"Nə köhnəni işlədə bilirik, nə də təzəylə işləyə bilirik..."

 

"Bizim aktyorların ən böyük çatışmazlıqlarından biri tənbəl olmalarıdır"

 

Müsahibimiz kastinq direktoru, Azərbaycanda fəaliyyətə başlayan ilk aktyor agentliyinin - "Azerbaijan Actors Agency"in rəhbəri Səbuhi Məmmədovdur.

-  Səbuhi bəy, son illər kinomuza daxil olan anlayışlardan biri kastinqdir.  Öncə kastinq anlayışına aydınlıq gətirək. Kastinq nə deməkdir və kastinq direktorunun funksiyası nədir?

- Kastinq ingilis sözüdür, "tilov atmaq" deməkdir. Bunu tilov atıb istədiyin aktyoru seçmək kimi də anlamaq olar. Peşə kimi isə Amerikada, 1950-ci illərdə studiya sistemi dağıldıqdan sonra Linn Stalmaster, Merion Douteri ilə birlikdə film istehsalında kastinq direktoru rolunu müəyyənləşdirdilər.

Norman Cuisonun "The Thomas Crown Affair" filmi sayəsində isə Stalmaster kastinq direktor kimi filmin titrlərində solo titul qazanan ilk şəxs oldu. O, həm də fəxri Oskar alan ilk və yeganə kastinq direktoru idi. Adını çəkdiyim şəxslər peşə kimi bunu yaradıb tətbiq etdilər. Kastinq direktor - aktyor seçimi üzrə rejissor deməkdir. Onun vəzifəsi ssenariyə uyğun olaraq, rejissorun verdiyi tapşırıqlar əsasında, personaja uyğun olan aktyorların seçimini keçirəndən sonra rejissora təqdim etməkdir. Təbii ki, burada həm də hansı aktyorun personaja daha çox uyğun olduğunu seçim prosesində kastinq direktoru təyin edir. Kastinq uzun prosesdir. Son illər xaricdə kastinq direktorun təkcə seçim prosesində deyil, həm də çəkilişlərdə iştirakı vacib sayılır. Son beş il keçmiş Sovetlər məkanında da bu təcrübədən istifadə olunur. Bir məsələni də qeyd edim ki, kastinq direktoru aktyorlarla müqavilə bağlamır. Həmin aktyorlar rejissora təqdim olunur, təsdiq olunduqdan sonra prodüser aktyorla müqavilə bağlayır. Aktyorlara müqaviləni ancaq aktyorun meneceri bağlayır. Bizdə isə təəsüf ki, bu sistem hələ tətbiq olunmur. Bildiyiniz kimi, Azərbaycanda aktyorların peşəkar hüquqlarını müdafiə edən tək şirkət "Azerbaijan Actors Agency" (Azərbaycan Aktyor Agentliyi) artıq on ildir fəaliyyət göstərir. O da eksklüziv müqaviləsi olan aktyorlarla işləyir. Və yaxud aktyorun eksklüziv müqaviləsi yoxdursa, amma hansısa filmə, seriala təsdiq olunanda, menecer xidmətindən bu layihədə istifadə etmək hüququ var. Menecer xidməti isə, aktyorun iştirak etdiyi layihədə onun yaradıcı maraqlarını, peşəkar hüquqlarını müdafiə etmək, maliyyə və iş rejimi şərtlərini müəyyənləşdirməkdir.

- Aktyorun obraza uyğunluğu, istedadı ilə bağlı məsələ aydındır. Başqa hansı keyfiyyətlər tələb olunur?

- İntellektual aktyor dünya kino sənayesində çox vacibdir və trenddir.

- Elə rejissorlar var ki, onlar üçün aktyorun intellekti vacib deyil.  Məsələn, Antonioni aktyoru marionet kimi istifadə edirdi.

- Konçalovski də bu tərzdə işləyir. Mənim düşüncəmə görə, kino təkcə təsviri sənət yox, həm də elmdir. Eləcə də aktyor sənəti. Aktyorun elmi və dünyagörüşü elə səviyyədə olmalıdır ki, oynayacağı obrazın xarakterini, psixotipini müəyyənləşdirə bilsin, daxili aləminə yol tapsın, onu anlasın və təqdim etsin. Aktyor psixologiyanı, analiz etməyi, məntiqi bilməlidir və bu da son nəticədə elmə söykənir.

- Bəs Azərbaycan aktyorlarının  çatışmayan və üstün cəhətləri hansılardır?

