
ötüb süjet tamamlananda bəlli oldu ki, bu Müdrik sanki
sabahı dünəndən görürmüş, dünən
niyə elə etdiyini də elə bu günlərə gəlib
sağ-salamat, uğur içində yetişə bilməkçün
edirmiş.
1970-ci ilin 19 mayında Rəsul Rzanın 60 yaşı
tamam olurdu. Rəsul
Rzanın özünün də, rəhbəri olduğu Milli
Ensiklopediyanın da başı üzərində qara buludlar
artıq sıxlaşmışdı, həm də burada
sapı özümüzdən baltalar (o cür sürtüklərə
"balta" da deyib böyütmək istəmirəm - dəhrələr)
nə qədər bol olsa da, həmin həmlələrin
kökü Moskvadan gəlirdi və Heydər Əliyevi də
Azərbaycana Birinci katib göndərəndə Moskvanın
onun qarşısında qoyduğu əsas şərtlərdən
birincisi elə milli hissiyyatı cilovlamaq tələbi idi. Eyni tələbi oxşar təmayüllərin bir
neçə digər respublikada da qabarmasını nəzərə
alaraq elə onlara da yönəltmişdilər.
Heydər Əliyevin məharəti və müstəsnalığı
ondaydı ki, ömrü uzunu ən ayıq kəşfiyyatçı
kimi bıçağın iti tiyəsi qədər incə və
qorxulu yolları büdrəmədən, yanlışlara yol
vermədən, şəkliləri hürkütmədən
adlamağı bacardı.
Onun Rəsul Rzaya yanaşmaları da ömründəki
süjetlərin ən əlamətdarlarından biridir ki, Heydər
Əliyevin qəliz zaman içində hər növ, hətta
yuxarıdan hökm edilən qərəzlərdən kənarda
qərar tutaraq düz işini, vicdanlı xəttini, millətəxeyir
yolunu irəliyə necə ləyaqətlə apara bilməyini
aşkarca ortaya qoyur.
Özü
hədəfdə olan Rəsul Rzanın 60 illiyini bəlkə
də siyasi ehtiyatlılıq baxımından sakitcə yola
vermək, elə Yazıçılar İttifaqı səviyyəsində
nəzərəçarpmaz hay-küysüz keçirmək,
bir növ, başdan eləmək məsləhət idi.
Ancaq bu, Heydər Əliyev idi axı. Elə ali
hakimiyyət kürsüsünə qalxan kimi
sığortalanmışdı. Kremlə millətçilik
istiqamətində haqqında mənfi siqnallar
ötürülmüşlərin hamısını elə
1969-cu ilin avqustundaca açıq və kəskin tənqid
etmişdi. Bir növ, Moskvaya
hesabatını ötürmüşdü ki,
görürsünüzmü, siz deyən yoldayam, tələblər
yerinə yetirilir. Ancaq izləyin o
adların, o süjetlərin hər birini. Müəyyən
vaxt ötür, həmin tənqid olunanların hər birinə
məhz Heydər Əliyev ən geniş üfüqləri də
açır, ən yüksək mükafatları və təltifləri
də verir.
Rəsul
Rzanın 60 illiyi ilə bağlı Büronun qərarı ilə
xüsusi komissiya yaradılır, yubileyin yalnız Bakıda,
Azərbaycanın müxtəlif rayonlarında deyil, tam təntənəsi
ilə Moskvada, SSRİ Yazıçılar İttifaqı ilə
birlikdə keçirilməsi, şair haqqında ayrıca sənədli
film çəkilməsi, cildlərinin həm ana dilində, həm
rusca buraxılması qət edilir.
Bu qərar bir neçə ay əvvəl Mərkəzi
Komitə plenumunda ağır tənqidə məruz
qalmış Rəsul Rzaya bir mənəvi dayaq idi.
1970-ci il mayın 5-i idi. Sanki respublika
partiya rəhbərliyinin quru bir iclası gedirdi. Əslində isə o iclas hisslərlə-həyəcanlarla
dolu idi, hər müzakirə edilən, qəbul olunan sənədin
ardında tale dayanırdı. Həm də yalnız
ayrı-ayrı adamların taleyi yox, millətin, yurdun taleyi!
