Yazıçı tənqidinin özəllikləri

 

 

25 il bundan əvvəl müdafiə etdiyi doktorluq dissertasiyasında müəllif səviyyəsiz yubiley yazıları ilə bağlı indinin özündə də aktuallığını saxlayan iradlarını bildirərək, "pis mənada "yubiley tənqidi"nin cəhətlərindən müasir yazıçılarımıza həsr olunmuş məqalələrdəki qeyri-səmimiliyi, ölçü hissinin itirilməsini, "şişirdilmiş qiymətlərin verilməsi"ni vurğulayırdı.

İndi bizim yubileyə təsadüf edən yazımızda  qeyd edilən qeyri-səmimilik, ölçü hissinin itirilməsi ilə bağlı "təhlükədən" sığortalanmaq üçün Kvint Horasiy Flakkın təklif etdiyi "qızıl məxrəc" (orta məxrəc) prinsipinə əməl etməklə, bu iraddan  özümüzü qorumağa çalışacağıq.

Sözügedən mövzu Xalq yazıçısı Elçinin çoxşaxəli yaradıcılıq təcrübəsinin (nəsr, dramaturgiya, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, publisistika, esseistika, nəhayət, ədəbi-tənqidi dövriyəyə daxil etdiyi "ədəbi söhbət" və sair) bir qolu - məhz tənqidi ilə bağlıdır. Yəni söhbət Xalq yazıçısı Elçinin qeyd olunan yaradıcılıq təcrübəsinin prioritetləri əsasında yazıçı tənqidinin özəllikləri haqqındadır.

Azərbaycan ədəbiyyatşünaslığında yazıçı tənqidinin tarixi Mirzə Fətəli Axundzadədən başlayır. Bu, belə deyək, janrın ənənə şəklini alması və inkişafı əsasən Xalq yazıçıları Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə kimi görkəmli yazarlarımızın adı ilə bağlıdır. 60-cılar ədəbi nəslindən bu ənənənin zənginləşdirilməsində Xalq yazıçıları Anar və Elçinin xüsusi yeri (və ümumiyyətlə milli ədəbiyyatımıza yenilik nəfəsi gətirilməsi baxımından) şəksizdir.

"Yazıçı tənqidi"nin istedadlı nümayəndələrinin adət etdiyimiz peşəsi olan tənqidçiləri ilə müqayisədə üstünlükləri çox sadə izah olunur: bir var ədəbi prosesi "kənardan" izləyib səciyyələndirmək, bir də var bu prosesin içində yaşayan, fəal yaradıcılarından olan ədibin dəyərləndirmələri.

Yazıçının qeyd olunan yaradıcılıq sahəsi kifayət qədər genişdir: monoqrafiyalar, toplular, yüzlərlə məqalə və sair. Biblioqrafiya sindromundan xilas olmağın yeganə produktiv üsulu reprezentativlik seçimiylə bağlıdır. 10 il bundan əvvəl Elçinin 70 illiyi ilə bağlı "Əlyazmaları yanmır..." adlı çap olunmuş məqaləmdə söhbət ümumiyyətlə müəllifin tədqiqatçılıq uğurlarını yanaşmalarında milli təəssübkeşlik və bəşəri dəyərlərin optimal tənasübünü gözləməklə bağlıdır ("bəşəriliyə yol millidən keçir"). Həmin yazımda müəllifin elmi yaradıcılığına kifayət qədər geniş yer verilmişdi. Tənqid də öz yerində. Bəyan etdiyimiz seçim üsuluna rəğmən, diqqəti yeni əsrdə bir-birinin ardınca işıq üzü görən iki yığcam, eyni zamanda konseptual tutumlarına görə kifayət qədər "ağır çəkili" əsərlərdə cəmləşdirmək istərdik. Bunlar "Sosializm realizmi bizə nə verdi?" intriqavari adlı mini-monoqrafiya (2010) və "Elçinlə ədəbiyyat söhbəti" adlı geniş (52 sual-cavab) müsahibədir (2013).

