Təhsilimizin cari və strateji inkişaf konsepsiyasının cizgiləri

TƏHSİL FƏALİYYƏTİMİZİN ÖNƏMLİ MƏQAMLARI

 

Bu qeydləri təhsilin bütün pillə və səviyyələrində kifayət qədər təcrübəyə malik olmuş təhsil təşkilatçısı, elmi-pedaqoji və pedaqoji fəaliyyətlə məşğul olan müəllim kimi aparmışıq. İndi təhsil idarəçiliyindən kənarda olsaq da, bir pedaqoq və vətəndaş kimi qanunvericilik aktlarında, ölkəmizin təhsil həyatında müşahidə olunan aşağıdakı məqamların vurğulan-masını və səlahiyyətli orqanların diqqətinə çatdırılmasını vacib hesab edirik. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinə (ETN) dəfələrlə təklif və müraciətlər ünvanlamışıq. Bəzi təkliflərimizə müsbət yanaşılıb. Göstərilən məsələlərin qanunvericilik, təşkilati və məzmun tərəflərinin həllinin təkcə bu mərkəzi icra orqanından asılı olmadığı qənaəti bizi aidiyyəti üzrə bütün instansiyalara da müraciət etməyə sövq etdi. Eyni zamanda, fikir və mülahizələrimizi, təkliflərimizi həmişə təhsil problemlərinə geniş yer ayıran "525-ci qəzet"in oxucu auditoriyası ilə bölüşmək istəyirik. Təhsilimizin inkişafı, müasirləşdirilməsi, informasiyalaşdırılması, beynəlmiləlləşməsi, struktur və idarəçiliyin optimallaşdırılması, maddi-texniki cəhətdən təhcizatın yaxşılaşdırılması naminə aparılan islahatların müsbət tərəflərini və nəticələrini vurğulayırıq. Bu yazıda isə əsasən məzmun və strateji inkişafla bağlı təkliflər üzərində dayanmaq niyyətindəyik.   

Aşağıda irəli sürəcəyimiz təkliflərin, bir tərəfdən, ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun universitetlərin nəzdində yeni elmi-tədqiqat laboratoriyalarının təşkili, ETN-nin nəzdində Elm və ali təhsil, Məktəbəqədər və ümumi təhsil agentliklərinin yaradılması ilə bağlı hazırlıq işlərinin, "Ali təhsil haqqında Qanun" layihəsinin Milli Məclisdə müzakirəsinin gedişində, digər tərəfdən, cari tədris ilinin yekunlaşması və növbəti tədris ilinə hazırlıq mərhələsində təhsilimizin cari və perspektiv inkişafına xeyir gətirəcəyi ümidindəyik. Təkliflər təhsil pillələri və səviyyələri üzrə ardıcıllıqla verilir. İlk növbədə, bu gün cəmiyyətdə daha çox müzakirə edilən əcnəbi dillərdə təlim-tərbiyə prosesinin ağrısız, müasir yanaşmaların tətbiqi ilə tədricən nizama salınma mexanizmini diqqətə çatdırırıq.

1. Ən müasir metodiki yanaşmalar, linqvodidaktik tələblər nəzərə alınmaqla erkən və məktəbəqədər hazırlıq təliminin bilinqval (ikidilli) və polilinqval (çoxdilli) təhsil modeli üzərində qurulması.

1.1. Bu tədris modelinin erkən və məktəbəhazırlıq dövründən tətbiqinin etnik zənginliyə, tolerant və multikultural mühitə, geniş beynəlxalq əlaqələrə, böyük diaspora, həm də müvafiq qanunvericilik bazasına malik Azərbaycanın vətəndaşları üçün hazırkı şəraitdə ölkədə, Avropa və dünyanın istənilən təhsil məkanında tədris dili seçmək və ümumi orta təhsil almaq imkanı kimi üstünlük yaratdığını nəzərə almaq.

