“Düşərgə"  

 

Əsərin ilk səhifələrində düşərgəyə yol alan ata ilə qızını görürük. Yox, qətiyyən gözünüzün qarşısına qızının əlindən tutub onun nazı ilə oynayan bir ata gəlməsin. Bu ata getdikləri yolun ortasındaca bircə kəlmə "təbiət" sözünə görə qızına bir şillə ilişdirir.

"...Atam isə addımlarını daha da yeyinlədərək qışqırırdı:

Düşük! Min dəfə demişəm, uşaqsan, uşaq kimi danış! Kitab sözləri ilə danışır mənim üçün! Təbiət... Bir də əlində kitab görsəm, yerə yıxıb başını kəsəcəyəm, it qızı it!"

Belə bir ağır səhnənin yekununda ünvana çatan qəhrəmanımızın gözündən düşərgəni görürük. Quraqlıq, su gəlməyən musluqlar, o musluqların dibi ilə axan açıq kanalizasiya, şəraitsizlik və ən əsası adamın nəfəsini kəsən isti...

Bu bomboz düşərgə həyatının təsvirindən sonra bəlkə də, əsərin ən koloritli obrazı olan Sürəyya nənə peyda olur. Məhdud şərtlərdə belə yaşadığı yeri gözəlləşdirməyə çalışan bu qadın çadırının ətrafına gül-çiçək əkməsi, təmizkarlığı, səliqə-sahmanı ilə digərlərindən xeyli fərqlənir. Olduqca davakar, inanılmaz dərəcədə yekəxana və heyrətamiz şəkildə təmizkardır. Mənim ən çox xoşuma gələn isə onun düşərgədən öncəki həyatının təsviridir.

"Kəndimizdə masada, adətən, evin kişilərinə yemək çəkilirdi, arvad-uşaq isə yerdə açılan süfrədə oturub yeyirdi. Ancaq nənəm uşaqlarını da masa arxasında oturdardı.  Onun bu hoqqaları - rus dilini öyrənməsi, sanatoriyaları gəzməsi, hətta nəvələri doğulandan sonra da dikdaban ayaqqabı geyinməsi, şubası, çiynindən asdığı redikülü... kənd camaatını heyrətə salırdı".

Az qala, hər beş kitabın üçündə gördüyümüz məzlum, daim əzilən, cəmiyyətin qoyduğu qanunlardan kənara çıxmağa qorxan qadınlardan xeyli fərqlidir Sürəyya nənə. Belə bir qadın obrazına o qədər ac idim ki, nənə haqqında yazılan abzasları bir neçə dəfə təkrarlamışam. Təəssüf ki, müəllif belə bir obrazdan məharətlə istifadə etmək əvəzinə, onunla işini elə kitabın əvvəllərindəcə bitirir. Biz sonrakı səhifələrdə demək olar ki, bu qadını görmürük.

Nənədən fərqli olaraq ana obrazı kifayət qədər yaxşı işlənilib. Ananın övladlarını saxlamaq üçün qatlaşdığı məşəqqətlər, çəkdiyi zəhmət, xarakterindən detallar ana haqqında oxucuda müəyyən bir təsəvvür yaradır. Ata Rusiyaya gedəndən sonra ailənin bütün yükü ananın üzərindədir. O, həm ev işlərini görür, həm pambığa gedir, həm də uşaqlarının qarnını doyurmaq üçün xeyir-şər məclislərində işləyir.

Günelin iki qardaşı da var. Biz onları kitabın müxtəlif yerlərində epizodik olaraq görə bilirik.

İndi gələk düşərgə sakinlərinə. Müharibənin, yoxsulluğun yorduğu adamlar sadəcə yaşamaq uğrunda mübarizə aparırlar. Bu mübarizənin insan xislətindən çıxardığı zalımları da var. Məsələn, qızları, qadınları zorlayan, arvadlarının pambıq pulu ilə fahişə yanına gedən kişilər, camaatın çörəyindən kəsib, özünə ev alan nümayəndələr kimi. Bir çətin şərtlərdə belə insani xüsusiyyətlərə sadiq qalmağı bacaran yaxşıları var. Məsələn, kitabxanaçı qızlar, Hüsran müəllimin oğlu, Gülnisə nənə kimi.