Müstəqillik dövrünün yaşam şəraitində sovet dövrü ədəbi irsindən bütövlükdə imtina etməyi sual altına qoymaq - əvvəlcədən, necə deyərlər, apriori "özünə qarşı atəş yönləndirmək" deməkdir. Amma bu  addımı kimsə atmalıydı. Atdı da. Özü də vaxtında: o vaxtda ki, hətta Səməd Vurğunun irsinə "partiya şeirlərinə" görə hücumlar başlanmışdı, özü də adi "xunveybinlər" tərəfindən deyil, kifayət qədər tanınmış yazarlar tərəfindən. "Sistem dövrü ədəbiyyatının" səciyyələndirilməsində dəqiq meyar seçilməliydi və seçildi də: ideoloji konyunktura və istedad, bədiilik oppozisiyası.

Bu konseptual səciyyəli yanaşmanın ilk əlamətləri müəllifin hələ sovet dövründə yazdığı "Tənqid və nəsr" monoqrafiyasında (1981) tənqid etdiyi "insanın bədii təsvirini iki qütbə" bölən müsbət və mənfi qəhrəmanlar qondarma obraz qalereyasının məğzini və bunun əsasında sinfi mənsubiyyət siyasətinin durduğunu açıb göstərdi. Və hələ o vaxt bu qəlibə sığmayan bir sıra obrazların yaranmasını, sosrealizmin həyat və ədəbiyyat arasında yaratdığı uçurumun uzun müddət qalmasının mümkünsüzlüyü ilə bağlı proqnozu ilə bölüşdü (məlum qəlibə sığmayanlar: "Mahnı dağlarda qaldı"da Böyük bəy, "Dəli Kür"də Cahandar ağa, "Qarlı aşırım"da Kərbalayi İsmayıl, "Sakit Don"da Qriqori Melexov və başqaları). Maraqlıdır ki, birinci monoqrafiyasında 25 yaşlı müəllif müstəqil mövqeyini özünəxas üslubda bəzi misallara istinadən ifadə edir: "Müsbət qəhrəman olanda nə olar, o da, hər şeydən əvvəl, canlı insandır və ...müəyyən çətinliklərlə rastlaşdığı zaman səhvlərə yol verə bilər, "mənfi hərəkətlər" edir (söhbət M.Hüseynin "Rəqiblər"dəki Usta Pirəlidən gedir). Yazıçılıqdan gələn oxşar üslubda əsərdə məzmunu problemlərin yüksəkliyinə qaldırılmasının vacibliyi belə vurğulanır "elə bir yüksəkliyə ki, obıvatel  baxanda papağı yerə düşsün". Düzü, Elçin mətnində "obıvatel" kimi rus sözü, rus demiş, rejet uxo (qulağı kəsir). Axtardım, 3 cildlik rus-Azərbaycan dili lüğətində dilimizdə qarşılığını 1) sakin; 2) meşşan. Gördüm ki, birinci ümumiyyətlə neytral semantikalı, ikinci fonetik planda kontekstə uyuşmur.  Sonra internetdə "layman" sözünü tapdım. Heç eşitməmişəm. Siz eşitmisiniz? Hətta ərəb-fars sözləri lüğətində, türk-Azərbaycan dili lüğətində də yoxdur "layman" sözü. Qalır yeganə Elçinin iqtibas etdiyi söz.

Bu, bir haşiyə idi - Elçin tənqidinin canlı üslubuyla bağlı. Söhbət ondan gedir ki, hələ sovet rejiminin hökmranlığı dövründə gənc tədqiqatçı ədəbi tənqidin metodoloji əyintilərini aşkarlayıb və sonrakı tədqiqatlarında bunların bir çoxunun yaşamaqda olmasını qeyd edib. Məsələn, dövrlə bağlı yalançı novatorluğa meylin (məs., sovet adamını sosialist əməyi prosesində göstərmək) bir çox tənqidçilər tərəfindən qəbul olunması və eyni zamanda bir sıra ədiblər tərəfindən (Mir Cəlal, Cəfər Cəfərov) bu "yeniliyi" tənqid etməsi göstərilir.