1.2. Bilinqval təlim modelinin müvəffəqiyyətli tətbiqinin ölkədə dövlət dili amili nəzərə alınmadan hər hansı bir əcnəbi dildə təlimin təşkilinə yol verilməməsi və gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsi barədə ölkə Konstitusiyasının, Təhsil və Ümumi təhsil haqqında qanunların müvafiq bəndlərinin reallaşdırılmasına yol açdığına əsaslanmaq

1.3. Valideynlərin seçiminə və Ümumi təhsil haqqında "Qanun"un tələbinə uyğun, ibtidai təhsil səviyyəsində təlim əcnəbi dillərdən birində seçildiyi halda, mövcud qanunvericiliyin tələbləri əsasında müvafiq fənlərin ana (dövlət) dilində aparılması və tədricən paritetliyin təmin olunması ilə tədris müəssisələrində bilinqval təlim mühitinin formalaşdırılması.

1.4. Tədrisdə ana (dövlət) dilinin dominantlığı təmin olunmaqla hər iki təlim dili və digər tədris fənləri üzrə müvafiq tədris standartlarının, tədris resurslarının hazırlanması. Bilinqval təlim modeli tətbiq edilən erkən inkişaf və məktəbəhazırlıq təhsil müəssisələrində göstərilən təlim modelinin səmərəliliyinə nail olmaq məqsədilə burada çalışan pedaqoji və tədrisə yardımçı heyət üçün treninqlərin təşkili.

2.1. Dövlət və özəl ümumtəhsil müəssisələri üçün ETN-nin təqdim və təsdiq etdiyi tədris planlarında tədrisin iki - Azərbaycan və xarici (rus və ya ingilis) dildə aparılmasının qeyd olunması.

2.2. Dərs saatlarının bərabərliyi gözlənilməklə hər iki təlim dilinin eşidib-anlama, oxu və yazı, qrammatik minimum və nitq standartlarının tətbiqi ilə mənimsədilməsi (İkidilli təlim modelinin tədris standartları, eləcə də tədris planlarının struktur və məzmununun əsas prinsipləri tərəfimizdən ETN-nə təqdim olunub, təhsil mətbuatında dərc edilib).

2.3. Müasir dilöyrətmə metodikaları əsas götürülməklə bilinqval təlim modelinin tətbiq olunduğu siniflərdə ikinci xarici dilin (təlim dili kimi qəbul edilən əcnəbi dil əsas xarici dil hesab olunmaq şərti ilə) tədrisinin ibtidai təhsil səviyyəsindən, yəni 2-ci sinifdən başlayaraq, intensiv şəkildə, həftədə 3 saatdan az olmayaraq yarımqruplarda tədrisi.

2.4. Bilinqval təlim modeli tətbiq olunan orta təhsil səviyyəsində (5-9-cu siniflər) tədris fənləri üzrə təlim dillərinin paritetinin gözlənilməsi.

2.5. Bilinqval təlim modeli tətbiq olunan məktəblərdə tam orta təhsil pilləsinin polilinqval təlim modeli üzərinə keçirilməsi, şagirdlərin seçiminə uyğun təmayüllər üzrə formalaşdırılmış siniflərdə profil fənlərinin, xüsusilə texniki və təbiət fənlərinin, xarici dillərdə tədrisinin planlaşdırılması.

2.6. Ümumi orta və tam orta təhsil səviyyələri üçün tədris standartlarının, proqramlarının və fənn kurikulumlarının bilinqval və polilinqval təlim mühitinə, yeni reallıqlara adaptasiyası məqsədilə ölkənin ümumi inkişafına, dünyanın təhsil trendlərinə uyğun ümumi və tam orta təhsilin yeni, müasir inkişaf tempi və meylləri ilə uzlaşan dinamik tədris standartlarının və müvafiq tədris resurslarının yaradılması konsepsiyasının irəli sürülməsi. Ali təhsildə olduğu kimi, ümumi təhsildə də tədris standartlarının yenilənməsi üçün konkret müddətin müəyyən edilməsi, xüsusilə lisey və gimnaziyalarda tədris prosesinin və qrafikinin təşkilinə, tədris proqramlarının icrasında ardıcıllığa ciddi əngəl törədən ümumi təhsil müəssisələri üçün ilbəil tədris planlarının təsdiqi praktikasından imtina olunması. 

