"Cəmiyyət teatra münasibəti ilə xarakterizə olunur"

 

Naibə Allahverdiyeva: "Qapını açıb ayağımı teatra qoydumsa, vəssalam..."

 

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva bu il yubileyini qeyd edir. Bu əlamətdar ərəfədə sənətkarla görüşüb həyat və yaradıcılıq yolu ilə bağlı həmsöhbət olduq.

- Öncə sizi ad gününüz münasibətilə təbrik edir, sağlam can, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirəm. İstərdim söhbətimizə ad günü tarixinizdən başlayaq: 28 may... Azərbaycan üçün önəmli bir tarixdə doğulmusunuz.

- Təbrikiniz və diqqətiniz üçün təşəkkür edirəm. Bəli, 28 may mənimçün bir neçə tərəfdən önəmli bir gündür. Öncə ona görə ki, ölkəmizdə Respublika günüdür. İkincisi, himayəsində böyüdüyüm atalığım Cahid Hilaloğlu sovet dövründə öz əli ilə tikdiyi üçrəngli bayrağımızı 28 mayda Qız qalasında ucaldıb. Həm də ağrılı bir gündür, çünki həmin gün buna görə o tutulub 14 illik sürgünə məhkum edilmişdi. Son olaraq isə ona görə önəmlidir ki, bu gözəl dünyaya mən gəlmişəm.

- Sizin dünyanızı gözəlləşdirən nədir?

- Təbiət, canlılar, teatr, xoş simalı insanlar, xoş münasibətlər, sevgi. Dünya gözəldir, sadəcə biz insanlar dünyanı bəsitləşdiririk. Hərdən deyirlər ki, dünya haqsızdır. Xeyr! Dünya haqlıdır. Allah bizə bu cür gözəl dünyanı bəxş edib, biz isə hələ də bunu anlamırıq. Dünya gözəl olmasaydı, insanlar son nəfəsində həyat üçün çarpışmazdı, dünyanı tərk etmək qorxusu olmazdı.

 

- Deyirlər, teatr qarderobdan başlayır. Bəs sizin üçün teatr haradan başlayır?

- Uzaqdan teatrın binasını görürəm ha, bax oradan başlayır. Qapını açıb ayağımı teatra qoydumsa, vəssalam... Oradan sənətin məbədi teatr başlayır. Teatr özündə bütün incəsənət növlərini birləşdirir. Əgər bir cəmiyyətdə teatr inkişafdan qalıbsa, o cəmiyyət ümumən inkişaf edə bilməz. Cəmiyyət teatra münasibəti ilə xarakterizə olunur.

- Söz düşmüşkən, indiki Azərbaycan cəmiyyətində teatra olan münasibətdən razısınızmı?

- Artıq bizdə insanlar teatra dönürlər. Çünki bayağılıqdan beziblər, əsl sənətin məhz teatrda olduğunu görürlər. Baxmayaraq ki, teatrın təbliğatı yoxdur. Amma mütləq televiziyalarda, sosial şəbəkələrdə bu təbliğat olmalıdır. Fikrimcə, valideynlər öz övladlarını teatra gətirməlidirlər. Uşaq 1-ci sinifdən teatrın nə olduğunu bilməlidir.

- Bu dünyaya Naibə Allahverdiyeva kimi gəlməsəydiniz, hansı obrazınız olaraq gəlmək istərdiniz?

- Heç biri. Çünki hər bir obrazımda kədər, faciə var. Heç özüm kimi də gəlmək istəməzdim.

 

- Niyə?

 

- Nə bilim (gözlərinə qəribə bir kədər çökür. Gözləri yol çəkir). Düzdür, insan həmişə xoşbəxt ola bilməz, xoşbəxtlik anlarla olur. Müəyyən yaşa çatandan sonra dönüb ömür yoluna baxırsan ki, mən hansı ömür yolundan keçmişəm. Mənim ömür yolum elə də ürəkaçan olmayıb. Uşaq ikən anam atamdan ayrılıb, ata-ana nəvazişi görmədən böyümüşəm. Sonra gənclik illərim gəldi, ailəm dağıldı, çox xəstəliklərlə çarpışdım. Sevincli günlərim sırf sənətimdəki uğurlarımla bağlı olub. Hər zaman həyatın yükünü tək qaldırdım. Bu, artıq məni yorub. Kənardan çox deyirlər: "Sən güclü qadınsan". Amma mən özümü güclü hesab etmirəm. Güclü olmağa məcbur qalmışam. Daxilən isə uşaq kimiyəm. Həyatda dayağım olmayıb. Tək dayağım varsa, o da Allahdır. Ən dar məqamlarımda Allah yetib köməyimə. Daxilən çox tənhayam. Ona görə də istəmirəm ki, bu gözəl dünyaya bir də Naibə kimi gəlim.