- Bizim aktyorların emosional qat, istedad, özünü təsdiq eləmək istəyi və orqaniklik baxımından üstün cəhətləri var. Boy-buxun var, tipaj olaraq maraqlıdırlar. Amma yaxşı aktyorumuzun da özünü təqdimatı yoxdur, bu, ən böyük çatışmazlıqdan biridir. İkinci məsələ tənbəllikdir. Aktyor var ki, istedadlıdır, tipajı maraqlıdır, intellekt də öz yerində, amma fiziki parametrləri o deyil. Mən aktyorlara deyirəm ki, üzərinizdə işləyin, fiziki cəhətdən hazırlaşın, idmanla məşğul olun. Deyir ki, rol veriləndə edərəm. Sonra rol təklifi gələndə aktyor çəkilişə vaxtında hazırlaşa bilmir, personajı tam formada təqdim etməyə vaxtı çatmır. Məsələn, aktyora at çapmaq lazımdır, hazırlaşmaq üçün isə müddət azdır, ona görə vaxtında öyrənmək lazımdır. Həmçinin dil bilgiləri, ingilis, rus dilini bilmək vacibdir. Bu mövzuda aktrisalar aktyorlarla müqayisədə özünü inkişafa daha məsuliyyətli yanaşırlar və daha fəaldırlar. Kişilərdə isə bir arxayınçılıq var.

- Gənc nəsil arasında yaraşıqlı, boy-buxunlu aktyorlar olsa da, ekranda o xarizma, faktura görünmür. Amma Rasim Balayevin xarizmasını ekranda da görə bilirdik. Problem nədədir?

- Bütün dünyada kamera önü təlim kursları keçirilir. Obyektivin dəyişdirməsilə aktyor bilir ki, o rakursdan necə düşə bilər və necə oynamalıdır. Aktyor kamera ilə işləməyi bacarmalıdır. Bizim akyorlarla bu təlim keçirilmir. Təlim keçən peşəkarlar da yoxdur.

- Sovet dönəmində aktyor seçimi ilə ikinci rejissor məşğul olurdu. İndi də bu faktor var. Bu, kinosahəsində hansı problemləri yaradır?

- Hələ də biz sovet sistemindən kapitalist sisteminə keçid edə bilmirik. Qalmışıq ikisinin ortasında. Köhnə sistemin də yaxşı tərəfləri var. Dünyanın işlədiyi yeni sistem isə daha çevikdir. Amma biz nə köhnəni işlədə bilirik, nə də təzəylə işləyə bilirik. Əgər ikinci rejissor strukturundan istifadə olunursa, onda aktyorlarla iş üzrə daha bir ikinci rejissor mütləqdir. Bu gün serial və kino sektorunda ikinci rejissor var. Həmin ikinci rejissor bilmir planlaşdırmanı eləsin, aktyor seçsin, yoxsa məkanla işləsin. İkinci rejissor aktyoru seçmir, onu rejissorla calaşdırmaq funksiyasını daşıyır. Problem ondadır. Bəzən rejissorlar özləri düzgün anlamırlar kastinq direktorunun vəzifəsini. Deyirlər ki, mən seçirəm aktyoru. Rejissor aktyor seçimi etməli deyil, o, seçim prosesində ona təqdim edilən, personaja daha uyğun olan aktyoru təsdiq etməlidir. Bunlar fərqli anlayışlardır. Kastinq sənəti reallığın diktəsindən yaranıb və məqsədi prosesi çevikləşdirməkdir.

- Kastinq sisteminin formalaşması, rejissorun və ya prodüserin kastinq sistemi ilə hesablaşması üçün nələri etmək lazımdır?

