Şəriətə bürünmüş
xurafat və cəfəngiyyat...
"Bizə hansı elmlər lazımdır?" (1907-ci ildə
Tiflisdə kitabça kimi çap olunmuşdur.) adlı
məqaləsində Bakı axundu Əbuturabın "Bizə
hansı elmlər lazımdır?" yazısına cavab verən
Ömər Faiq əslində həmin dövrün təhsil,
tədris proqramları, İslam dini ideologiyası, şəriət
qanunları və dünyəvi elmlər məsələsini
polemika mövzusuna çevirirdi. Onu da qeyd edək
ki, Axund Abuturabın həmin məqaləsinə zamanında
Əli bəy Hüseynzadə də cavab yazmışdır.
Lakin Ömər Faiq o cavabın tezislərini əsas
götürsə də, öz prinsipial mövqeyini bir daha və
geniş şəkildə əks etdirir.
Ömər
Faiq Axund Əbuturabın dönə-dönə
vurğuladığı "elmdən murad yalnız elmi-şəriətdir"
fikrini kəskin və məntiqli şəkildə tənqid
edir, onun "elm" anlayışını bəsitləşdirib,
əsl mahiyyətindən ayırmasını heç cür
qəbul etmədiyini bildirir, bir çox məqamlarda Axundun əqidəsinin
çürük olduğunu isbat etməyə
çalışırdı.
Müəllif onu da qeyd edirdi ki, İslam dini
yarandığı ilk dövrdə hər kəsin məntiqlə
və səmimi qəlbdən anlayacağı, dərk edəcəyi,
sevəcəyi bir din olduğu halda, onu məzhəb təfriqələrinə,
cahil adət və xurafat, rəvayət oyunlarına məruz
qoydular. O
zamandan da "İslam rövnəqdən düşməyə,
müsəlmanlar xar və zəlil olmağa
başladı".
Ərəblərin qısa bir zamanda dünyanın
yarısına sahib olması faktını İslamın ən
gözəl keyfiyyətlərlə dərk olunması həqiqəti
ilə izah edirdi. "...onlar bu hökumətləri, bu cahangirlikləri
qılınc zoru ilə böyük məmləkətləri
fəth etməkdən artıq, ədl və mərhəmətlik
tərəqqilə xırda qəlbləri təsxir etməklə
vücuda gətirdilər".
İslam dinini hörmətdən və gücdən
salan səbəbi Ömər Faiq daha çox bu dinin fəlsəfəsindən,
elmindən uzaqlaşmaqda görürdü. Elmi dinə qarşı
qoyanlar, İslamı ağlın dərk edə bilməyəcəyi
bir hala gətirənlər, dini yüz parçaya, firqələrə
bölənlər, din adına hökmlər
çıxaran işbazlar, yalançı dindarlar "şəriəti
riyasət arzularına alət etdilər, ol gündən
islamın evi yıxılmağa başladı".
Axund
Əbuturab öz məqaləsində ibtidai siniflərdə
İslam dininin əsaslarına cəmi bir saat
ayrılmasını tənqid edirdi, Ömər Faiq isə
cavab olaraq bildirirdi ki, süd əmən körpəyə ət
verilə bilməyəcəyimiz kimi, zehni, mühakiməsi hələ
oyanmamış kiçik uşaqlara "dinin mətalibi
mühümməsi" oxudula bilməz.
"Bəlkə təlim və elmi-ruh üsulunca qurt,
quş və tülkü hekayələri ilə, zehni hesablar
və yüngül şəkillər ilə xırda balaların
həvəsini oyandırıb, onları oxuduqlarını
qanmağa, fikirləşməyə həvəsləndirməlidir. Bunları biləndən
sonra dinin ən sadə əqidə, tarixə, tərcümeyi-hala
dair yüngül bəhsləri öyrədilməlidir".
İslam dinini ideoloji məqsədlərə alət edənlərlə
ziyalıların apardığı mübarizədə Ömər
Faiq də var idi. O da müasirləri ilə bərabər xalqı
müti, iradəsiz durumdan xilasa çalışırdı.
