"Ellərin sevgili yarı
Naxçıvan..."
Həyatını
çörəkli bir peşəylə - dərziliklə
bağlayan Usta Kərim Şuşa
qalasından Qarabulaq kəndinə kefiköklükdən
köçüb-gəlməmişdi. Qarabağda
qırğın salan arxalı köpəklərin - murdar xislətli
erməni tayfasının törətdiyi vəhşiliklər
bir çoxları kimi onu da doğma şəhərindən
didərgin salmışdı. Bu gənc dərzi,
necə deyərlər, iynəsini yaxasına sancıb,
çörəkpulu qazanmaq üçün Aşağı
Qarabağa üz tutmuş, el-el, oba-oba gəzib-dolaşaraq
axırda Qarabulaqda bənd almışdı.
Dolanışığı çox çəkmədən
babatlaşan və sadə bir peşə sahibi kimi ad-san qazanan
Usta Kərimin üz-gözü təzə yurda az bir vaxtda elə alışmışdı,
elə öyrəşmişdi ki, o, dava qurtardıqdan sonra
daha Şuşaya qayıtmayıb, burda özünə
ev-eşik düzəltmiş, yurd-yuva salmışdı.
Usta Kərim
Qarabulaqda yaşasa da, yarı canı qaldığı
doğma vətənini - dədə-baba yurdunu da unutmur, hər
il külfəti ilə Şuşada
yaylayırdı. Hər dəfə də gələndə
oğlunu, balaca Məmmədi şəhərin gəzməli,
görməli yerlərinə aparır, məhəlləbəməhəllə,
küçəbəküçə gəzdirərək bu
qalanın tarixini, burda baş verən ibrətamiz hadisələri,
maraqlı əhvalatları ona danışır və bununla
övladının kiçik qəlbində doğma
el-obasına sevgi, məhəbbət, vətəninə
bağlılıq hissləri oyadırdı. Lap
körpəlikdən havasını ciyərlərinə
çəkdiyi Cıdır düzünü, məlhəm
suyunu içdiyi İsa bulağını, dəfələrlə
qoynunda dolaşdığı Çanaqqalanı gəzməkdən
yorulmayan Məmməd gördüyü gözəllikləri
gözlərinə köçürür, mənzərələri
yaddaşına yazır, Şuşanın şeir-sənət
bulağından su içir, zəngin musiqisinin şirəsini
canına-qanına çəkirdi. Hərdən də
toqqasına ilgəhlədiyi qamış tütəyini
çıxarıb, özünəməxsus
çalğısı ilə ətrafdakıları heyrətə
gətirir, məftun edirdi...
Beləliklə,
uşaqlığını, neçə-neçə
yayını bu dağlar qoynunda bax, beləcə mənalı
və maraqlı keçirən yeniyetmə Məmməd bir də
gözünü açıb gördü ki, artıq orta məktəbi
bitirib, sənət dalınca getməyin, bir peşə sahibi
olmağın, üstəlik də, aşıb-daşan
istedadını, qabiliyyətini göstərməyin vaxtı
gəlib-çatıb. Bunun üçünsə
geniş bir auditoriya, sənət meydanı lazımdır.
Bu meydan da şübhəsiz, Bakı idi - istedadların
toplaşdığı böyük şəhər,
böyük sənət məbədi... Elə bu arzuyla, bu istəklə
də bir yay günü qatar onu paytaxta gətirib-çıxartdı.
Məmməd sənədlərini Azərbaycan Dövlət
Konservatoriyasının nəzdindəki Bakı Musiqi
Texnikumunun nəfəsli alətlər şöbəsinə verdi...
Sonralar həmin
o unudulmaz günləri, həmin o xoş anları belə
xatırlayırdı Məmməd müəllim: "1931-ci
ilin avqust ayı idi. Texnikumda qəbul
imtahanları gedirdi. Abituriyentlər
arasında mən də vardım. Binanın
koridorunda durub, həyəcanla və səbirsizliklə
içəri çağırılmağımı gözləyirdim.
Qəbul otağından ara-sıra bayıra
çıxan gənc bir oğlan imtahan verənləri
növbə ilə içəri dəvət edirdi. O, bu
dəfə otaqdan çıxanda:
- Məmməd Cavadov kimdir? Buyursun, keçsin içəri! - deyib, əli ilə qapını göstərdi.
