Hər cəhətdən misli olmayan
Onların heç biri sadə insan deyildi. Onların hər birinin
taleyinə istənilən xalqın tarixindəki ən ali sərvət olan istiqlal, müstəqil
dövlət quruculuğu yolunda can qoymaq
yazılmışdı. Onların hər biri
ömür yolunun necə davam etməsindən asılı
olmayaraq xoşbəxt idi. Çünki
onlar orada - Güney Azərbaycanda misilsiz şirinliyi
damaqlarında həmişəlik qalacaq istiqlalı
dadmışdılar.
Onların əksəri bu yolda dəfələrlə
ölüm təhlükəsi ilə üz-üzə də
qalmışdı. Yaşamaqda davam edirdilərsə, bu, sadəcə
onlardan hər birinə bəxtin gülümsəməsi idi.
Çünki mübarizə
yoldaşlarının neçəsi istibdadın
zülmünə tuş gəlmişdi, gülləyə
tutulmuşdu, dar ağacından asılmışdı. Onlarsa sağ qalmışdılar, artıq xatirəyə
çevrilmiş neçə məsləkdaşlarından fərqli
olaraq, onların səhərləri yenə hər gün millət
şərqisi - Azərbaycan himni ilə başlanırdı.
Ancaq onların 1945-ci ilin bəxtiyar
dekabrından, Təbrizdə Milli Hökumətin
bayrağı qaldırılandan sonra 1 ilə yaxın müddətdə
hər gün eşitdikləri himnlə indi eşitdikləri
himnin fərqi vardı. 1946-cı ilin
yazından başlayaraq hər gün bütün Güney boyu
hər şəhərə-kəndə dalğası
yetişən Təbriz radiosundan yayılan o himni indi
Bakıda, Quzey Azərbaycanın yerləşərək
ömrürlərini davam etdirdikləri rayonlarında tez-tez
baş tutan toplantılarında oxuyardılar. Ancaq 1946-cı ilin məsud günlərindəkindən
fərqli olaraq, bu Vətən Nəğməsini bir həsrət,
nisgil, amma həm də sarsılmaz inam və ümidin şərqisi
kimi oxuyardılar.
Onların bir çoxunun Heydər Əliyevlə
bağlı munis xatirələri vardı. Çünki üzdə
olan güneylilərin az qala əksəri
ilə Heydər Əliyev tanış idi. Həmişə
də onların yanında olmuşdu. Bir dəfə
unudulmaz şairimiz Söhrab Tahir 1982-ci ilin 14 yanvarında,
quşbaşı qar yağan işıq və xoşbəxtlik
dolu gündə Azərbaycan ədiblərinin Heydər
Əliyevlə birgə Şuşada qatıldıqları,
hafizələrdə elə bütöv bir şeir kimi
qalmış Molla Pənah Vaqif
məqbərəsinin açılışı ilə
bağlı yaddaşlarını mənimlə
bölüşəndə, Ulu öndərin həmin əziz
günə naxış vuran sözlərini,
zarafatlarını, ona o səfər əsnasında göstərdiyi
məhrəm münasibətini xatırlamış və
dalğınlaşmışdı: "Heydər Əliyev
bizim kürəyimizi söykədiyimiz dağ idi. Düzdür, sovet dövlətinin siyasi mühacirlərə
yaxşı münasibəti qəbul edilmiş bir xətt idi.
Bizim cənublulardan başqa respublikalarda
yaşayanlar da vardı, orada da onlar müəyyən
imtiyazlardan faydalana bilirdilər. Ancaq Heydər
Əliyevin bizə etdiyi yaxşılıqları, Heydər
Əliyevin bizə göstərdiyi yaxınlığı pənahəndələr
nə başqa respublikalarda gördülər, nə də Azərbaycan
Respublikasına başqalarının rəhbərlik etdiyi illərdə.
Yenə diqqət vardı, yenə qayğı
vardı. Ancaq Heydər Əliyevin yerini heç kim verə bilməzdi. O, bizimki idi!..
Söhrab Tahirin xatirələrini ayrıca da lentə
almışdım, sonra bir dəfə onu Nizami muzeyinə dəvət
etmişdim, onda da Heydər Əliyevli çox maraqlı hekayətləri
söylədi, hamısı çəkildi. Yazılan,
çəkilən tarixdir, qalır, ancaq nə qədər
gözəl xatirələr yazılmadan o insanlarla birgə
uçub getdi. Zamanında bütün
bunlar qələmə alınsaydı, Söhrab Tahirin təsdiqlədiyi
kimi, Heydər Əliyevin gerçəkdən də
"Bizimki" - Güneylilərinki olmasının ən
doğruçu aynasına çevrilərdi.