- Neçə il qabaq kinostudiyanın rəhbərliyi ilə bu barədə söhbətim olmuşdu. Onlar dedilər ki, kino qanunundakı boşluqlara görə kastinq direktoru vəzifəsini ştat cədvəlində qeyd edə bilmirik. Çünki dövlət sifarişi gələndə, mən orda kastinq direktoru kimi funksiyanı qeyd eləsəm, Nazirlər Kabinetinə bunu təqdim edəndə, soruşur ki, bu, nə üçündür? Ona görə kino qanununda vəzifə bölgüsü ilə bağlı boşluqlar nəzərdən keçirilməlidir. Problem müəyyən dərəcədə rejissor qısqanclığından da irəli gəlir. Rejissor deyir ki, mən seçirəm aktyoru. Rejissor təsdiq edir və onun təsdiq hüququnu kimsə əlindən almır. Söhbət ondan gedir ki, biz kino vəzifələrimizi dəqiqləşdirəndə anlaşılmazlığa lüzum qalmayacaq. İkinci tərəf isə maliyyədir, kino, serial prodüseri deyir ki, kastinq direktoruna veriləcək büdcəmiz yoxdur. Bunun üçün məkan, foto və video sınaqların keçirilməsi üçün fotoqraf, operator, heç olmasa assistent olmalıdır. Fikirləşirlər ki, Azərbaycan nə böyük yerdir ki?! Özümüz aktyorları tanıyırıq. Bizdə aktyoru necə seçirlər? Hər hansı aktyor serialda yaxşı oynayır. Dəvət edirlər. Amma həmin personaj başqa bir hekayə, başqa bir psixotipdir. Və həmin aktyor hansısa filmdə uğurlu rol oynayıbsa, bu o demək deyil ki, burda da uğurlu olacaq. Kastinq prosesində isə doğru seçimlər edilir. Sovet dönəmində bu proses keçirilirdi, kinostudiyada sınaqlar aparılırdı. Skposezenin sözü var ki, filmin uğurunun 70 faizi düzgün aktyor seçimindən asılıdır.

- Kastinq direktoru kimi sən xarici şirkətlərlə də çalşırsan. Bu təcrübən haqda danışmanı istərdim.

- 15 ildir Rusiya kinematoqrafçıları ilə çalışıram. Türkiyə, Polşa, İngiltərə, Gürcüstan, Qazaxıstan, Hindistan, İran ilə işbirliyim olub. Hazırda Rusiyanın "Neftlix"i sayılan İVİ platforması ilə bir layihənin danışıqları gedir, 8 seriyalı filmdir. Dünyada 8, 12 seriyalı format geniş yayılıb. Azərbaycanda da layihə ilə bağlı kastinq keçirildi. Gənc aktyorumuz baş rollardan birinə təsdiq olundu, indi hüquqi tərəflər müzakirə edilir. İki il əvvəl isə Rusiyanın "Mars media" və "Alyans Kino" şirkətinin sifarişi ilə çəkilən "Yenicəri" serialında işlədik. İlk bölümü oxuyanda boyun qaçırdıq. Qarabağda mövcud olan Alban knyazlığı erməni knyazlığı kimi təqdim olunurdu. Biz aktyor qrupu ilə birlikdə (layihədə Kamran Ağabalayev və Pərviz Məmmədrzayev rol almışdı) etiraz etdik. Prodüserlərdən biri erməni idi. Çox danışıqlardan sonra etirazımız qəbul olundu, ssenaridə dəyişiklik edildi, məkanı və personajı həmin ərazidən çıxarıb Ermənistana keçirdilər. Demirəm ki, böyük iş görmüşük, amma üzərimizə düşən vətəndaş və peşakar borcumuzu yerinə yetirmişik. Azərbaycan aktyorları çəkilməsəydi, knyazlıq erməni knyazılığı, personaj isə alban deyil, erməni kimi təqdim ediləcəkdi. Bu sahədə ermənilər fəal işləyirlər. Bugün bizim mədəniyyət üzrə ideoloji mütəxəssislərimiz yoxdur. İncəsənət universiteində sovet vaxtı mədəni maarif işinin təşkilatçı metodisti ixtisası var idi. Bu fakültəni ləğv etdilər. Halbuki mədəniyyət üzrə ideologiya işinin qurulmasında vacib ixtisas idi.

- Yeri gəlmişkən, İncəsənət Universitetinin kadrlarından razısanmı?

- Desəm ki, İncəsnət Universitetinin tələbələrindən razı deyiləm, ədalətsizlik olardı. Yaxşı müəllimlər var. Amma problem odur ki, aktyor sənəti fənni azladılıb, əvəzində informatika və digər fənlər çoxladılıb. İndi adamlar müstəqil şəkildə özləri də müasir texnologiyanı öyrənir. Səhnə hərəkəti, bədən dili, məntiq, analitik qavrayış dərsləri tədris olunmalıdır. Forumda Rusiya Teatr Sənəti İnstitutunun rektoru Zaslavski dedi ki, tələbə aktyorlar kastinq prosesində xəbərdar olmalıdırlar. Bunun üçün univeristetlərdə informasiya verən şəxs olmalıdır. Neçə ildi İncəsənət Universitetinə müraciət edirəm ki, kastinqlə bağlı master klasslar olsun. Forumda da dedim ki, ayrıca Kino İnstitutu olmalıdır. Kinonun həcmi o qədər böyükdür ki, İncəsənət Universiteti bu sahəyə lazım olan kadrları verə bilmir.