Mən həyəcanla,
bir az da çəkinə-çəkinə
imtahan gedən otağa daxil oldum. Küncdə qoyulmuş
fortepiano arxasında orta yaşlarında nurani bir kişi oturmuşdu. O məni görcək:
-
Yaxın gəl, oğlum! - deyə məni
yanına çağırdı.
Özümü toplayıb, yaxınlaşdım. O, fortepianonu dilləndirdi,
musiqi duyumumu, yaddaş ritmimi yoxlamağa başladı.
Çox bəyəndiyini bildirib, razılıq və sevinclə:
- Afərin,
oğlum, çox gözəl, çox pakizə! - deyərək ayağa durub, əlləri ilə
başımı sığalladı. Sonra dedi: - Sən
artıq tələbəsən, gedə bilərsən.
Mən otaqdan necə çıxdığımı
bilmədim. Sanki qanadlı bir quş olub, göylərdə
uçurdum. Sevincimdən imtahan götürən müəllimin
kim olduğunu da soruşmadım. Yalnız
bir neçə gündən sonra dərslər başlananda həmin
şəxsin Üzeyir Hacıbəyov olduğunu bildim..."
Bəli, bəxti yar olmuşdu Məmmədə.
Qarşısına Üzeyir bəy kimi dahi bir şəxsiyyət,
nəcib bir insan çıxmışdı. O vaxtlar bu düha
haqqında çox eşitmişdi, lakin onu üzbəsurət
görməmişdi. Üzeyir bəylə
qabaq-qənşər söhbət eləmək Məmmədə
yuxu kimi gəlirdi.
...Üzeyir
bəy Hacıbəyov Məmmədə musiqi nəzəriyyəsindən
dərs deyirdi. İkinci kursda oxuyarkən bir
gün müəllimi onu yanına
çağırtdırdı.
Dolanışığı ilə maraqlandı, belə bir
sual da verdi:
- Məmməd,
de görüm indiyəcən ya balaban, ya da tütək
çalmısan?
- Bəli,
müəllim!
-
Çox yaxşı! - dedi. Cibindən bloknotunu
çıxarıb, nəsə yazdı və vərəqi
qoparıb, Məmmədə verərək:
-
Düş aşağı, ikinci mərtəbəyə, bu
kağızı ver kitabxanaçı qıza, - deyib, onu
kitabxanaya göndərdi.
Kağızda yazılmışdı ki, bunu gətirən
oğlana yaxşı bir balaban verilsin".
Məmməd
kitabxanaçı Olqa Andreyevadan bir balaban alıb, Üzeyir bəyin
yanına qayıtdı...
Üzeyir bəy təxminən bir ay fərdi qaydada Məmmədə
dərs keçdi. Gənc tələbə solfecio və harmoniyanı
tezliklə səylə və dərindən mənimsədi,
notla çalmağı öyrəndi, öz
çalışqanlığı ilə Üzeyir bəyin
gözündə daha da ucaldı, onun ən nümunəvi və
sevimli tələbələrindən birinə çevrildi,
aralarında ata-bala münasibətləri yarandı. Ona görə də dahi bəstəkar istəkli tələbəsini
tərəddüd etmədən Azərbaycan Radio Verilişləri
Komitəsi nəzdində yenicə yaratdığı notlu
xalq çalğı alətləri orkestrinə işə
götürdü. Məmməd dərslərinə
davam eləyə-eləyə balabançı solist kimi burda
da çalışmağa başladı. Səid
Rüstəmov, Qılman Salahov, Hafiz Mirzəliyev, Xosrov Məlikov,
Adil Gəray kimi sənət dostları ilə birlikdə
vaxtaşırı qastrol səfərlərinə
çıxdı, zavod və fabriklərdə, kolxoz və
sovxozlarda, mədəniyyət saraylarında zəhmət
adamları qarşısında çıxış elədi,
balaban ifaçısı kimi məşhurlaşmağa
başladı.
