"Müəllimlərin işə
müsabiqə ilə qəbulu bir
neçə problemi həll edib"
"Dörd mərhələ
üzrə keçirilən bu proses namizədlər arasında
sağlam rəqabət mühiti yaradır"
"
Mayın
22-dən etibarən 2023-2024-cü tədris ili
üçün dövlət
ümumi təhsil müəssisələrinə müəllimlərin
işə qəbulu üzrə müsabiqənin
elektron sənəd qəbulu mərhələsinə
start verilib. Elektron sənəd qəbulu
mayın 30-dək davam
edəcək. Müsabiqədə
iştirak etmək istəyən namizədlər
22 may saat 11:00-dan etibarən
30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin İşə qəbulu üzrə Müsabiqədə (MİQ) orta
ixtisas və ali təhsil
müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli
təhsil sənədi
almış və ya xarici ölkədə
aldığı ali təhsil haqqında sənədi tanınmış
Azərbaycan vətəndaşları
və ya Azərbaycanda daimi yaşamaq üçün
icazə verilmiş şəxslər iştirak
edə bilərlər.
Hazırda dövlət ümumi
təhsil müəssisəsində
müddətsiz əsaslarla
çalışan müəllimlər
də təyin olunduğu müəssisədə
3 ildən artıq fəaliyyət göstərdikləri
halda müsabiqədə
iştirak etmək hüququna sahibdirlər.
Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə
şəhid ailəsinin
üzvləri iştirak
edəcəklər. Eyni zamanda, müsabiqədə
həvəsləndirmə tədbirlərinin
tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin
imtahan nəticəsi
1,05, 5 il və daha artıq
müddətdə fasiləsiz
işləyən müəllimlərin
imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Elm və təhsil
naziri Emin Əmrullayevin dediyinə görə, son 10 ildə
34 mindən artıq müəllim müsabiqə
yolu ilə işə qəbul olunub. Bu da o deməkdir
ki, hazırda məktəblərdə çalışan
4 müəllimdən biri
müsabiqə ilə
yeni sistemlə işə götürülüb:
"Ötən il keçirilən sertifikatlaşdırma
prosesində də fəal iştirak edən həmin müəllimlərin 75 faizi
yüksək nəticə
göstərərək əməkhaqlarının
35 faiz artmasına nail
olublar. Bu il
müsabiqəyə qatılmağa
hazırlaşan müəllimlər
üçün də
həlledici məqam yetişib. Məktəbdə
işə başlamaq,
ya da iş
yerini dəyişmək
istəyən həmin
müəllimlər gələn
həftə elektron qaydada bu istəyini
bildirə biləcəklər".
Nazir deyib ki, iş axtaran
namizədlərin ixtiyarına
bu il 10 min, hətta daha çox vakant yer veriləcək. Artan, sadəcə vakant yerlərin sayı deyil. Bu il
eyni anda imtahan verən müəllimlərin sayını
artırmağa nail olduqlarını
deyən nazirin sözlərinə görə,
8 minə yaxın müəllimin eyni anda imtahan verməsinə
nail olunub. Nazir eyni anda imtahan
verənlərin sayının
çox olmasına çalışmalarının səbəbini imtahan sualları və variantlar arasında fərq iddiaları ilə əsaslandırıb:
"Hər il bir variantın digərindən asan olması kimi müzakirələr gedir.
Eyni anda imtahan verənlərin
sayının çoxalması
variantların sayının
azalması, hətta 1
varianta enməsi deməkdir. Hamı eyni vaxtda imtahan verəndə belə müzakirələrə
ehtiyac qalmır".
Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin tətbiqi
özlüyündə bir
neçə problemi həll edib: "Misal olaraq bu
sahədə korrupsiyanı
aradan qaldırır, şəffaflıq yaradır
və rəqabətliliyi
artırır. Ziyanına gəlincə,
müəllim olmaq istəyən namizədlərə
fərdi yanaşa bilmirik. Yəni, müəllimi öz
kəndinin məktəbinə
göndərə bilmirik.
Ümumilikdə isə MİQ bu
gün üçün
faydalıdır. Ona görə
də bu gün MİQ həyatdadır".
Müəllimlərin işə qəbulu üzrə müsabiqə
müvafiq qaydalara uyğun olaraq dörd mərhələdə
- elektron ərizə qəbulu, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə yolu ilə aparılır.
Təhsil
Nazirliyinin İnsan resursları şöbəsinin
müdiri Eşqi Bağırovun sözlərinə
əsasən, müəllimlərin
işə qəbulu müsabiqəsi ilə bağlı beynəlxalq təcrübə, müraciətlər,
rəylər nəzərə
alınır və hər il
müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır.
Əsas məqsəd imtahan suallarını təkmilləşdirmək və
test bankını daha
da zənginləşdirməkdir. Müsabiqənin
keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub.
