Praqmatik dilçilik aspektindən "Dədə Qorqud" və qeyri-səlis məntiq

KAMAL ABDULLA VƏ RAFİQ ƏLİYEVİN "KİTABİ-DƏDƏ QORQUD" VƏ QEYRİ-SƏLİS MƏNTİQ" KİTABI HAQQINDA

 

 

 

 

Bu əsər bir çox problemlərin qovşağını təşkil edir. Bu kitab Şərqlə Qərbin, dilçilik və təbiət elmlərinin, praqmatika və mifologiyanın kəsişmə nöqtəsidir. Elmin və dilçiliyin yeganə məqsədi ümumbəşəri qanunları ortaya qoymaqdır, bu baxımdan qeyri-səlis məntiqin ixtiraçısı Lütfizadənin fikirləri istiqamətində bu cür dəyərli bir əsər ərsəyə gətirən müəlliflərimiz belə bəşəriyyətin bu gününə və gələcəyinə necə böyük bir töhfə verdiklərinin hələ tam fərqində deyillər. Bu əsər qeyri-səlis məntiqdən istifadə edən türkün böyük kitabı "Dədə Qorqud"un nə qədər demokratik bir anlayışa malik olduğunu göstərir. Bu məqamları üzə çıxarmaq öz-özlüyündə misilsiz və heyrətamiz bir işdir.

Mən və həmkarlarım qeyri-səlis məntiqlə bağlı müəyyən araşdırmalar aparmış və bu sahədə çalışmışıq. Amma deyim ki, bizim bu kitabın dərinliyinə çatmağımıza hələ çox var. Bu, bizlər üçün olduğu qədər, bugünkü dünya üçün da çox vacibdir. Biz onlardan geridə deyildik. Qeyri-səlis məntiqdən ünsiyyətin araşdırılmasında və tənzimlənməsində əsas ünsür kimi istifadə edilməsi təkcə "Dədə Qorqud" dastanı və qədim əsərlərin tədqiqində deyil, bugünkü nəsillərin inkişafında və sabahların aydınlanmasında da çox önəmli bilgi ehtiva edir.

Qeyri-səlis məntiqlə yaradılan dil strukturlarının, diskursların insanların daha sürətli, daha effektiv və səmərəli ünsiyyət qurmalarına, öyrənmələrinə və dəyişmələrinə, bir sözlə, insanların hədəflərini gerçəkləşdirmələrinə əməli və praqmatik faydalarını təsəvvür etmək belə çətindir.

Bu qısa girişlə məqsədimiz Kamal Abdulla və Rafiq Əliyevin irəli sürdüyü yeni ideyaların öyrənilməsinin təkcə elmi sahədə çalışanlar üçün yox, bütün insanlar - həkimlər, hüquqşünaslar, psixoloqlar, siyasətçilər, rəhbər işçilər, iş adamları və digərləri üçün də faydalı olacağını vurğulamaqdır.

Bu məqalədə praqmatik dil dünyasında baş verən prosesləri müəlliflərimizin araşdırması ilə müqayisə edərək ortaq nöqtələri tapmağa çalışacağıq. Bu, yalnız başlanğıc olacaqdır. Bu mövzuda yazılacaq yazılara son nöqtəni qoymaq heç vaxt mümkün olmayacaq. Hörmətli müəlliflərə və onların fikirlərinə bu aspektdən baxmaq onların ömürlərini həsr etdiyi "Dədə Qorqud"a da başqa prizmadan yanaşmanı təmin edəcək, eyni zamanda bu kiçik araşdırma nəticə etibarilə dəyərli alimlərimizin ideallarına müəyyən qədər xidmət etmiş olacaq.