- Yaşaya bilmədiyiniz uşaqlığınız öz övladınıza ana olmağınıza necə təsir etdi?

- Qızıma çox gözəl ana olmuşam, ona hər şey vermişəm, ən çox da sevgi. Özüm o qayğını görmədiyim üçün çalışırdım qızımı heç nədən əskik böyütməyim. Ona həm ana, həm ata olmuşam. Ona o qədər məhəbbət vermişəm ki, hətta o, bu məhəbbət sayəsində ərköyünləşib də.

- Bəs ana kimi xoşbəxtsiniz?

- Qızım sağ-salamatdır, oxuyub, işləyir, bütün bunlara görə şükür edirəm. Amma bir ana kimi o vaxt xoşbəxt olacam ki, qızımın xoşbəxtliyini görəcəm. Qızım ailə qurub xoşbəxt olanda mən də xoşbəxt olacam. Qadın bir həyat yoldaşından, bir də övladından xoşbəxt olur. Karyeranda nə qədər böyük uğurlar qazansa da, qadın üçün ən başlıcası ailəsidir.

- Həyatınızda baş verənlərin sənətinizə təsir etdiyi anlar olub?

- Həyatımda nə baş versə də, onu sənətimdən uzaq tutmağı bacarmışam. İllər boyu panik-atak xəstəliyindən əziyyət çəkmişəm. Hətta səhnədə tamaşa oynadığım yerdə xəstəliyimin tutduğu anlar olub. Bir var haransa xəstədir, ağrıyır, dərman içirsən, keçir, bir də var ki, ruhun ağrıyır. Özü də mən komediya oynamışam, təsəvvür edirsiniz? "Romeo və Cülyetta" əsərində dayəni oynayırdım, orada bir yer var ki, Romeonun yanına gedib Cülyettanın sözünü çatdırıram. Əsərin ən komik yeridir. Bir dəfə bu səhnəni oynadığım an panik-atak tutdu. Hiss elədim ki, bir anlıq beynimin içi közərdi, başım fırlandı, gözlərim qaraldı. Rolumu oynaya-oynaya ürəyimdə Allaha dua edirəm ki, məni pis vəziyyətdə qoyma, kömək elə. Yəni heç bir xəstəlik, həyatımda məni depressiyaya salan hadisələr sənətimə təsir etməyib. Məsələn, övladım körpə olanda baxıcım yox idi, qucağımda uşaqla gəlirdim teatra, səhnəm zamanı kimdənsə xahiş edirdim ki, uşağı saxlasın, tamaşanı oynayıb gəlim. Qısacası, heç bir şey sənətimə mane ola bilməyib. Bu sənət sevgilimdir sanki, ona xəyanət etmək olmaz.

- Xəyanət etmədiyiniz sənətinizdən özünüz o sadiqliyi görmüsünüzmü?

- Bəli, bu sənət məni sevdirib, yaşadıb, yüksəldib. Bu sənətdə dayaqsız olmaq çox çətindir. Sən istedadlı ola bilərsən, xalq səni sevə bilər, amma müəyyən yerə qədər. Elə məsələlər var ki, mütləq dayaq lazımdır. Bəzən elə şeylər baş verir ki, fikirləşirsən zəhmətlə, istedadla bərabər, şansın da olmalıdır. Həm də bu sənətdə təqdimat da çox önəmlidir. Biri var göyçək Fatma kimi səni gizlətsinlər, biri də var əlindən tutub harasa gətirsinlər. Şəxsən, mənim bu sənətdə əlimdən heç kim tutmadı. Qarşımı kəsənləri özüm yardım keçdim. Bəs bu qədər depressiyanı, panik-atakı necə tapdım? Qarşıma çıxan qalxanları yara-yara...

- Geriyə qayıtmaq şansınız olsa, nəyi dəyişərdiniz?