Amma nə
yaxşı ki, insanın özü ilə apardığı
yaddaşından qat-qat etibarlı və həmişə
canlı qalmaqda davam edən sənədlər var. Vərəq-vərəq
çevirirəm, yaxın-uzaq dünənimizdən Heydər
Əliyevin Güneyə və güneylilərə
bağlı neçə parlaq izi sayrışır...
Qismət elə gətirdi ki, köhnə güneylilərin
çoxu ilə mənə birgə işləmək,
yaxınlıq, dostluq etmək nəsib oldu. Ünsiyyətlərimiz
dərinləşdikcə də əksərinin ləyaqətinə,
səviyyəsinə, qabiliyyətinə, istedadına daha
çox məftun kəsildim.
Onlar özümüzdən idilər, amma həm də qərib
idilər. Onlara burada, Sovet Azərbaycanında yaşlarından
asılı olmayaraq həyatın yeni səhifəsi
açılırdı və hər şeyi təzədən
başlamaq məcburiyyətində idilər. Düzdür, onlara kömək də edirdilər,
yollarında "yaşıl işıq" da
yandırırdılar, imtiyazları da vardı. Ancaq özlərində təpər, bacarıq,
peşəkar səriştələr olmasaydı, ha əl
tut, ha arxa dur, irəliləmələri, hər biri
üçün bütün şərtləri və şəraiti
ilə yeni olan mühitdə və cəmiyyətdə öz
yerini rahatlıqla tapmaları əmələ gəlməzdi.
Orada - Güneydə onlar istiqlal mücahidi
olmuşdular, yeni dövləti qurmaq, addım-addım irəlilətmək
yolunda çalışmışdılar, burada - Quzeydə də
Azərbaycan üçün faydalı olmağı
bacardılar. Ən müxtəlif sahələrdə
çalışdılar və töhfələrini də verə
bildilər.
Bu gün - üstündən artıq onillər
sovuşandan sonra arxada qalan dünənimizi indinin
ucalığından seyr edirkən əmin oluruq ki, bir
çox istiqamətlərdə əldə edilmiş yüksəlişlər
məhz onların varlığı və səyləriylə
bağlı imiş. Azərbaycanda orta çağ
tarixçiliyimiz, mətnşünaslığımız, ədəbiyyatşünaslığımız
onlarsız heç vəchlə belə inkişaf etməzdi,
bu nailiyyətləri qazanmazdı. Yaxud
bundan ötrü daha uzun zaman tələb olunardı. İş orasındadır ki, silinməz izlərini
qoyduqları bu istiqamətlər onların özləri
üçün də yeni idi. Onlar
Güneydən belə işləri görməyə hazır
gəlməmişdilər, həmin sahələrin mütəxəssislərinə
elə burada çevrildilər. Orada qalsaydılar, həyat
umulan axarı ilə davam etsəydi, yəqin ki, çoxunun
iş həyatı büsbütün ayrı məcrada cərəyan
edəcəkdi. Ancaq bura - Şimali Azərbaycana
oradan özləri ilə müəyyən vərdiş və
qabiliyyətləri gətirmişdilər, əski əlifbanı,
farscanı, ərəbcəni bilirdilər, əlyazmaları
oxuyurdular, köhnə mətnlərə aşinaydılar.
Bu keyfiyyətlər neçəsinin
çörək ağacına çevrildi, bir xeylisi elm
sarı üz tutdu və yalnız özləri
yarımadı, həm də buradakı bir çox həmkarlarına
müəllimə, yolaçana çevrildilər. Fəqət
nə qədər məsuliyyətli, qabil, işgüzar
olsalar da, onları daimi nəzarətində saxlayan təşkilatları
olmasaydı, Azərbaycan Demokrat Firqəsi ətrafında
sıx birləşməsəydilər, ömründə belə
xoş iqbala da yetməzdilər. Təşkilatları,
firqələri də onlarçün burada - Sovet Azərbaycanında
dövlətlə, hökumətlə əlaqələrdə
ən etibarlı körpü idi.