Qərb dünyasından əldə etdiyimiz biliklərlə K.Abdulla və R.Əliyevin yanaşmalarını müqayisə etməzdən öncə "Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabındakı fikirlərə dair müşahidələrimi qısaca bölüşmək istəyirəm. İnsanlar dünyanı klassik məntiq çərçivəsində 1 və 0, doğru və yanlış şəklində olaraq qavrayırlar. Bu məntiq bizi müəlliflərin dediyi kimi, ağ-qara dünyaya məhkum edir. Halbuki qara ilə arasında bozun minlərlə çaları var, dünya ağ-qara deyil, ən azı gözlə görünən və ya görünməyən qədər rəngarəngdir. Burada qeyri-səlis məntiq bizə belə rəngli həyatın açarını təqdim edir. "Dədə Qorqud" dastanı da bunu görmək, yaşamaq imkanları yaradır. Müəlliflər bunu tamamilə haqlı olaraq demokratik düşüncə ilə əlaqələndirirlər. Bu məntiq sisteminin banisi görkəmli Azərbaycan alimi Lütfizadədir. Dünyada elm sahəsində çox faydalı olan bu yanaşmanın sosial və humanitar sahələrdə də tətbiqi Lütfi Zadənin arzusu olmuşdu. K.Abdulla və R.Əliyev də məhz bu istəyi həyata keçirməyə çalışırlar.

 

Müəlliflər yazır:

"Bəri başdan qeyd edək ki, qeyri-səlis məntiq hər şeydən əvvəl şübhələrin, tərəddüdlərin, bəlkələrin məntiqidir. Axtarışların məntiqidir. Cəhdlərin və canatımların məntiqidir. Yeni üfüqlərin aranmasının və kəşf edilməsinin məntiqidir. Bu məntiq elə-belə ortaya çıxmır. O, həm də öz dərinində gizlənən və bütün bu "bəlkələr" üçün özündə seçim imkanı saxlayan dərindəki, gizlindəki ideolojisi ilə üzə çıxır (sanki atası Zevsin başından tam hərbi əlbisəsini əyninə geyinmiş Afina Pallada doğulur) və beləliklə, binar qarşıdurmalar hakimiyyətinə son qoyulur".

 

Bu məntiq ilk növbədə "şübhə və bəlkə" məntiqidir. Bu məntiq insanın bütün yaradılış fəaliyyətinin əsasını təşkil edən məntiqdir. Bu məntiq sayəsində qeyri-mümkün mümkün olur. Xarici dünyanın qavrayışını "ya o, ya bu" dilemmasından çıxarır.

Kitabda oxuyuruq:

"Qeyri-səlis çoxluqlar bədii mətnlərin təhlilində linqvistik informasiyanın üzərinə qoyulan məhdudiyyətləri ehtiva edən tutarlı bir vasitədir. Mətndə təsvir edilən hərəkət və ya hadisə ilə bağlı natamam məlumat verildikdə bu, ona olan inamı azaldır. Beləliklə, linqvistik informasiyanın emalı zamanı biz hərəkətin və ya hadisənin necə baş verdiyini və ya necə olacağını göstərən feilin modallığına xüsusi diqqət yetirməliyik".

Bu məntiq təqdim olunan məlumatlarda çatışmayan məlumatları tapmağı və beləliklə də, həyatın təqdim etdiyi imkanlar arasında tamamilə yeni seçimlər etməyi təmin edir.

 

Kitabda yazılıb:

"Bu aspektdə təbii dil perseptiv informasiyanın, yəni bilavasitə ölçülə bilməyən informasiyanın təsvir sistemi kimi qəbul olunur. Bu sütunun özülündə ehtimal nəzəriyyəsi yox, mümkünlük nəzəriyyəsi durur...

 

Bu məntiq ölçülə bilməyən biliklə bizə mane olan ehtimallardan qurtulmağa və imkanlar dənizində üzməyə kömək edəcək".

Və yaxud:

 

"Bu misallar asanlıqla "əgər...sa/sə... o zaman..." sxeminin leksik-morfoloji törəmələri kimi nəzərdən keçirilə bilər. Beləliklə, qədim əcdadımızın düşüncə tərzinin demokratik yanaşma üzərində qurulmuş olduğu üzə çıxır".

