Şair həssaslığı, pedaqoq ustalığı, ziyalı nəcibliyi

 

Uğurlu gərəkli yaradıcılıq fəaliyyəti üçün, məncə, qələm sahibinin, söz adamının paytaxtda - Bakıda, yaxud əyalətdə yaşamasının heç bir əhəmiyyəti yoxdur. Fərq etməz, həyat göstərir ki, mərkəzdən uzaqlarda da, lap elə ucqar dağ kəndində yaşayıb gözəl şeirlər yazmaq, ciddi yaradıcılıq uğurları qazanmaq mümkündür. Təki istedad, güclü poetik duyum olsun. Ədəbi ictimaiyyətə, oxuculara yaxşı tanış olan siyəzənli şair - 20-dən artıq kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülmüş Nəcməddin Mürvətov da belə istedada, bədii duyuma malik qələm sahiblərindəndir. Onu oxucuya geniş təqdim etməyə o qədər ehtiyac duymuram. Şairin müxtəlif sahələrdən bəhs edən, oxuculara yaxşı tanış olan poetik yaradıcılığı barədə həm dövrü mətbuatda, həm televiziyada çox yazılıb, çox deyilib. Şeirləri özü kimi təbiiliyi, səmimiyyəti, istiliyi ilə seçilir. Vətənpərvərlik, humanizm, torpağa, kökə bağlılıq istedadlı şairin yaradıcılığından qırmızı xətt kimi keçir.

İnsanları saflığa, ululardan yadigar qalan mənəvi dəyərləri qoruyub saxlamağa çağıran şair şeirlərində öz el-obasının, ata-baba ocağının, Xızı dağlarının gözəlliyini uğurla təsvir edir ki. Tələbkar oxucu, həm peşəkar jurnalist kimi qətiyyətlə deyə bilərəm ki, onun yaradıcılığı bütövlükdə öz mənəvi dünyasının inikasıdır.

Onu uzun zamandan bəri tanıyan biri olaraq, mən Nəcməddin müəllim haqqında bir qədər fərqli yöndən söz açmaq, pedaqoq, təhsil təşkilatçısı, ədəbiyyatın, sözün fəal təəssübkşi olmasından, müəllimliyindən ziyalılığından da bəhs etmək istəyirəm.

Hansısa təhsil ocağını bitirib diplom almaq, müəllim olmaq elə çətin deyil. Ancaq həyat göstərir ki, həm şagirdlərin, həm pedaqoji kollektivin, eləcə ictimaiyyətin hörmətini qazanaraq əsl müəllim, əsl ziyalı olmaq çox çətindir. Sirr deyil ki, rayonumuzda neçə-neçə gənc məktəb direktoru məhz Əməkdar müəllim Nəcməddin Mürvətovun pedaqoji ustalığından, idarəetmə təcrübəsindən bəhrələnib. Onun direktoru olduğu Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəb, neçə illərdir ki, nəinki rayonumuzda, habelə şimal zonasında nümunəvi təhsil ocağı kimi tanınır.

Nəcməddin müəllim bölgədə həm Mikayıl Müşfiq vurğunu sayılır. Müşfiqin doğum anım günlərinin qeyd olunması, həmin günlərdə rayon Müşfiqsevərlərinin onun doğulduğu Sayadlar kəndinin ziyarətinin hər zaman dəyişilməz təşkilatçısı Nəcməddin müəllim olur.

Söhbətlərində həmişə xüsusi vurğulayır ki, poeziyaya maraq, mədəniyyətin təbliği cəmiyyətin, ən əsası isə gənclərin mənəvi tərbiyəsində böyük rol oynayır.

Son illərdə Siyəzən yaddaqalan, uzun müddət yaddaşlardan silinməyəcək neçə-neçə mədəni-kütləvi tədbirə ev sahibliyi edib. Bu tədbirlərin qonaqları isə ölkənin adlı-sanlı elm incəsənət xadimləri, sayılıb-seçilən ziyalılar, söz sərrafları-şairlər, yazıçılardır.

Klassik ədəbiyyatımızın ölməz nümayəndəsi İmadəddin Nəsiminin 650 illik, böyük sənətkarımız Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi, Mikayıl Müşfiq, Almas İldırım, Əhməd Cavad, Cabir Novruz, Seyfəddin Dağlı ilə bağlı tədbirlər, yəqin ki, hələ uzun müddət iştirakçıların yaddaşlarında yaşayacaq.