Ümumiyyətlə, müharibədən sonrakı Azərbaycan ədəbi prosesinin və bütövlükdə ədəbi həyatının (mətbuatdakı müzakirələr, AYİ plenumlarında gedən mübahisələrin və s.) geniş canlı mənzərəsi yaradılır - müəllifin fəal mövqeyinin açıqlanması müstəvidə. Belə yanaşma sadəcə xronoloji konstatasiya deyil, ədəbiyyatın inkişafına mane olanı aşkarlamaq və ədəbi-tənqidi gedişatın perspektiv istiqamətlərini, strateji dominantını görmək bacarığının əlamətidir.

Elçinin hələ 60-cı illərdə seçdiyi universal dəyər əmsalı ("Hər şeyi istedad həll edir") sonrakı axtarışlarının prioriteti kimi dəyişməz olaraq qalır. İndinin özündə məlum konyunktur çağırışlara cavab olaraq ədəbi-tarixi prosesin hamar olmayan yollarında yeganə xilasedici meyar istedad amilinə müraciət edilməsi olur  ("Lenin" poeması, "Qızılgül olmayaydı", "Rənglər", "Vaqif" dramının müəlliflərinin ədəbiyyat tariximizdə layiqli yer qazandıqları göstərilir).

"Sosrealizm bizə nə verdi?" ritorik olmayan sualına cavab iki cür ola bilir: itkiləri və qazandıqları. İtkilərdən danışarkən ən böyük itki kimi bu total metodun alternativsizliyi qeyd olunur, yəni heç bir ədəbi cərəyan yaxına buraxmadığı, fərqli bədii təfəkkürün özünü - ifadələrini eyni sərt qəlibə salmağa cəhdləri qeyd edilir (geniş kontekstə istinadən).

 

Tarixə tarixilik mövqeyindən yanaşan müəllif sosrealizmin qazandıqlarını da inamla göstərir (yeni janrların formalaşması, ədəbi dilimizin inkişafı və sair). Ən əsası - bu məsələlər varislik, yəni milli ədəbiyyatın klassik ənənələrinin ciddi sədləri keçmək gücü, yaşarlılığı müstəvisində işıqlandırılır. Başqa cür ola da bilməzdi. Və 60-cıların sosrealizm dövründə ədəbiyyata gəlişiylə, yeni nəfəs gətirməsi - göydəndüşmə hadisəsi kimi deyil, əvvəlki ədəbi nəslin yaradıcılığı kontekstində təqdim olunur.

Ədəbiyyatın gedişatını görmək, perspektiv aksial istiqamətləri seçmək, yəni strateji keyfiyyətli təfəkkürə maliklik - bu keyfiyyətlər özünəməxsus tərzdə "Elçinlə ədəbiyyat söhbəti" adlı orijinal nəşrdə (2012) xüsusilə nəzərə çarpır - "söhbət"  canlı, sərbəst, polemik üslubundadır (hərçənd sərbəstlik Elçinin bütün yazı, çıxışlarının immanent keyfiyyətidir). Bu geniş söhbətdə dünya ədəbi-mədəni xəritəsinin bir çox meridian və paralelləri üzrə istinadları işıqlandırılan problemlərə rəğmən, münasibətini təsdiqləyir. Və bu dəyərləndirmələrdə dəyişməz meyarlar istedad, şəxsiyyət amili, milli prioritetlərdir.

Ədəbi mühitimizdə ənənə şəklini almış "sönük və fərəhsiz prezentasiyalar"ın çox vaxt saxta olan atmosferində canlı sərbəst, peşəkar ədəbiyyat söhbətinin ortaya qoyulması ədəbi həyatımızda vaxtı ilə məşhur ədəbi məclislərin ab-havasını yenidən yaratmaq təşəbbüsü təəssüratı bağışlayır.