Bütün qəzavü-qədəri, pisliyi,
yaxşılığı, xoşbəxtliyi və bədbəxtliyi
Allahdan görənlərə və bu çürük
ideologiyanı müsəlmanların düşüncəsinə
yeridənlərə deyirdi: "Əcəba, bu növ
etiqadın, bu sayaq tərbiyeyi-ruhiyyənin
təsir altında böyüyən bir nəfər, bir ailə,
bir millət tənbəl, aciz və həqir olmaz da, nə
olur?"
Həmin
məqaləsində Ömər Faiq şəriət elmi ilə
dünyəvi elmlər arasında uçurum yaradan din xadimlərinin
əqidəsini ictimailəşdirirdi ki, digərləri
üçün örnək olmasın. Ruhaniləri
öz moizə və təlimlərində realist olmağa
çağırırdı. Axund Abuturabın dediyi
"Əgər bir şəxs tamam ömrünü
ülumi-riyaziyyə və hikməti-təbiyyə təhsilində
sərf edə, müəllimi-əvvəl Aristotalis məqamını
dərk edə, əlbəttə, həqqi-təalaya alim və
arif olmayacaq, insaniyyət və mədəniyyət şəhərinə
daxil olamayacaq" - fikrinə
qarşı çıxaraq yazırdı: "Cənab Axund,
biz də kəmali-cürətlə deyirik ki, bir şəxs
tamam ömrünü şəriəti-əməliyyə və
fiqhə sərf edə, amma Quranın bir çox ayətlərinin
şərhi demək olan ülumi-hikəmiyyə və əqliyyədən
bixəbər ola, əlbəttə, həqqi-təalaya alim və
arif olmayacaq və mədəniyyət şəhərinə
daxil olmayacaqdır".
"Yazımız,
dilimiz, "ikinci il"imiz" ("Tərəqqi"
qəzeti, 1909) məqaləsində də dil, əlifba və
s. bu kimi mühüm məsələlərə toxunan Ömər
Faiq türklükdən uzaq düşən, yüz illərlə
ərəb hakimiyyəti, fars ədəbiyyatı
hökmranlığının təsiri altında qalan millətin
öz ana dilini, türk dili mədəniyyətini itirdiklərini
qeyd edirdi. Türklərin müsəlman olandan sonra xeyli sayda
böyük türk hökumətləri meydana
çıxarmasına baxmayaraq ərəb və fars ədəbiyyatına,
dilinə əsir olub qalmasını, doğma dillərini
unutmasını anlaşılmaz hesab edirdi.
Ömər Faiq bu mövzularla bağlı tam sərbəst
və geniş dünyagörüşə əsaslanan
faktlarla çıxış edirdi. Yüksək mədəniyyət
nümunələri ilə örnək olan yaponların, ingilislərin,
fransızların da öz əlifbalarından narazı
olduğunu bildirir, qeyd edirdi ki, bizdə olduğu kimi
avropalıların, yaponların əlifbaları,
imlaları da çoxdan islaha
möhtacdır.
Ömər Faiq dil və əlifba islahatı məsələsində
dünya təcrübəsinə, xüsusən, Avropa mütəfəkkirlərinin
fikirlərinə, mücadiləsinə istinad edirdi. Göstərirdi
ki, bu sahədə inkişafın maneələrini əlifbada
görənlər təkcə türklər
olmamışdır. "Avropalı qoca
pedaqoq Leybnits "Mənə mükəmməl bir əlifba
verin, mükəmməl bir dil verim, mükəmməl dil
verin, mükəmməl bir mədəniyyət verim" -
sözlərilə tərəqqinin maneələrini bir
növ əlifbada görür. Biz də
qanırıq ki, tərəqqimizin əsl maneəsi yalnız əlifbamız
deyil, amma əlifbamız hər halda tərəqqimizin maneələrindən
biridir".
XX əsrin
əvvəllərində mətbuatda dillə bağlı gedən
mübahisələrə konkret misallar əsasındakı təhlilləri
ilə qoşulan Ömər Faiq Əli bəy Hüseynzadənin
türkcəmizi fars, ərəb
lüğəti bazası əsasında formalaşdırmaq ideyasına
etiraz edirdi. Bu üsulla dil formalaşdırmaq məqsədinin
nəticəsi olaraq insanların savadsız, elmsiz, mədəniyyətsiz
qalmasını bildirirdi.
