Nəcib duyğular şairi
70-80-ci illər ədəbi nəslinə mənsub Fəxrəddin
Ziya maraqlı tale yaşamışdır. Təkcə
bircə faktı qabartmaq yerinə düşər ki, ixtisasca
həkim şair həm Sovet dönəmində
Əfqanıstan müharibəsinin, həm də Azərbaycanın
müstəqillik mübarizəsində Birinci Qarabağ
Savaşının iştirakçısıdır.
Sözsüz, bu mücadilələr istedadlı şair
ömründə dərin izlər
buraxmış, yaradıcılığının
formalaşmasında mühüm rol oynamış, onu vətəndaş,
torpağının hər qarşını göz-bəbəyiylə
qorumağa, əsgər, zabit, həkim kimi
tanıtdırmış, xarakterinin özəlliklərini bərkitmiş,
şəxsiyyətini püxtələşdirmişdir.
Şairin
"Qanun" nəşrlər evində bu günlərdə
çapdan çıxan "İstəyimin qolları" şeirlər
və məqalələr toplusu
sanki 70 ilin hesabatıdır: oxucu hesabatı. Bu orijinal tərtibatlı yeni
kitabı Fəxrəddin Ziyanın seçilmiş əsərləri
də adlandırmaq olar. Çünki şair-həkimin əvvəllər
işıq üzü görmüş 7-8 kitabının hər
birindən bu topluya poeziya nümunələri salıınb.
"Zaman, səndən hara qaçım", "İl
ayrıcında",
"Qayıt məni sınamağa", "Mənim
şair anam", "Gələcəyəm, gəl desən"
və başqalarından. Ancaq "İstəyimin
qolları"nda xeyli sayda Fəxrəddinin təzə
şeirləri də var. Və
şair bu irili-xırdalı
əsərlərilə təsdiq edir ki, hələ qələmi
korşalmayıb, ürəyi qocalmayıb, ilham atını səyirdir,
tufanları, təlatümləri
heyrətləndirməyi və düşündürməyi bacarır. O, özünəməxsus
şəkildə yazıb-yaradır. Bədii
sözü ölçüb-biçir, sapa düzür,
böyük məsuliyyətlə lirik-fəlsəfi mətnlərə
girişir, nəticə hasil edir, uğur qazanır. Bu könüllü əqidə
yolçuluğuna yalnız "afərin" söyləmək olar.
"Qanun"un nəşr etdirdiyi "İstəyimin
qolları" kitabı şərti surətdə iki hissədən
ibarətdir: ilk bölmədə Fəxrəddin Ziya
haqqında, poeziyası barədə məqalələr, rəylər,
resenziyalar yer alıb. Vaxtilə
mərhum Xalq yazıçısı Hüseyn Abbaszadə Azərbaycan
Yazıçılar Birliyinə üzv olmaq üçün
Fəxrəddin Ziyaya zəmanət
verib, şeirləri o qədər könlünü
oxşayıb, sonra "Sən öz yolundasan" adlı
qeydləriylə həmin bədii mətnləri dəyərləndirib,
bəyəndiyi, "kəşf etdiyi" şairə mətbuatda
"Uğurlu yol" yazıb. "Söz
haqqında söz" hissəsində həmçinin
görkəmli şair və tənqidçilər müxtəlif
aspektlərdən Ziya yaradıcılığını təhlil etmiş, məziyyətlərindən
söz açmış, mahiyyətini və qayəsini
açmağa müvəffəq olmuşlar.
Əlbəttə, bu məqalə və qeydlərin
kitabda öz yeri, əsas diqqət çəkən məqam başlanğıcda
söylədiyimiz kimi Fəxrəddin Ziyanın şeirləridir. Fəxrəddin Ziya bizim az sayda şairlərimizdəndir ki, əməyilə,
fəaliyyətilə sözü təndir, üst-üstə
düşür. "Ağa dedi sür dərəyə,
sür" məsələnin ona heç bir aidiyyatı yoxdur, ancaq əsl
vətəndaşlığı
bacaran şairi hara
çağırıblarsa, ora gedib, özü də
yüyürə-yüyürə, böyük vəzifə səlahiyyətlərindən
imtina edə-edə. Əfqanıstanda hər an ölüm təhlükəsiylə
üzləşib, doğma Qarabağın harayına yetib,
canla-başla cavab verib,
Vətən sevdalıların
sağlamlığını qoruyub. Məncə, bu
misraları yazmağa mənəvi haqqı çatır:
Mənim
Kəbəm də sən, Mədinəm də sən,
Bir daşın bəs eylər min heyrət
üçün.
Bir ovuc torpağın
yetər, ey Vətən,
Yüzlərlə zəvvara ziyarət üçün.