Əslində söhbət yazıçı Yaşarın Xalq yazıçısı Elçinlə çox geniş qeyri-ənənəvi müsahibəsindən gedir və bu "müsahibə" sözü nəşrin titul səhifəsində qeyd olunub. Amma "söhbət"in materiyalı ilə tanış olduqda onun adət etdiyimiz müsahibənin hüdudlarını qat-qat üstələdiyini görürsən. Və məsələ yalnız həcm-kəmiyyətdə deyil (52 sual-cavab), sual-cavabların mündəricəsi - ədəbi-tarixi prosesin (o cümlədən, dünya miqyasında) inkişaf qanunauyğunluqlarının əhatə olunmasında, yəni konseptuallığındadır. Yəni müsahibə - yalnız formatdır ki, düşünülmüş cəlbedici canlı söhbətin sərbəstliyi, hardasa zaman amili baxımından intəhasızlığı imkanlarından "istifadə edib" ədəbiyyatın böyük problemlərinə münasibət bildirməkdir.

Bu müsahibənin bir xüsusiyyəti də məhz mühərrir deyil, yazıçı tərəfindən aparılmasıdır ki, o, sadəcə sual vermir: müvafiq məsələnin indiki vəziyyətinə görə öz fikrini bəyan edərək qarşı tərəfi bu haqda öz mövqeyini açıqlamağa dəvət edir. Məhz bu qeyri-ənənəvi dialoq-söhbəti nəzərə alaraq Elçinin "müsahibə janrlaşıb" mülahizəsiylə razılaşmaya bilmərik.

Təəssüf etmək qalır ki, keçən 10 il ərzində bu yeni ənənəni davam etdirməyə namizəd tapılmadı. Yeni olan ədəbiyyat söhbətinin müzakirə predmeti ədəbiyyatın əbədi missiyası, söz azadlığı, "sandıq ədəbiyyatı", "37-ci illər" və ədəbiyyat, yazıçının qeyri-milli dildə yaratdığı əsərlərinin milli mənsubiyyəti, kitabın əhəmiyyəti, tərcümə ədəbiyyatı və sair. Bir çox bu kimi aktual problemlərə - milli və dünya ədəbi-tarixi prosesin fakt və hadisələrinə istinad edilərək münasibət bildirilir. Bir neçə məqamda tərəflərin mövqeləri fərqlənir - bu da ki, təbii müzakirə təəssüratı bağışlayır. Məsələn, "yazıçının vətəni dildir" mövqeyindən çıxış edən Yaşar belə bir "dəlili" ortaya qoyur: əgər uzaq Mozambikin paytaxtı Maputada hansısa zənci yazıçısı azərbaycanca bir hekayə yazırsa, həmin əsər artıq Azərbaycan ədəbiyyatına aiddir, hətta Mozambik həqiqətlərini əks etsə belə. Əlbəttə, çox uğursuz misaldır. Mədəniyyəti elə də yüksək olmayan bu ölkə Portuqaliyanın koloniyası olub, ölkənin dövlət dili portuqaldır, cəmi bir əsr tarixi olan ədəbiyyatı var ki, onun da dili portuqaldır. Ölkədə yazıçılarının sayı, Allah bilir, ikirəqəmli sayla ölçülür. Bu paradoksal misal Yaşara universal görünən dəlilinə görə seçilib: "Yazıçının vətəni dildir". Bu "imperativ"in yanlışlığı sadə məntiqnən sübut olunur: əslində bu ifadədə söhbət yazıçıdan deyil, əsərin milli mənsubiyyətindən gedir; amma bu islah edilmiş düstur heç də həmişə "işləmir".