Başqa millətlərin
də dillərini əcnəbi sözlər vasitəsilə və
məqsədli şəkildə genişləndirməsini qəbul
edən müəllif bizim dilimizə ərəb-fars sözlərini
yeri gəldi, gəlmədi daxil etməyimizi və bunu elmli, mədəni
olmaq kimi qəbul etməyimizi yanlışlıq
sayırdı. Onu da etiraf edirdi ki, təkcə
ərəb və farslardan deyil, biz həm də başqa
xalqlar kimi fransız, yunan və italyan dillərindən də
bir çox sözlər alaraq dilimizi genişləndirmişik.
Bu zərurəti qəbul edən müəllif bizim alınma
sözlərdən məqsədəuyğun şəkildə
istifadə edə bilməməyimizi etiraf edirdi: "Lakin dərd
bundadır ki, bizim almağımız ilə özgələrinin
almağı arasında dağlar qədər fərq var. Biz
özgələrdən söz almaqla öz dilimizi həqir və
bərbad etmişik".
Ömər
Faiq xeyli söz (Tanrı, ana, ata, qardaş, yoldaş,
çörək, su, duz, ot, göy, yer, ev, eşik, sevgi, istəmək,
yaşıl, qırmızı...) sadalayır və minlərlə
körpənin də bildiyi bu cür doğma kəlmələri
çətin anlaşılan və tələffüz edilən
yad ifadələrlə (Həqqi-təala, pədər, madər,
rəfiq, həmşirə, pak, maəşir, səma, zəmin,
astanə, məhəbbət, səbz, xüzrə, sürx...)
əvəzləməyin məntiqsiz olduğunu
anladırdı.
O, mətbuat
dilinin xüsusən anlaşıqlı, axıcı və
ifadəli, sadə olmasını maarifləndirmə
üçün mühüm şərt kimi qəbul edir, ədiblərimizin
və qəzetçilərimizin yazılarını daha
çox "avam", ümumi, cəmiyyət
üçün deyil, "xas"lar, xüsusilər,
savadlılar üçün yazdığını diqqətə
çatdırırdı.
Halbuki millətin
çox hissəsinə üzünü tutan, onlara xidmət
etmək istəyənlər sadə bir dildə
yazmalıdır. Vəziyyət isə əksini
göstərirdi. Müəllifin də qeyd etdiyi kimi, sadə
və doğma kəlmələrlə yazılan yazılara
"avam dili" deyib gülür, ərəb və fars
sözləri ilə dolmuş yazılara isə "ədəbiyyat
dili" deyib öyünürdülər. Ömər Faiq dili
qəlizləşdirənlərə üzünü tutub
deyirdi: "Əgər bu yanlış fikirlə gedərsək,
bizdə hamı camaatın oxumuş, bilikli olması ya Mehdinin
çıxmasına və ya İsanın enməsinə
qalmış deməkdir".
XX əsrin əvvəllərinin
milli dil mübarizləri ictimaiyyətə daha çox qəzet-jurnal
vasitəsilə aşılanan "dəbdəbəli"
dili yad, "oğurlanmış", ruhumuza və ədəbi
təxəyyülümüzə uyuşmayan dil hesab edirdi.
Ömər Faiq həm də bədii mətnlər müəllifi,
ədəbiyyat adamı kimi ərəb və fars
sözləri ilə dolu olan yazıların dilini ədəbiyyatı
anlamayanların işlətdiyi saxta dil hesab edirdi.
Dilin problemləri ilə bağlı yazdığı
bu məqaləsində Ömər Faiq "Molla Nəsrəddin"
üslubu ilə, satirik tərzdə fikrini davam etdirir. Bildirir ki, cəmiyyətin
cahil və gözübağlı qalmasında, təkcə
beş-on dilənçi mərsiyəxan, bir para
yalançı mollalar günahkar deyil, həm də ədiblərimiz,
qəzet çıxaranlarımız günahkardır. Çünki dilin inkişafı, mükəmməlliyi
üçün zamanında ziyalılar lazımi tədbirləri
görmədi.
"Əgər açıq bura türkcəsi ilə
yazarsaq, İstanbula gedən beş-on qəzetimiz
anlaşılmayacaqmış, canları çıxsın
anlamasınlar.