Öz həzin və məlahətli ifası ilə
tezliklə ürəklərə yol tapan bu fitri istedada Allah-Təala
gözəl səs də bəxş eləmişdi. O, həm də mahnı bəstələyir,
musiqi ictimaiyyəti arasında həvəskar müğənni
kimi də tanınırdı. Lakin necə deyərlər,
su axar, çuxurunu tapar. Özü də tədricən
hiss eləyirdi ki, onun yolu müğənnilikdən daha
çox bəstəkarlıq yoludur. Elə dahi
Bülbülün məsləhəti ilə də Məmməd
müğənni olmaq fikrindən tamamilə
daşınıb, bütün enerjisini və istedadını
bəstəkarlığa yönəltdi. Bülbüllə
olan görüşü barədə belə bir xatirə də
söyləyirdi Məmməd müəllim: "1934-cü ildə
Üzeyir bəy tələbələrinə musiqi nəzəriyyəsindən
dərs deyirdi. Mən solfecio dərsində
ikinci oktavanın fa, sol, lya səslərini sərbəst
oxudum. Üzeyir bəy fortepianonun dillərindən bir
anlığa əllərini götürüb, çox diqqətlə
və mənalı-mənalı üzümə baxdı,
bloknotuna nəsə yazdı və kiçik kağız
parçasını mənə verib dedi:
- Məmməd,
bunu apar ver Bülbülə!
Kağızda
yazılmışdı: "Hörmətli Bülbül! Məmməd Cavadovun səsini yoxla!" - Mən Bülbülün yanına getdim. Üzeyir bəyin yazdığı kağızı
ona verdim. Müğənni fortepianonun
qarşısında oturub, mənim səsimi həm bəmdə,
həm də zildə yoxlamağa başladı. Tamamilə
yoxladıqdan sonra dedi:
- Məmməd,
bala, yəqin Üzeyir bəy gələcəkdə, bəlkə,
səndən yaxşı bir opera müğənnisi
çıxacağını fikirləşib, mənim
yanıma göndərib. Düzdür, səsin
var, pis deyil, amma sən Zülfüqar Sarıyev kimi yalnız
kiçik və epizodik rollarda oynaya bilərsən. Məsləhətim
budur ki, öz ixtisasını yaxşı-yaxşı öyrən,
onda bir yana çıxa bilərsən...
Allah
Bülbülə qəni-qəni rəhmət eləsin, qəbri
nurla dolsun! Yaxşı ki, o kişi
vaxtında mənə məsləhət verdi, məni
artistlikdən çəkindirdi. Yoxsa, Əli
aşından da olardım, Vəli aşından da!"
Məmməd musiqi texnikumunu uğurla başa vurdu. Üzeyir bəyin
atalıq qayğısı sayəsində imtahan vermədən
konservatoriyaya daxil oldu. Özü də
eyni vaxtda həm bəstəkarlıq, həm də nəfəsli
alətlər şöbəsinin klarnet sinfində təhsil
aldı. Ağabacı Rzayeva, Ədilə Hüseynzadə,
Hökumə Nəcəfova, Hacı Xanməmmədov kimi gələcəyin
tanınmış bəstəkarları ilə birlikdə
oxudu, eyni zamanda orkestrdə çalışdı.
1938-ci ilin aprel ayında Moskvada keçiriləcək Azərbaycan
Ədəbiyyatı və İncəsənəti
Ongünlüyünə gedən heyət arasında Məmməd
Cavadov da vardı. Ongünlükdə paytaxt tamaşaçılarına
göstərilən Üzeyir Hacıbəyovun, Müslüm
Maqomayevin, Əfrasiyab Bədəlbəylinin və başqa bəstəkarlarımızın
əsərlərinin uğur qazanmasında o da öz
payını verdi. Səfərdən
qayıdandan sonra Məmməd musiqi fəaliyyətini daha
şövqlə, daha həvəslə və
coşğunluqla davam etdirməyə başladı,
yaradıcılıq auditoriyasını daha da genişləndirdi.
İstedadlı musiqiçi Azərbaycan Dövlət Opera və
Balet Teatrının Simfonik Orkestrinə dirijor vəzifəsinə
təyin olundu, bir müddət burda çalışdı...
