Çayın cazibəsi: Lənkərandan Azərbaycana və bütün dünyaya...

 

Lənkəranda ilk çay plantasiyaları 1932-ci ildə İstisu qəsəbəsində salınıb. 1970-ci illərdə çay rayonun 20 təsərrüfatında becərilirdi, 80-ci illərə doğru isə çay istehsalı 17 min tona çatdırıldı. Müstəqilliyin ilk illərində bu sahədə işlər xeyli zəiflədi və böhranlı həddə çatdı.

Çayçılığın inkişafı yönündə əsaslı dönüş isə Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 2-3-də Lənkərana səfəri və bu səfər zamanı keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı ilə başlandı.

Azərbaycan çayı bu gün də özünün keyfiyyət göstəricilərinə görə dünya standartları səviyyəsindədir. Hazırda Lənkəranda 568 hektar çay sahəsi mövcuddur. Yaxın gələcəkdə bu sahə 1000 hektara çatdırılacaq. Bununla da 4 min daimi iş yeri açılacaq.

2002-ci ildə Madriddə keçirilən beynəlxalq müsabiqədə Azərbaycan çayı "XXI əsr Avropanın qızıl mükafatı"na layiq görülmüşdüsə, 2019-cu ildə Araz Yaqubovun "Yaşıl çay" fermer təsərrüfatının yetişdirdiyi çay Kanadada ən yaxşı çay nominasiyasının qalibi olub.

İndira Qandi və Azərbaycan çayı

Məşhur siyasətçi - Hindistanın ilk qadın Baş naziri İndira Qandi ötən əsrin ikinci yarısında SSRİ-yə səfəri çərçivəsində Azərbaycanda olarkən Suraxanıdakı Atəşgahı ziyarət etdi. Çox keçməmiş bu tarixi abidə Hindistanın Baş nazirinin təşəbbüsü ilə bərpa olundu. İndira Qandi Azərbaycandan gedəndən sonra ona subtropiklər diyarı Lənkəranda istehsal olunan ətirli, dadlı çaydan hədiyyə edilmişdi. Bundan sonra Baş nazirə hər il bu növ çaydan göndərilirdi.

Hindistan dünyada çayçılıqla da məşhurdur. Təsadüfi deyil ki, Azərbaycanda Hind və Seylon çayının qarışığından dəmlənmiş çaya həmişə üstünlük verilib. Bəs Hindistanın Baş nazirinin Azərbaycan çayına daha yüksək qiymət verməsinə səbəb nə idi? Sən demə, Azərbaycan çayı bioloji və kimyəvi tərkibinə görə xaricdə istehsal olunan çaylardan fərqlənirmiş. Çay ustası Səadət Tağıyev bildirir ki, Hindistan çayı günəşin yandırıcı təsirindən acı dadır, Azərbaycanın subtropik təbiətində isə çay yığımı dövründə havalar mülayim keçir, ətrini uzun müddət özündə saxlayır. Professor Fərman Quliyev əlavə edir ki, bu qəbildən bizim çayların tərkibində azot maddəsi çox azdır. Odur ki, həkimlər ürəyi xəstə olanlara çayımızdan içməyi məsləhət görürlər. Hindistanın Baş naziri İndira Qandi ürəyində nasazlıq yarandığına görə həmişə Lənkəran çayından içərmiş.

Çay, yoxsa tərəvəz?!

1974-cü il yanvarın 15-də Sov.İKP MK katibi F.D.Kulakov Lənkəranda olanda çayçılığın ləğvi haqqında məsələ qaldırıb. MK katibi raykomun birinci katibini inandırmaq istəyib ki, çayı xaricdən alacağıq, özü də ucuz qiymətə, amma Lənkəranda kələm və xiyar daha tez yetişir, ölkənin şimal rayonları faraş tərəvəzlə təmin edilməlidir!

- Mən Lənkəran çayını dünyanın heç bir çayı ilə dəyişmərəm! - Birinci katib İsa Məmmədov qətiyyətlə bildirib. - Tərəvəzi hər yerdə əkmək olar. Çay bitkisi əsasən subtropiklər diyarında yetişir. Bir dəfə salınan plantasiya neçə onillər məhsul verir. 18 min çaybecərən bu sahələrdən evinə əməkhaqqı aparır. İlin sonunda əlavə əmək haqqı, mükafat da alırlar...