Bizə beş-on istanbullunun anlaması lazım
deyil, üç-dörd milyon qafqazlının anlaması
lazımdır. Biz indilik öz ləhcəmizlə,
öz sözlərimizilə oxuyub yazmaq öyrənsək,
sonra osmanlıları da tanıyarıq,
türküstanlıları da bilərik, ittihad da eylərik".
"Eşq
və məhəbbət" məqaləsində ("Yeni
iqbal" qəzeti, 1915) Ömər Faiq evdə
arvad-uşağı ilə başqa dildə danışan
adamları tənqid edirdi: "Bunların adları özgə,
dilləri özgə, adətləri özgə, diləkləri
özgə, tərbiyələri özgə, gələcəkləri
özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir?
Bilmirəm bu gedişlə hara gedirik?"
Yad dil və
yad adətlərə ram olanların Vətən, millət adına canfəşanlığını
saxtakarlıq kimi qəbul edən müəllif onları əsir,
başqa qüvvələrin təsir dairəsində olan məhkumlar,
zavallılar, yalançı pəhləvanlar hesab edirdi. Məqalədə
qəribə bir məntiqi sual ortaya qoyulur: Özləri əsir
olanlar bizi necə azadlığa çıxara bilər?
Ömər
Faiqin bir əsrdən çox yaşı olan məqalələrində
millətimizin dünya siyasəti meydanındakı taleyindən
tutmuş məişətimizdəki ən kiçik elementə,
detala qədər haqqında bəhs etdiyi hər şey bu
gün də aktuallığını saxlayır. Məsələn,
günümüzdə də azərbaycanlı adlarını
rus, ingilis və başqa xalqların adlarına bənzətmək
həvəsini müəllif 118 il öncə belə ifadə
edirdi: " Məmmədləri - Mişa, İskəndərləri
- Saşa, Kərimləri - Kiruş, Gülsümləri -
Gülya, Leylaları - Lyalyaya çevirməkdən
utanaq".
Ömər
Faiq mövcud imkanlardan istifadə edib dünya, xüsusən də
Rusiyada baş verən ictimai-siyasi, sosial hadisələri
yaxından izləyir, analitik təhlillər aparır və
situasiyaya uyğun olaraq millətimiz üçün
ziyalıların, millət vəkilləri və Ruhanilər
idarəsinin nələrisə tələb etməsini istəyirdi.
Böyük dövlətlərin münasibətlərinin
pisləşməsi və ya yaxşılaşması vəziyyətindən,
dünya müharibələri, inqilablar zamanından belə
yararlanmağın mümkünlüyünü sübut etməyə
çalışan ziyalı "Milli məsələlərimizin
vaxtımı?" məqaləsində ("Açıq
söz" qəzeti, 1915) elə başlıqdakı
sualın cavabını çözməyə
çalışır. Rusiyada yaşayan
30 milyondan çox türkün də orada yaşayan digər
xalqlar kimi ictimai-siyasi, sosial problemlərini həll etmək
hüququ olduğunu xatırladaraq milli məsələlərin
tezislərini sadalamağa başlayır. Birinci
istək ("Biz artıq bir zad istəmiriz. İstədiyimiz budur ki, bizə də insanlıq
hüququ verilsin") ironik assosasiyalı olsa da, həqiqətə
uyğun və düşündürücülüyü ilə
maraq oyadır. Ömər Faiq milli problemləri
giley-güzar xarakterli deyil, tarixi reallıq əsasında səsləndirir.
Özü də qeyd edir ki, bunlar bizim
üçün böyük görünsə də, həlledilməz
deyil.
Ö, millət, xalq kimi bizim haqqımızı tələb
etməməyimizi cahillik və qorxaqlıq hesab edirdi. Açıqca
tələb edirdi ki, biz də Rusiyanın hüquqlu təbəəsi
cərgəsinə keçək. "Ögey
övlad yerində tutulmuyalım. Hökumətin
ümumi qanunundan din və millət seçkiliyi olmasın,
xüsusiyyəti-milliyyəmizə etina edilsin".
Ümumiyyətlə,
Ömər Faiqin məqalələrinin böyük əksəriyyətində
"istəmək", "tələb etmək"
anlayış və ifadələri daima millət, xalq
adına mücadilənin ana ideyası ilə bağlı
olub. O özü istəməklə yanaşı
yaşadığı cəmiyyəti də haqqına sahib
çıxmağa çağırırdı.