Müxtəlif rayonlara səpilmişdilər. Hamısının
yeri-yurdu bəlli, hamısının da öz Mərkəzləri
ilə daimi əlaqəsi və Mərkəzin də onlara kəsilməz
nəzarət imkanı. Barmaq daim nəbzdə
idi. Qayğılarının, istəklərinin,
dərd-sərlərinin həlli üçün
dağa-daşa düşmələrinə lüzum yoxdu, firqə
onların yardımında idi. Təbii ki,
firqənin də güvəndiyi Azərbaycan dövləti,
respublika hökuməti idi, böyük ölçüdə
isə Moskva. Çünki Kremlin SSRİ-yə
sığınmış siyasi mühacirlərlə
bağlı məxsusi qayğıkeş xətti vardı, bu
himayədarlığı gerçəkləşdirməkçün
də Moskva həm lazımi qapıları açır (və
açdırtdırır), həm də vəsaitlər
ayrılmasında simiclik etmirdi. Güney Azərbaycandan
gələn siyasi mühacirlər istər Azərbaycan
Respublikasında məskunlaşmış olsun, istərsə
də Sovet İttifaqının başqa guşələrində,
diqqət diqqət idi. İşlə təmin
olunmaları, mənzil və məişət məsələləri,
təhsil almaları da Allah umuduna buraxılmamışdı,
hər şey nəzarətdə idi, hər ilin sonunda da
bununla bağlı növbənöv açıq və gizli
hesabatlar hazırlanırdı.
Azərbaycan Respublikasına kimin rəhbərlik etməsindən
asılı olmayaraq, məhz sovet dövləti siyasətinin
mühüm bir parçası olduğundan bu sahəyə məsuliyyətli
münasibət mütləq idi. Həmin diqqət də
heç vaxt əsirgənməyib. Ancaq Azərbaycana
Heydər Əliyevin rəhbərlik etdiyi dövrlər bu
baxımdan seçiləndir. Çünki
Güney Azərbaycan və güneylilərin dürlü məsələləri
onunçün heç vaxt sadəcə vəzifənin təklif
etdiyi daha bir öhdəliyi yerinə yetirmək kimi qalmadı.
Bu, Heydər Əliyevdən ötrü qəlbinə
yaxın tutduğu bir ayrıca ada idi və cənublular da daim
bu səmimiyyəti, içəridən gələn ülfəti
hiss etdiklərindən onu özlərinə doğma, dayaq
sandılar.
Hərdən sənədlərin quru dili dərin qatda
olan isti münasibətləri bircə anda bütün əyaniliyi
ilə nümayiş etdirə bilir.
Azərbaycan Demokrat Firqəsi
Mərkəzi
Komitəsinin Bakıda yerləşmiş rəhbərliyi
güneylilərlə Azərbaycan Respublikası rəhbərliyi
arasında əsas vasitəçi idi. Arasıkəsilmədən
yazışmalar gedirdi. Hər biri keçilmiş yolun ən
doğruçu şahidləri kimi qalan qovluq-qovluq
yazışmaların göstərdiyi bir diqqətədəyər
məqam da budur ki, Heydər Əliyev Azərbaycana
başçılıq etdiyi zamanlarda göndərilmiş məktublarla
ondan əvvəlki və sonrakı rəhbərliyə yollanan
məktubların, münasibətlərdəki hərarətin
dərəcəsinə dəlalət edən bir özəlliyi
ilk baxışdanca dərhal gözə çarpır. Heydər Əliyevdən əvvəl və ondan sonra
- 1969-dan qabaq və 1982-ci ildən sonra (müstəqillik
dönəmi bir ayrı söhbətdir) ADF Mərkəzi Komitəsi
sədrinin məktubları qəlib üzrə Azərbaycan KP
MK-ya müraciət kimi göndərilir. Heydər
Əliyev vəzifə başına gəlincə daha mücərrəd
şəkildə Mərkəzi Komitəyə yazılmır,
birbaşa ad-soyad göstərilir. Hər bir
alınmış məktubun üstündə də Birinci
katibin - Heydər Əliyevin səliqəli xətti ilə dərkənarı
var. Həm də hər dəfə o dərkənarlar
müraciət olunan məsələlərlə bağlı
hansı qərarların qəbul edilməsini aşağı
məqamların ixtiyarına buraxmır, ən
müşkül hallarda belə istəyin hökmən nəzərə
alınmasına, qaldırılan məsələnin mürəkkəblik
dərəcəsindən asılı olmayaraq
çözülməsinə yönəldir.