Bu, keçmiş əcdadlarımızın bizi demokratik düşüncə istiqamətinə yönəltmək istəyindən irəli gəlir.

Müəlliflərin təklif etdiyi başqa bir misala diqqət edək:

"Ol zamanlar Oğuz yigitləri yatanda yeddi gün, yeddi gecə yatardılar. Adına küçücük ölüm derlərdi".

"Ölmək"lə "yaşamaq" arasında minlərlə haldan bəhs etmək olar. Müasir tibb "koma" vəziyyətinin də ("küçücük ölüm") onlardan biri olduğunu deyir. Deməli, müəlliflər doğru olaraq Zadə nəzəriyyəsini dəstəkləmiş olurlar. "Həyat" və "ölüm" qütbləri arasında Aristotelin vaxtilə qəbul etmədiyi üçüncü də ola bilərmiş.

 

Sxem belə formalaşır:

"Həyat - küçücük ölüm - ölüm". Bunun özü seçim imkanının genişliyini və demokratik düşüncənin mövcudluğunu ortaya qoyur.

Qərbdə, xüsusilə, II Dünya müharibəsindən sonra sistem düşüncəsi sahəsində aparılan araşdırmaların insan psixologiyasına, xüsusilə psixoloji pozuntulara tətbiq edilməsi cəhdləri dilin bu baxımdan əhəmiyyətinə və tədqiqinə istiqamətlənmişdir. Alimlər bildirirlər ki, insan xarici dünyanı beynində modelləşdirərkən, ümumiyyətlə, üç əsas üsuldan istifadə edir. Bunlar silmə, ümumiləşdirmə və təhrif etmə prosesləridir. Bu proseslərdən keçən xarici dünya beyində silinmiş, təhrif edilmiş və ümumiləşdirilmiş olur. Bu proses istifadə etdiyimiz dildə də əks olunur və ya həmin dilə görə baş verir. Məhz bu bilgi iki yöndə istifadə edilə bilən bir sistem yaradır. Praqmatik dil həqiqətən ikitərəfli istifadə edilən bir vasitədir. Bu biliklər sayəsində insanları ümidsizlik girdabından xilas etmək mümkündür. Onlara daha xoşbəxt, daha sağlam və daha uğurlu həyat yaşamaları üçün başqa bir dil strukturunu mənimsətmək olar. Həmçinin, bu vasitədən istifadə etməklə insanların daha kreativ, daha səmərəli, daha sürətli öyrənmələri və öyrətmələrinə nail olmaq olar. Onların hədəflərinə çatmaları üçün daha effektiv ünsiyyət və əməkdaşlıq qurmaları mümkündür. Bu istifadə sahələrini yaxşılaşdırıcı və inkişafetdirici kimi təsnif etmək düzgün olardı. Axı, sistem və vasitə eynidir. Bu gün başa düşürəm ki, doğrudan da, onun əsasında qeyri-səlis məntiq dayanır. Bu məsələləri aydınlaşdırdıqlarına görə Kamal Abdullaya və Rafiq Əliyevə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

İlk proses silmədir. Zehnimizdə xarici dünyanı qurarkən aldığımız məlumatların bir qismini silirik. Bu silmə hadisəsi dildə də özünü göstərir. Məlumatın olmaması şübhə yaradır. Sadə bir misalla davam edək: "Hərəkət azadlığımızı məhdudlaşdırdılar". Bu cümlədə bəzi vacib məlumatlar silinib. "Kimlər? Necə? Yəqin ki (Kimə görə? Hansı baxımdan?)", "Ehtimal ki" (Nə qədər? Kimə görə?)

Bu prosesin bir az mürəkkəbi isə bunu müqayisə ilə etməkdir. Məsələn, "Daha yaxşı bir dünya olacaq", "Daha az işləməlisən", "Sən ən yaxşısına layiqsən".

 

"Az" (Nə üçün az? Kimdən az? Dəqiq nə qədər?)

"Çox" (Nə üçün çox? Kimdən çox? Dəqiq nə qədər?)