XX əsrin
əvvəllərində, Birinci Dünya Müharibəsi
zamanı Rusiya ilə Türkiyə arasındakı
qarşıdurmadan qorxaraq rus hökumətilə ehtiyatlı
davranmağı, susmağı, heç nə istəməməyi,
milli məsələlərimizi müzakirə etməməyi
tövsiyə edənlərə xatırladırdı ki, rus
hökuməti osmanlı türk hökuməti ilə
müharibə edir, hakimiyyəti altında olan türklərlə
yox.
Ömər Faiq cəsarətlə vurğulayırdı
ki, biz yüz illərdir öz sədaqətimizi sözlə
yox, lazım olduqca qanımız, malımız və hünərimizlə
sübut etmişik. "Bizim
kimi safürəkli bir millətə xəyanət isnad etməyin
özü xəyanətdir, cinayətdir".
Onun siyasi baxışlarında milli məsələni
müstəmləkə siyasəti kontekstində elə ona
adekvat bir şəkildə həll etməyin
mümkünlüyü öz əksini tapır. Məsələn, inanır
ki, tələblər dayanmadan və israrla irəli
sürülərsə, hökumətin qərarı
ilə bir gün istəklərimiz reallaşar. Hətta
hökumət, hakimiyyətdəkilər bizi eşitməsə
belə, Rusiyanın mütərəqqi insanları,
ziyalıları problemlərimizi anlayar və bizi
düşüncəli xalq kimi dəyərləndirərlər.
Onun "qafaları hazırlamalıyız" - tezisi
milli ideologiyada əsas yer tutur. Cəmiyyəti maarifləndirmək,
haqqını, hüququnu anlatmaq, zamanı gələndə
ayağa qalxa bilmək gücünün
başlanğıcı, rüşeymi də məhz ilk
növbədə
"qafaları hazırlamaq" işi ilə
reallaşa bilir.
Qoç, xoruz döyüşdürən camaatı qəflətdən
oyatmaq, onları öz dərdləri, milli məsələləri
ilə məşğul etmək zamanı olduğunu etiraf edən
müəllif bu alışqanlıqdan bir an öncə
qurtulmağın vacibliyini qeyd edir.
"Vaxtdır ki, camaatımızı yavaş-yavaş
öz dərdlərinə, öz qeydlərinə qalmağa
alışdıralım. Öz yarasını, öz dərdini
özü yaxşı etmək yolunu bilməyinin, yalnız təbibin
əlacı ilə eyni ola biləcəyini
qandıralım. Camaatımızın fikrini hər
şeydən əvvəl öz dərdinə tərəf
çevirəlim. İştə o
çevirməyin ən yaxşı vaxtı isə bu
vaxtdır".
Qafqazda
maarifsizlikdən, hüquqsuzluqdan əziyyət çəkən
xalq kimi haqq tələb etmək zamanı olduğunu ürək
ağrısı ilə yazan Ömər Faiq Rusiya türklərinin
milli mədəniyyətimiz adına heç bir təşkilatının
olmaması faktını dilə gətirir və bildirirdi ki,
ermənilərin Eçmiədzindəki
"Akademiya"ları, gürcülərin Tiflisdəki
saysız-hesabsız məktəbləri, haqq və
hüquqları olduğu halda bizdə buna müqabil heç nə
yoxdur. Şəki, Şamaxı, Gəncə və başqa
bayquş yuvalarına, viranəyə çevrilmiş mədrəsələr
haqqında düşünməməyi cahillik hesab edirdi.
"Milli məsələlərimizi bir tərəfdən
qeyri-rəsmi cəmiyyətlərimiz vasitəsilə Duma vəkillərinə
bildirməklə bərabər, o biri tərəfdən də
rəsmi idarəmiz vasitəsilə yerli hökumətə,
lazım gəlsə, daha da yuxarıya bildirməliyiz".
