Heydər Əliyev irsi:
müstəqil Azərbaycanda elm və təhsilin
tərəqqisinin mənbəyi
Ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti və nəzəri irsində elm
və təhsil məsələləri hər
zaman xüsusi yer tutub. Ulu öndər
Heydər Əliyev milli inkişaf konsepsiyasına uyğun olaraq daim təhsilin
səviyyəsinin yüksəldilməsi,
təhsil ocaqlarının
fəaliyyətinin genişləndirilməsi
və milli kadrların hazırlanması
məsələlərinə xüsusi qayğı göstərib. Məlumdur
ki, hələ Sovetlər Birliyi dövründə Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə azərbaycanlı
gənclərin nüfuzlu
ali məktəblərdə
oxumağa göndərilməsi
məhz yüksək ixtisaslı kadr ordusunun və elmi potensialın formalaşmasında strateji
rol oynamış oldu. Ulu öndər hər
zaman təhsil ocaqlarında çalışan
professor-müəllim heyəti
ilə görüşlər
keçirmiş, özünəməxsus
müdrikliklə elmin
və təhsilin qarşısında duran problemlərin həlli istiqamətində böyük
əzmlə çalışıb.
Ümummilli liderin elm və təhsilə göstərdiyi qayğı
ali təhsil
müəssisələrini yeni dövrün tələbləri səviyyəsində
mütəxəssis hazırlığına
istiqamətləndirib.
Ulu öndər
Azərbaycan xalqının
hərtərəfli tərəqqisində
təhsilin xüsusi əhəmiyyətini nəzərə
almaqla onu hər zaman yüksək qiymətləndirib. Bu gün müasir tələblərə tam olaraq
cavab verən Azərbaycan təhsil sisteminin əsası Ümummilli lider tərəfindən qoyulub.
Heydər Əliyev böyük
uzaqgörənliklə insan
kapitalını qlobal
rəqabətə qabiliyyətlilik
amili kimi dəyərləndirib və
Azərbaycanın milli
inkişaf prioritetlərində
əsas potensialı insan kapitalının inkişafı istiqamətində
səfərbər edib.
Bu gün elm və təhsil sahəsində Ulu öndər Heydər Əliyev strategiyasının davamı
olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi tədqiqatların genişləndirilməsi,
yüksək reytinqli universitetlərin təcrübəsi
və milli iqtisadiyyatın inkişaf strategiyasına uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi,
kadr hazırlığına
kompleks yanaşma əsasında gələcəyə
yönəlik yeni ixtisasların yaradılması,
real sektor və tədrisin inteqrasiyası əsasında yüksək
elmi-tədqiqat potensialının
formalaşdırılması istiqamətində genişmiqyaslı
kompleks tədbirlər
görülür. Fəxarətlə deyə bilərik ki, bu gün
UNEC universitetlərin beynəlxaq
reytinqində Azərbaycanı
yüksək səviyyədə
təmsil etməklə,
təhsil xidmətləri
ixrac edən tədris və tədqiqat universiteti kimi tanınır.
Müasir şəraitdə 5.0 cəmiyyətlərinin
strateji, sosial və iqtisadi çağırışlarına uyğun olaraq sosial inkişafın yeganə yolu kimi elm-təhsil cəmiyyətinin formalaşdırılması
çıxış edir. Elm-təhsil cəmiyyətinin
formalaşdırılması isə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsinə
əsaslanan ictimai intellektin yüksək səviyyəsini nəzərdə
tutur. Bilik və informasiya
cəmiyyətində universitetlər
davamlı olaraq inkişaf edən intellektual mərkəzlər
kimi çıxış
edir. Təhsil, elm və mədəniyyət
kimi sosial sistemləri özündə
ehtiva edən universitetlər müasir şəraitdə strateji nöqteyi-nəzərdən ətraf
mühit dəyişikliklərinə
proaktiv reaksiya verəcək qədər
çevik olmalıdır.