Söz
yox, bunun ilk əsas səbəbi o idi ki, Azərbaycan
Respublikasına rəhbərliyə xüsusi xidmət
orqanlarından gəlmiş Heydər Əliyev Güney məsələlərinə
bütün tarixi və ayrıntıları ilə
başqalarından müqayisəedilməz qədər dərindən
və geniş bələd idi, elə köhnə işinin xətti
ilə buralı güneylilərin neçəsi ilə də
tanış idi, çoxlarıyla təmasları, bəziləriylə
yaxınlığı da vardı. Bu, öz
yerində, amma qəlbən hayanlıq, mövzunu özünə
doğma saymaq, buna daxildən gələn məxsusi həssasiyyətlə
yanaşmaq məsələsi də var, həm də bu, daha
üst qatdadır.
1977-ci ilin aprelidir. Bu məktubu Qulam Daneşiyandan sonra ADF MK
sədri olacaq, o vaxtlarsa hələ sadəcə İcraiyyə
heyətinin üzvü olan Əmirəli Lahrudi yazır.
Vaxtında onunla çox görüşlərimiz,
çox söhbətlərimiz olub. Həmin
söhbətlərin də bir qismi lentlərin yaddaşında
qalmaqdadır. Güney hərəkatının
fəallarından olmuş Əmirəli Lahrudi hələ
1944-cü ildə, 20 yaşında Hezb-e Tude-ye İranın
Meşkin mahal komitəsinin sədri seçilmişdi. 1946-cı ildə Sovet Azərbaycanına gələndən
sonra da axıracan partiya işində ən seçkinlərdən
idi. 1960-1968-ci illərdə Vətəndən kənarda
- Leypsiqdə partiyanın Mərkəzi Qərargahında
çalışsa da, sonra yenə Bakıya qayıtdı,
partiyanın rəhbərliyində təmsil olundu, 1979-cu ildənsə
həyatının sonunadək ADF-in sədri vəzifəsini
daşıdı. Üstündə Heydər Əliyevin dərkənar
qoyduğu bu məktubu Lahrudi hələ sədr vəzifəsini
daşıyan Qulam Yəhyanın səhhəti, həkimlərin
məsləhəti ilə "Podmoskovye" sanatoriyasında
müalicə kursu keçmək zəruriyyətinin
yaranması ilə bağlı yazmışdı. Bu, hər kəsin putyovka taparaq gedib dincələ,
müalicə ala biləcəyi sanatoriyalardan deyildi, ora
düşmək birbaşa Kremllə həll edilməli məsələ
idi. Həm də ADF-dən göndərilən
məktubda Qulam Yəhyaya bir deyil, 2 göndəriş verilməsi
istənilirdi - Danişyan ora həyat yoldaşını da
aparmağı arzulayırdı.
Heydər
Əliyevin dərkənarı "Baxılsın",
"Araşdırılsın"dan ibarət deyil, konkretdir:
"Xahiş edirəm, zəruri kömək göstərilsin".
Yəni danışın, mənim adımdan müvafiq məqamlara
məktub hazırlayın.
1977-ci ilin fevralı. O çağlardır ki, hətta
bir sosialist ölkəsinə turist səfərinə
çıxmaqçün qat-qat yoxlamalardan, neçə
komissiyadan, sorğu-suallardan keçməlisən. Kapitalist ölkəsinə səfərə
çıxmağınsa çətinlikləri daha çox,
yoxlamaları daha qəliz. Həm də
baxır hansı kapitalist ölkəsi. Heydər
Əliyevə ünvanlanan bu məktubdasa söhbət turist səfərindən
getmir, Qərbi Berlində İranlı Demokrat və Tələbələr
Təşkilatının təşəbbüsü ilə
1977-ci ilin martında təşkil ediləcək Novruz şənliklərində
iştirak üçün Azərbaycan Demokrat Firqəsinin nəzdindəki
özfəaliyyət dərnəyinin üzvlərinin iri bir dəstəsinin
göndərilməsinə kömək göstərilməsi
rica olunur. ADF
MK sədri Qulam Danişyan bu məktubu Azərbaycan KP MK-ya
İran Xalq Partiyasının sədri İrəc İskəndərinin
ona göndərdiyi bir qədər gileyli məktubdan sonra
yazmışdı. İran kommunistlərinin lideri İrəc
İskəndəri şikayətlənirdi ki, keçən il də oxşar xahiş etmişdik, ancaq sizin
tərəfdən hərəkət olmadı. Halbuki belə tədbirlərin
Qərbdə siyasi işimizin irəliləməsinə
çox ciddi təsiri ola bilər.