2.7. Dünyanın ən müasir təhsil sistemləri üçün xarakterik olan bilinqval və polilinqval təhsil modelinin tətbiqi üzrə yuxarıda qeyd olunan bütün təşkilati və elmi-metodiki məsələlərin həlli, məzmun komponentinin  müəyyən olunması məqsədilə müvafiq qurumların və ya pedaqoji yönümlü ali məktəblərin bazasında Respublika statuslu elmi-metodiki mərkəzinin (laboratoriyanın) yaradılması. Mütəxəssislərdən və sərbəst ekspertlərdən ibarət belə bir elmi-metodik mərkəzin mövcud olduğu bütün 20 il ərzində təhsilimizə hamilik eləmiş Heydər Əliyev Fondunun nəzdində formalaşdırılması variantı daha məqbul görünür. 

2.9. Təlim dövlət dilində aparılan siniflərdə xarici dilin (ingilis) tədrisinin 1-ci sinifdən yarımqruplarda, həftədə 3 saat olmaqla, başlanılması ilə bərabər, ümumi orta təhsil səviyyəsində (V-IX siniflər) bəzi tədris fənlərinin və ya maraq kurslarının əsas xarici dildə aparılması. Bu, təlim digər dillərdə aparılan sinif və məktəblərin şagirdləri ilə dövlət dilində təhsil alan şagirdlərimiz arasındakı fərqi aradan qaldırmağa, ölkədə bütün uşaqlar üçün eyni tədris şəraitinin və imkanlarının formalaşmasına səbəb olar.    

3. Bu gün ictimaiyyəti, valideynləri və orta ümumi təhsil müəssisələrinin pedaqoji kollektivlərini, metodist-alimləri ciddi narahat edən iki problem üzərində xüsusilə dayanmaq istərdik: birincisi, 2008-ci ildən bütün respublikada tətbiq olunan fənn kurikulumlarının təhsilimizə səmərəsi və ötən 14-15 ildə qazandırdığı üstünlüklərin və gətirdiyi problemlərin ölkə səviyyəsində monitorinqi və müzakirəsi, növbəti mərhələ üçün bu tədris proqramlarına yanaşma, onların məzmun xətləri, metod və mexanizmləri, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi və s. kimi məsələlərin gündəmə gətirilməsi ilə ümumi  ictimai rəyin öyrənilməsi.

İkincisi, tam orta təhsil səviyyəsində (X-XI siniflərdə) həftəlik dərs saatlarının çoxluğudur. Yəni icbari umumi orta təhsilə keçid yuxarı sinif şagirdlərinin həftədə 36-38 saat yüklənməsi ilə ziddiyyət təşkil edir.  Bu, yuxarı sinif şagirdlərin məcburi davamiyyətinə cavabdeh məktəblərin işinin əsassız şəkildə ağırlaşmasına, məktəb icması üzvləri arasında münasibətlərin gərginləşməsinə, ikincisi, dövlətin böyük həcmdə maliyyə vəsaitinin boşuna sərfinə səbəb olur. Həftəlik dərs yükünün ən azı 10 saat azaldılması böyük həcmdə maliyyə vəsaitinin I-IV və V-IX siniflərdə xarici dillərin tədrisinə yönəldilməsinə, repetitorluğun geniş yayılmasına rəvac verən səbəblərin bəzilərinin aradan qaldırılmasına şərait yarada bilər.

4. Böyük şəhərlərimizdə, xüsusən Bakıda mövcud şagird sıxlığı probleminin həlli tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına və təlim-tərbiyə prosesinin ciddi şəkildə yaxşılaşmasına səbəb ola bilər. Bu məqsədlə ENT: 1) yeni yaşayış komplekslərində özəl və bələdiyyə məktəblərinin təşkilini rəğbətləndirə, ümumi təhsildə kifayət qədər təcrübəsi olan, bu sahənin inkişafına investisiya qoymaq istəyən şəxslərin təşəbbüslərinə dəstək verə bilər; 2) özəl məktəblərin təşkili stimullaşdırılarsa, bu tipli tədris müəssisələrində yüksək illik təhsil haqları əhəmiyyətli şəkildə azalar və ödənişli təhsil əhalinin orta təminatlı təbəqələri üçün də əlçatan görünər; 3) şəhər məktəblərinin məktəbyanı sahələrində, əlavə tikintiyə şərait olan məktəblərə yaxın ərazilərdə yeni tədris korpuslarının tikilməsi barədə hökumət qarşısında məsələ qaldıra bilər.