- Bir müddət öncə Azərbaycan Kinematoqrafçılar İttifaqında aktyorluq sahəsindəki problemlərlə bağlı keçirilən müzakirədə aktyorların məlumat bazası ilə bağlı problemlər səsləndi. Əli İsa Cabbarov təklif elədi ki, bununla bağlı sayt olsun. Nə yerdədir sayt məsələsi?

- Bu problemlə bağlı ayrı-ayrı rəhbərlərin vaxtında kinostudiyaya müraciət eləmişəm ki, aktyorların elektron bazası yaradılsın. Onlar da deyib ki, büdcəmiz yoxdur. Azərbaycanfilmdə bunun üçün böyük büdcə tələb olunmur. Çünki pavilyon, texnika, texnikadan istifadə edən adam var. Hətta mən təklif elədim ki, maaş istəmirəm. Amma bu bazanı yaradaq. Olmamasını ölkə adına ayıb sayıram. Dəfələrlə olub ki, xarici layihələrin kastinq direktoru aktyorlar haqda informasiya istəyib. Ona sovet dönəmində olduğu kimi qovluqları gətiriblər ki, baxın. Bir həftədən sonra həmin qrup məni hansısa yola tapıb müraciət eləyib. Və mən onlara bunu yeni formatda təqdim etdim. İki il əvvəl Rüstəm İbrahimbəyova bununla bağlı müraciət etdim, müzakirə etdik, tapşırıq da verdi. AKİ-nin nəzdindəki studiyada 80 aktyorun video təqdimatını hazırladıq, informasiya topladıq, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə actorsagency.az saytı yarandı. Təəssüf ki, bir cox aktyordan özləriylə bağlı informasiyanı aylardı ala bilmədik. Nəticədə saytda 50 aktyorun səhifəsi yerləşdirildi. Bura onların filmoqrafiyasına aid elektron informasiya, fiziki parametrləri, videotəqdimat, fotoları, çəkildikləri filmlərin fraqmentlərindən ibarət şourill daxildir. Portfolio hər bir aktyorun pasportudur. Aktyor öz simasından pul qazanırsa, bunu yaxşı şəkildə təqdim etməlidir. Bu baxımdan aktyorlar özləri  məsuliyyətli və maraqlı olmalıdır.

- Azərbaycanda Professional Kinoaktyorlar Gildiyası da fəaliyyət göstərir. Bu qurumun tam fəaliyyətdə olması üçün hansı şərtlər tələb olunur?

- Azərbaycan Kinoaktyorlar Gildiyası Həmidə Ömərova və onun həmkarları tərəfindən 2006-cı ildə yaranıb. Bundan xeyli sonra Türkiyədə yaranmış Oyunçular Sendikasının böyük gücü var. Pandemiya dövründə çəkilişə gələn aktyorların hər gün yoxlanılmasına etiraz elədilər. Tələb etdilər ki, xəstə olmayan aktyor hər gün yoxlanımasın, bu, onun psixikasına, emosional durumuna təsir edir və məqsədlərinə nail oldular. Nəyin sayəsində? Aktyorların ümumi birliyi sayəsində. Aktyorların birliyi yoxdursa, nəyəsə nail oluna bilməz. Bizdə birlik məsələsində problem var. Kinoaktyorlar Gildiyası hüquqi cəhətdən ictimai birlikdir. İctimai birliyin tam fəaliyyətdə olması üçün aktyorların dəstəyi lazımdır ki, gildiyadan sonra nəsə tələb eləsinlər. Həmidə xanım başda olmaqla bu sənəti, strukturu bilən yeni menecer komandası yığılmalıdır. Gildiyanın fəaliyyətinə aktyorların 12 saatlıq iş rejimi, qonorarların limitinin müəyyənləşməsi, sosial məsələsi və s. daxildir. Bura aktyorlar üçün təlimlər, master klasslar və s. daxil ola bilər. Ona görə gidliyanın idarə olunması üçün indiki şəraitdə maliyyə olmalıdır. Bizim agentlik isə kommersiya təşkilatıdır, burda və xaricdə təmsil etdiyi aktyorların hüquqlarını qoruyur.

 

Sevda Sultanova

525-ci qəzet.- 2023.- 27 may.- S.12;13.