Əlavə
edilən həmin siyahıya baxınca sonralar Azərbaycan
musiqisində məşhurlaşmış bir neçə ada
rast gəlsəm də, diqqətimi ilk çəkən bəstəkar
dostum, indi Xalq artisti, təbii ki, o vaxt xeyli gənc Siyavuş Kərimi
olur: "Kərimi Siyavuş. 1954-cü ildə
Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının
son kurs tələbəsidir. "Məşəl"
ansamblının üzvüdür. Tarzəndir".
Və digər
qrup üzvləri ilə yanaşı, yerindəcə onun da
valideyni haqqında məlumat verilir: "Atası Kərimi
Əşrəf 1945-ci ildən firqənin üzvüdür,
1946-cı ildə SSRİ-yə gəlib, Dövlət Texniki Nəzarət
İdarəsində sahə müvəkkili işləyir".
Səyavuşdan soruşuram, deyir ki, "Məşəl"
ansamblına məni atam aparmışdı ki, firqəmizin
musiqi dəstəsidir, gərək burada olasan.
Beləcə, Almaniya Federativ Respublikasına ezam edilməsi
istənilən qrupun hər bir üzvü haqqında bilgiyə
onun atası ilə bağlı da məlumat
artırılır. Siyahıda adı keçən
Qurbani-Konzak Abdulla Səngər oğlu da konservatoriyanın
ikinci kurs tələbəsi idi, o da "Məşəl"in
üzvü. Bu, sonraların
tanınmış tarzəni həmin Abdulla Qurbanidir. Siyahıda
qarmonçalan, filarmoniyanın solisti, 1939-cu il təvəllüdlü,
SSRİ-yə 1953-də gəlmiş Bərxu Məmməd
Əli oğlu, atası Sovet Azərbaycanına 1946-cı ildə
gələnlərdən olan, 1951-ci il doğumlu, firqənin
Cavanlar Təşkilatı Bakı Şurası İncəsənət
bölməsinin sədri, indi adı hamıya bəlli Rafiq
İmrani, o vaxtlar adı yeni-yeni tanınmağa başlayan
müğənni və rəqqasə, filarmoniyanın solisti
Ruhəngiz Musəvi (onun atası Mirməhəmmədəli
Musəvi də 1945-dən firqənin üzvü idi, Xalq
şairi Söhrab Tahir danışırdı ki, onun kimi, Mirməhəmmədəlini
də 1946-cı ildə Təbrizdən Bakıya hərbi təhsil
almağa göndərmişdilər), əslən Cənubdan
olsa da, Şimalda yaşamış, 1938-ci ildə Sovet Azərbaycanındakı
iranlıların SSRİ-dən təcili
köçürülməsi əsnasında Təbrizə
getmiş, Milli Hökumət dönəmindəki fəaliyyətlərinə
görə 1947-ci ildə ailəliklə Badirabada
sürgün edilmiş, 1960-cı ildə sovet vətəndaşlığını
qəbul edərək SSRİ-yə qayıtmış məşhur
müğənni Novruz Feyzullayev, atası İbrahim Tacikistanda
məskunlaşaraq orada Elmlər Akademiyasında işləyən,
özü Bakıdakı Xüsusi rejimli internat məktəbində
müəllimlik edən müğənni Bijən Əlizadə,
atası Danai (digər soyadı Kərimov) Məhərrəm
(həm də Seyfulla) Güney Azərbaycanındakı milli hərəkatın
ən fəal iştirakçılarından olmuş,
miyanalı, Sumqayıt Dövlət Dram Teatrının aktyoru,
indi hər kəsin tanıdığı Xalq artisti Valeh Kərimov,
tarzən və rəqqas Məmməd Parsiyani, bu heyətdə
adı keçən yeganə məktəbli - atası
Əziz bu taya 1946-da keçənlərdən olan Nəzirə
Müqəddəmi də vardı. Bu adların
hamısını ona görə sadalayıram ki, tarixin belə
bir yarpağının varlığı da unudulmasın.
Karyerası
boyu ədəbiyyat və mədəniyyətə məhəbbəti
və himayəsi ilə seçilmiş Heydər Əliyev elə
bu məqamda da səbəb olur ki, əslən Güneydən
olanların Azərbaycanda, Bakıdakı fəaliyyətlərinə
çıraq tutan daha bir sənəd üzə
çıxsın, unudulmuş simaları yada salsın,
sonralar məşhurlaşmış adların dünənindən
də xəbər versin.