Elçin "dil və əsərin milli mənsubiyyəti" problemi ilə bağlı müxtəlif ədəbiyyatlardan misallara söykənməklə - yəhudilər Boris Pasternak, Osip Mandelştam, gürcü Bulat Okudjana, tatar  Bella Axmadulina, ukraynalı Qoqol və digərlərinin  yaradıcılıqlarının rus ədəbiyyatına, yaxud Haynrix Hayne, Lion Feyxtvanger və başqalarının əsərlərinin alman ədəbiyyatına məxsusluğunu iddia edir, çünki bu məsələnin həllində əsas - mövzu, obrazlar, hətta dil deyil (kursiv bizimdir - S.O.), həlledici amil - bədii təfəkkürün özünüifadəsidir. Bu həqiqət "Azərbaycan bədii təfəkkürünün ifadəsi olan rusdilli ədəbiyyat Azərbaycan ədəbiyyatına aiddir" mühakiməsində də öz əksini tapır. Düşünürük ki, bu misallarda bəzi dəqiqləşdirmələr etmək olar. Məsələn, Qoqol Rusiya həyatına həsr olunan məşhur əsərlərində rus yazıçısıdır, amma məsələn, rusca yazdığı "Taras Bulba"da, "Dikanka xutorundakı axşamlar"da və sairdə Ukraynanın ruhu, milli xarakterlər, Dnepr çayının bənzərsiz təsvirində Ukrayna foklorundan motivlər səslənir. Təsadüfi deyildir ki, Elçin özü Ç.Aytmatovdan danışanda qeyd edir: "O yerdə ki, Ç.Aytmatov Cəmilədən, çoban Bazarbaydan, manqurtdan yazır, dilindən asılı olmayaraq, o, qırğız yazıçısıdır, ancaq o yerdə ki, Çingiz Avdiy Kallistratovdan yazır, rus yazıçısıdır".

Amma bu ciddi məsələdə müasir dünya ədəbiyyatından bir başqa məşhur fenomeni misal gətirmək gərəkdir. Xalid Hüseyninin "Çərpələng uçuran" əsəri (2003) - dünyanın 53 dilində 40 milyon tirajla çap olunan romanı Amerikanın ən yaxşı bestsellerlərin siyahısında olan, bir neçə beynəlxalq nominasiyaların qalibi kimi Milleniumun 20 ən yaxşı kitablarından sayılır. Maraqlıdır ki, o, internetdə bir səhifədə Amerika yazıçısı, digərində - əfqan-Amerika yazıçısı kimi təqdim olunur. Kabulda doğulan, uşaq ikən ailəsi Taliban dövründə ABŞ-a mühacir kimi köçən, bu ölkədə təhsil alan, Kaliforniya Universitetində həkimliyi öyrənən, 10 il bu peşəylə məşğul olan, BMT-nin Qaçqınlar üzrə Komitəsinin Ali Komissarı ilə əməkdaşlıq edən, bu xətlə əfqan əhalisinə kömək təşkil edib burada öz Fondunu yaradan BMT Agentliyinin Ali Baş Komissarı tərəfindən mükafata layiq görülən biri kimi. Tərcümeyi-halın faktları milli özünüdərkin formalaşmasında böyük əhəmiyyət kəsb edir. X.Hüseyni ilə bağlı: onun həyatının şüurlu hissəsi xaricdə keçib, yəni qeyri-milli mühitdə və buna baxmayaraq, güclü milli gen amili (sən demə, milli gen də varmış), Vətəninin ağır taleyi ABŞ-ın sərbəst yaşam iqlimində əriyib-itmir. Nə qədər mühacir olan yazıçılar var ki, assimilyasiyaya uğrayır. Amma Hüseyni bu sırada fenomendir: "Ən məşhur əfqan yazıçısı". Ola bilsin, qeyri-milli ədəbiyyat arbitrlərinin bu yaradıcılığa müstəsna marağı Şərq ölkəsinin hardasa adət etmədikləri "ekzotika" kimi görünən həyatı (hətta qəddar Taliban dövründə), üstəgəl, özünəxas realist təsvirində, üstəgəl, bu təsvirdə müəllifin mətnaltı süzülən ağrısı - qısası, zahirən macəra janrının elementlərini sərt realist süjetdə əridən orijinal əsərlə bağlıdır. Hüseyni 2003-cü ildə Vətəninə səfər edib və qayıdarkən müsahibəsində deyib ki, "Adətən yazıçılar yaşadıqlarını təsvir edir, mən isə əvvəlcədən qəhrəmanın Vətənə qayıdarkən yaşadığı hisslərini təsvir etmişəm, sonra isə bura gələrkən, həmin hissləri yaşadım". Qayıdaq mətləbə: Hüseyninin əsərinin milli mənsubiyyəti məsələsinə. Qeyri-milli dildə yaradılan əsərin mövzusu, qəhrəmanları, süjet və sair  - sırf millidir. Bu, vacibdir, amma kifayət deyil. Əsas: müəllifin "pərdə arxasında" hissləri, yanğıları, dərin ağrılı empatiyası, hansı ki, oxucuları sadəcə seyrçi qismində qoya bilmir, özünə, belə deyək, həmdərd edir. Axı bədii süjetin arxasında - real faciəvi həyat durur. Sadalanan və sadalanmayan amillər, bizcə, əsərin milli mənsubluğunu birmənalı şərtləndirir. Özü də qeyri-milli dildə (kursiv bizimdir - S.O.) yazılan əsərin. Ola bilsin, gətirdiyimiz dəlillər məsələnin həlli üçün kifayət deyil. Və burada əsərin qeyri-milli dili hardasa öz "inkarçı" rolunu oynayır, amma bu məsələdə müəllifin tərcümeyi-halının əhəmiyyəti unudulmamalıdır. Şüurlu həyatını xaricdə yaşayıb, həkim peşəsinə yiyələnib və 10 il bu peşədə çalışaraq güclü qeyri-milli mühitdə assimilyasiyaya uğramayaraq milli təəssübkeşliyini (dünya məşhurluğunu qazanan) hiss etdirə bilib, Vətəninin acı taleyini dünyaya bəyan etmək üçün skalpeli qələmlə dəyişib - bu fakt  güclü daxili tələbatın ifadəsidir. Ola bilsin, bu mövzu ilə bağlı tədqiqatlar mövcuddur. Məlumatımız yoxdur. Amma zənnimizcə, bu mövzunun tədqiq olunmasına məxsusi ehtiyac var.

