Azərbaycanda peşə təhsili:
mövcud nəticələrə və perspektivə
baxış
Müasir dövrdə peşə təhsilinin ölkənin
sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən
biri olması danılmazdır. Keyfiyyətli peşə
təhsili fərdin peşəkar sahədə elmi-texnoloji
biliklərini genişləndirir və onun mütəxəssis
kimi formalaşmasına təkan verir. Bununla
əlaqədar dövlət səviyyəsində peşə
təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər
əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək
bazarında dəyişikliklərə sürətlə
reaksiya vermək imkanı yaradır.
Elm və
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə
Dövlət Agentliyinin İşəgötürənlərlə
iş və innovativ layihələr
şöbəsinin müdir müavini Nigar
İsmayılzadənin dediyinə görə, ölkəmizdə
peşə təhsilinin 180 illik
tarixinə nəzər salsaq, 1843-cü ildə Şəkidə
"Təcrübi ipəkçilik məktəbi" ilə əsası
qoyulan texniki-peşə təhsili hazırkı
dövrümüzdə də təhsilimizin ayrılmaz tərkib
hissəsi olaraq inkişaf edir. Azərbaycanda əsaslı
peşə təhsili və təlimi islahatlarının
aparılması sosial-iqtisadi inkişafın təməli, gələcək
potensialdan yararlanma üçün rəqabətqabiliyyətli
əmək bazarının formalaşdırılması, insan
kapitalının yetişdirilməsinə yönəlib.
Ölkəmizdə peşə təhsili və təlimi
sisteminin inkişafının tarixini dövrlərlə şərh
etsək, iqtisadi canlanma və peşə təhsili siyasətinin
paralel şəkildə həyata keçirildiyini
müşahidə etmiş oluruq: "Azərbaycanın
strateji geosiyasi vəziyyəti, zəngin təbii sərvətlərə
malik olması və dünya ölkələrinin diqqət mərkəzində
qalması tarix boyu ticarət əlaqələrinin
inkişafına, sənətkarlığın
yayılması və məktəblərin formalaşmasına
səbəb olmuşdu. XIX əsrdə təsərrüfat
formasından iri inhisarçılığa keçid, neft
bumu dövrlərində xeyriyyəçilərimizin təhsilə
sərmayə qoymaları, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması peşə təhsili sisteminin formalaşmasında
vacib rol oynamışdır və tarixi əhəmiyyətli
proseslər baş verib. Sovet
İttifaqı dövründə peşə təhsili
sisteminin ilk inkişaf mərhələsi başladıqdan
sonra fabrik-zavod şagirdliyi məktəbləri
açıldı ki, bu da hazırda "dual təhsil
modeli" kimi tətbiq olunan prosesin ilk formalarından idi.
O cümlədən, 40 yaşına kimi texnik-peşə təhsilinə
icbari status verən və hərbi mükəlləfiyyətdən
azad edən normativ-hüquqi baza yaradılıb. Ümummilli lider Heydər Əliyevin milli təhsilin
inkişafına göstərdiyi qayğı və diqqət hər
zaman yüksək olub. Ulu öndərin
"Təhsil millətin gələcəyidir" kəlamı
təhsil quruculuğunun inkişafının təməl məqsədi
idi".
O bildirib
ki, ölkədə təhsil sisteminin tərkib hissəsi olan
peşə təhsilinin yüksəlişi də məhz Heydər Əliyevin Azərbaycanda
hakimiyyətdə olduğu illərə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin "Təhsil
sahəsi həyatımızın ən gərəkli, ən
mühüm sahəsidir. O milli məktəblər, mənafelər
əsasında qurulmalıdır... Dünya təcrübəsindən
Azərbaycanın milli xüsusiyyətlərinə uyğun
olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir.
Biz dünyanın bütün ölkələrində - Qərbdə
də, Şərqdə də əldə olunmuş nailiyyətləri
dərindən öyrənməli və onlardan Azərbaycan
üçün müsbət xarakter daşıyan cəhətləri
ölkəmizin təhsil sistemində tətbiq etməliyik..."