Və
1941-ci ildə Azərbaycan Dövlət Caz Orkestri yaradılarkən Məmmədin
istedadına və qabiliyyətinə yaxından bələd
olan sənət dostları onu solist-saksofonçu vəzifəsinə
gətirdilər. Bu sənətin respublikamızda təməlinin
qoyulmasında və inkişafında kollektivin bədii rəhbəri
maestro Niyazi, orkestr rəhbəri Tofiq Quliyev, saksofonçu Pərviz
Rüstəmbəyov kimi musiqiçilərlə birlikdə
onun da müəyyən qədər xidməti oldu. Məmməd Cavadovun musiqili həyatının və
yaradıcılığının bir çox parlaq səhifələri
bu orkestrlə bağlıdır. Kollektivdəki
çıxışları gənc ifaçını musiqi
ictimaiyyəti arasında daha çox tanıtdı. Tofiq Quliyevin "Çahargah" mövzusunda improvizələrinin
saksofonda ifasını dinləyən Üzeyir bəy onu
çox bəyəndi. Tofiq Quliyev həmin günləri
belə xatırlayırdı: "İlk konsert
tamaşamız M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında oldu. Cazın
repertuarında Sifinq və Avropa klassik caz melodiyaları və
Azərbaycan bəstəkarlarının əsərləri səsləndi.
Cazın əsas musiqiçilərindən biri Məmməd
Cavadov idi. O, ilk dəfə alt saksofonda
"Çahargah" muğamını ifa elədi. Bu muğam orkestrin repertuarına zənginlik, ahəngdarlıq,
gözəllik gətirdi. Konsertimiz sürəkli
alqışlarla tamamlandı. Bu yenilik
tamaşaçıların çox xoşuna gəlmişdi.
Ertəsi gün Üzeyir bəy bizi təbrik elədi
və repertuarımızın xoşuna gəldiyini
vurğuladı. Həm də Məmmədin
saksofondakı "Çahargah" ını xüsusilə,
bəyəndiyini, yenilik olduğunu dedi. Və əlavə
elədi ki, çalışın Azərbaycan
melodiyalarını orkestrə həmişə daxil edin.
Gözəl təşəbbüsdür.
Məmməd həmişə musiqimizin önündə olub,
sevilib, ifası bəyənilib..."
Məmməd
Cavadov iki il bu orkestrdə
çalışdı, ölkənin bir çox şəhərlərində
qastrol səfərlərində oldu, Bakıda və
respublikamızın rayonlarında bu yeni musiqi janrını təbliğ
elədi. Orkestr gənc musiqiçi
üçün bir məktəb rolunu oynadı, onun
inkişafına böyük təsir göstərdi.
İstedadlı musiqiçi 1943-cü ildə Azərbaycan
Dövlət Dram Teatrının simfonik orkestrinə dirijor vəzifəsinə
dəvət olundu. Lakin çox çəkmədən rejissor Adil İsgəndərovun
məsləhəti və Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin sərəncamı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram
Teatrına dirijor və musiqi məktəbinə müəllim
təyin edildi. Bu ulu gözəlliklər diyarına gəldiyi
gündən, necə deyərlər, əl-qolunu
çırmalayıb, gərgin işə başladı, az vaxtda muxtar vilayətin sənət
adamları ilə birlikdə bir çox
çatışmazlıqlarını aradan qaldırdı,
özfəaliyyəti canlandırdı, xalq
yaradıcılığı məsələləri ilə dərindən
məşğul oldu. Pionerlər, müəllimlər və mədəniyyət
evlərində xor, estrada, caz ansamblları
yaratdı, yeni-yeni istedadları üzə
çıxarıb, səhnəyə gətirdi. Musiqi məktəbində
gələcəyin tanınmış bəstəkarları Nəriman
Məmmədov, Ramiz Mirişli, Rəşid Məmmədov kimi
gənclərə dərs dedi, onların sənət aləmində
pərvazlanmasına təkan verdi. Vilayət zəhmətkeşlərinə
bədii xidmət göstərə-göstərə
özü də bir bəstəkar kimi formalaşmağa
başladı. Yaradıcılığının
zirvəsinə bu qədim diyarda çatdı, bəstəkarlıq
fəaliyyətinin ən parlaq səhifələrini burda
yazdı, özünün şah əsərinə burda imza
atdı. Bayramlarımızın, el şənliklərimizin,
toy düyünlərimizin yaraşığına, əsl bəzəyinə
çevrilən, müğənnilərimizin repertuarında həmişəlik
özünə yer tutan və bəstəkarı xalqa
yaxından tanıdan və sevdirən
"Naxçıvan" mahnısı az
müddətdə dillər əzbərinə çevrildi. Bu
lirik melodiyanın yaranma tarixçəsini Məmməd müəllim
belə danışırdı: "Naxçıvanda işlədiyim
illər, bu diyarın təbiəti, qonaqpərvər
insanlarının rəftarı məni valeh etmişdi. Biçənəyin gözəl ab-havası,
Əylisin ərik bağları, şəhərin
"Qızlar bulağı" mənə ilham verirdi.