Sovet İttifaqının Şərq siyasətində
İranın özəl bir yeri vardı və həmin ölkədəki
təbəddülatlar daimi olaraq izlənilir,
araşdırılır, təhlil edilirdi. Moskva bu istiqamətdəki
arayışların hazırlanmasında İranla həmsərhəd
və məhz çoxsaylı iranlı siyasi mühacirlərə
qucaq açması ilə həmin ölkəni daha
yaxşı öyrənə bilməkçün
üstün imkanlara malik Azərbaycana çox arxalanır,
tez-tez də müraciət edirdi.
1979-cu il noyabr ayının 25-i. Güney məsələlərinə
aid qovluqlarda "məxfi" qrifli, üstündə Heydər
Əliyevin dərkənarı olan daha bir tarixi əhəmiyyətli
sənəd.
Heydər
Əliyevin "Razıyam" dərkənarı ADF MK sədri
Əmirəli Lahrudinin Almaniya Demokratik Respublikasına 1 həftəliyə
ezam edilməsinə "hə" deməkdən ibarət
idi. İş ondadır ki, islam inqilabı
etmiş İran içəridən çalxalanırdı,
ölkədə əsaslı siyasi-ideoloji dəyişikliklər
baş verirdi. Azərbaycan Demokrat Firqəsinin
İranda işini gərəyincə apara bilməsi yolunda
qarşıya bir silsilə aşılması çətin əngəllər
və maneələr çıxmışdı. Avqustun sonlarında Təbrizdə ADF Katibliyinin
binasına dağıdıcı həmlə edilmiş,
İran Xalq Partiyası yarımgizli fəaliyyətə
keçmişdi.
Lahrudinin məlumatına görə, Hezb-e Tudənin və
ADF-in rəhbərlyi partiya yoldaşlarına təklif ediblər
ki, hələlik xaricə getsinlər və ölkəyə
qayıtmasınlar. Lahrudi çatdırırdı ki, 1979-cu
ilin iyununa qədər onların Ərdəbil, Sərab,
Miyana, Zəncan, Əhərdə kitab mağazalarında yerləşən,
guya əsas məşğuliyyətlərinin elə kitab
alış-verişi olması pərdəsi altında
işini aparan dəstələri varmış. Lakin Xomeyni hərəkatı vüsət aldıqca,
ölkədəki inqilabi gedişat şiddətləndikcə
əlaqələr itdi.
İran İslam İnqilabına aparan yolda və
inqilabın baş verməsindən sonrakı ilk dövrdə
qonşu ölkədə yaşananlar Heydər Əliyev
üçün, Azərbaycandan ötrü çox önəmli
idi və təbii ki, Kremlin bu məsələlərə diqqəti
də ikiqat, üçqat çox idi.
Əmirəli Lahrudi söyləyirdi ki, bu yöndəki
cari vəziyyət və mümkün ehtimallarla bağlı
onu vaxtaşırı söhbətlərə dəvət
edirdilər, Heydər Əliyevlə də ayrıca
görüşmüşdü. Məhz bu ünsiyyətlərin məntiqi
nəticəsi olaraq qət edilir ki, ADF Mərkəzi Komitəsinin
sədri daha müfəssəl məlumat toplamaq,
İrandakı Tudə Partiyası və ADF rəhbərliyi ilə
daha sıx rabitə qura bilməkçün 1 həftəliyə
Almaniya Demokratik Respublikasına göndərilsin. O aylarda və
həftələrdə cənub qonşuluğumuzda baş verənlərlə
əlaqədar səhih məlumatlar, dürüst qənaətlər,
ağlabatan proqnozlar əldə etməkçün Sov.İKP
MK-nın Xarici əlaqələr şöbəsinin məsul
işçisi Simonenko da Heydər Əliyevlə, Azərbaycan
KP MK ilə ardıcıl bağlantıdaymış. Dünyanın siyasi həyatında o dönəm
üçün ən həssas nöqtə ilə
bağlı müəyyən aydınlıq kəsb etməkçün
yenə ən çox üz tutulan yer Azərbaycan idi.
