Türk dilləri probleminin öyrənilməsində yeni səhifə

 

Azərbaycan keçmiş sovet məkanında türkologiyanın inkişaf etdiyi mühüm elmi mərkəzlərdən biri olub. Bu ənənə dövlətimiz ikinci müstəqilliyini qazandıqdan sonra daha uğurla davam etdirildi. İndi ölkəmizdə tək Azərbaycan dilçiliyinin deyil, türkologiya elminin də qlobal məsələləri, aktual problemləri müstəqillyimizin verdiyi imkan və şərait sayəsində Azərbaycançılıq ideologiyası işığında geniş şəkildə araşdırılır, tədqiq olunur. Bu gəlişmələr fonunda son dövrlərdə türkologiyanın qlobal məsələlərinin tədqiqinə diqqət artırılıb. Belə köklü problemlərdən biri "Türk dili" və "türk dilləri" anlayıslarıdır. Bu anlayışların formalasması tarixinin tədqiqi Avrasiyanın geniş  coğrafiyasında yayılmış çoxsaylı türk dillərinin, ləhcələrinin və şivələrinin diferensiasiya prosesini aydınlaşdırmağa, təsbit etməyə imkan verir. "Türk dili", "türk ləhcələri" və "türk dilləri" anlayısları biri digərinin tarixi-məntiqi davamı olaraq meydana çıxıb ki, bu da ümumən "türkcə"nin  təkamül-diferensiasiya tarixini əks etdirir. Hazırkı dövrdə türkcə və onun müxtəlif dövrlərə aid funksional təzahürlərinin necə adlandırılmasına aid materialların ortaya çıxarılaraq sistemləsdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Aysel Nizami qızı Qəriblinin türk  dilləri ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim olunmuş dissertasiyası türkologiyada çox aktual bir mövzuya həsr olunması ilə diqqəti cəlb edir. Dissertasiya giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. "Giriş"də mövzunun  aktuallığını şərtləndirən başlıca amillər göstərilmiş, tədqiqatın predmetı, obyekti, məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, mənbəyi kimi məsələlər sistemli şəkildə təqdim olunmuş, elmi yeniliyi öz əksini tapıb.

Dissertasiyanın "Türk dili" anlayışı: təşəkkülü və təkamülü" adlanan birinci fəsli 5 yarımfəsildən ibarətdir. Bu fəsildə türk dili anlayışının mənşəyi, ilk orta əsrlərdə türk dili anlayışı, Kaşğari "Divan"ında türk dili anlayışı, orta əsrlərdə geniş işlənmə dairəsinə malik olmuş ədəbi dil kimi fəaliyyət göstərən "türki", bu dövrdə "türk ləhcələri" anlayışı və onun işlənmə xüsusiyyətləri  tədqiq olunub. Dissertant çox doğru olaraq "Türk dili" anlayışının tarixini üç dövrə ayırır: Tarixəqədərki dövr və ya türk dili anlayışının mənşəyi; Ümumtürk dili dövrü və ya türk dili anlayışının normalaşması; Ümumtürk dili dövrü və ya türkdili anlayışının differensiyası. Bu dövrləşdirmədən aydın olur ki, türk dili linqvonimi ortaya çıxana qədər həmən linqvonimlə ifadə olunan dil təxminən  4 min illik bir inkişaf yolu keçərək qədim türk yazılı abidələrində təzahür edən  həm fonetik, həm leksik, həm də qrammatik mükəmməlliyə gəlib çatmışdı.

