Şahmat və həyat müqayisələr
müstəvisində
"Şahmatın əsası
onun nə
olduğunu düşünməkdir" - deyirdi
şahmat ustası David Bronstein. Məşhur ingilis dramaturqu Uilyam Şekspir isə düşünürdü
ki, "bütün dünya bir oyun səhnəsidir, yalnız oyunçu olan qadınlar və kişilərin səhnəyə daxil olub çıxdığı
və ömrü boyunca bir çox
rol aldığı". Həqiqətən də doğularaq həyat səhnəsinə
daxil olur, yaşayaraq ayrı-ayrı
adlarla müxtəlif xarakterlərə, iradə
gücünə və
zəkaya malik fərqli obrazlar yaradır, nəhayət, ölərək özünəməxsus
rollarımıza son veririk.
Şahmat oyundursa, yaşadığımız
həyat da şahmat oyununa bənzəyir, yaxud da "şahmat həyatın kiçildilmiş
modelidir" deyə bilərik. Şahmatda
da daşlar düzülərək ("doğularaq")
oyun taxtasına ("həyat səhnəsinə")
daxil edilir, oynanılaraq ("yaşayaraq")
ayrı-ayrı adlarla
("vəzir", "at" və s.) müxtəlif
forma və gedişlərə
("xarakterlərə"), eləcə də gücə ("iradə gücünə və zəkaya") malik olan fərqli fiqurlar, piyadalar ("obrazlar") yaradılır,
nəhayət, onlar vurularaq ("ölərək")
oyundan çıxarılırlar ("özünəməxsus rollarımıza
son veririk").
Şahmat və həyat müstəvisində eyniliklər və oxşarlıqları saymaqla bitməz: Fiqurlar və piyadalar... insanlar... Xanalar.. atdığımız addımlar... Müxtəlif variantlar... qarşımıza çıxan yollar... Məcburi gedişlər... imkansızlıqlar... Hesablamalar... uzaq görənliklər... Təhlillər... qiymətləndirmələr... Üstünlüklər... imtiyazlar... Fiqurların qarşılıqlı əlaqələri... insanlararası səmərəli münasibətlər... İkitərəfli hücum... eyni anda bir neçə düşməndən gələn zərbə... Qalaqurma... evlər və sığınacaqlar... Fiqur və piyada mübadilələri... dəyişmə və alqı-satqılar... Xəyal gücü... fantaziyalar... Qurbanlar... fədakarlıqlar... Diqqətsizliklər... unutqanlıqlar... Məqsədlər, strategiyalar, taktikalar, maraqlar, gizli niyyətlər... həyatda olduğu kimi... Nəhayət, mat vəziyyəti... ölüm anı... Şahmat və həyat...
Hadisələri diqqətli şəkildə təhlil etməklə, baş verəcəkləri qabaqcadan hesablamaqla, ustalıqla oynanması lazım olan bir zəka oyunu deyək. Şahmat üzrə altıncı dünya çempionu olmuş Mixail Botvinnikin dili ilə ifadə etsək "şahmat analiz sənətidir"; "şahmatda ustalıq, vəziyyətləri doğru təhlil etməklə ölçülür". Eynilə həyatda olduğu kimi... Belə ki, analiz məktəbi olan həyatda peşəkarlıq, situasiyaları düzgün qiymətləndirməklə müəyyən olunur. Şahmat üzrə yeddinci dünya çempionu olmuş Vasili Smıslov haqlı olaraq deyirdi ki, "şahmat sənəti analitik bacarıqların cilalanmasını tələb edir. Təhlil etməyi bacarmaq şahmatçının təkmilləşməsi üçün çox mühüm keyfiyyətdir..." Təhlil qabiliyyəti doğrudan da şahmat və həyatın ən zəruri və güclü silahıdır.
Şahmat üzrə onuncu dünya çempionu olmuş Boris Spasski söyləyirdi ki, "şahmat bütün fəlsəfi dərinliyi, estetik çəkiciliyi ilə birlikdə hər şeydən əvvəl, sözün əsl mənasında bir oyundur; içində iradənizin, xarakterinizin, zəkanızın ortaya çıxdığı bir oyun".
Şahmat həyatda həqiqətləri görməyimizə imkan verən baxış tərzidir. Bu oyunun qaydalarını həyatın istənilən sahəsinə tətbiq etmək mümkündür.
Şahmat üzrə on ikinci dünya çempionu olmuş Anatoli Karpov isə deyirdi: "Şahmat hər şeydir: sənət, elm və idman". Mübaliğəsiz olaraq demək olar ki, şahmat fəlsəfə, məntiq, hüquqşünaslıq, sosiologiya, politologiya, psixologiya, iqtisadiyyat, riyaziyyat, fizika, ədəbiyyat, rəssamlıq, incəsənət, idman və bir çox digər sahələri özündə ehtiva edir.
Şahmat fürsətlərdən yerində faydalanmağı öyrədir... Həyatdakı şanslar kimi... Şahmat üzrə üçüncü dünya çempionu olmuş Xose Raul Kapablanka bu həqiqəti şahmatın timsalında belə dilə gətirmişdir: "Əgər gedişin yaxşı olduğunu düşünürsünüzsə, oynayın! Yaxşı və doğru olduğunu düşündüyünüz gedislər tərəddüdə düşmədən oynanılmalıdır". Həyatda da əgər şans yaranıbsa, yubanmadan fürsətdən yararlanılmalı və lazımi addım atılmalıdır.