...İranda baş vermiş inqilab tarixin yeni səhifəsini
açırdı. İllərcə ata-baba yurdunun həsrəti
ilə qovrulmuş siyasi mühacirlərə İrana gedə
bilmək imkanı açılırdı. Bu ərəfədə
- 1979-cu ilin mayında ADF MK sədri Əmirəli Lahrudi Heydər
Əliyevə arxada qalan yolu, qayğılar tarixçəsini
nəql edən minnətdarlıq dolu məktub
yazmışdı: "İran istibdad zülmündən azad
oldu. Xaricdə yaşamağa məcbur olan minlərlə
həmvətənimizin ölkəyə qayıtması
üçün imkan yarandı. İndi vətənə
qayıtmaq ərəfəsində 30 illik mühacirət
dövrünə nəzər salarkən görürük ki,
qan qardaşlarımız Sovet Azərbaycanının bizə
bəslədiyi məhəbbət və göstərdikləri
qayğı sayəsində iranlı siyasi pənahəndələr
sırasında müxtəlif sahələr üzrə
yetişdirilmiş yüksək ixtisaslı neft ustaları,
yüksək məhsul yetirən pambıqçılar,
üzümçülər, taxılçılar, həkimlər,
mühəndislər, aqronomlar, müəllimlər və alimlər
vardır. Rəqəmlərin dili ilə desək, indi 317 nəfər
həkim, 487 müəllim, 186 aqronom, 450 mühəndis, 78 baytar
həkim, 602 orta ixtisas təhsilli tibb işçisi, müxtəlif
texniki biliyə malik 869 nəfər mütəxəssis, 120
alitəhsilli iqtisadçı, 24 elmlər doktoru, 141 elmlər
namizədi və ümumiyyətlə, 4000 nəfər orta
ixtisas təhsilli mütəxəssisimiz vardır. Halbuki
mühacirət etdiyimiz günlərdə aramızda cəmi
15 nəfər ali savadlı və 35 nəfər
orta təhsilli yoldaşımız vardı.
Hörmətli
Əliyev yoldaş, biz uzun müddət ərzində Sizinlə
kəsdiyimiz duz-çörəyi unutmayacağıq!.."
Məktubu yazan da oturuşmuş siyasi xadim idi, partiya rəhbəri
idi. Azərbaycan Respublikasının
başçısına yazırdı. Sırf
rəsmi məktub. Amma o məktubdakı
"duz-çörək kəsmək" deyimi insani
yaxınlığın elə dərindəki
çalarlarına işarə edir.
Yəni
Heydər Əliyevi bu insanlarla yalnız iş
otaqlarındakı masaların arxasında ötmüş rəsmi
söhbətlər deyil, süfrə arxasındakı
qardaşca üz-üzə qalmalar da canbir qəlb edirdi.
Ancaq bu təşəkkür
məktubundan az öncə - 1979-cu ilin
iyununda Lahrudinin imzası ilə Heydər Əliyevə daha bir
məktub ünvanlanmışdı. Burada da həm
minnətdarlıq, onillərcə davam edən
qayğıkeşliyə görə razılıq, həm də
növbəti xahiş vardı. Axı
mühacirlərin heç də hamısı İrana
qayıtmayacaqdı. Bir çox ailələr
üçün artıq bura - Quzey Azərbaycan əsas Vətənə
çevrilmişdi. Yaşa dolmuşdular,
oğul-uşaqları, oralı deyil, məhz buralı olan
övladları böyümüşdü, artıq onların
özlərinin uşaqları vardı.
"...Heç
bir təmənna olmadan siyasi mühacirlərə göstərilən
qayğı və bizə verilən imtiyazlar nəticəsində
hazırlanmış kadrlarımızın, təbiidir ki,
imperialist hökmranlığı və şahlıq
üsul-i idarəsinin xəyanəti üzündən geridə
saxlanmış, lakin xalqlarımızın qəhrəmanlıq
mübarizəsi ilə azad olmuş ölkəmizin inkişaf
və tərəqqisinə dəyərli kömək və
xidmətləri olacaqdır. Ölkəmizin tarixinin belə
bir həssas dövründə yenə də, əziz
Əliyev yoldaş, Sizə müraciət edir, təşkilati
işlərdə istifadə olunmaları nəzərdə
tutulan bir iddə yoldaşın uşaqlarının
1979-1980-ci tədris illərində respublikanın ali məktəblərində təhsil
almaları üçün kömək göstərilməsini
sizdən xahiş edirəm". Tibb İnstitutuna 10, Kənd Təsərrüfatı
İnstitutuna 10, Politexnik İnstitutuna 10, Azərbaycan Dövlət
Universitetinə 5, İnşaat Mühəndisləri
İnstitutuna 5, Neft-kimya İnstitutuna 65, Pedaqoji İnstituta qəbul
üçün 5 yer verilməsini istəyən bu ərizənin
üstündə Heydər Əliyevin həmin sahəyə
cavabdeh MK katibi Kamran Bağırova yönələn dərkənarı
yenə qapıları taybatay açandır: "Xahiş
edirəm baxılsın və kömək göstərilsin".