Məlumdur ki, Orxon-Yenisey abidələrində özünü göstərən vahid türk ədəbi dili yazı ənənəsi daha sonralar ardıcıl şəkildə, xüsusən ilk orta əsrlərdə M. Kaşğari "Divan"ı, "Kutadqu bilik", Əhməd Yügnəkinin "Atəbətül-həqayiq"inin timsalında davam etdirilmişdir. Dissertant "Divani-lüğət-it-türk"  əsərini türk dili, türk dilləri linqvonimləri baxımından geniş şəkildə təhlil edir. Digər məsələlərlə yanaşı, burada M.Kaşğari və müqayisəli-tarixi metod məsələsinə dissertantın özünəməxsus münasibəti diqqəti cəlb edir. O yazır: "Mahmud Kaşğari dövründə türk dilinin ləhcələri arasındakı fərq o qədər çox deyildi ki, bunlar o dərəcədə müxtəlif dillər kimi görünsün ki, "Divan" müəllifi xüsusi tədqiqat aparmaqla  qohumluq əlaqələrini müəyyənləşdirməyə çalışmalı olsun. Mahmud Kaşğari kimi dərin dil duyumuna, eləcə də mükəmməl dilçilik təfəkkürünə malik bir alim üçün  Avrasiyanın geniş çöllərinə yayılmış türklərin eyni bir dildə, lakin fərqli şivələrdə danışmaları, eləcə də onların ədəbi dillərinin olması yaxşı məlum idi. Və "Divan"ın tədqiqat metoduna və ya  üsuluna ciddi elmi-metodoloji mövqedən yanaşsaq görərik ki, M.Kaşğari müxtəlif dilləri  araşdırıb  onların eyni bir kökdən gəldiyini müəyyənləşdirmir, əksinə, eyni bir dilin daxilindəki müxtəliflikləri ortaya çıxarır. Akademik M.Şirəliyev XI əsrin dahi dilçi-türkoloqunu dialektoloq adlandırmaqda tamamilə haqlıdır". Dissertant çox doğru olaraq göstərir ki, "Divan"  "Türk dillərinin sözlüyü" şəklində dilimizə tərcümə edilsə də, M. Kaşğari daha çox türk ləhcələrindən bəhs edir və təsadüfi deyil ki, məşhur türkoloq Peter Qolden əsərin adını ingiliscəyə "Türk ləhcələrinin divanı" şəklində tərcümə etmişdi.

Yuxarıda qeyd edildiyi kimi, M.Kaşğariyə görə, o dövrdə türk dilləri yox, türk ləhcələri mövcud olmuş, o da  bu ləhcələri müqayisəli aspektdə tədqiq etmişdi.

Bu fəslin "Orta əsrlər türk ədəbi dili (türki) anlayışı" yarımfəslində orta əsrlərdə türk dünyasının dil birliyinə xidmət etmiş türkinin təşəkkülü, təkamülü və tənəzzülü tutarlı dil faktları əsasında araşdırılıb. Burada iddiaçının oğuz dili, qıpçaq dili linqvonimlərinin oğuz ləhcəsi, qıpçaq ləhcəsi adlandırılması təklifi də diqqəti çəkən məsələdir. Dissertasiyanın diqqəti cəlb edən təqdirəlayiq cəhətlərindən biri də "türki" linqvoniminin yeni baxış bucağı ilə yüksək səviyyədə araşdırılmasından ibarətdir. Dissertantın fikrincə, orta əsrlərdə təxminən ümumtürk ədəbi dili rolunu oynamış türki XI-XII əsrlərdə təşəkkül tapır, XIII-XVI əsrlərdə təkamül dövrünü keçirir, XVII-XVIII əsrlərdə süqut edir. O göstərir ki, türkinin bu dövrdə iki təzahür forması olmuşdu: Qərb (Osmanlı türkisi), Türküstan (Cağatay türkisi). Dissertant çox doğru olaraq qeyd edir ki, türki anlayışıının düzgün dərk edilməsi orta əsrlər türk ədəbi dilinin (türkinin) təşəkkülü, təkamülü və tənəzzülü, ümumən tarixi ilə bağlı türkcənin bütün orta əsrlər boyu mövcud olan, eləcə də həm qədim, həm də yeni dövrlərinə işıq salan çoxsaylı təzahürlərini işarələyən bir sıra anlayış-linqvonimlərin aydın interpretasiyasına kömək edir. Maraqlıdır ki, tədqiqatçı həmin problemi tədqiq edərkən N.Baskakov, Ə.B.Ercilasun, Z.Korkmaz, N.Cəfərov kimi görkəmli türkoloqların araşdırmalarına da təmas edir, onlardan yaradıcı şəkildə bəhrələnir, eyni zamanda, həmin tədqiqat əsərlərinə öz tənqidi münasibətini də bildirir.