5. Ümumi orta təhsil müəssisələrinin buraxılış sinifləri (IX və XI) üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların keçirilməsi qrafikinin orta məktəblərin illik tədris qrafiki ilə uzlaşdırılması. Tədris ilinin tən ortasında DİM tərəfindən keçirilən qəbul imtahanlarını faktiki olaraq yuxarı siniflər üçün tədris ilinin yarımçıq qalması kimi qiymətləndiririk. Belə ki, bu, şagirdlərinin davamiyyətinə və dərslərə münasibətinə, buraxılış siniflərində tədris materiallarının yarımçıq mənimsənilməsinə, repetitor xidmətinin kütləviliyinin əsaslandırılmasına yol açır.

6. Hazırkı şəraitdə ölkədəki ümumtəhsil müəssisələrinin fəaliyyətinə və nəticələrinə, məktəblərdə daxili nizam-intizam qaydalarına, şagirdlərin gündəlik və illik fəaliyyətinə mənfi təsir göstərən ən ciddi amil mövcud qiymətləndirmə qaydalarıdır. Maraqlı cəhət odur ki, biz ali təhsil pilləsində bir yüzballıq qiymətləndirmə, orta təhsildə isə tam başqa yüzballıq qiymətləndirmə qayda və meyarları tətbiq edirik ki, bu da ümumi təhsildə gördüyümüz bütün yaxşı işlərə kölgə salmaqla yanaşı, ali təhsildə tədrisin təşkili prosesinə də xələl gətirir.

O fikirdəyik ki, ümumi orta təhsildə tətbiq olunan qiymətləndirmə düsturu təcili olaraq yeni dərs ilindən dəyişdirilməli, bu düstura kiçik və böyük summativ qiymətləndirmə əmsalları ilə bərabər, davamiyyət və formativ qiymətləndirmə balları da əlavə olunmalıdır. Məktəbdə şagirdin gündəlik fəaliyyəti, təlim-tərbiyə prosesində hər hansı təşəbbüsü və əldə etdiyi nailiyyət motivasiya edilməli və rəğbətləndirilməlidir. Bu vəziyyətin təkcə cari tədris prosesinin təşkilinə deyil, həm də məktəb-şagird-valideyn münasibətlərinə ciddi xələl gətirdiyini diqqətə almalıyıq.

6. Ali və orta ixtisas məktəblərinə tələbə qəbulu sifarişi zamanı bir sıra təhsil və sosial-humanitar ixtisasları üzrə tədris dillərinə aydınlıq gətirmək. Məsələn, bakalavriat səviyyəsində çoxlu ixtisaslaşmaları əhatə edən "Xarici dil müəllimliyi (dillər üzrə)", "Tərcümə (dillər üzrə)", "Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)", "Regionşünaslıq (ölkələr üzrə)" kimi ixtisaslar və bunlara uyğun magistratura səviyyəsindəki ixtisaslaşmalar üçün tədris dili müəyyən olunduqda abituriyentlərin məktəbi bitirdiyi dil əsas götürülür ki, bu da peşə hazırlığı üçün universitetlərə uyğunlaşdırılmış tədris planlarını tərtib və icra etməkdə ciddi çətinlik yaradır. Göstərilən mütəxəssis hazırlığı proqramlarında iki tədris dilinin müəyyən olunması (abituriyentin məktəbi bitirdiyi dil və alacağı ixtisasın dili) real tədris situasiyasının yaradılmasına vəsilə olar.

6.1. Nəzərə alınsın ki, Milli Kvalifikasiya Çərçivəsi (MKÇ) ali təhsilin bütün səviyyələrinin məzunlarından aldıqları peşə üzrə dövlət və bir xarici dildə təqdimat edərək, lazımi bilik, bacarıq, səriştə və kompetensiyaların nümayişini tələb edir.