- Nə bilim... Qismətimdir, yaşamışam. Deyim ki, çox səhv etmişəm, o səhvlərin cəzasını çəkmişəm, yox! Uşaqlığımdan bu günə özüm öz gücümə var olmağa çalışmışam. Uşaqlıqda, gənclikdə o qədər sakit, başıaşağı, zərif bir qız idim ki. Həyatla, insanlarla çarpışa-çarpışa indiki Naibə oldum. Sanki səni məcbur edirlər ki, mütləq baş qaldırmalısan, güclü olmalısan. Fikir vermişəm, bir az özümü zəif göstərən kimi tapdalamağa çalışırlar. Hətta bu yaşımda da.

- Könülsüz ifa etdiyiniz hansısa rolunuz olub?

- Bəli, "Yatmış gözəl"də kraliça rolunu heç sevmirəm. Çünki paltarı çox yekə, pariki iridir, incidir məni. Həm də o tamaşada səhnədə çox otururam.

- Tamaşa zamanı başınıza gələn hansısa qəza, ya da maraqlı xatirəniz...

- Lerikin bir ucqar kəndinə çəkilişə getmişdik, güclü qar yağmışdı. Orada qarımış qızı oynayırdım. Necə ayağım sürüşdüsə, beş yerdən sındı. Xəstəxanaya aparmağa maşın olmadı, həkim də yox. Bir həkim gətirdilər, sonra məlum oldu ki, o da baytar imiş (gülürük). Mənə dedi ki, sənin ayağın çıxıb, necə ayağımı dartdısa, məndən dəhşətli bir qışqırıq qopdu.

- Müsahibələrinizin birində deyirsiniz ki, "Pəri cadu" tamaşasındakı Şamama cadu obrazı ən çətin hazırlaşdığınız rolunuzdur. Bəs o obrazda nə tapdınız ki, bu qədər mükəmməl yarada bildiniz?

- O obraz şeytan xislətli insanların simasıdır. Bəlkə də o, nə vaxtsa insan olub, onu şeytan yoldan çıxarıb. Bu, onun simasında da var. Axı deyirlər, insan yaşlandıqca keçdiyi həyat yolu çöhrəsində iz qoyur. Düşündüm ki, həyatda bu cür xislətli insanlar var və mən bunu bu cür canlandırmalıyam. Həm də rejissor Nicat Kazımov bizimlə çox yaxşı işlədi. Düzdür, həmin vaxt teatr təmirdəydi, başqa yerdə məşq edirdik və ora da çox soyuq, şəraitsiz bir yer idi. Təsəvvür edin, biz yorğana bürünüb məşq edirdik.

- Rejissordan söz düşmüşkən, sizin rejissorunuz necə olmalıdır?

- Mənim rejissorum dünyagörüşü zəngin, savadlı, ən başlıcası isə insan adam olmalıdır. Ola bilər sən çox yaxşı rejissorsan, amma insanlığın yerində deyilsə, alınmaz. Axı aktyorlar çox həssas olurlar, adicə baxışdan inciyə bilirlər. Bəzən rejissorlar olur ki, salamı belə almaq istəmirlər. Bu, düzgün deyil. Axı sən aktyorla işləyirsən, aktyora görə buradasan. Sənin əsərini sabah tamaşaçıya aktyor təqdim edəcək. Ola bilər, sən hansısa aktyoru sevməzsən, amma onunla münasibəti saxlamalısan. Bəli, rejissor səhnədə qışqırar, tələb edər, amma şəxsi münasibətləri səhnəyə gətirməz. Onda heç bir iş alınmayacaq, o aktyor rolu oynaya bilməyəcək, nə qədər istedadlı olsa da, sönəcək. Rejissor insan olmalıdır, əgər deyilsə belə, heç olmasa, insanlığı oynamalıdır. Təbii ki, bu sənəti dərindən bilməlidir. Rejissor sənəti zərgər dəqiqliyi sevən bir sənətdir. Şükürlər olsun ki, mən insanpərvər rejissorlarla işləmişəm.

- Leylinin anası, "Mənim göyərçinim"dəki ana və həyatdakı ana Naibə Allahverdiyeva... Onları birləşdirən nədir?

- Övlada sonsuz məhəbbət və onu nəyin bahasına olursa olsun, təhlükədən qorumaq çabası.