Qarabağda
və onun ətrafında baş verən ölüm-itim savaşıyla
heç cür barışmayan şair, məlum mövzuya
onlarca şeir, döyüş ruhlu oda, bayatı, elegiya, marş mətni
həsr edib. Və haqlı surətdə, qətiyyətlə
"rəşadət rəmzidir Qarabağ bizə" deyə car
çəkir. Dünya dövlətlərinin ikili
standartı, ədalətsiz erməni tərəfkeşliyi,
ATƏT-in, BMT-nin, Vatikanın gizlin xristian təəssübkeşliyi,
hegemon güc birliklərinin
açıq-aşkar "saman altdan su yeritmələri" vətənpərvər
şairi təbdən çıxarır. O, "Belə olmaz,
rus qardaş", "Fillərin məhkəməsi" və
ya "İbrət dərsi",
"Millət şərqisi", "Təbii əxlaq",
"Gözləri yol çəkən Vətən"
şeirlərində gah eyhamla, ironiyayla, gah çılpaq,
ciddi, sərt şəkildə
"o tərəfdaşlara" etirazını poetik
sözünün siqlətiylə çatdırır.
...Sal
daşlar üstündə qarmaq izimiz,
Çapır qayalarda dırnaq izimiz.
Tətikdə
iz salıb barmaq izimiz,
Pusquda kol
kimi sıralanmışıq,
Şuşanı
biz bu cür geri
almışıq.
"Şuşa
qalası"
adlanan belə qələbə müjdəli
şeirlər kitabda adda-budda
deyil, kifayət qədərdir. Şairin "Bir
əsgərin döyüş öncəsi düşüncələri"
nümunəsində bu motiv daha qadarıq, təbii surətdə
böyüdülüb. Döyüşə
hazırlaşan Vətən oğlunun psixoloji ovqatı,
savaşa köklənən əhval-ruhiyyəsi, daxili əzmi,
mübariz ruhu elə
bil sətirdən-sətrə güclənir. Fəxrəddin
Ziya ritorikadan, saxta hay-küydən gen qaçır,
Tanrıdan vaxt, səbr diləyir ki, Azərbaycan əsgəri
qaldırdığı üçrəngli
bayrağını zirvədən-zirvəyə
daşısın, onu yüksəkliklərə taxsın,
dalğalandırsın. Buna görə Xaliqə yalvarır-yaxarır:
Sən mənə
azacıq möhlət ver, Allah,
Sən mənə qüvvət ver, qüdrət ver,
Allah.
Məlumdur
ki, hər əsgər, hər zabit Vətənimizin bir guşəsindəndir,
eyni zamanda, xoşbəxt ailənin övladdıır. Onu "Quran" altından anası keçirib,
namusla torpağı qorumağı tapşırıb. Ata cəbhəyə yola salıb,
ötürüb, öyüd-nəsihət verib, ocağının çıraqyandıranının
qulağına pıçıldayıb:
Mən də
əsgər atasıyam,
qəlbim
daim narahat.
Fikrim gəzir səngərləri,
hər
dəqiqə, hər saat.
"Əsgər atası"
şeiri ibrətamiz ifadələrlə, poetik ricətlərlə
doludur. "Mən də əsgər atasıyam" - deyə
qürur duyan ata kiçik epik lövhədə həm öz
obrazını canlandırır, həm də çiyni
avtomatlı Vətən keşikçisinin... Məğrur
ata "başımızla cavabdehik qorumağa bu yeri"
andını qabaqcadan əsgər oğlunun diqqətinə
çatdırıb, hər şeyin "ötüb-keçən"
olduğunun fərqinə
varır, axırda yekun nəticədə "Keçilməyən br şey
vardır, o da ana Vətəndir!" - qənaətinin üstündə "iki
ayağını bir başmağa dirəyib" dayanır.
Bayatı şeir janrı kimi şifahi xalq ədəbiyyatına
mənsub olsa ada, ondan bəhrələnmək, faydalanmaq, bu
dildə-ağızda yaşayan klassik növdə yeni,
çağdaş poeziya nümunəsi yazmaq məsuliyyət,
diqqət, bacarıq tələb edir. Əvvəla,
bayatı forma etibarı ilə ustalıq istəyir,
çünki cinas qafiyələrlə bircə bənd hasilə
gətirmək, sözə açar salmaq, naxış vurmaq,
incə xalıya ilmə bərkitmək qədər mürəkkəbdir.
Cinas poeziya qeyri-adi klassik söz oyunudu, gərək həm mənanı
saxlayasan, həm də
formanı pozmayasan. Məsələn:
Mən
aşiq nərdivanə,
nər
deyil hər divanə.
İmkan düşüb namərdə.
qalıb
yüz mərd divanə.
Və ya:
Torpağın
yarı Günəş,
yarı
Ay, yarı Günəş.
Yarın
başına dönür,
barı,
sən yarı, Günəş.
- kimi müasir
çeşidli bayatılar mükəmməl işlənib.