6.2. 2020-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üçün qəbul olunmuş yeni tədris standartlarına görə növbəti tədris ilində məzunların dövlət attestasiyası nəzərdə tutulmadığından onların qazandıqları bilik, bacarıq və kompetensiyaların ölçülmə mexanizmi MKÇ-nin tələbləri ilə uzlaşdırılmalıdır. Belə çıxır ki, göstərilən mexanizm ayrı-ayrı universitetlərin təklifləri əsasında ETN tərəfindən müəyyən edilməlidir.

6.3. Təhsilin inkişafı üzrə Dövlət "Strategiyası"nda təhsil ixtisasları üzrə pedaqoji internatura sisteminin tətbiqi nəzərdə tutulduğundan bu işin təşkili universitet-məktəb əlaqələrinin güclənməsinə, müəllim hazırlığı proqramlarının səmərəliliyinin artmasına səbəb ola bilər.

6.4. Ali məktəblərdə tam bir tədris ilinin istehsalat (ya da pedaqoji) praktikasına ayrılması mütəxəssis hazırlığı proqramları, baza-istehsalat müəssisələri, universitet-sənaye tandemləri, əmək bazarı və ölkədə insan resurslarının idarə olunması üçün ciddi sınaq olmaqla yanaşı, həm də yeni perspektiv və imkanlar deməkdir.

6.5. Fikrimizcə, orta ixtisasda və ali təhsilin bütün səviyyələrində buraxılış ili tələbələrinin istehsalat (pedaqoji) təcrübəsinin təşkili üçün yeni əsasnamə ən azı Nazirlər Kabineti səviyyəsində təsdiq olunmalıdır. Hazırkı əsasnamədə boşluqlar var. Baza-istehsalat müəssisəsi anlayışı, universitet-baza müəssisəsi münasibətləri, təcrübəçilərin iş şəraiti və rejimi, rəğbətlədirilməsi, təcrübə rəhbəri, təcrübənin qiymətləndirilməsi və digər məsələlər səthi şəkildə əhatə olunub. Bəlkə, bu konteksdə "Təhsil haqqında  qanun"unda nəzərdə tutulmuş "müəllim assistenti" anlayışına da (pedaqoji təcrübədə iştirak edəcək tələbələr nəzərdə tutulur) aydınlıq gətirilər.

6.6. Növbəti tədris ilində ali məktəblərdən əmək bazarına vəsiqə alacaq mütəxəssislər üçün hər hansı bir formada attestasiyanın nəzərdə tutulmaması tədris proqramları tərəfindən müəyyən edilmiş fənn və peşə təlim nəticələrinin qiymətləndirilməsinə problem yaratmaqla bərabər, həm də Azərbaycan universitetlərinin məzunlarına etimadın azalmasına, müxtəlif formatlı imtahanlarla onların karyera inkişafı imkanlarının məhdudlaşdırılmasına, elə bu səbəbdən də ölkədə universitet təhsilinin ictimai qınaq obyektinə çevrilməsinə rəvac verir.

6.7. ETN o həqiqəti nəzərə almalıdır ki, bakalavriat üçün yeni tədris standartlarının müzakirə və təsdiqi pandemiya dövrunə təsadüf etdiyindən bu vacib sənədlərin tərtibində və təsdiqində tələskənliyə yol verilmiş, hətta məzunların istehsalat və pedaqoji təcrübəsinin təşkili mexanizmi sona qədər işlənilməmişdir. Bu müzakirə üç-beş nəfərin iştirakı ilə bitirilə bilməz. Ölkənin bütün ali məktəblərinin profili, ixtisasların spesifikası əsasında istehsalat təcrübəsi ilə bağlı qəbul olunan qərar yuxarıda göstərdiyimiz əsasnaməyə söykənməlidir. Birdən-birə respublika üzrə təxminən 40 min buraxılış ili tələbəsini birillik müddətə əmək bazarına göndərməyin hərtərəfli məsuliyyəti göz altına alınmalıdır. Bizdə isə universitetlərin əmək bazarı, elm, istehsalat və xidmət mərkəzləri, sənayə və orta təhsil müəssisələri ilə əlaqələrinə münasibət hələlik piar xarakteri daşıyır. Təəssüf ki, universitetlərə təklif olunmuş innovativ və startap fəaliyyətlərinə də kifayət qədər diqqət yetirilmədi ki, bu da universitet-əmək bazarı münasibətlərininin nizamlanmasına xidmət edərdi.