1945-ci il idi. Bir gün məşqdən
sonra aktyor və aktrisalarla teatr binasının həyətində
- "Böyük bağ"da əyləşmişdik.
Onlara dedim ki, ürəyimdən Naxçıvan haqqında
mahnı qoşmaq keçir. Mənə bu diyar
haqqında yaxşı bir şer lazımdır. Elə bu vaxt ordubadlı şair Hüseyn Əzim təsadüfən
gəlib, söhbətimizin üstünə
çıxdı. Məni onunla tanış
elədilər. Fikrimi ona da bildirdim.
Heç nə deməyib, bircə saat vaxt istədi və
çox çəkmədən mahnının sözlərini
gətirib, mənə verdi. Şeir
döşümə yatdı və ona musiqi bəstələdim.
Mahnının sözləri aşağıdakı kimi idi:
Qoynuna
gül üzlü şux nigar gəlir,
Müjdə
ver bülbülə, ilk bahar gəlir,
Qızlar bulağına nazlı yar gəlir.
Ey
könül mülkünün varı Naxçıvan!
Ellərin
sevgili yarı Naxçıvan!
Səndə
tarixlərin çox nişanı var,
Hər
daşın qəlbində ox nişanı var,
İndi nə xanı var, nə sultanı var.
Silib
gül üzündən xarı Naxçıvan!
Ellərin
sevgili yarı Naxçıvan!
Bilirəm
düz əhdin, düz ilqarın var,
Yar yolu
gözləyən min nigarın var,
Vüsala çatdıran şən baharın var.
Dərər
yar döşündən barı,
Naxçıvan!
Ellərin
sevgili yarı Naxçıvan!
Bağçanın
bəzəyi güldür əzəldən,
Şair
varı şirin dildir əzəldən,
Qoy olum mən sənə dastan düzəldən.
Budur sənətkarın
varı, Naxçıvan!
Ellərin
sevgili yarı Naxçıvan!
Naxçıvanın keçmişinə və qəhrəmanlığına
həsr edilmiş bu mahnı ilk dəfə qarşıdan gələn
29 Aprel və 1 May bayramı münasibətilə keçirilən
konsertdə səsləndi. Zərqələm
Cavadova məlahətli səsi ilə hamını heyran qoydu.
Mən isə onu fortepianoda müşayiət eləyirdim.
Tələbkar dinləyicilər bizi düz yeddi dəfə səhnəyə
qaytardılar, mahnını dönə-dönə dinləyib,
hərarətlə qarşıladılar və bizi
alqışlara qərq elədilər..."
İlk günlərdən xalq mahnısı adı ilə
təqdim olunan və tezliklə populyarlaşan bu lirik mahnı
sonralar müəllifinin öz adıyla tanındı.
...1946-cı
ildə Üzeyir Hacıbəyov seçiciləri ilə
görüşmək üçün Naxçıvana gəlmişdi.
Bəstəkar sevimli tələbəsinin
işləri ilə də maraqlandı. Məmmədin
yaradıcılığı və yaşayışı
üçün yüksək şərait
yaradılmasını vilayət rəhbərliyindən
xahiş elədi. Üzeyir bəyin köməkliyi ilə
elə həmin il o, Naxçıvanda 148 nəfər
gənc musiqiçidən ibarət notlu xalq çalğı
alətləri orkestri, caz orkestri, "Sazçı"
qızlar ansamblı, nəfəsli alətlər orkestri
yaratdı. Bir müddət orkestrin bədii rəhbəri
və dirijoru oldu. Az bir vaxtda ətrafına Zərqələm
Cavadova, Sofya İsmayılova, Gültəkin Səfərli,
Əyyub Haqverdiyev, Aşıq Mənzər, Zəroş Həmzəyeva,
Firuzə Əlixanova kimi gənc istedadlar topladı. Orkestr
vilayətin rayonlarında, hərbi hissələrdə konsertlər
verdi. Kollektivin fəaliyyəti
barədə dövri mətbuatda silsilə yazılar dərc
olundu, onu hər yanda tanıtdı. Məmməd Cavadov
eyni zamanda Naxçıvan teatrında tamaşaya qoyulan
Üzeyir Hacıbəyovun "Arşın mal alan",
"Leyli və Məcnun", "Əsli və Kərəm"
əsərlərinə dirijorluq elədi, yazıçı
Nağı Nağıyevin "Polad" dramına, İslam Səfərlinin
"Bənövşə", "Badamlı" şeirlərinə
musiqi bəstələdi, "Xəyal",
"Naxçıvan düşüncələri" pyeslərini
yazdı...