kimi fikirləri təhsilin, eləcə də peşə təhsili
sahəsinin əsaslı inkişaf etdirilməsi
üçün baza rolunu oynadı: "Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
texniki-peşə təhsilinin təkmilləşdirilməsinə,
inkişafına dair strategiya hazırlanıb və uğurla həyata
keçirilib. Peşə təhsilinin
inkişafının yüksəliş dövrü Ulu öndər
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə
təsadüf edir. Həmin illərdə
peşə məktəblərinin sayı 1965-ci illə
müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5
dəfə artıb. Heydər Əliyevin təşəbbüsü
ilə 1971-1975-ci illər üçün texniki-peşə təhsilinin
təkmilləşdirilməsi və inkişafı üzrə
strategiya müəyyənləşdirilmiş, həmin illərdə
54 yeni texniki-peşə təhsili müəssisəsi fəaliyyətə
başlayıb. 1970-82-ci illərdə ölkədə
texniki-peşə məktəblərinin sayı 76-dan 184-ə,
onlarda təhsil alan şagirdlərin sayı 40,9
mindən 109 minə çatıb. 1978-1987-ci illərdə Azərbaycanda
5276 yerlik texniki-peşə təhsili kompleksləri, 2400 yerlik
tədris binaları, 2800 yerlik təcrübə korpusları,
ümumi sahəsi 15559 kv.m. olan yataqxana
binaları tikilib istifadəyə verilib, 194 tədris istehsalat
emalatxanası, 786 tədris kabineti və laboratoriyası
yaradılıb. Sovet hakimiyyətinin peşə
təhsilinin inkişafında rolu və təsirinin
güclü olmasına baxmayaraq, bu sistem Sovet
İttifaqının dağılmasından sonra
çökdü. Bir çox zavodlar fəaliyyətini
dayandırdı, əlaqələr qırıldı, siyasi
proseslərlə əlaqədar olaraq iqtisadi böhran vəziyyəti
yarandı ki, bu da peşə təhsilində idarəetmə,
məzmun və tədris bazasının zəifləməsinə
gətirib çıxardı. Ölkədə
hökm sürən hərc-mərclik nəticəsində bir
sıra texniki-peşə məktəbləri bağlandı,
bir çoxunun maddi-texniki bazası dağıdıldı.
Mövcud təhsil ocaqlarının yetərincə
maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə
hesablanmış təhsil strategiyasının bitkin şəkildə
reallaşdırılmaması bu zəruri sferanın vəziyyətini
bir qədər də ağırlaşdırmışdı.
Lakin ölkənin bütün sahələrində
olduğu kimi, təhsil sferasında da inkişaf prosesi Ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra müşahidə olunmağa başladı".
Nigar
İsmayılzadənin sözlərinə görə,
müstəqilliyin ilk illərində iflic hala
düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə
nail olunması, zəif dövlət siyasətinin güclü
və aparıcı mövqeyə yüksəlməsi, qədim
tarixi və zəngin mədəniyyəti olan millətimizin
bütün dünyada tanıdılması istiqamətində
Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin
nəticələri özünü göstərdi. Onun ölkəyə rəhbərlik etdiyi müxtəlif
dövrlərdə müəyyən etdiyi və həyata
keçirdiyi strategiya bütün sahələrdə əldə
edilən uğurların əsasını təşkil edirdi.
Dahi rəhbər insan kapitalının
yetişdirilməsinə həm xaricdə nüfuz dairəmizin
genişləndirilməsi baxımından əsas siyasət, həm
də yumşaq gücün artırılması vasitəsi
kimi yanaşırdı. Bu, peşə təhsili
siyasətində də özünü göstərirdi.
Onun siyasi iradəsi ilə təhsil islahatları həyata
keçirilirdi ki, bu da peşə təhsilinin inkişafı
nəticəsində tələbə sayının
artmasına səbəb oldu: "Ulu öndərin siyasi
kursunun uğurlu davamçısı Prezident İlham
Əliyevin rəhbərliyi ilə "Qara qızılın
insan kapitalına çevrilməsi"ni qarşısına
missiya olaraq qoymuş ölkəmizdə insan kapitalının
inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi
və keyfiyyətli əmək bazarının
formalaşdırılması üçün ixtisaslı
işçi qüvvəsinin hazırlanması sahəsində
mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu baxımdan peşə təhsili
iqtisadiyyatın real sektoruna və əmək bazarına ən
yaxın təhsil pilləsi olmaqla ixtisaslı kadrların
hazırlanmasında, səriştəli işçi qüvvəsi
hesabına istehsal potensialının yüksəldilməsi
yolu ilə idxaldan asılılığın aradan
qaldırılmasında və sahibkarların yaxından cəlb
olunması ilə regionda iqtisadi qüdrətin
artırılmasında müstəsna əhəmiyyətə
malikdir. Prezident İlham Əliyevin Azərbaycanda
iqtisadi inkişafa və qeyri-neft sektorunun diversifikasiyasına
yönəlmiş siyasətini əsas tutaraq qeyd etmək olar
ki, son illərdə ölkənin sosial-iqtisadi inkişafı
sahəsində həyata keçirilən məqsədyönlü
islahatlar və iqtisadiyyatın prioritet istiqamətləri
üzrə qarşıya qoyulmuş məqsədlərin
reallaşdırılması sahəsində peşə təhsilinin
rolu artıb".