Birinci bayatıda "nərdivan"
sözünün müxtəlif sinonimlərinin
tapılması, şeirin ruhuna hopdurulması, ikincisində "yar" kəlməsinin məzmun
çalarlarının hallandırılması, sözə bələd
olmağı, ona Füzuli demişkən, "əhya verməyi"
bacarmağı şairdən tələb
edir. Fəxrəddin
qorxmadan axtarış aparır, klassik ənənədən
çəkinmədən bəhrələnir, öz
"bayatısını" yazır, cəhdi pis
alınmır da. Kitabda yer alan belə uğurlu
nümunələri oxuduqca, sevinir, zənginləşirsən...
Fəxrəddin
Ziya rübailər, dördlüklər yazır və yenə klassik ənənədən
istifadə edə-edə, faydalana-faydalana, bəhrələnə-bəhrələnə
öz düşüncə və duyğularını qəlibə salır, nə ömər Xəyyamı təkrarlayır, qə də Məhsəti Gəncəvini və yaxud Mirzə
Şəfi Vazehi. Lakin mövzuya yanaşmada ümumi ovqatda və münasibətdə,
mətnə fəlsəfi don biçimində "köhnə
hava", ənənəvi
klassik biçim mühafizəkarcasına qorunur.
Torpaqdı,
Günəşdi, havadı, sudu,
dirilik
dediyim o hikmət budu.
Biri
çatışmasa, bunlardan fəqət,
məhv
olar hər şeyə qadir təbiət.
Hərdən
ictimai motivlərdə Fəxrəddin qələminin qüdrətini
sınayır, "Dərdi böyük, qəlbi qübar Məmməd
Araz "Xətainin qılıncını suvar, suvar, Məmməd Araz"
çağırışı
("Məmməd Araz karandaşı") şairin qəlb
vulkanını püskürdür, "Çaldıran
çölünə kim çəkdi səni, tutduğu əməldən
peşiman babam" eyhamı Şah İsmayıl Xətainin
ruhunu oyadır, ("Xətainin
işığında"), "Sən gərək əlli
il gec doğulaydın, "əsrin Azərbaycan hünəri
Həzi!" nidası bağrının başından
qopur, Böyük Vətən
müharibəsinin ikiqat Sovet İttifaqı Qəhrəmanı,
general Həzi Aslanovun şücaətini bəyan edir, ("Oyan, sərkərdə
babam"), "Şöhrət azarına tutulan millət!"
qınağı və sınağı (eyni adlı şeir) həqiqətin
pərdəsini yırtır:
Bir sonu
var hər həvəsin,
qərib
yerdə ömür bəsin.
Yurd dediyin müqəddəsin
Ocağından, külündən öp!
Bu vətəndaşlıq
qayəsi və andı təkcə torpağa şair sevgisini
və sədaqətini
şərtləndirmir.
Həm də səcdəgaha, pirə
çevrilmiş Vətənin müqəddəslik nəğməsini
çatdırır. Elə bir ocağın ki,
"tikanından etmə həzər, butasından,
gülündən öp" məsələsinə qulaq
asa-asa...
Fəxrəddin Ziya nəcib duyğular şairidir. O, sözü xırdalamığı, qatlarını açmağı, mətləbi incələməyi, adi kəlməni obrazlaşdırmağı, məna-məzmun yükünə çevirməyi bacarır. Elə misraları, beytləri, bəndləri var ki, aforizm, zərb-məsəl səviyyəsindədir, dərhal əzbərlənir, yaddaşa köçür. Misralar isə kifayət qədərdir:
...Mən atamı itirəndə anladım.
ataların dağdan uca yerini.
...Şairə sənətdə həmişə yer var,
cənnətdə möminə yer olan qədər!
...Ana bətnindəki körpəyə bənzər,
şairin qəlbində doğulan şeir.
...Qanadı qırılmış quşam,
arxanca uça bilmirəm.
"İstəyimin
qolları"nda çap olunan məqaləsində Xalq
yazıçısı Hüseyn Abbaszadə Fəxrəddin
Ziyanı "emosional şair", mərhum ədəbiyyatşünas
Buludxan Xəlilov poeziyasını "duyğulu poeziya",
Mürşüd Məmmədli onu "namuslu sözün
övladı", tənqidçi Vaqif Yusifli isə qələm
qardaşımızın şeirlərini "heyrət
poeziyası" adlandırır. Bütün bu
yazılanlara rəğmən,
mən 70 yaşlı şairimizi, gözəl təbibimizi, bənzərsiz
insanı və vətəndaşımızı ürəkdən
təbrik edir, yubilyara Allahın bəxş etdiyi ömrü
sağlam yaşamağı diləyirəm!
Ağacəfər
HƏSƏNLİ
525-ci qəzet.- 2023.- 25 may.- S.14.