Əslində 2019-cu ildə yenilənməli olan növbəti 5 il üçün tədris standartlarının pandemiya dövründə tələsik təsdiqi (2020-ci il, avqustun sonu-sentyabrın əvvəlində) ali məktəblərdə də tədris planlarının qaçaraq hazırlanmasına və təsdiqinə səbəb oldu ki, bu da bu gün kredit sistemi ilə tədrisin təşkilinə və təhsilalanların biliyinin qiymətləndirilməsinə əngəl yaradır. Bu qənaətdəyik ki, ali məktəblərin Elmi Şuraları və uyğun strukturları, müvafiq ixtisaslar üzrə mütəxəssisləri yeni tədris ilinin başlanğıcınadək hər bir ixtisas üzrə tədris planlarını və tədris qrafiklərini təftiş etməli və müvafiq dəyişikliklərə hazır olmalıdırlar.

Üçillik bakalavr tədris proqramları reallaşarsa, bu məsələlər ciddi müzakirələrdən keçməlidir. Müzakirələrə struktur rəhbərləri ilə yanaşı, tədrisdə birbaşa iştirakı olan professor-müəllim heyətinin cəlbi məqsədəuyğundur.

7. Universitet elminin inkişafı, bu inkişafın motivasiya olunması və elmi nailiyyətlərimizin nəticələrinin elmi-metrik bazalarda təmsil olunması üçün 1) elmi-tədqiqat laboratoriyalarının dövlət tərəfindən və ya müvafiq maraqlı sənaye-investisiya, xidmət sahələri qurumları tərəfindən maliyyələşdirilməsi mexanizminin təqdim olunması; 2) elmi-tədqiqat istiqamətlərinin tədris-təlim-təminat-təcrübə bazasına çevrilməsi; 3) elmi nailiyyətləri əks etdirən məqalə və kitablarımızın WOS şəbəkəsinə yol tapması və elmi jurnallarımızın bu sistemdə qeyd alınması üçün əvvəlcə milli DOİ, identifikatorun yaradılması.

8. Bütün tiplərdən olan təhsil müəssisələri üçün xarakterik olan iki məsələyə aydınlıq gətirilməsinin təhsilin idarəolunma sistemlərinə fayda verəcəyinə əminik. Birincisi, hazırda təhsil müəssisələrində əmək funksiyalarının və məsuliyyətin bölüşdürülməsi mexanizmini əks etdirən qanunvericilik aktı ya işləmir, ya da təkmil deyil deyə, birinci şəxsdən başqa digər vəzifə sahiblərinin funksiyaları və məsuliyyəti rəhbərin iradə və arzusu ilə müəyyən olunur. Bu isə inzibati-işçi, pedaqoji, elmi-pedaqoji, tədrisə yardımçı heyətlərin işə professional yanaşmasını istisna etməklə bərabər, həm də tədris müəssisələrindən beyin (mütəxəssis) axınına səbəb olur. Hər yeni gələn rəhbərin öz komandası ilə işə sıfırdan başlaması praktikasının rəğbətləndirilməsinin təhsil sistemimizə vurduğu ziyanı ölçməyin (hətta təhsil özəl xidmət sahəsi olsa belə, insanlar ömrünü bu işə sərf edir, təcrübə qazanırlar) vaxtının yetişdiyi qənaətindəyik.