Şöbə
müdiri qeyd edib ki, təhsilin strateji sahə kimi tərəqqisi
üçün hər il büdcədən
artımlı maliyyə ayırmalarının verilməsi və
müvafiq addımların atılması təhsilin keyfiyyətini
günü-gündən yüksəldirdi. 1993-cü
ildən 2003-cü ilə qədər bu sahədə ciddi irəliləyişlər
baş versə də, lakin həlli zəruri olan müəyyən
problemlər hələ də mövcud idi. 2003-cü ildən
başlayaraq, ümumiyyətlə, Azərbaycanda
başlanmış modernləşmə siyasəti təhsil
sektorunun da inkişafına əlavə təkan verdi. Əsasən 2015-ci ildən etibarən,
peşə təhsil sisteminin inkişaf etdirilməsi, ölkədə
müasir tələblər səviyyəsində qurulmuş
peşə təhsili müəssisələrində təhsil
xidmətlərinin göstərilməsini təmin edə biləcək
maddi-texniki, təşkilati-hüquqi və tədris metodiki
şəraitin yaradılması və bu zəmində peşə
təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə
nail olunması, eləcə də bu sahədə infrastruktur
işlərinin başa çatdırılması və
güclü maddi-hüquqi baza formalaşdırılması
üçün ölkəmizdə strateji əhəmiyyətli
dövlət proqramları həyata keçirilməkdədir.
Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən"Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən
gələcək illərdə dünyada artan rəqabətə
hazır olmaq üçün ölkənin
prioriteti yüksək rəqabətli insan kapitalını
formalaşdırmaq və müasir təhsil,
innovasiyalarını təşviq edən münbit şərait
yaratmaq əsas şərt kimi qoyulub:
"Hazırda təhsilimizin bu pilləsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübələri öyrənilərək onlardan bəhrələnilir və bu istiqamətdə ardıcıl işlər görülür. Artıq informasiya əsri, rəqəmsal texnologiyaların yaratdığı iqtisadiyyat platformaları, süni intellekt və "Dördüncü Sənaye İnqilabı" dövrüdür və bu çağırışın öhdəsindən gəlmək üçün işəgötürənlərlə yaxından əməkdaşlıq etmək, gələcək əmək bazarının tələblərinə uyğun müasir və qabaqcıl təhsil modelləri əsasında peşə təhsilinin məzmunu tələb olunur. Beynəlxalq tərəfdaşlar (Türkiyə, Koreya, Almaniya) ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq həyata keçirilir və pedaqoji heyətin bacarıqlarının təkmilləşdirilməsinə dəstək verilir. Bu gün peşə təhsilinin prioritet istiqamətlərdən biri olan dövlət-özəl əməkdaşlığı və işəgötürənlərin peşə təhsilinin təşkilinə inteqrasiyası, eləcə də peşəyönümü işi və peşə təhsilinin imicinin yüksəldilməsidir. Peşə təhsili ilə bağlı hədəflər ölkənin ümumi iqtisadi inkişaf strategiyasının tərkibində vacib kriteriya kimi özünü göstərir. Belə ki, peşə təhsilinin əhatəsi hazırkı tələbə sayı müqabilində 11000 artırılması hədəf olaraq qarşıya qoyulub. Bu, bizim üçün çağırışdır, yeni resurslar, maddi-texniki baza, mühəndis-pedaqoji heyət və həmçinin işəgötürənlər, ümumilikdə bir növ kompleks şəkildə həcmin artırılması və yeni islahatlar, innovativ baxış deməkdir. Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi təhsil siyasətində peşə təhsilinin rolunun və statusunun artırılması mühüm yer tutur".
Nigar İsmayılzadənin sözlərinə əsasən, bu gün XXI əsrin dəyişən əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurulur: "Bizim təhsil müəssisələrimizdəki tədrisin beynəlxalq standartlara uyğunluğunu təmin etmək, iqtisadiyyatın prioritet sahələri üçün kadr yetişdirmək, innovativliyi və dövlət-biznes əməkdaşlığı ilə irəli getmək və əlverişli tədris şəraiti yaratmaq üçün məzmun və təhsildə keyfiyyət baxımından əsaslı tədbirlər həyata keçirilir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 25 may.- S.11.