Müəllimlərin
sertifikatlaşdırılması: dövrün
tələbləri ilə səsləşən vacib addım
Məlum olduğu kimi, 2022-ci ildən etibarən, ölkənin dövlət
ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin
mərhələli şəkildə
sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma
prosesinin keçirilməsində
əsas məqsəd ümumtəhsil müəssisələrində
pedaqoji və idarəetmə fəaliyyəti
ilə məşğul
olan, ali
və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyələrinin
yoxlanılmasıdır. Eyni zamanda,
sertifikatlaşdırma ilə
peşə yararlılıqlarını
yoxlamaq, onların peşəkar inkişafına
nail olmaq və təlim ehtiyaclarını
öyrənmək mümkün
olur.
Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən
keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş
qaydalar əsasında
dəyərləndirilir və
konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində
onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik
qiymətləndirməni tamamlamalıdır.
Bu baxımdan sertifikasiya müəllimin
bütün fəaliyyətini
qiymətləndirən mühüm
prosedurdur. Yəni
bu prosesə müəllimlərin təkmilləşmədən
keçmələri, dərslərinin
qiymətləndirilməsi, dərslərinin monitorinqi
və sair daxil ola
bilər.
Sertifikatlaşdırma iki mərhələdən
- test və müsahibə
mərhələsindən ibarətdir. Test imtahanı
mərhələsində namizədlərə
120 dəqiqə müddətində
bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası
və təlim metodikası olmaq üzrə iki yerə ayrılır.
Təlim strategiyası
üzrə: müasir
təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri
və ona verilən tələblər,
kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri
mövzularını əhatə
edir. Təlim metodikası üzrə
isə, buraya fənnin tədris metodikası sahəsində
yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması,
təlimin təşkilinə
verilən tələblər,
bilik və bacarıqların qiymətləndirilməsi
metodları, qiymətləndirmənin
növləri və məqsədləri mövzuları
daxildir. Hər bir düz cavab
bir bal kimi
müəyyən edilir.
Müəllimlər tərəfindən
cavablandırılmayan suallar
sıfır bal kimi qeyd olunur.
İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə
buraxılır. Həmin
mərhələdə 20 bal
toplayan namizədlər
sertifikatlaşdırılır.
Sertifikatlaşdırma prosesinin davamı olaraq növbəti mərhələdə 33315 nəfər
sertifikasiyaya cəlb ediləcək. Artıq dünən onlar
şəxsi kabinetlərinə
yerləşdirilən məlumatla
imtahan verəcəkləri
məkan, tarix və saat barədə
xəbərdar olunublar.
Belə ki, bu il sertifikatlaşdırma imtahanları
iyunun 20-24-də keçiriləcək.
Həmin günlərdə
ötən il
sertifikatlaşdırma imtahanlarına
cəlb edilməyən
regionlardan olan ibtidai sinif müəllimləri
və Azərbaycan dili və ədəbiyyatı
üzrə fənn müəllimləri imtahan
verəcəklər.
Elm və təhsil naziri Emin Əmrullayev
bu il
sertifikatlaşdırma prosesinə
cəlb olunacaq müəllimlərin 5290 nəfərinin
60 yaşdan yuxarı müəllimlər olduğunu
deyir. Onun sözlərinə görə,
qanuna ediləcək dəyişiklikdən sonra
5290 nəfərin sertifikasiyada
iştirakı könüllü
olacaq: "60 yaşı
tamam olmuş müəllim sertifikatlaşdırma
prosesində istəsə
iştirak edər, istəsə yox. Amma iştirak edir, hər iki mərhələdə
uğur qazanmırsa, onunla əmək müqaviləsinə xitam
veriləcək".
Qanunda gözlənilən
başqa bir dəyişiklik işə
ilk dəfə qəbul
olunan müəllimləri
maraqlandırır. Belə
ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklə onlar
5 deyil, 3 il
ərzində sertifikasiyaya
cəlb edilməyəcəklər.
Sertifikatlaşdırmada iştirak edən
və uğur qazanan müəllimlərin
əməkhaqqı artırılacaq.
33 mindən çox
müəllim üçün
keçirilən imtahanın
nəticəsi olaraq, onların 80-85 faizinin əməkhaqlarının artacağı
gözlənilir. Ötən
il sertifikasiya
imtahanında uğursuz
nəticə göstərən
2803 müəllim üçün
isə təlimlər
başa çatdıqdan
sonra təkrar imtahan keçiriləcək.
İmtahanlar təxminən
iyul ayının sonuna təsadüf edəcək: "Onlar keçid balını bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə,
əmək müqavilələrinə
xitam veriləcək və həmin yerlər vakansiyaya çıxarılacaq".
Nazir həmin müəllimlərin
ikinci şansdan maksimum yararlanacağına
ümid etdiyini bildirib: "Həmin müəllimlər üçün
57 təlim mərkəzində
təlimlər təşkil
edilir. Mart ayından
start verilən təlimlərlə
müəllimlərimizə kömək etməyə çalışırıq. Məlumat üçün
deyim ki, 2803 müəllimdən 505 nəfəri
təlimlərə qatılmaqdan
imtina edib. Hazırda biz
bunun səbəbini araşdırırıq".