- Son oynadığınız "Kod adı V.X.A" tamaşasındakı obrazınız da anadır. Amma bu analardan fərqlənən ana...

- Bəli, o, övladının ölümünə bais olmuş bir qadındır. Aldadılmış, atılmış, həyatdan küsmüş, ömürlük həbsə məhkum edilmiş bir insandır. Tamaşaya baxan, haqqında yazanların çoxunun fikri cəmlənir digər obrazlara, amma mən deyərdim ki, bunun faciəsi heç də o birilərdən əskik deyil. Ana öz uşağının ölümünə səbəb olub, bundan böyük faciə ola bilərmi? Buna görə də o, sanki bütün dünyadan, insanlardan qisas alır və təkcə həyata yox, özünə də nifrət edir. Buna baxmayaraq, həm də ürəyiyumşaqdır, onu, bunu itələsə, vurub, yıxsa da, elə bir an gəlir ki, övladı ölmüş anaya kömək edir, onu döyən əsgərlərin əlindən alır onu. Onun bir sözü var: "Sizə nə var e, çıxıb gedəcəksiniz, sizi orada gözləyən var, amma mən ömürlük burdayam". Sonra deyir ki, mənim bədənim var, ruhum isə uçub gedib. Ən böyük cəzanı da məhz o çəkir. Ruhsuz bir cəsədə çevrilib. Çox faciəvi, mənim üçün fərqli və maraqlı obrazdır.

- Monotamaşa oynamaq istərsinizmi?

- Bəli, düşünə bilərəm bu haqda. Xüsusən, sevgi mövzusunda istərdim. "İnsan səsi" tamaşasını oynamaq istəmişdim, amma oynaya bilmədim. Bəlkə indi də oynaya bilərəm, çünki qəlbimdəki sevgi tükənməyib. Ondan başqa isə ana obrazını canlandırmaq istərdim. Amma hələ tapa bilməmişəm ürəyimə yatan bir əsər. İnşallah, olar.

- Naibə Allahverdiyevanı nə həvəsdən sala bilər?

- Əvvəllər münasibət, indi isə heç nə. Məni heç nə ilə həvəsdən sala bilməzlər. Düşünürəm ki, həvəsdən düşməyə ixtiyarım yoxdur, axı bu sənətə 35 ilimi vermişəm. Əvvəl bəlkə inciyərdim, küsərdim, kənara çəkilib ağlayardım, amma indi məni həvəsdən salmağa çalışanı ondan qabaq həvəsdən salıram. Mən bu sənətə o qədər bağlıyam ki, sənətdən getsəm, bəlkə ölərəm. Aktyorlara boşuna sənət fədailəri demirlər, biz həqiqətən də cəmiyyətin mənəvi əsgərləriyik. Bu sənət sevgidir, heç bir şey məni ondan ayıra bilməz.

Həm də mən dövlətini çox sevən vətəndaşam. 44 günlük müharibədən sonra bütün iç dünyam dəyişdi. Biz bununla dünyaya kökümüzü, kimliyimizi tanıtdıq, gücümüzü göstərdik ki, biz nəyə qadirik. Buna görə xalqımla, ordumuzla, Prezidentimizlə qürur duyuram. Əminəm ki, Azərbaycan yaxın gələcəkdə bütöv və böyük bir dövlət kimi daha da güclənəcək. Qarabağ zəfərimizdən sonra sanki yenidən həvəsə gəlmişəm, canlanmışam, həvəsdən düşmək nədir? Bircə arzum var ki, Şuşanı görüm, çünki hələ də ora getməmişəm.

- Sizcə, bu sənətdə öz qiymətinizi almısınızmı?

- Bəli, dövlətimiz tərəfindən də, xalq tərəfindən də qiymətimi almışam. Bundan böyük dəyər nə ola bilər? Dövlətimiz mənə ən böyük titulu verib. Özü də həmin vaxt elə pis vəziyyətdə idim ki, xəstə yatırdım. Qəfil xəbər gəldi ki, cənab Prezidentimiz mənə "Xalq artisti" fəxri adını verib. İnanın, sanki bir anlıq mənim bütün xəstəliklərim, ağrılarım getdi, mən yenidən həyata qayıtdım. Buna görə cənab Prezidentimizə bir daha təşəkkür edirəm. 

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 27 may.- S.16;17.