 

Söhbətin önəmli məsələlərindən biri müstəqillik dövründə postsovet azadlığı şəraitində bu söz azadlığından sui-istifadə edənlər üçün deideoloji "reviziyalara" əl atmasıdır. Millətin tərəqqisində misilsiz rol oynamış görkəmli qələm sahiblərini qarşı-qarşıya qoymaq cəhdləri (Məhəmməd Əmin Rəsulzadə - Nəriman Nərimanov), yaxud M.F.Axundzadə, A.Bakıxanov, M.Kazımbəy böyük maarif xadimlərinin "yenidən dəyərləndirilməsi" ilə bağlı qərəzli meyllər. Bütövlükdə milli keçmişimizə yanaşmağın əsas meyarları kimi qədirbilənlik, milli təəssübkeşlik, tarixilik və istedad amili dəyişməz olaraq ortaya qoyulur.

Həmin meyarlarla, zahirən gözlənilməz də olsa, Elçin xüsusi zövqlə həmişəyaşar mənfi deyilən obrazlara yanaşır, onları da, bir növ, milli sərvət kimi dəyərləndirir. Belə yerdə assosiativ olaraq yazıçının "Ədəbi düşüncələr"ində bəzi motivlər canlanır: "Mənfi qəhrəman" müsbət işlər görür" essesində, yaxud "Konrad sirri" yazısında aşağıdakı ifadə yada düşür: "Hacı Qara"da, Məşədi İbad da, Qurbanəli bəy də "mənfi qəhrəman"lardır. Amma bir anlıq təsəvvür edək ki, Azərbaycan ədəbiyyatında nə Hacı Qara var, nə Məşədi İbad, nə də Qurbanəli bəy. Gör o zaman Azərbaycan mədəniyyəti nə qədər kasıblayır. Həqiqətən də, qeyd edilən zəngin milli koloritinə görə  bu həmişəyaşar tipajlar indinin özündə müvafiq həyat situasiyalarla tez-tez anılır: "Məşədi İbad demiş,...", "Qurbanəli bəy kimi qaçıb gizlənib" və sair.