Dissertasiya işinin "Yeni dövrdə türk ləhcələri və türk dilləri anlayışları" adlanan II fəsli 9 yarımfəsildən ibarətdir. Burada türk dili, Azərbaycan dili, türkmən dili, özbək dili, qazax dili, qırğız dili, tatar dili anlayışları və onların təşəkkülü, inkişaf tarixi yığcam şəkildə şərh edilib. Son iki yarımfəsildə isə XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədərki dövrdə "türk dilləri" anlayışının beynəlxalq miqyasda tədqiqi məsələləri ələ alınıb. Burada M.Kazımbəy, V.Radlov, L.Budaqov, J.Deni, Ə.Hüseynzadə, Ə.Topçubaşov və başqalarının əsərlərindəki "türk ləhcələri" və "türk dilləri" anlayışı ətraflı şəkildə araşdırılıb. Məlumdur ki, Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri bu sahədə Avropa tədqiqat metodu ilə yazılmış ilk qrammatika kitabıdır. Bu əsərdə müasir türk dillərindən türk ləhcələri adı ilə bəhs edilir. Kitabın türk dillərinin öyrənilməsində oynadığı böyük rolu geniş şəkildə araşdıran dissertant çox doğru olaraq qeyd edir ki, "Ümumi qrammatika" bütün linqvonimik "tərəddüdlər"inə baxmayaraq, artıq tamamilə müstəqil (müasir) türk dillərini obyektiv elmi-dilçilik mövqeyindən təsbit (və təqdim) etmişdi.

Dissertasiyanın "Ən yeni dövrdə "türk dilləri" anlayışı: problemlər, mülahizələr" adlı III fəsli 3 yarımfəsildən ibarətdir. Burada XX əsrdə türk dilləri anlayışı haqqında mübahisələrdən, müasir türk dünyasında "türk dilləri" anlayışından və ortaq türkcə problemindən geniş şəkildə bəhs edilir. İddiaçı ortaq türkcə məsələsinin müasir türkoloji arenada tədqiqi məsələlərindən, bu sahədəki problemlərdən ətraflı şəkildə söz açır. Bizcə, iddiaçı haqlı olaraq hazırkı dövrdə ümumtürk dilinin yaradılması üçün münbit şəraitin olmadığını göstərir. Eyni zamanda, onun  ümumtürk ünsiyyət dilinin daha real perspektivlərə malik olması haqqında mülahizəsi də inandırıcı səslənir.

Dissertasiyanın   "Azərbaycan dili" anlayışının təşəkkülü problemləri" adlanan IV fəsli təsadüfi deyil ki, 80 səhifəni və 16-17 yarımfəsli əhatə edir. Qeyd edək ki, Azərbaycan alimi kimi tədqiqatçının bu problemin tədqiqinə geniş yer ayırması çox təbiidir. Çünki burada Azərbaycan dili anlayışının qədim dövrdən müasir dövrümüzə qədərki təşəkkül  və təkamül məsələləri kompleks və ardıcıl şəkildə araşdırılır. Bu fəsildə Azərbaycan dili anlayışı həm də çox doğru olaraq Şimal və Cənub təzahürləri qarşılaşdırılmaqla bütöv şəkildə nəzərdən keçirilir. Eyni zamanda XX əsrin 20-30-cu illərində "türk dili"ndən "Azərbaycan dili"nə keçid prosesləri, bu məfhumun müstəqillik illərində vəziyyəti zəngin faktlar əsasında təhlil və tədqiq edilir.

İşin "Nəticə" bölməsi 15 maddədən ibarət olub dissertasiyadakı əsas məsələ və problemləri doğru şəkildə xülasə edir. Burada doğru olaraq qeyd edilir ki, "türk dili" anlayışı öz mənşəyini türklərin Altay birliyindən ayrıldığı e.ə. III minillikdən alır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aysel Nizami qızı Qəriblinin "Türk dili" və türk dilləri" anlayışlarının  formalaşması tarixinin elmi-metodoloji problemləri" adlı dissertasiyasında türkologiyada ilk dəfə türk dili anlayışının yaranma tarixi, formalaşması və inkişafı məsələləri müasir dövrün elmi əsərləri əsasında sistemli şəkildə araşdırılıb. Tədqiqatdan əldə edilən nəticələr konkret şəkildə ümumiləşdirilib. Dissertasiya işində zəngin elmi mənbələrdən istifadə edilib. Bütün bunlar dissertasiyanın elmi dəyərini artırır. A.Qəriblinin "Türk dili və Türk dilləri" anlayışlarının formalaşması tarixinin elmi-metodoloji problemləri" mövzusunda tədqiqat işi türk dillərinin tarixinin öyrənilməsi baxımından zəngin və qiymətli mənbədir.

 

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

525-ci qəzet.- 2023.- 25 may.- S.10.