Xalq şairləri Nəriman Həsənzadə, Vahid Əziz, şairlər Baba Vəziroğlu, Zahid Xəlil, Musa Ələkbərli, Ay Bəniz Əliyar, Cığatel, İbrahim İlyaslı, yazıçı Elxan Elatlı digər tanınmışlarla görüşlər... Bunlar hələ son deyil. Harada, hansı ünvanda keçirilməsindən asılı olmayaraq bu tədbirlərin təşkilatçılıq yükünü ən çox şair, ədəbiyyat vurğunu Nəcməddin müəllim əsl ziyalı, əsl vətəndaş məsuliyyəti ilə çəkir.

N. Mürvətov müəllifi olduğu "Bu dağların alim oğlu" adlı kitabını həmyerlimiz, ömrü yarıda qırılmış alim, Bakı Dövlət Universitetinin professoru Bağırov Talətdin Orucqulu oğluna həsr edib, onun insanpərvərliyini, yurd sevgisini, kökə bağlılığını dolğun şəkildə oxucuya layiqincə çatdıra bilib. T.Bağırovun yubiley tədbiri göstərilən kitabın təqdimatı rayonumuzda unudulmaz bir hadisəyə çevrildi. Nəcməddin müəllimin yaxın dostları, Talətdin müəllimin həmkarları - BDU-nun professor-müəllim heyəti üzvlərinin həmin tədbirdə iştirakı rayon ictimaiyyətinin böyük maraq rəğbətinə səbəb oldu.

N.Mürvətovun II Qarabağ Savaşının siyəzənli şəhidlərinə həsr olunmuş "Ölməzliyin zirvəsində" adlı kitabı əziz şəhidlərimizin adlarına layiq qələmə alınıb. Müəllif Vətən fədailərimiz olan şəhidlərin parlaq ömür yoluna yetərincə işıq tuta bilib. Müharibədən bəhs edən "Otuz il, qırx dörd gün" kitabında isə şair öz qələmini yeni janrda - pyesdə sınamaq istəyib buna da uğurla nail olub.

Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsinin Siyəzən şəhərində fəaliyyət göstərən "Dübrar" ədəbi qrupunun təşkili fəaliyyəti N.Mürvətovun adı, fəaliyyəti ilə bağlıdır. Artıq yerli yazarların şeirlərindən ibarət "Dübrar" almanaxının II sayı işıq üzü görüb. Rayonda yaşayan neçə-neçə istedadlı gəncin üzə çıxmasında bu ədəbi qrupun mühüm rolu vardır.

Ədəbi mühitin yazıçı kimi tanıyıb-qiymətləndirdiyi Novruz Novruzovun rayonumuzda icra hakimiyyətinin başçısı təyin edilməsinin, onun buranın ədəbi mühitinə həssas münasibətinin nəticəsi olaraq keçirilən tədbirlərin miqyası daha da genişlənib. N.Novruzovun təşəbbüsü ilə nəşr olunan "Beşbarmaq" dərgisində yerli yazarların şeir hekayələrinin dərc edilməsi rayonda ədəbi mühitin canlanmasında vacib rol oynayıb. Bu isə bir ziyalı kimi Nəcməddin müəllimin fəaliyyət imkanlarını daha da artırıb.

Öz kökünə, xalqına, insanlara bağlılığı ilə seçilən şair N.Mürvətov arabir vaxt tapıb doğma Yuxarı Ələz kəndinə getməyi unutmur. Ata-baba ocağına da, ətraf kəndlərə üz tutur, dağların özü kimi vüqarlı, sadə, zəhmətkeş insanları ilə görüşür, düşüncələrini bölüşür. Sonralar bu şirin söhbətlər, maraqlı görüşlər misralara çevrilir, kitablara köçür.

Ziyalı o kəsdir ki, işığının zərrəsindən ətrafdakılara, xüsusilə gənc nəsilə bir zərrə olsa pay düşsün. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsilimizin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilən, "Əməkdar müəllim" adına layiq görülən tanınmış şair, təcrübəli pedaqoq Nəcməddin Mürvətov da, sözün əsl mənasında ziyalı insandır. Onun oxuculara deyiləsi hələ çox sözü var: şair kimi , müəllim kimi , vətəndaş kimi .

Mənim şeirlərim məktublarımdır,

Cahana, dünyaya, bəşəriyyətə

- deyən şairi oxucularla yeni-yeni görüşlər gözləyir.

Ömrünün kamil çağını yaşayan, bu ilin sonunda 70 yaşı tamam olacaq Nəcməddin müəllimə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 

Reyhan MURADOVA

"Çıraq" qəzetinin xüsusi müxbiri (Siyəzən rayonu)

525-ci qəzet.- 2023.- 24 may.- S.10;15.