Peşəkar ədəbi söhbətdə təsir hadisəsinə münasibət də maraqlı müşahidələr əsasında açıqlanır (Şekspirin faciələrinin süjetlərinin İntibah hekayələrindən alınması, Kurosavanın "Yeddi samuray"ı əsasında Hollivudun məşhur "Qüdrətli yeddilik" filminin çəkilməsi və sair). Elə Mirzə Cəlilin "Qurbanəli bəy"inin Qoqolun "Kolyaska"sının süjet xətti əsasında yazılması milli adaptasiya kimi deyil, yaşarlığı baxımdan yeni milli bədii tipajın öz ədəbi prototipini qat-qat üstələdiyi müstəvidə açıqlanmalıdır. Qoqolun qeyri-koloritli Çertokutskisi heç rus mühitində tanınmır. O ki qaldı Qurbanəli bəyə, bu personaj indinin özündə yaşarlılığına görə məlum həmişəyaşar situasiyalarda müqayisəli kontekstdə anılır.

Bir də ki, ədəbi mühitlə bağlı nostalji hisslər... Bir-bir sovet dövrünün görkəmli ədiblərimizi, filoloq-alimlərimizi xatırlayarkən, bu şəxsiyyətlərin qədir-qiymətinin öz dövrünün tarixi kontekstində verilməsinin vacibliyini vurğulayan müəllif indiki ideoloji azad ədəbi mühitimizdə şəxsiyyət aurasının çatışmazlığını təəssüflə etiraf edir. Və bu auranı yaratmağı ən çətin vəzifə kimi qeyd edir.

Sual-cavabların qurulması, mövzuların müxtəlifliyinə baxmayaraq, eklektika təəssüratı bağışlamır. Və bunun səbəbi toxunulan məsələlərin şərhində dəyişməz meyarların tətbiqindədir (milli təəssübkeşlik, istedad amili, tarixilik).

Belə ədəbiyyat söhbətlərin aparıcıları konyunkturadan azad istedad sahibləri olmalıdır ki, yazıldığı dövrdən asılı olmayaraq əsərlərini "necə olubsa, heç birində bir söz də dəyişmədən" bu gün də nəşr etmək mənəvi səlahiyyətində olsunlar. Yeri gəlmişkən, Elçinin oncildliyin üz qabığında "Seçilmiş əsərləri" sözlərini görəndə, təbii olaraq, təəccübləndim. Oncildlik?! Daxil edilməyənlərin içində 70-ci illərdə məşhur "Drujba narodov" jurnalında çap olunmuş və jurnalın "Ən yaxşı tənqidi məqalə" kimi nominasiyasına layiq görülmüş "Tənqiddə əyalətçiliyə qarşı" yazısı və "Cazibə məkanı" (1981-ci ildə rusca "Sov. Pisatel" nəşriyyatında işıq üzü görüb) və "Klassiklər və müasirlər" kitabları yada düşür. O saat özümə sual verdim: "Görəsən, hansı səbəbdən?" Deməli, o əsərləri tapıb diqqətlə bir də oxumaq lazım gəlir: yazıçının bəyan etdiyi prinsipə rəğmən. Çünki əlyazmalar yanmır...

Böyük təcrübi əhəmiyyətli əsərin sərlövhəsinin altında "Məsələnin qoyuluşuna dair" əlavəni görürük. Həqiqətən də bu əsərdə sovet dövrü ədəbiyyatının səciyyələndirilməsində gələcək tədqiqatlar üçün konyunkturadan azad aksial istiqamətlər əsaslandırılır.

 

Sara OSMANLI

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2023.- 27 may.- S.18.