Elçinin 80 illiyi elmi sessiya ilə
qeyd edilib
Mayın
22-də Azərbaycan Milli
Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu elmi müəssisənin və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə görkəmli
ictimai-siyasi xadim, Xalq yazıçısı
Elçinin 80 illik yubileyi münasibətilə
"İki əsrin görkəmli sənətkarı"
mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Xalq yazıçısı
Elçinin yaradıcılığını
əks etdirən sərgiyə baxış
keçirilib. Sərgini M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanası təşkil
edib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Elçin Əfəndiyevin
zəngin və çoxcəhətli yaradıcılığı
ilə dünya şöhrətli sənətkar
zirvəsinə yüksəldiyini
vurğulayıb.
İ.Həbibbəyli Elçinin Azərbaycan ədəbi-ictimai fikir tarixində hərtərəfli
şəxsiyyət - həm
yazıçı, həm
ədəbiyyatşünas, həm dramaturq, həm də ictimai xadim kimi
qəbul olunduğunu bildirib, onun əsl Xalq yazıçısı
olmağın nümunəsini
göstərdiyini diqqətə
çatdırıb. AMEA rəhbəri yazıçının
yaradıcılığında Abşeron hekayələrinin
xüsusi yerə malik olduğunu qeyd edərək, Elçinin "Baladadaşın
ilk məhəbbəti" əsərinin Azərbaycan
hekayə janrının
ən möhtəşəm
nümunələrindən biri olduğunu dilə gətirib. Elçinin ədəbiyyata xidmət etməkdən heç zaman yorulmadığını
deyən İ.Həbibbəyli,
onun bu gün
də öz nəhəng ədəbiyyat
arxivi ilə ədəbiyyatşünaslığımızı
zənginləşdirməyə davam etdiyini vurğulayıb, yubilyara yeni yaradıcılıq uğurları arzu edib.
Milli Kitabxananın
direktoru professor Kərim
Tahirov Xalq yazıçısı Elçinin
mədəniyyətimizin inkişafında
əvəzsiz xidmətləri
ilə seçildiyini,
böyük mədəniyyət
təşkilatçısı olduğunu söyləyib. Yazıçının özünəməxsus yaradıcılıq
yolundan söz açan direktor onun tamaşaya qoyulan hər bir əsərinin gənc nəsil üçün məktəb
rolunu oynadığını
qeyd edib. K.Tahirov yubilyarın Milli Kitabxananın inkişafına
hər zaman böyük dəstək göstərdiyini bildirib.
Akademik Teymur Kərimli və professor Qəzənfər Paşayev çıxış edərək Elçinin şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, görkəmli yazıçı, ictimai xadim və ədəbiyyat tənqidçisi Elçin ölkəmizin elmi-ədəbi və ictimai mühitində çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə özünəməxsus yer və mövqe tutmaqdadır. O, yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının, eyni zamanda, son yarım əsrdən çox zamanda ədəbi tənqidimizin əsas nümayəndələrindən biridir.
Alimlərdən Tehran Əlişanoğlu "Elçinin hekayə poetikası", Sara Osmanlı "Yazıçı tənqidinin özəllikləri", Nizami Tağısoy "Elçinin "Baş" romanının kompozisiya-struktur polifonizmi", Nərminə Ağayeva "Zamanın Elçin teatrı və Elçin teatrının zamanı", Gülnar Osmanova "Elçin nəsri mif və folklor kontekstində" mövzulu məruzələrlə çıxış ediblər.
Sonda çıxış
edən Xalq yazıçısı Elçin tədbirin təşkilatçıları
olan Ədəbiyyat İnstitutuna
və Azərbaycan Milli Kitabxanasına təşəkkürünü
bildirib, burada
iştirakından məmnunluğunu ifadə edib.
O, gənclik illərinin bir qisminin Ədəbiyyat İnstitutu
ilə bağlı olduğunu qeyd edərək, bu elmi müəssisənin Azərbaycan ədəbi
tənqidinin, ədəbiyyatşünaslığının
inkişafında, onun nəzəri
bazasının möhkəmlənməsində, genişlənməsində
böyük xidmətlər göstərmiş
bir elm ocağı olduğunu vurğulayıb.
525-ci qəzet.- 2023.- 24 may.- S.9.