Arif Abdullazadənin poetik
fikir dünyası
Azərbaycan ədəbiyyatı tarixində
ötən əsr
60-cı illər ədəbi
nəslinin xüsusi çəkisi olub. Həmin dövrdə
ədəbiyyata gələn
gənc şair və yazıçılar
istər mövzu və məzmun diapazonu, istərsə də ideya istiqaməti
baxımından özlərindən
əvvəlki ədəbi
nəsildən fərqləniblər.
O illər ədəbiyyata
yeni gələn imzaların - Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu,
Fikrət Qocaq, Əələkbər Salahzadə,
Cabir Novruz, Tofiq Bayram, Nəriman
Həsənzadə, Xəlil
Rza, Fikrət Sadiq, İsa İsmayılzadə kimi söz ustalarının hər biri 60-cı illər nəslinin görkəmli nümayəndələri
olaraq ədəbiyyat tariximizdə məxsusi yer tuturlar. Həmin imzalardan
biri də görkəmli ədəbiyyatşünas
şair Arif Abdullazadə olub. A.Abdullazadənin qələmə aldığı şeirlərdə
hər sözə, hər misraya poetik çəki və sanbal vermək, fikrin obrazlı ifadəsinə və bəşəri ümumiləşdirmələrə nail olmaq bacarığı dərhal diqqəti cəlb edir. Fikrin ifadə vasitəsində məna dərinliyinə və bəşəri ümumiləşmələrə meyl edən şairin sonrakı yaradıcılıq mərhələlərində
tez-tez müşahidə
olunan orijinal və ibrətamiz obrazlar aləminin ilk nümunələrinin təqdimi
bu dövrdən başlanır. Hələ
ilk şeirlərindən insan
və onu əhatə edən ictimai mühitin xarakteri ilə bağlı bəşəri
problemlər qaldırıb
onların özünəməxsus
bədii həllinə
çalışan A.Abdullazadənin
1960-cı illərin əvvəllərində
qələmə aldığı
"Layla", "Borcumuz",
"Bir günün ömrü", "Arzular",
"Yaxşı yaman
insanlar", "İlani
qəfəsə salmışam",
"Fikirlər fəsli"
kimi şeirlərindəki
obrazlı düşüncə
tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii elementlərdəndir.
Bu baxımdan həmin
əsərləri V.Səmədoğlu
və Ə.Salahzadənin
bəşəri mahiyyətli
şeirlərilə müqayisə
etmək daha düzgün olardı. Analitik bədii təhlilə meyl edən şairin insan-dünya münasibətlərində qarşıya
çıxan problemlər,
taleyin saysız-hesabsız
oyunlarının xüsusi
bir sistem halında izlənməsi əsas yaradıcılıq
istiqaməti kimi üzə çıxır.
Şairin hələ
1959-cu ildə xüsusi
narahatçılıq hissilə
dediyi "ah, bu illər, bu fəsillər nədən
belə tez ötüşür, yaşımıza
bir yaş artır, ömrümüzdən
bir il
düşür" poetik
fikri tədricən dərinləşir, bəşəri
narahatlığa çevrilir,
"Səhvlər" şeirində
bu fikir özünün yetkin səviyyəsinə çatır:
Ömürlər boşalır, fırlanır
həyat,
Fikirlər narahat, ömür
narahat,
Dövrəmiz dörd yandan duyğu selləri -
Elə...
yaşayırıq
Öz özümüzlə
Vuruşda ötüşür ömrün
illəri.
Zaman keçdikcə
bu səmimi hisslər, daha dərin mənalarla ümumiləşdirilib daha
orijinal və sistemli poetik obrazlarla ifadə edilərək artıq
1960-cı illərin əvvəllərində
"bu dünyada yaşamaq da bu dünyaya borcumuzdur" təsəlli
- qənaəti ilə
yekunlaşdırılır. Şairin
1991-ci ildə ömrünün
yetkin çağlarında
nəşr edilən
"Seçilmiş əsərləri"nə
"Dərin mənalar
poeziyası" adlı
ön söz yazan professor A.Axundov belə bir qənaətə
gəlir ki, "Arif Abdullazadə heç kimi təkrarlamayan, tamamilə
özünəməxsus üslubu
olan poeziya yaradıcısıdır. Onun
şeir sənətində
bədii ifadə vasitələri mükəmməl
sistem təşkil edir: Mükəmməl təşbeh və istiarələr, vəzn və qafiyə sistemi".
A.Abdullazadənin "Getdilər", "Narahat
ürəklər" poemaları
da öz ideya-bədii məziyyətləri,
obrazlı ifadə çalarları ilə diqqəti cəlb edir. İthaf səciyyəli "Getdilər"
və "Narahat ürəklər" poemalarındakı
novatorluq həm məzmun, həm də forma xüsusiyyətlərində nəzərə
çarpır. Bu, M.Lermantova həsr olunmuş "Getdilər"
lirik poemasında xüsusilə müşahidə
edilir. Başqa poemalarından fərqli
olaraq daha yığcam şəkildə
yazılmış bu əsər müəllif təhkiyəsi ilə poetik nəql üsulunda qələmə
alınıb. Poemada Lermantovun
həyatının cəmi
bir məqamı - duet
səhnəsindən və
onun cəmiyyətdə
yaratdığı əks-sədadan
söhbət gedir.
Əsərdəki poetik
obrazlar da, metoforik incəliklər də məhz həmin epizodların çərçivəsində yığcam boyalarla reallaşır:
Həyəcandan
Köksü qalxdı sinəsində
Çatladı buz layları.
Son sözünü öz qanıyla
Çəmənlərə yazıb gedən
... Dünyanın hər yerində, üfüqlərdə sönən,
Başqa bir tərəfdən yenidən doğan
bir günəş kimi
o da qürub eylədi
Şaxtalı qış günündə
qızınmaq üçün
ürəklərə köçdü.
Poeziya, Arif
Abdullazadənin fikrincə, "daha çox həyatın insan
qarşısında qoyduğu suallara cavab axtarmaqdan ibarətdir. Daha doğrusu, o konkret cavablar, yəni nadir tapıntılar aləmidir". Onun "Arzular",
"Könüllərin dünyası", "Hər yerdə
hər zaman", "Ana
dünyamız", "Sevin Azərbaycanı",
"Səninlə sənsiz", "Bəxtimizin
kitabı", "Seçilmiş əsərləri"
şeirlər kitabları da məhz poetik axtarışlarının bəhrəsi
idi.
Vaqif
ALLAHVERDİYEV
ADPU
Ağcabədi filialının
dosenti
525-ci qəzet.- 2023.- 25 may.- S.15.