"İçərişəhər"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Könül
Vəliyevadır. Onunla tanınmış rəssam Fikrət İbrahimlinin "İçərişəhər"
əsərindən danışmışıq.
Azərbaycan rəssamlıq sənəti
tarixində Neftçala
rəssamlarının xüsusi
yeri olduğunu əminliklə deyə bilərik. Burada yetişən əksər
rəssamlar respublikada
çox məşhur
olan "Adil Hacıyev məktəbi"ni keçiblər. Onlardan biri də 2 iyun 1955-ci ildə Neftçala rayonunun Xıllı kəndində
dünyaya göz açan Fikrət Əli oğlu İbrahimlidir. Fikrət
İbrahimli əvvəlcə
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində təhsil
alıb. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifidir.
Rəssamın yaradıcılığında
İçərişəhər mövzusu ayrıca yer tutur. Fikrət İbrahimlinin əsərləri müxtəlif
vaxtlarda respublika və xarici ölkələrdə təşkil
olunmuş sərgilərdə
nümayiş etdirilib,
mükafatlara layiq görülüb və ölkəmizlə yanaşı
xarici ölkələrdə
şəxsi kolleksiyalarda
saxlanılır.
- Könül xanım, istərdim söhbətimizə
əsərin yaranma tarixcəsindən başlayaq.
- Əsər 2000-ci ildə
işlənib. Sanki günəşlə
bərabər bərq
vuran al-əlvan rənglərin estetik düzümündən yaranmış
bu şəhər mənzərəsi doğma
"İçərişəhəri"
özündə təcəssüm
etdirir. Rəssamın quş baxışı
ilə icra etdiyi mənzərə onun fırçasından
süzülən həlim
bir simfoniyanı təmsil edir. Fikrət İbrahimli Neftçalada boya-başa çatsa da, o, İçərişəhəri
də öz doğma evi bilir. Müəllif "doğma" İçərişəhərini dəfələrlə kətana
köçürüb. Rəssam hər dəfəsində
ona yeni bir yanaşma, yeni bir baxış
aşılayır.
- Hazırda tablo harda saxlanılır?
- Hazırda əsər şəxsi kolleksiyada saxlanılmaqdadır.
- Əsərin üslubu
haqqında nə deyə bilərsiniz?
- Bu əsərin üslubu haqqında danışmalı
olsaq, ilk deyəcəyimiz
kəlmə onun nağılvari ab-havaya
sahib olmasıdır. Rəssamın müəllimləri Adil Hacıyev və Toğrul Nərimanbəyov
olmuşdu. Onların hər
ikisindən təsirlənən
rəssamın orijinal
üslubu diqqətəlayiqdir.
Emosional duyğuların da qatıldığı bu kompozisiyada rənglər öz sözünü deyir.
Tələbəlik illərindən uzun müddət ərzində
İçərişəhərdə yaşayan rəssam qədim qalanın hər yerinə bələddir, buranın labirintəbənzər küçələrini,
onun ayrı-ayrı abidələrini, daşlara
hopmuş xatirələrini
sevə-sevə kətana
köçürüb. Doğma şəhərin
təsvirinə mücərrəd
və nağılvari
yanaşan sənətkar
Bakının dinamikasını,
xaosunu, ritmini, estetikasını bu tablosunda ustalıqla təqdim edir. Kompozisiyanın əsas xüsusiyyətləri
arasında hərəkət
hissi, işıq və kölgə arasındakı kontrast yer almaqdadır. Şəhərin mistik təsvirində
forma ilə rənglər
də bərabər dərəcədə rol oynayır. Həndəsi formalar ilə,
cizgi və əyrixətli biçimlərdən
çox istifadə edilməsinə baxmayaraq, lirik ab-hava, romantik çalar öz bədii və estetik gücünü itirməyib.
Tarix qoxan abidələri, hər bir qarışı
min sirr ilə möhürlənən küçələri
həvəslə işləyən
fırça ustası
təxəyyülünün özünəxas nümunəsi
kimi kompozisiyanı uğurla tamamlayıb.
- Bəs rəng koloriti?
- Əsərin rəng koloriti mükəmməl həll olunub. İçərişəhər sanki bayram ab-havasındadır. Kompozisiyada müsbət, çox səmimi bir ovqat mövcuddur. Xəzər dənizinin mavisi, açıq səmanın mavisi ilə harmoniya təşkil edir. Oxra tonlarında həll olunan labirintə bənzəyən İçərişəhərin küçələri isə əsərin bədii gücünü artırır. Bütün kolorit rəssamın nikbin ovqatlı daxili aləmindən xəbər verir. Köhnə tipli, gümbəzli tikililərin təzad rənglərində isə xüsusi bir bədii "ab-hava" mövcuddur. Fırça vuruşlarında nəqş olunmuş lirizm rəssamın mövzu seçiminə çox yaraşır. Xoşahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiya sənətkarın üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Bakının gözü, döyünən ürəyi İçərişəhər. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlandırılan Şərqin demək olar ki, simvoluna çevrilmiş ənənəvi memarlıq elementləri - günbəzlər, minarələr, sadə eyvanlar qədim Bakının xatirələrimizə sinən görüntüsünü arabir kövrək duyğularımızla da yada salır. İçərişəhər sözün əsl mənasında qədim abidələrin xəzinəsidir.
Qala divarları ilə əhatə olunmuş, yaşı keçmişə dayanan tariximizi qorumaq, yaşatmaq hər birimizin həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur. Bu divarlar keçmişlə indiki dövrün arasına müəyyən mənada sədd çəksə də, qədimliklə müasir dövrün vəhdətini də özündə ehtiva etməkdədir. Bu kompozisiyada da rəssam qala ilə əhatələnmiş şəhəri təsvir edərkən birbaşa bunu vurğulamaqla yanaşı, eyni zamanda, sonsuzluğa uzanan şəhərin təsvirində müasir - yeni Bakının da təsvirini unutmur, keçmişimizi qoruyaraq irəliyə-inkişafa doğru yönəldiyimizə eyham vurur.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 24 may.- S.13.