Bu mənada ali təhsil sisteminin zəruri həlqəsi olan müasir universitetlər sürətli
dəyişikliklər və
transformasiyalarla xarakterizə
edilən plyuralizm şəraitinə uyğun
olaraq kadr hazırlığı prosesinə
kompleks yanaşma sərgiləməklə, daha
geniş profilli, yüksək intellektlivə
kreativ düşüncə
tərzinə malik mütəxəssislər hazırlayan
bir mərkəzə çevrilməlidir. Bununla əlaqədar
olaraq universitetlərdə
mövcud fənlərin
sərhədlərinin genişləndirilməsi,
ifrat rasionallıqdan imtina, fənlərarası
elmi yanaşma və kompleks tədrisə xüsusi önəm verilməlidir.
Fənlərarası yanaşmanın tədris
proqramlarında əks
olunmasının məqsədi
eyni mövzunun fərqli tədris predmeti nöqteyi-nəzərindən
araşdırılması və
fənlərarası identifikasiyasından
ibarətdir.
Məlumdur ki, yeni çağın
başlıca özəllikləri
- inteqrasiya, genişlənmə,
ümumiləşdirmə, əlaqələndirmə, daha
geniş, əhatəli
və kompleks yanaşmadan ibarətdir. Uyğun olaraq,
müasir şəraitdə
əmək bazarının
tələblərinə uyğun
olaraq da, mütəxəssislərdən daha çox adaptasiya qabiliyyətinin göstəricisi kimi
universal və ya "yumşaq" bacarıqlar
tələb edilir.
Universiteti uğurla bitirməni
təsdiq edən sənəd (diplom) bu gün mütləq
mənada hələ mükəmməl mütəxəssis
hazırlığı göstəricisi
hesab edilə bilməz. Tədqiqatların
nəticələri bunu
deməyə əsas verir ki, bu
gün universitetlərdəki
təhsilin aşıladığı
bacarıqlarla iş yerlərində tələb
edilən bacarıqlar
arasında ciddi fərqlər mövcuddur.
Bu cür vəziyyət
universitet təhsilində
çevik və ya "yumşaq" bacarıqların mənimsənilməsi
mexanizminin tətbiqinə
daha ciddi və kompleks yanaşma tələb edir. Müasir universitet təhsilində tədris edilən fənlərin mahiyyəti
və keyfiyyətinin qazandırdığı bacarıqların
əmək bazarında
və iş yerlərində tələb
edilən bacarıqlarla
uyğunluq təşkil
etməsi üçün
universitetin təşkilati
strukturu da kifayət qədər çevik və elastiki olmaqla proaktiv şəkildə bu tələblərə yönəlik olmalıdır.
Tələbələrin əmək bazarının
müasir və strateji tələblərinə
adaptasiyası məqsədilə,
universitetdə bütün
zəruri transformasiyaların
kreativ təşəbbüskarı
olan və gələcəyə yönəlik
proaktiv adaptasiyanı təmin edən inteqrasiya edilmiş
universal peşələrin mövcud olması məqsədəuyğundur. İnformasiya
cəmiyyəti və
biliklər iqtisadiyyatına
keçid uyğun olaraq məşğulluğun
strukturunda da ciddi dəyişikliklərə
səbəb olub.
Müasir şəraitdə iqtisadiyyatın bilikləri
istehsal və tətbiq edə bilən kadrlara, koqnitiv işçilərə
ehtiyacı vardır.
Biliklərin rəqabət qabiliyyətliliyinin
əsası kimi çıxış etməsi
uyğun olaraq təhsilin keyfiyyəti məsələlərini də
aktuallaşdırır. Məlum olduğu kimi, ali
təhsilin missiyası
üç əsas funksiya (peşəkar kadrların hazırlanması,
yeni biliklərin istehsalı və cəmiyyətə xidmət)
ilə müəyyənləşdirilir.