"Daha çox" (Nə üçün daha çox? Kimdən çox? Kimə görə? Dəqiq nə qədər?)

"Alçaq" (Nə üçün alçaq? Kimdən alçaq? Kimə/nəyə görə? Dəqiq nə qədər?)

"Hündür" (Nə üçünhündür? Kimdən hündür? Kimə/nəyə görə? Dəqiq nə qədər?)

"Böyük ehtimal ki" (Nə qədər böyük? Kimə görə?)

 

Qeyd olunan ifadələr qarşılaşdırmalı silmə örnəkləridir. "Nə?","Kimə görə?", "Hansından?" suallarının bu cümlə daxilində cavabı yoxdur.

Digər məsələ qeyri-müəyyən istinad adlandırılır. Bunlar qeyri-müəyyən isim və əvəzliklərin işlədildiyi cümlələrdir. Bu təsnifat kim tərəfindən, hansı əsasla aparıldığı məlum olmadığından şübhə yaradır.

"Bundan xoşum gəlmir. İnsanlar qəribədir. Pişiklər nankordurlar. Bizim camaat tənbəldir. Heç qulaq asmadılar. Bəziləri başa düşmür. Bu, mənə çox təsir edir. Biz dost deyilik. Bəziləri daha tez yola gəlir".

 

"Kitabi-Dədə Qorqud"da belə misallar çoxdur:

"Kimini dögdü, kiminin başını yardı".

"Kimi oğul deyü, kimi qardaş deyü ağladı;

Kimi aydır: keyik tozudur, kimi aydır: yağı tozudur;

...kiminin boynu nurdu, kimini dutsaq elədi"...

 

Digər proses isə ümumiləşdirmədir. Əslində, bu, biliyin həddindən artıq ümumiləşdirilərək təhrif edilməsidir. Onlar rasional əsasa söykənmir. Bu cür bəyanatlar qeyri-müəyyənlik yaradır. "Hamısı, bütün, ən böyük, ən kiçik" sözləri buna sübutdur.

 

Digər tərəfdən, onlar hər kəsin şərh və yozumu üçün əlverişlidir: Heç kim yoxdur. Həmişə səhv edirsən. Ən böyük uğur. Dünyanın ən uğurlu insanı. Onlar bunu heç vaxt bacarmayacaqlar.

 

Müəlliflər Dastandakı bu tipli misallara diqqət yönəldirlər:

"Hamısı" (Həqiqətən hamısı? Kimə görə?)

"Böyük-böyük ağac gəmiləri oynadan su" (Kimə görə? Daha böyüyü yoxdur?)

"Gözəllər gözəlindən belə gözəl" (Kim üçün? Kimə görə? Daha gözəl yoxdur?)

"Ucalardan ucasan" (Daha ucası yoxdur? Kim deyir? Nəyə görə? Hardan bilirsən?)

"Böyük şivən" (Kim üçün? Kimə görə? Nə üçün böyük?)

"Qara şivən" (Kim üçün? Kimə görə? Nə üçün qara?)

"Şivən - qara şivən" (Kim üçün? Kimə görə? Nə üçün böyük?) ifadələri isə ümumiləşdirmələrə aid nümunələrdir.

Bundan əlavə, mənanı vurğulamaq baxımından mühüm əhəmiyyət daşıyan təkrarları da ümumiləşdirmə çərçivəsində nəzərdən keçirilir:

 

"Dönə-dönə savaşayın, dönə-dönə vuruşayın".

Quru-quru çaylara su saldım; qanlı-qanlı sular;

sən gedəli gumbur-gumbur davullar döyülmədi;

soyuq-soyuq sular; taşqın-taşqın sular;

açuq-açuq meydana bənzər sənin alıncığun;

yüksək-yüksək qara dağlar;

böyük-böyük suların köprüsü ağac;

qara-qara dənizlərin gəmisi ağac;

yumru-yumru ağladı;

çığnam-çığnam qayalardan çıxan su; içib-içib

Ulaş oğlu Salur Qazanın alnına şərabın itisi çıxdı;

yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu;

bir gecə döşəyində qatı-qatı inlədi;

qalxıbam iki qardaş quca-quca görüşdülər -

bu məhəldə Oğuz ərənləri alay-alay gəldilər...