Ömər Faiq publisistikasında həmmüasirləri, dövrünün aktual problemlərini gündəmə gətirən ziyalılar ilə polemik ortamda mövzu müzakirəsi situasiyası yaratmaq üslubu çox maraqlı görünür. O, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, M.Şahtaxtlı və başqalarının elm, təhsil, din, xarici siyasət və s. məsələlərlə bağlı məqalələrinə diqqət cəlb etdirmək və həmin məqalələrdəki problemləri geniş ictimai auditoriyanın nəzərinə çatdırmaq vəzifəsini yerinə yetirir. Bu müzakirələrdə Ömər Faiqin özünəməxsus fikirləri, mülahizələri daha konkret və daha prinsipial görünür. "İşığımız sönməyəcəkdir" ("Açıq söz" qəzeti, 1916) məqaləsində Üzeyir Hacıbəylinin "Nəyimizin vaxtıdır?" yazısında qaldırılan problemlər yenidən müzakirəyə çıxarılır. Milli dərdlərimizi sadalayan və sonda "İçimizi, çölümüzü düzəldək" - deyən Ü.Hacıbəyliyə üzünü tutan Ö.Faiq "Lakin çox heyif ki, səbəblərini və əlacını açıq göstərmir" - deyir.
Ömər Faiqin digər ziyalılardan çox hallarda fərqi ondan ibarət olurdu ki, o, konkret və aydın şəkildə qaldırdığı, tənqid etdiyi məsələnin həlli yollarını göstərirdi. Həmin məqalədə ("Nəyimizin vaxtıdır?") Ömər Faiqi Üzeyir Hacəbəylinin bu fikri narahat etmiş, təşvişləndirmişdir: "İndi bu on ilin ərzində bu milli təşəbbüslərimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda "bol-bol" mənfəətlər görməli idilər; bu tərəqqi və təkamül mənbələrindən saçılan işıqların dairəsi hər il getdikcə böyüyüb, cəhalət qaranlığının ən uzaq guşələrini işıqlandırmağa başlamalı idi; halbuki əksini görürük: işıq dairəsi ildən-ilə sönməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönəcəyi aşkardır".
Ömər Faiq isə 10 il müddətində əsrlərlə cəhalət içərisində yatıb qalmış bir xalqın mənəvi, mədəni və siyasi cəhətdən məhz bu qədər inkişaf edə biləcəyini qeyd edir: "Və bir tərəfdən bu kimi xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı "söndürmək" deyil, daha da artıq parladır. Heç ola bilərmi ki vaxtı ilə İbn Sinalar, Fərabilər, Cövhərilər, Uluğ bəylər, Cəlaləddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alimlər yetişdirən bir millətin işığı asanlıqla sönsün?"
Dövrünün ictimai-siyasi, sosial-mədəni
hadisələrinə açıq gözlə baxan
ziyalısı kimi Ömər Faiqin təkcə elm, təhsil,
din sahəsi ilə bağlı deyil, həm də müxtəlif
mövzularda səsini ucaltdığını
görürük. Məsələn, 1915-ci ildə
(Birinci Dünya Müharibəsi zamanında) aclıq, səfalət
məmləkəti bürüdüyü bir vaxtda ictimaiyyətin
diqqətini konkret bölgələrdə ağır durumda
olan insanlara yönəldir, onların sağ qalması,
yaşaması üçün ianə toplanılması
prosesində fəal mövqe sərgiləyirdi. Onun "Yardım təcili lazım"
("İqbal" qəzeti, 1915-ci il), "Bir loğma ətmək"
("İqbal" qəzeti, 1915-ci il), "İmtahan"
("İqbal" qəzeti, 1915-ci il), "Köməkləşəlim"
("İqbal" qəzeti, 1915-ci il), "Bakı cəmiyyəti-xeyriyyəsinin
diqqətinə" ("İqbal" qəzeti, 1915-ci il),
"Çox utandıq" ("Yeni iqbal" qəzeti,
1915-ci il), "Fürsət az, ehtiyac
böyük" ("Açıq söz" qəzeti,
1915-ci il), "Qurban bayramı" ("Açıq
söz" qəzeti, 1915-ci il)
və s. bu kimi məqalələri sosial araşdırma
xarakterli materiallar kimi dərc edilmişdir. Ən əsası
isə məhz həmin çağırış məzmunlu
yazıların hesabına minlərlə insan
aclıqdan, ölümdən xilas ola bilmişdir.
İradə
MUSAYEVA
525-ci qəzet.- 2023.- 25 may.- S.12;13.