2022-ci ildə təşkil olunan təhsilverənlərin
sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı
Şəhəri üzrə
Təhsil İdarəsi,
Abşeron-Xızı, Quba-Xaçmaz
və Gəncə-Daşkəsən
regional təhsil idarələrinə
tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Test mərhələsinə dəvət edilən 11665
nəfərdən 11211-i imtahanda
iştirak edib və onlardan 8843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8784 nəfər təhsilverən
iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş
hesab olunub. Sertifikatlaşdırmadan keçmiş
3127 təhsilverənin vəzifə
maaşına 35 faiz,
5624 təhsilverənə isə
10 faiz əlavə edilib", - bu, Elm və Təhsil Nazirliyinin məlumatında
bildirilib. Beləliklə,
rəsmi rəqəmlər
əsasında ötən
il sertifikasiyanın test və müsahibə mərələsindən kəsilən
müəllimlərin sayını
dəqiqləşdirmək mümkün olub. Yəni 2022-ci ildə təşkil olunan sertifikatlaşdırılması prosesi zamanı birinci mərhələdən
- test imtahanlarından 2427 müəllim
30 baldan az
topladığına görə
ikinci mərhələyə
- müsahibəyə buraxılmayıb.
İkinci mərhələyə
- müsahibəyə buraxılan
müəllimlərdən isə
33 nəfər 20 baldan
az topladığına
görə sertifikatlaşdırmadan
keçməmiş hesab
olunub. Ümumilikdə
ötən il
2460 ibtidai sinif müəllimi sertifikasiyadan
kəsilib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri, fəlsəfə
doktoru İlqar Orucov deyir ki,
təhsilverənlərin dövrün
tələblərinə cavab
verməsi üçün
onların sertifikasiyasının
keçirilməsi olduqca
vacib məsələlərdən
biridir. Təhsilverənlərin sertifikasiyasının keçirilməsi müəllimlərə
müəyyən imkanlar
yaradacaq. Bu da müəllimlər üçün
olduqca vacibdir: "Təhsilverənlərin mərhələli
şəkildə sertifikatlaşdırılması
prosesi təqdirəlayiqdir.
Çünki dünyanın bütün
ölkələrində sertifikatlaşdırma
müəllimlərin peşəkarlıq
səviyyəsinin yoxlanması
üçün tətbiq
olunur. Azərbaycanda bu prosesə
ötən ildən başlanılıb. Fikrimcə, zaman-zaman
sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib.
Təhsilverənlər də dövrün
tələblərinə cavab
verməlidir".
Təhsil
üzrə ekspert Elşən Qafarovun dediyinə görə, Nazirlər Kabinetinin qərarına əsasən
üzrlü səbəblərdən
sertifikasiyada iştirak
etməyən, imtahandan
kəsilən şəxslər
üçün bir il ərzində
ikinci dəfə imtahan keçirilir: "Şəxs ikinci dəfə də imtahanda iştirak etməsə, yaxud kəsilsə, bu zaman onunla bağlanan
əmək müqaviləsinə
xitam verilir. Təhsil sistemimizin daha peşəkar müəllimlərə
ehtiyacı var. Sertifkasiyanın
da mahiyyəti daha peşəkar müəllimləri üzə
çıxarmaqdır. Bu səbəbdən də təklif edirəm ki, məsələyə mahiyyəti
üzrə baxmalıyıq
və burada ilk olaraq uşaqların mənafeyi nəzərə
alınmalıdır. Sertifikasiyanın mahiyyəti peşəkarlarla
qeyri-peşəkarları müəyyən
etmək və yola peşəkarla davam etməkdir".
Təhsil üzrə ekspert Elmin Nuri hesab edir ki, müəllimlərin sertifikasiyasından ikinci dəfə uğursuz nəticə əldə edən müəllimlərin işdən azad olunması cəza hesab edilməməlidir: "Subyektiv fikrimcə, bu, kifayət qədər yumşaldılmış humanist addımdır. Çünki zamanla aparılan tədqiqatlar, sorğu və müşahidələr təhsildəki problemləri üzə çıxardı. Təhsilin yeganə problemi təkcə bürokratik əngəllər, sosial bərabərsizlik deyil. Təhsilin böyük problemlərindən biri də müəllimlərin keyfiyyəti ilə bağlıdır".
O qeyd edir ki, sertifikasiya imtahanları ilə bağlı qaydalara əsasən, iki dəfə imtahandan kəsilən müəllim işdən azad olunmalıdır: "İlk dəfə ötən il ölkəmizdə sertifikasiyaya start verildi və yalnız ibtidai sinif müəllimləri sertifikasiyadan keçdi. İbtidai sinif müəllimlərinin 98 faizi sertfiikasiyada iştirak edib, 78 faizi isə ilk mərhələdə uğur qazanıb. Yəni 10945 müəllimin 8547 nəfəri ilk mərhələni uğurla keçib. Digər müəllimlər isə təkmilləşdirmə kurslarına göndərilib. Nazir sertifikasiyanın nəticələrinə aid tədbirlərin birində qeyd edib ki, 2300 müəllimin özünü təkmilləşdirməsinə ehtiyac var. Deməli, həmin müəllimərin bu illər ərzində yetişdirdikləri şagirdlərin də keyfiyyət göstəriciləri aşağıdır. Bu, təkcə təhsilə yox, həm də cəmiyyətə vurulan zərbədir".
Ekspert bildirir ki, həmin müəllimlərdən 1530 nəfəri cari il ərzində xüsusi təkmilləşdirmə kurslarına göndəriləcək və onlar növbəti il keçiriləcək sertifikasiya imtahanına yenidən qatılacaqlar: "Dövlət belə müəllimlərin yenidən yetişməsi üçün şərait yaradır. Bütün bunlardan sonra da həmin müəllim yenidən aşağı nəticə göstərəcəksə, onun məktəbdə qalmağının nə əhəmiyyəti var?! Bunun yarada biləcəyi sonrakı fəsadları düşünürükmü? Biz zəif müəllimləri məktəbdə görmək istəmirik. Övladlarımızı belə müəllimlərə tapşıra bilmərik".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 23 may.- S.13.