Ali təhsil müəssisələri ilə yanaşı, regional təhsil idarələrinə, respublika statuslu ümumtəhsil müəssisələrinə rəhbərlərin ölkə Prezidenti tərəfindən təyin olunmasını məqsədəmüvafiq hesab edirik. Bu tədbir son illərdə tədris müəssisələrinin idarə olunmasında yaranmış xaosun aradan qaldırılmasına, tədris müəssisələri rəhbərlərinin səlahiyyətlərinin böyük hissəsinin lüzumsuz olaraq mənimsənilməsinin qarşısının alınmasına, nəticədə onlarda işlək idarəçilik mexanizmlərinin bərpasına imkan verər. İkincisi, tədris müəssisələrinin müstəqil maliyyə-təsərrüfat subyektinə çevrilməsi xülyası hələ də arzu olaraq qalmaqdadır ki (elə təhsil kompleksləri var ki, burada 1500-2500 şagird təhsil alır, 150-200 nəfər işçi çalışır, amma nə mühasibatlığı, nə də insan resursları mütəxəssisi var. Onların nə öz büdcəsi, nə də xərclər smetası barəsində təsəvvürləri var), bu da kollektivlərdə yaradıcı təşəb-büslərin və kreativ düşüncənin qarşısının alınmasına, dövlət büdcəsinin yüklənməsinə, təhsil müəssisəsi əməkdaşlarının buradan kənarda dolanışıq axtarışına yol açır. Halbuki bir sıra yaradıcı təşəbbüslər və intellektual fəaliyyətlər təhsilin özünə ciddi sosial və maliyyə faydası verə bilər. Təəssüf ki, təhsildə bu cür təşəbbüslərin zaman-zaman neqativ planda təqdim edilməsinin sistemə ciddi zərbə vurduğunu hələ də dərk etmirik.

9. 2006-cı ildə Azərbaycanda istedadlı və qabiliyyətli uşaqlarla işin təşkili üzrə Dövlət proqramı qəbul edilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Hesab edirik ki, istedadsız uşaq yoxdur, amma hər şey, o cümlədən, bilik və bacarıq da müqayisə ilə ölçülür və dəyərləndirilir. İstedadlı və qabiliyyətli uşaqların liseylərə seçimində kiminsə yerinin tutulmasına şəraitin yaradılması tədrisin təşkili, müvafiq tədris müəssisələrinin fəaliyyəti və nəticələri üçün çox ciddi problemlər yaratdığı bu işə cavabdeh icra orqanı tərəfindən nəzərə alınmalıdır.  

 

10. Azərbaycanın təhsil ictimaiyyəti ETN-nin gənc rəhbərliyindən, menecer heyətindən təhsil sistemimizin yeni relslər üzərinə daşınmasını, köklü şəkildə yenilənməsini və transformasiyasını gözləyir.

Bu konteksdə bir sıra ali məktəblərimizin profil və ixtisaslarının təftişinin, elmi və tədris istiqamətlərinin reanimasiyasının vaxtı çatıb. Biz ölkənin əmək bazarı və elmi həyatı üçün lazımsız bir struktura çevrilməkdə olan hansısa universitetin və ya elmi-tədqiqat institutunun bağlanması və ya başqa bir ali tədris ocağına birləşdirilməsi məqamını gözləməməliyik. Axı hər hansı ali tədris ocağının divarları yüzlərlə mütəxəssisi və istedadlı gənci, neçə-neçə tədris və elmi-tədqiqat istiqamətini öz ağuşuna alıb. Universitetlərimizi və elmi-tədqiqat institutlarımızı tərk edib məcburən özünə başqa fəaliyyət məkanı axtaran alim və mütəxəssislərin seçimi elm və təhsilimizə cavabdeh instansiyaları düşündürməlidir.  

Hazırda təhsil Azərbaycan cəmiy-yətinin həyati, ideoloji və sosial sorğularına əsaslanan sahə kimi lakmus kağızını xatırladır. Çoxlu uğurlarımız olsa belə, epizodik fəaliyyətlər konseptual və strateji inkişaf planlarını istisna edə bilməz.

11. Universitetlərimizin ölkədəki dördüncü sənaye inqilabının lokomotivlərinə çevrilməsinə, təhsil xidmətləri ilə yanaşı, elmi, innovativ fəaliyyətdən, xidmət və istehsalat sahələrindən gəlir əldə edib real təsərrüfat subyektinə çevrilmək və öz inkişafına investisiya qoymaq, bu işə tərəfdaşları inandırmağın vaxtı çoxdan çatıb. Bunun üçün onların real publik hüquqi şəxs statusunda fəaliyyətinin qanunvericilik bazası və real işlək mexanizmləri yaradılmalıdır. Xüsusən bölgələrdə yerləşən universitetlərimizin tədris-sənayə, elm-mədəniyyət, müvafiq xidmət mərkəzlərinə çevrilməsi regionların intellektual simasının dəyişməsinə, burada çalışan professor-müəllim heyəti, tələbə kontingenti, məzunlar üçün ciddi sosial üstünlük və karyera inkişafı deməkdir.