Və
1970-ci ilin 5 mayında, nə qədər sıradan olsa da,
mündəricəsi ilə min aya bərabər olan gündəki
"tarixlə dolu" deyib işarələdiyim həmin
Büro iclasında - o çağın meyarları ilə
respublikanın Başbilənlər Toplantısında mədəni
həyatımızçün xüsusi mənası olan bir qərar
da qəbul ediləcək. Həmin qərarın
qəbul edilməsi 2-3 dəqiqə vaxt apardı. Elan olundu, səsə qoyuldu, qəbul edildi. Həmin 2-3 dəqiqədən artıq 600-dən
çox ay keçir, min aya bir şey qalmayıb, əks-səda
davam edir və bir daha bəlli bayatını haqlı
çıxarır.
1970-ci illərin sonlarında məşhur balamançı, kalvalı ustad Əli Kərimovun nəvə-nəticələri mənə onun ev maqnitofonuna yazılmış nadir çalğılarını, sənədlərini, şəkillərini gətirmişdilər. Bu xəzinənin içində bir vəsiqə də vardı - Əli Kərimova verilmiş "El aşığı" fəxri adının vəsiqəsi. Demək, belə bir fəxri ad da varmış 1930-cu illərdə və zənnimcə, çox fəxrləndirmə, titullandırma baxımından da yetərincə uğurlu tapıntıymış. Nədirsə, sonralar unudulub gedib.
1970-ci ilin 5 mayınadək Azərbaycanda bir-birindən qüvvətli sıra-sıra memarlar olsa da, memarlara verilən özəl fəxri ad yox idi. Məhz həmingünkü iclasda Əməkdar, Xalq memarı adları təsis olunur və indi bu fəxri adları daşıyan qabil memarlarımız az deyil.
Vətən tarixində hər bilginin öz yeri var.
Onlardan bixəbər qalsan da, dünya qopmur, yaşayırsan
(Rəhmətlik Habil Əliyevin iynəli zarafatında dediyi
kimi, belə yaşamağa nə var!). Amma biləndə,
özünü bir az da yaxşı
tanıyırsan, çox və düz bilməyinlə də
daha güclü olursan...
Bu iclasın cərəyan etdiyi saatlardan yarım əsrdən də çox keçir. Vaxt axıb gedib, özüylə qoynundakıları da aparıb və aləm də, insanlar da, nəsillər də elə sürətlə dəyişib ki, o gündən bəri sanki iki o qədər zaman sovuşub. Sovet dövrünün adicə iclaslarından biri. Ancaq adidirmi? Kim deyə bilər ki, o iclas haqda çatdırdıqlarım elə dünəndə qalmalı və köhnəlmiş hekayətlərdir, bu gün o söhbətlərin daha əhəmiyyəti yoxdur. "Kim deyə bilər" sualını "heç kim deyə bilməz" təsdiqi anlamında ona görə işlədirəm ki, anlayan adam aydınca görür ki, bu, bir bütöv ustad dərsidir. Dünya ki belə yeyin inkişaf edir, bu gün bizə ən son ixtiralar kimi gələnlər də tezliklə köhnələcək, çox maraqlar və məşğuliyyətlər də dəyişəcək. Ancaq dövlət hələ çox qalacaq. Və bu məfhumun içərisini dolduran, dövləti dövlət edən təməl anlayışlar vaxtın lap işıq sürətinə də çata biləcək sürətində tövrünü pozmayacaq, öz ləngərli, ağır oturub batman gələn yerişi ilə yürüyəcək. Məhz yürüyəcək, yüyürməyəcək.
Və bu cür ustad dərslərinə də ehtiyac elə həmin səbəbdən hər zaman duyulacaq. Kim bu dərsi vaxtında alıb yola çıxacaq, işi avand olacaq. Kim bu dərsi başı daşdan-daşa dəyəndən sonra almaq istəyəcək, demirəm çox gec olacaq, amma hər halda xeyli nələrsə itirilmiş olacaq. Kim ki bu dərsləri büdrəyəndən sonra da "köhnəlmişdir, zamanı keçib" deyərək eyninə almayacaq, quru yurdda qalacaq. Ustad dərsinin, ustadanə dərsin boyatı olmur. Yaxşı dərs həmişə təzədir. Heç bir dərsə bənd olmayanlara daim rast gəlindiyi kimi, köhnəlməyən yaxşı dərslərin dinləyəni də, öyrənəni də həmişə tapılacaq. Və peşman da qalmayacaq!
17 may 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 20 may.- S.10-11.