Əməkdar aqronom, professor Fərman Quliyev dedi:

- Bir bitki nəsli qırılırsa, ona uyğun bitki nəsli yetişdirmək lazım gəlir ki, təbiətdə tarazlıq pozulmasın. Çoxillik çay plantasiyaları qırılarsa, onun yerinə çoxillik bitki deyil, tərəvəz əkilərsə, demək, təbiətdə tarazlıq pozular, torpağın münbitliyi itər, mikroorqanizmin tərkibi dəyişər.

O zaman Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər Əliyev bu məsələdə İsa Məmmədovu müdafiə etdi, beləliklə, Lənkəran çayçılığı qorunub inkişaf etdirilir.

Samovara abidə

Çay samovarına abidə görmüsünüzmü? Əgər belə bir abidə görmək istəyirsinizsə, Lənkərana gəlin. Azərbaycanda, bəlkə də dünyada yeganə şəhərdir ki, burada samovara abidə qoyulub.

Bu abidə Lənkəranın girəcəyində - Xalq Sənətkarlığı Şəhərciyindədir. Bir tərəfində mavi Xəzərin ləpələri pıçıldaşır, digər tərəfində yaşıl akasiyalar başını aşağı dikib dayanır, sıralanmış dəmirağacları ətrafa kölgə salır. Qızılgüllərin arasındakı stolların arxasında yığışanlar saf, təmiz havanı uda-uda ordan-burdan söhbət edir, çay içirlər. Bağçayaşlı uşaqlar fəvvarənin ətrafında atılıb düşürlər. Hələ quşların nəğmə səslərini demirik. Yanından təsirsiz keçmək olmur. Bugünlər burada daha çox qonaq var. Yay istirahəti günlərinə az qalıb, axı! Belə günlərdə uzaq-uzaq yerlərdə yaşayanlar doğma yurdlarına can atırlar. Doğma yurdun sevgisilə yaşayanlar Lənkəranın gözəlliyini qonaqlara göstərə-göstərə sevinclərini gizlətmirlər. Aralarında başqa millətdən olanlar da var. Maşından düşən kimi onlar əvvəlcə samovara qoyulmuş abidəyə diqqət kəsilir, sakitcə seyrə dalırlar. Ətrafı bir qədər gəzdikdən sonra çay stolu ətrafına yığışırlar. Dadlı və ətirli çay içməyin isə ayrı ləzzəti var!..

Çay evi, çay dəsti...

 

Respublikamızda müasir memarlıq baxımından diqqəti çəkən Çay evi Lənkəranın lap mərkəzində yerləşir, əvvəllər qonaqların çox sevdikləri yer olub. Bu məqamda isə xəyalımız uzaqlara uçur və bizi keçmişə - 1980-ci illərə aparır...

Buradakı açılışda iştirak edən rus yazıçısı Vladimir Amlinski heyranlıqla demişdi:

- Bura sadəcə Çay evi deyil, əsl çay məbədidir!..

Birinci mərtəbədə çayxana, yuxarı mərtəbədə isə bar və dequstasiya zalı yerləşir. Hər şey qonaqların ürəyincədir. Bar və dequstasiya zalında kofe, müxtəlif şirniyyatlar, növ-növ şirələr təklif olunur. Qonaqlar ətirli, limonlu çaydan içməmiş getmirlər.

Çay bayramıdır. Baxın, xaricdən qonaqlar da var. Çay evinin qarşısına toplaşmış dövlət xadimləri, şair və yazıçılar, incəsənət ustaları bir-bir ürək sözlərini söyləyirlər.

Budur, "Lənkəran" qəzetinin redaktoru Şəkər Aslan qəzetin elan etdiyi "Ən yaxşı çayçılıq briqadası uğrunda" müsabiqənin qalibinə çay dəsti mükafatını təqdim edir. Bu dəfə müsabiqənin qalibi respublika Dövlət mükafatı laureatı Allahverdi Həbibovdur. Bundan əvvəl isə çay ustalarından Musa Zamanov, Gülhəsən Əzimov, Maral Məmmədova və başqaları yarışın qalibi olublar...