Müasir şəraitdə universitet fəaliyyətinin
prioritet istiqaməti kimi təhsil və tədqiqat funksiyaları ilə yanaşı, ölkənin
sosial-iqtisadi inkişafının
stimullaşdırılması və eləcə də cəmiyyətə xidməti baxımından
elmi-sənaye komplekslərinin
yaradılmasına və
təhsil sektorunda bazar münasibətlərinin
formalaşmasına da
xüsusi diqqət yetirilməlidir. Belə ki,
universitet və müxtəlif şirkətlər
arasında qarşılıqlı
faydanı təmin edən bu inteqrasiya
(təhsil, elm və biznes) universitetlərə
elmi tədqiqatlarını
daha da inkişaf
etdirməyə və
məzunlarının işlə
təmin edilməsinə,
şirkətlərə isə
öz potensiallarını
realizasiya etməyə
imkan vermiş olur. Beləliklə, universitetdə müxtəlif
şirkətlərlə əməkdaşlıq
əsasında əmək
bazarının tələblərinə
uyğun olaraq kadrlar hazırlanır və ən başlıcası nəzəriyyə
ilə praktika, elm ilə istehsal arasında sinergetik vəhdət təmin edilir. Bununla əlaqədar, UNEC-lə müxtəlif şirkətlər arasında
əməkdaşlıq əlaqələrinin
genişlənməsi nəticəsində
elm və istehsalın
inteqrasiyası baş
tutur ki, bu da tələbələrin
praktiki bilik və bacarıqlarının
artırılmasında və
məzunların işlə
təmin edilməsində
müsbət rol oynayır. Bu gün
UNEC-də ali
təhsilin missiyasının
funksiyaları sinergetik
vəhdətdə müvəffəqiyyətlə
realizasiya edilir. Elmi-pedaqoji göstəricilərin müsbət
dinamikası müvafiq
beynəlxalq təşkilatların
hesabatlarında və
reytinq sıralamalarında
öz əksini tapır. Elmi araşdırmaların genişləndirilməsində, elmi tədqiqatların səmərəliliyinin yüksəldilməsində
UNEC-də tətbiq edilən Differensial Əmək Haqqı Sistemi və əlavə mükafatlandırma
sistemi elmi stimullaşdırmanın baxımından
müstəsna rol oynayır. UNEC-də
tədrisin keyfiyyətinin
yüksəldilməsi istiqamətində
keçirilən kompleks
islahatların nəticəsi
kimi "UNEC-100" İnkişaf
Strategiyasına uyğun
olaraq 2030-cu ilə qədər doğma universitetimizin yüksəkkeyfiyyətli
tədris və tədqiqat mərkəzi kimi ön sıralarda
qərarlaşacağı əsas
hədəf götürülmüşdür.
Azərbaycanda milli tərəqqinin, elmin, mədəniyyətin inkişafında, xalqın intellektual səviyyəsinin yüksəldilməsində Heydər Əliyevin misilsiz xidmətlərinin davamı olaraq, işğaldan azad edilən ərazilərin bərpasında təhsilin inkişafı istiqamətində Ağdam şəhərində xüsusi təhsil kvartalının təməlinin qoyulması və Qarabağ Universitetinin yaradılması Qarabağın təhsil mərkəzinə çevrilməsində mühüm rola malik olacaqdır. Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı istiqamətində Qarabağ Universiteti bölgənin daha da sürətli inkişafına təkan vermiş olacaqdır. Azərbaycanın rəqəmsal transformasiyası istiqamətində Qarabağ Universitetinin qlobal miqyasda rəqabət qabiliyyətliliyini təmin etmək məqsədilə peşəkar professor-müəllim heyətinin formalaşdırılması, universitetin maddi-texniki bazasının ən son texnologiyalar əsasında qurlması nəzərdə tutulmuşdur. Bununla da, Qarabağ Universiteti - regionun modern universitet modeli kimi rəqabətqabiliyyətli insan kapitalı formalaşdıran ali təhsil müəssisəsi kimi nüfuzlu elm və təhsil mərkəzinə çevriləcəkdir. Ulu öndər Heydər Əliyevin zəngin irsi və dərin həyat fəlsəfəsini öyrənmək, bəhrələnmək, tətbiq etmək hər zaman hər birimizin qarşısında duran ən zəruri məsələdir.
Şəfa QULİYEVA
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) professoru
525-ci qəzet.- 2023.- 27 may.- S.23.