12. Fikrimizcə, yaradılması nəzərdə tutulan Elm və Ali Təhsil Agentliyi onilliklər boyu Azərbaycan təhsilinin məzmun komponentinə, elmi-metodiki, pedaqoji-psixoloji tədqiqatlar, eksperimentlər və araşdırmalar istiqamətlərinə, zaman-zaman bütün təhsil pillələri üzrə standartların, proqramların və planların, təhsilimizin cari və strateji inkişaf tendensiyalarının müəyyən olunmasına cavabdeh olmuş Təhsil İnstitutuna əvvəlki vəzifələrini özünə qaytaracaq, onu inzibati, təhsil marketinqi funksiyalarından azad edəcək. On beş ilə yaxın müddətdə bu İnstitutda pedaqogika, psixologiya və tədrisin metodikası üzrə dissertasiya şurasının olmaması buradakı elmi-pedaqoji potensiala, Azərbaycan təhsilinin elmi-metodiki bazasına (birbaşa ETN-nin xidmətində olan) ağır zərbə vurub ki, bu da daim islahatlar aparan mərkəzi icra orqanını ciddi elmi yanaşmalardan, milli təcrübəyə və ənənələrə əsaslanan ən müasir pedaqoji və innovativ texnologiya və yanaşmalardan məhrum edib (bu mənada ən yeni və mütərəqqi xarici təcrübələrin real eksperimentlərə söykənmədən təhsilimizdə tətbiqinin nəticəsiz qalması bizi düşündürməlidir. Nəzərə alaq ki, bu cür eksperiment və layihələr olduqca böyük vəsaitləri "udmaq"la bərabər, sistemə xaosgətirmə "missiya"sını davam etdirməkdədir).

10 il öncə "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olundu. Əslində göstərilən bu on ilin və həyati Dövlət proqramının məqsədi keçid dövrünü tamamlamaq, ölkə təhsilinin cari və strateji inkişafını, struktur, məzmun, idarəedicilik baxımından yenilənmə prosesini, yeni yanaşma və texnologiyaların tətbiqini addım-addım izləmək və keyfiyyətcə tam yeni mərhələyə addatmaq, yeni relslər üzərinə keçirmək, transformasiya etmək idi. Obyektiv və subyektiv səbəblərdən nəzərdə tutulan və proqnozlaşdırılan bir sıra tədbirlər icra olunmadı. Fikrimizcə, başlıca səbəblərdən biri təhsilin idarəçilində yaşlı və gənc nəsillərin bir-birini əvəz etməsində tələskənliyə yol verilməsidir. Bu isə pedaqoji sahədə məqsədəuyğun sayılmamaqla bərabər, indi "Strategiya"nın icrasına məsul konktet şəxslərin və komandaların müəyyən olunmasını çətinləşdirir. Fənn kurikulumlarının və qiymətləndirmə qaydalarının tətbiqi təcrübəsi hökuməti ehtiyatlı davranmağa vadar etməlidir. Ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş belə məzmunlu konseptual xarakterli Dövlət proqramlarının icra vəziyyəti Nazirlər Kabinetində və Milli Məclisdə ciddi müzakirə və hesabatlardan keçməlidir.

Fənn kurikulumları, ümumtəhsil müəssisələrində qiymətləndirmə qaydaları və təhsilin inkişafı üzrə "Strategiya" üzrə yarımçıq qalmış addımları, reallaşdırılmamış tədbirləri təftiş edib, növbəti 5-10 il üçün ölkədə təhsilin yeni inkişaf strategiyasını təqdim etməyə ehtiyac yarandığı qənaətindəyik.

Təbii ki, göstərdiyimiz hər bir bənd və yarımbənd, istiqamət burada toxuna bilmədiyimiz çoxlu digər problemlərlə də əlaqədardır; məsələlərin həllinin icra mexanizmi təklif və qəbul edilməlidir.

Təqdim olunan təklif və mülahizələrin göstərdiyimiz yeni strateji inkişaf xəritəsinin müəyyən cizgiləri olacağına ümid edirik. 

 

Telman CƏFƏROV

Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

525-ci qəzet.- 2023.- 23 may.- S.10-11.