Qeyd etdiyim kimi, bu mənzərələr çox arxada - 1980-ci illərdə qalıb. Dəyişən çox şey var. İllərin arxasından boylananda təəssüf hissi baş qaldırır. Çay evi əvvəlki görkəmini tamam itirib. Bir neçə addımlığında, yan-yana ucaldılan xidmət obyektləri bu gün ətrafın mənzərəsini tamam dəyişib. Əfsanəvi dəmirağacları sanki kimdənsə küsüb, saralmış yarpaqları təmiz, saf havaya həsrət qalıb, Çay evinə gələnlərin sayı da azalıb. İndi o bar və dequstasiya zalından danışmağa dəyməz. Könül oxşayan musiqi, çalğı səsləri, müxtəlif tədbirlər sanki nağıl imiş. Barın baxıcısı M.Babayev xalatda müştərilərin qabağına çıxardı. Əlində həmişə kitab olardı. Boş vaxtlarında müştərilərə oxuduğu kitablardan danışmağı xoşlayardı. Çay evində neçə-neçə kitabın təqdimatı keçirilib, tanınmış incəsənət ustaları, əmək qəhrəmanları, elm xadimləri ilə görüşlər təşkil olunub.

Son illərdə Lənkəranda yeni çayxanalar yaranıb. Təkcə şəhərin özündə yüzdən çox çayxana var. Hamısı da adları ilə tanınır, sanki bir-birinin bəhsinə giriblər, hərənin də öz adı: "Bir gün pullu, bir gün pulsuz", "Vağzalyanı meydan", "Xan evi", "Mayakın yanı"...

Lənkəranda çay içməyi xoşlayırlar. Hesablanıb ki, adambaşına rayonda ilboyu təqribən 3 kiloqram çay işlədilir.            

 

Kilosu 500-2000 manata çay?!

Elədir ki, var!.. Xarici bazarda Lənkəranda yetişdirilən "Kolxida" növ çayın kiloqramı, bizim pulla, 500-2000 manat arasındadır.

2011-ci ildən "Yaşıl çay" fermer təsərrüfatında yetişdirilən "Kolxida" sortlu çaydan alınan "Premium gold" çayı ətrini uzun müddət özündə saxlayır. Mütəxəssislərin fikrincə, "Kolxida" növ çaylar tərkibindəki kofein və teobrominə görə böyrəklərin süzmə qabiliyyətini yaxşılaşdırır. Tərkibindəki maddələr öd yollarında və böyrəklərdə daş əmələ gəlməsinin qarşısını alır. Ağciyər və tənəffüs yollarının xəstəliklərində müalicəvi təsir göstərir, qan dövranını yaxşılaşdırmaqla, həm də qan təzyiqini normaya salır. Çayın düzgün içilməsi qulaqlardakı səs-küyü, başağrısı və başgicəllənməni aradan qaldırır, adamı gümrahlaşdırır.

Fermer A.Yaqubov deyir ki, "Kolxida" növ çay yarpaqları səhər saat 6-da gün düşməmiş yığılır və xüsusi texnologiya ilə emal olunur. Hazırda fermer təsərrüfatının ümumi çay sahəsi 61 hektardır. Yaxın gələcəkdə bu sahəni 120 hektara çatdırmaq nəzərdə tutulur.

 

Çay ustaları ilə görüş

 

Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə Lənkəranda olarkən "Yaşıl çay" fermer təsərrüfatına baş çəkdi, MMC-də çalışanların istək və arzularını dinlədi, çay ustaları ilə şəkil çəkdirdi. İlham Əliyev dedi:

- Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub. Çox şadam ki, indi də bu ənənəvi sahə bərpa edilir, sahələr artırılır və iş yerləri açılır...

"Yaşıl çay"  MMC-nin 150 hektara yaxın torpaq sahəsi var. Təsərrüfatın ümumi çay sahəsi  61 hektara çatır. Burada yüksək keyfiyyətli  "Lənkəran çayı"  brendi altında müxtəlif çeşiddə çay istehsal olunur.

...Təbiət bu il çaybecərənləri yeni sınaqlara çəkib. Çay yığımı bir qədər geciksə də, çaybecərənlər ümidlərini itirməyiblər. Sahələrdə yaxşı məhsul gözlənilir. Buna isə yalnız ardıcıl zəhmət, iradə və çaya sevgi şərait yaradır.

 

Etibar ƏHƏDOV

"Aşkarlıq" qəzetinin baş redaktoru

525-ci qəzet.- 2023.- 27 may.- S.20.