On ildən
çox Naxçıvanda çalışan Məmməd
Cavadov muxtar respublikanın mədəniyyətinin
inkişafına öz layiqli töhfəsini verdi,
bu diyarın musiqi tarixinə öz pozulmaz imzasını
yazdı. Və nəhayət, 1955-ci ildə
Füzuliyə qayıtdı və onun gəlişi ilə də
rayonun incəsənət aləmində bir canlanma yarandı.
Bilavasitə Məmməd müəllimin
iştirakı ilə pedaqoji texnikumda və şəhər
internat məktəbində nəfəsli alətlər
orkestri, mədəniyyət evində özfəaliyyət dram
dərnəyi, xalq çalğı alətləri ansamblı,
72 nəfərdən ibarət folklor ansamblı, tikiş dərnəyi
təşkil edildi.
Məmməd Cavadov bir müddət özünün təşəbbüsü ilə açılan yeddiillik uşaq musiqi məktəbində, eyni zamanda, H.Sarabski adına Füzuli Musiqili Dram Teatrında işlədi. Sonra Ü.Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə dəyişildi, 1960-1977-ci illərdə burda çalışdı, sonra Füzuli rayon uşaq musiqi məktəbinə qayıtdı, müəllim və orkestr rəhbəri vəzifələrində işlədi. Rayon teatrında səhnəyə qoyulan Səttar Axundovun "Nişan üzüyü", Stefan Georgiyevskinin "Şeytan əməli", Mirzağa Atəşin "Qara libaslı adam", "Baş tutmayan kələk", Malik Muxtarovun "Uzunovun məşqi" tamaşalarına musiqi bəstələdi...
Məlum Qarabağ hadisələrindən sonra Məmməd Cavadov köçkünlük həyatı yaşamağa başladı, Lənkəranda məskunlaşdı. Ahıl çağlarında bu həyat onun üçün nə qədər ağır, nə qədər cansıxıcı olsa da, yaradıcılığından da qalmadı. Əvvəlki şövqlə, əvvəlki ehtirasla yazıb-yaratdı, Lənkəran Orta İxtisas Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul oldu. Yerli şairlərdən Mir Haşım Talışlının "Lənkəran", "Rəssam-müəllim", Şəkər Aslanın "Nə qaldı?", "Bu yerlər", "Təkcə səni" şeirlərinə musiqi bəstələdi... 1998-ci ildə beşillik Lənkəran həyatından ayrılıb, Bakıya üz tutdu, Sulutəpə adlanan qəsəbədə məskunlaşdı.
...Musiqinin bir çox janrlarında ustalıqla yazıb-yaradan Məmməd Cavadovun (1912-10.XII.2002) yaradıcılığı çoxşaxəli və zəngindir. Onun bir çox əsərləri - "Qarabağ lövhələri", klarnet və orkestr üçün "Konsert"i, 2 tar, 2 kamança üçün kvartet, tar üçün mahnıları, tar, kamança, skripka, nəfəsli alətlərlə fortepiano üçün pyeslər, Naxçıvan, Ağdam, Füzuli teatrlarında tamaşaya qoyulmuş bir çox əsərlərə yazdığı musiqi, saysız-hesabsız mahnılar musiqi məktəblərinin proqramına daxil edilmişdir və bəziləri radionun qızıl fondunda saxlanılır. Bəstəkarın orkestr, xor, solistlər üçün xeyli əsəri var. O, neçə-neçə romans, mahnı, instrumental, kamera və vokal əsərlərinin müəllifidir.
Bu melodiyaların içərisində öz oynaqlığı, şuxluğu, təravəti ilə seçilən, daha çox sevilib, qəlblərdə əbədi yuva quran bir mahnı da var: O, hansıdır? - O, "ellərin sevgili yarı" "Naxçıvan"dır.
Vasif
QULİYEV
525-ci qəzet.- 2023.- 24 may.- S.12;13.