İlahi, necə çətin olmalı doğulub-böyüdüyün torpaqlardan didərgin düşmək, tanımadığın ünvanlara pənah aparıb, hardasa sıfırdan başlamaq. Ya da heç başlaya bilməmək. Əgər cavansansa, özünü aldada biləcəyin xəyallar bəlkə, sənə kömək olar, olsa, həyat hələ qabaqdadır, amma ahıl yaşında qaçqınlığı öyrənirsənsə, təsəlli, ümid?

"Həmin an necə baş verdi, bütün detalları ilə yadımdadır. Mən dayıma tərəf nəsə uşaqyana bir zarafat elədim. Babam  qəfildən əlindəki kəsəyi yerə atıb üstümə cumdu. Üzümə vurduğu yumruğun zərbəsindən yerə, kəsəklərlə dolu torpağa sərildim. Babam rezin çəkməli ayaqları ilə məni yıxıldığım yerdə təpikləyərək qışqırır, söyürdü. Həmin gün, həmin zərbələrdən bədənimin qədər ağrıdığı yadımda deyil. Məni daha çox ağrıdan babamın bu vəziyyətə gəlməyi idi".

Bəli, qaçqınlıq ən mehriban babaları da dəyişə bilirmiş.

Əsəri maraqlı edən digər bir məqam əsərdə kifayət qədər etnoqrafik detalların olmasıdır. Dağ həyatına öyrəşən adamların arana adaptasiyası, yerli sakinlərin onlara münasibəti, mədəni müxtəliflik s. dövrün mənzərəsi barədə çox şey deyir. Kitabda həmçinin həm yerlilərin, həm gəlmələrin ortaq dərdi olan "doxsanlar"ı görürük. Səfalət düşərgədəki kimi ağır olmasa da, bütün ölkədə hökm sürür.

"Yerlilər bizi elə ilk gündəncə sevməmişdilər. Çadırlarda, səfalət içində yaşamağımız onsuz da onlara bizə üstdən aşağı baxmağa səbəb verirdi. Lakin məsələ təkcə bunda deyildi: köçüb gəldiyimiz yerlərin həyat tərzi, insanlarımızın əxlaqı, davranışı, geyimi yerlilərdən xeyli fərqliydi. Bu mühafizəkar, dindar bölgənin sakinləri ilə müqayisədə biz həddən artıq açıq geyinirdik, onlardan fərqli olaraq dini rituallara əməl etmir, namaz qılmır, oruc tutmurduq. Yerlilər buna görə bərk dilxor olur, bizə "imansızlar" deyirdilər".

Zamanla gəlmələr yerlilər arasındakı ziddiyyətlər aradan qalxır. Ümumiyyətlə, kitabın sonlarına doğru biz xeyli müsbət dəyişikliklər görürük. Uzun müddət təhsildən geri qalan müəllif artıq məktəbə gedir. Ailə şəraitsiz çadırdan nisbətən daha yaxşı qəfəsə köçür. Burdakı qonşular da daha mehriban yaxşı adamlardır.

Kitab konkret bir sujet üzərində qurulmadığından düşərgədə baş verən müxtəlif hekayələri bir yazıda əhatə etmək mümkün deyil. Ona görə mən yalnız qəhrəmanın taleyindən yola çıxaraq hadisələrin ardıcıllığını yaza bilirəm. Əslində, bir kitabda bu qədər müxtəlif obrazları görmək maraqlıdır. Düzü, bir oxucu kimi kitabda nizama sadiq xronologiya axtarmadım. Məni kitabboyu narahat edən əsas məqam tamam başqa idi. O da Günelin yoxluğu, daha doğrusu, azlığı. Qəhrəman hər kəsdən, hər şeydən danışır, hamıya bir baxış, bir yanaşma var, bir özündən savayı. Məsələn, illər, düşərgə həyatı onu necə dəyişir, o, hiss edir, özü haqqında düşünür? Əsərin bioqrafiya adlanması bir yana, hadisələri nəql edən bir qəhrəman kimi Günel kitabda olduqca qeyri-müəyyəndir.