Qatar-qatar dəvələr,

tavla-tavla şahbaz atlar,

soyuq-soyuq bulaqlar.

 

Qütbləşdirici sözlər universal təyinedicilərin xüsusi növüdür. Mümkün seçimləri istisna edirlər. Onlar ifrat ümumiləşdirmələrə dair nümunələrdir. Onlar dinləyici tərəfindən təbii hesab olunur və ya zehinləri ovsunlayır. Bütün hallarda daxilə fokuslanmanı artırır. Belə sözlər qütblər təşkil edir və alternativləri istisna edir. Ya hamısı, ya heç nə. Ölmək var, dönmək yox. Ya azadlıq, ya ölüm. Olarsa olar, olmazsa olmaz. Ürəyi istərsə. Özü bilər. Baxaq görək. Enişmi yaxşıdır, yoxuşmu?

"Kitabi-Dədə Qorqud" dastanının böyüklüyü danılmazdır. O, qiymətləndirməkdə aciz olduğumuz bir dövrdən keçərək, ciddi çətinliklərin öhdəsindən gələrək var olmağı bacaran bir kitabdır, ölümsüz abidədir. Türkçülüyə ciddi təsir etmişdir. O, varlığımızda, kimliyimizdə və şəxsiyyətimizdə söz sahibidir. Onun fani bir insana istinad edilməsi məqamını daha da ucaldır. O bir prinsip, bir məfkurəkimi bizdən sonra da yaşayacaq, bizdən sonra da ilham qaynağı olacaq. Bizim əlimizdən yalnız ondan bacardıqca nələrsə öyrənmək və ona xidmət etmək gəlir.

Bu kitab türk yurdu Azərbaycanda bu kimliyi qazanmış və qələmə alınmışdır. Bu kitab hansı güclə yazının, mətbəənin olmadığı, kitabların çoxaldılmadığı vaxtları geridə qoyub zəmanəmizə qədər gəlib çıxmışdır? Kitabın məzmunu bir yana qalsın, dili, danışıq tərzi, alqoritmi nədir? Bu alqoritm necə işləyir, insanlarda, xüsusən də türklərdə necə çalışır? Məhz bu tədqiqat qeyri-səlis məntiqin rolunu onun ortaya çıxdığı ölkədə araşdırır.

 

Dünyanın başqa bir yerində informasiya sistemləri araşdırılır. Onların strukturu necədir? Onların hansı vəzifələri var? Onların fəaliyyəti necə təşkil olunur? Bu suallara cavab axtarırlar. Onlar kainatı bir-birinə qarışmış böyük sistemlər kimi qəbul edirlər. İstər təbiət olsun, istər insan, istərsə də cəmiyyət olsun, bu sistemin işini "informasiya axını" ilə anlamağa və izah etməyə çalışırlar. Bu informasiya axınında "dil"in əhəmiyyəti nədir? Dil bu məlumatı necə daşıyır və çatdırır? Necə effektiv olur? Daha effektiv ünsiyyət qurmaq üçün dili necə tənzimləməliyik?

Girişdə qeyd etdiyim kimi, Kamal Abdulla və Rafiq Əliyevin ərsəyə gətirdiyi bu kitab həsr olunduğu əsər kimi müqəddəs bir kitabdır, bir çox yolların qovşağında, eyni zamanda bir çox yolların başlanğıcındadır. Əminəm ki, oxucular bu dəyərli araşdırmadan yetərincə faydalanacaqlar.

 

Av. Dr. Rüştü Burak Eke

Türkiyə Cümhuriyyəti "Dil və Sistem" Fondunun sədri

525-ci qəzet.- 2023.- 27 may.- S.14;15.