Şahmat oyununun mahiyyətini anlayan hər kəs bu oyunda həyatın yaşanılması həqiqətinin danılmaz bir fakt olduğunu qəbul edər.
Tarixdə şahmatın rolunu və əhəmiyyətini həddindən artıq yüksək qiymətləndirib onun hər şeydən, hətta həyatdan üstün olduğuna inananlar da olub.
Alman filosofu və yazıçısı Artur Şopenhauer yazırdı ki, "həyat bir şahmat oyunu kimidir, biz, plan qururuq, ancaq bu plan şahmatda rəqibimizin, həyatda isə taleyimizin nəyi etməyi seçəcəyi şərtinə bağlıdır".
Şahmat ustası Viktor Korşnounun fikrincə, "insan ünsürü, insan xətası və insan əsaləti: şahmat matçlarının qazanılma və itirilmə səbəbləri bunlardır". Bu deyilənlərin həyat üçün də keçərli olduğunu izah etməyə, yəqin ki, ehtiyac yoxdur.
Şahmatda oyunçunun oynadığı gedişi geriyə qaytarıb başqa bir gediş etmək imkanı yoxdur. Həyatda varmı ki?!
Amerikan şahmatçısı Den Haysmen deyirdi ki, "şahmatda ən önəmli prinsip təhlükəsizlik və müdafiə, ikincisi isə hərəkətdir. Geri qalan hər şey nisbətən önəmsizdir". Həyatda da ən zəruri amil şəxsi təhlükəsizlik, dövlətin müdafiəsi deyilmi?! Başqa sözlə, həyatda hər şeydən üstün sayılan prioritet məsələ qorunma ilə bağlıdır, qalan istənilən hər şey bundan sonra gəlir.
Amerikan yazıçısı Adam Faver yazırdı ki, "şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itirib yenə də oyunda qalib ola bilərsən".
Şahmat üzrə ikinci dünya çempionu olmuş Lasker deyirdi ki, "şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz". Həyatda da elə deyilmi?! Fransada naturalzm ədəbi cərəyanının öndəri olan Emil Zolya yazırdı ki, "əgər həqiqəti susdurub yer altında gizlətsəniz, zamanla içində elə bir güc toplanar ki, bir gün açıldığı zaman hər şeyi önünə qatıb sürükləyər".
Laskerin şahmatla bağlı digər fikri - tövsiyəsi belədir: "Yaddaşınızda ad, tək-tək hadisələri, hətta nəticələri belə saxlamayın, sadəcə qaydaları və metodları yadda saxlayın. Metod plastikdir, hər şəraitə uyğunlaşa bilər. Nəticə isə bərkdir, çünki tamamilə fərdi şərtlərə bağlıdır. Metod saysız-hesabsız nəticələr meydana çıxara bilər, bunlardan isə yalnız bir neçəsi yadınızda qalar. Yaddaşınızda qalanlar metodu canlı saxlamaq və uğurlu nəticələr əldə etmək baxımından faydalıdır". Həqiqətən də həyatda müvəffəqiyyət qazanmaq üçün önəmli olan məhz eyni və ya oxşar situasiyalara tətbiq oluna bilən standart üsulları bilməkdir. Yəni konkret problemi həll etməyin yolunu bilirsinizsə, həmin metodları oxşar olan istənilən vəziyyətə tətbiq edə bilərsiniz. Bu baxımdan, ayrı-ayrı problemləri lüzumsuz yerə beyninizə yükləmək yerinə "necə?" sualına cavab verən metodları yadda saxlamaq daha önəmli və yararlı deyilmi?!
Şahmat həyatdakı kimi gücün yalnız birlikdə mövcud olduğunu və önəm daşıdığını gözlər önünə sərir. Bunu şahmatdakı şah fiquruna nəzər salmaqla aydın görə bilərik. Belə ki, şah oyunun ən dəyərli fiquru olsa da, ən güclü fiquru olmadığını düşünsəniz görərsiniz ki, şah ətrafı ilə birlikdə güc qazanır və önəmli olur. Eyni ilə həyatda da böyük işlərə təkbaşına deyil, komanda ilə nail olunur. Bir Azərbaycan atalar sözündə deyildiyi kimi "güc birlikdədir". Yaxud da şahmatda böyük kombinasiyalar, mürəkkəb planlar məhz fiqurların və piyadaların qarşılıqlı əlaqəsi və bir-biri ilə əlbir köməkliyi sayəsində gerçəkləşir və nəticədə siz qələbə qazanırsınız. Amerikan şahmatçısı Paul Morfinin söylədiyi kimi "daşlarınıza yardım edin ki, onlar da sizə yardım etsin". Eynilə həyatdakı kimi... Gərək nəyəsə nail olmaq üçün kimlərəsə yardım edəsiniz ki, onlar da sizə köməklik etsinlər.
Beləliklə, barəsində cild-cild
kitablar, məqalələr, bədii əsərlər
yazılmış, xüsusi jurnallar dərc edilmiş,
filmlər çəkilmiş, internet
saytları yaradılmış bu möhtəşəm
oyun - şahmat, sözün əsl mənasında da Həyatdır...
Yunis
XƏLİLOV
Naxçıvan
Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet.- 2023.- 24 may.- S.15.