Kitabın son səhifələrində uzun illərdir ki, Rusiyada yaşayan atanın geri qayıtdığını görürük. Ata həminki atadır, dəyişməyib, yenə qızı onu sevmir... Bir qədər düşərgədə yaşadıqdan sonra o, əlindəki pulla Sumqayıtdan ikiotaqlı ev alır. Beləcə ailə düşərgə ilə vidalaşmalı olur. Qəhrəmanın düşərgədən ayrılarkən keçirdiyi hisslərin təsviri bir daha onu təsdiq edir ki, əslində, acınaqlı keçsə belə, uşaqlığımızdan, gəncliyimizdən bizə miras qalan məkanlar bir başqa doğmadır. Bəlkə , cəmləsən, oralardan üç-beş gözəl xatirə ola, ya olmaya.

 

Biz az da olsa, ailənin Sumqayıt həyatını görə bilirik. Boz, darıxdırıcı davam edən yoxsulluğun bir parçasıdır buralar da. Mən burada kitabın öncəki səhifələrində oxuduğum o qədər ağır sətirlərdən artıq içimi parçalayan bir səhnə tapıram - Günelin soyuq divara söykənib ağladığı səhnə.

"Sakitcə, səsimi çıxarmadan ağlayırdım. Yox idi, heç yerdə bir damcı sevinc, işıq, ümid yox idi. O gecəki ağlamaqdan sonra mən çox ağlamışam. Ancaq həmin gecəki ağlamaq, çarəsizliyin, ümidsizliyin, heç vəd etməyən yetim gələcəyin ağlamağı idi".

Birinci təhsilimi tamamladıqdan sonra böyük bir boşluq içərisində idim. Sən demə, özümə xeyli uzaq bir sənətə illərimi vermişəm. Üstəlik, bundan sonra da nə etməli olduğumu bilmirəm. Sözün əsl mənasında sabaha dair heç bir təsəvvürüm yoxdur. Naümid gələcəyin qorxusu, keçmişin dərin yaralarından daha çox incidir adamı. Həmin gün o qorxu ilə oturub saatlarca ağlamışdım. Əlbəttə, sonralar bütün daşlar yerinə oturdu, şans yenə məni seçdi. Amma hələ də həmin gün, həmin ağlamaq yadıma düşəndə bir sızıltı hiss edirəm.

Kitabın bu yerində məhz həmin sızıltını yenidən hiss etdimbundan sonra "Düşərgə" gözümdə tamam başqa bir rəng aldı.

Düşünmürəm ki, "Düşərgə" fövqəladə əsərdir. Kitabı oxuduqca müəyyən qüsurları sezmək olur. Ancaq mən bu kitabla Günel Mövludu yenidən kəşf etdim. Atasının vurduğu şillələrin fonunda yaşadığı ədalətsizliklərin təsvirini oxuduqdan sonra başa düşdüm ki, niyə Günel feminist olub? Həmişə düşünmüşəm ki, Kafka atası ilə yaxşı yola getsəydi, ondan təmənnasız sevgi görsəydi, sevginin təmanna üzərində qurulduğunu qışqıran "Çevrilmə" ni yazardımı? Aşağı-yuxarı eyni şeyi Günel haqqında da düşünmüşəm.

Və ən əsası bu kitabı oxuyarkən daha bir şeyi başa düşdüm. Yazmaq üçün dərin mütaliə, müşahidə qabiliyyəti, üslubbunun kimi bir çox şeylərdən daha vacib bir şey lazımdır: cəsarət. Keçmişin gözlərinə dik baxıb, yaralarını deşmək, çox adamın dilə gətirməkdən utanacağı şeyləri minlərlə oxucunun ixtiyarına vermək yalnız və yalnız cəsarət işidir. Nə var axı özündən bir qəhrəman uydurub onun yaralarında gəzişməyə? Atanın ağzını qanadan şilləsindən, babanın belini göynədən təpiyindən yazmaq yalnız cəsarət istəyir...

 

Aytac Sahəd

525-ci qəzet.- 2023.- 27 may.- S.17.