Bu il də
müəyyən təkmilləşmələr
aparılıb və buna əsasən yeni qaydalar qüvvəyə
minib. Dəyişiklik
iki hissə üzrədir - həm müəllimlərin işə
qəbulu, həm də iş yerinin dəyişdirilməsi
üzrə. Builki dəyişikliyə əsasən, test imtahanı
mərhələsində sualların
cavablandırılması üçün
verilən 90 dəqiqə
120 dəqiqəyə qədər
artırılıb. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına
görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər.
40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda
düzgün cavablandırılmaya
görə 1 bal tətbiq
ediləcək. Səhv cavablandırılan
4 testin cavabına görə 1 düzgün
cavab silinəcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, MİQ müsabiqəsində
orta ixtisas və ali
təhsil müəssisələrini
pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı
ali təhsil haqqında sənədi tanınmış şəxslər,
hazırda dövlət
ümumi təhsil müəssisəsində müddətsiz
əsaslarla çalışan
müəllimlər təyin
olunduğu müəssisədə
3 ildən artıq fəaliyyət göstərdikləri
halda müəllimlərin
işə qəbulu üzrə müsabiqədə
iştirak edə bilərlər. Həmçinin
müsabiqədə orta
ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri
iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində "Təhsil
haqqında sənədin
nömrəsi" bölməsinə
"Arayış" sözü
yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqənin
növbəti mərhələlərində
həmin namizədlərdən
müvafiq təhsil haqqında sənəd tələb olunacaqdır.
3 ildən artıq
müddətdə müddətsiz
əmək müqaviləsi
əsasında çalışan
və hazırda analıq məzuniyyətində
olan şəxslər
də müsabiqədə
iştirak edə bilər. Təhsil müəssisələrində
vakant olan gənclərin çağırışaqədərki
hazırlığı üzrə
rəhbər vəzifəsinə
işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli
idarəetmə orqanları
ilə razılaşdırılmaqla
müəssisə rəhbəri
tərəfindən həyata
keçirilir. Müsabiqədə
həvəsləndirmə tədbirlərinin
tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə
bu üstünlük veriləcək: həvəsləndirmə
tədbirlərinin tətbiq
edildiyi ümumi təhsil müəssisələrində
3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin
imtahan nəticəsi
1,05, 5 il və daha artıq
müddətdə fasiləsiz
işləyən müəllimlərin
imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn,
həvəsləndirmə tədbirlərinin
tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə
tədbirlərinin tətbiq
edildiyi məktəbdə
fəaliyyətini davam
etdirən müəllimin
imtahan nəticəsi
72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6
bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha
artıq müddətdə
həvəsləndirmə tədbirlərinin
tətbiq edildiyi müəssisədə işləyirsə,
bu halda onun imtahan nəticəsi
(72 bal) 1,1 artım əmsalına vurularaq 79,2
bal kimi hesablanacaq. Namizəd qeyd olunan kateqoriyadan
hər hansı birinə aiddirsə, qeydiyyatdan keçərkən
elektron ərizəsində
həmin məlumatları
müvafiq xanaya düzgün şəkildə
daxil etməyi vacibdir, əks halda əmsal tətbiq olunmayacaq.
Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" əsasında müəyyənləşdiriləcək. Şəhid ailəsinin üzvü olan şəxs qeydiyyatdan keçərkən tələb olunan sənədləri - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin, şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini vahid bir faylda toplayaraq pdf variantda müvafiq xanaya yükləməlidir. Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək: "Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində "müsabiqə növü" bölməsində müvafiq bəndi seçməlidirlər. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Apellyasiya Komissiyası tərəfindən baxılacaq. Əvvəlki ildə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə tutulub. 2023-2024-cü tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq".
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsil eksperti kimi dəfələrlə müəllimlərin işə qəbulu üzrə imtahanlarda müşahidəçi qismində iştirak edib: "Müşahidəçi qismində iştirak etdiyim imtahanların təşkili səviyyəsindən və ən əsası prosesin obyektiv şəkildə keçirilməsindən razı qalmışam. Proses tam elektron formada və şəffaf şəkildə təşkil olunur. İmtahan zamanı namizədlər kompyuter qarşısında əyləşib heç bir kənar müdaxilə olmadan biliklərini sərbəst və rahat şəkildə nümayiş etdirirlər. Suallar xüsusi kompüter proqramı vasitəsilə variantlaşdırılır. Ona görə də suallarda hər hansı bir dəyişiklik etmək, köçürmə hallarına, kənar müdaxiləyə yol vermək mümkün deyil. Namizədlərdən yeganə tələb odur ki, suallara düzgün cavab verib müvafiq balı toplasınlar. Əsasən dörd mərhələ üzrə keçirilən bu proses namizədlər arasında sağlam rəqabət mühiti də yaradır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 24 may.- S.11.