...Bu məktubsa
firqədən Heydər Əliyevin adına
1975-ci ilin noyabrında göndərilib. Bakılı
güneylilər "21 Azər nehzəti"nin
30 illiyini qeyd etməyə hazırlaşır. Qulam
Danişyan artıq Azərbaycan boyu yubiley
yığıncaqlarının keçirildiyini, son zirvə tədbirini
isə Opera və Balet Teatrında qeyd etməyi
arzuladıqlarını göstərir və məktubuna fəal
cənubluların adlarından ibarət siyahını
artıraraq onlardan hansılarınınsa təltif
olunmalarını, hanısılarınınsa vəzifədə
irəli çəkilmələrini arzuladıqlarını
bildirir.
Yaşı artıq yarım əsrə yaxınlaşan
vərəqlərdəki adları oxuyuram. Həqiqətən,
onların hər biri öz sahəsində tanınan, mötəbər
sayılan, hörmət bəslənən insanlar idilər.
Hər
zaman olduğu kimi, firqədən gələn bu məktuba da
Heydər Əliyev həssaslıqla yanaşır, dərhal məsələnin
müsbət həll edilməsi üçün göstərişini
verir, amma firqənin seçilmişləri, ağsaqqalları
üçün elə təltifə bərabər bir
başqa iş də görür - Azərbaycan tarixinin
mühüm hadisəsi olan 21 Azər zəfərinin 30-cu
ildönümünün təntənəli qeydetməsindən
öncə onları görüşə dəvət edir.
İstər
Qulam Yəhyanın, istərsə də sonralar Əmirəli
Lahrudinin Heydər Əliyevə ünvanladıqları məktublar
sayca nə qədər çox olsalar, hər birində də
hökmən hansısa təvəqqe, ya umacaq yer
almışsa da, həmin bolluca xahişli kağızlar
ünvanlandığı şəxsiyyəti
bıqdırmamış və hər dəfə müsbət
dərkənarla qarşılanmışdır və
gümanımca, bunun ümdə səbəblərindən
biri də o idi ki, həmin firqə rəhbərləri Heydər
Əliyevin təbiətinə yaxşı bələd idilər,
heç vaxt onlara edilə biləcək imtiyazlar həddindən
qırağa çıxmırdılar, ifrata
varmırdılar, ricaları da o adamlardan ötrü olurdu ki,
onlar, doğrudan da, belə diqqətə tam layiq idilər.
Elə bu "yubiley" məktubunda kimlərdən
ötrü ağız açılırdı? Xahiş olunurdu ki, bu taya gələndən
az sonra - 1947-ci ildən Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasının solisti işləmiş, 1961-ci ildən
artıq Əməkdar artist fəxri adını
daşıyan və gerçəkdən də musiqimizin təqdimi
və təbliğində millət yanında ağır zəhmətləri
ilə üzüağ olan Məmməd Salmanpura -
hamınızın Məmməd
Salmanov kimi tanıdığı müğənniyə Xalq
artisti adı verilsin. Layiq deyildimi? Əlbəttə
layiq idi! Azərbaycan teatrı, kinosu və
teleekranının ən misilsiz simalarından biri, nə
acı ki, insafsızca erkən itirdiyimiz Həsən Əbluca
Əməkdar artist adı verilməsi umulurdu. Əlbəttə
ki, "Əməkdar"a da, lap "Xalq"a da layiq idi. Azərbaycan
Neft və Kimya İnstitutunun dosenti, abırlı, sanballı adam Səməd Afiyətə, eləcə də
Azərbaycanın sənaye həyatında xüsusi yeri və
xidmətləri hər kəsə bəlli Əsədulla
Cavanbəxtə, Mahmud Motəmədiyə Əməkdar
mühəndis adı verilməsi arzulanırdı. Hamısı artıqlaması ilə layiq idi.
Şöhrəti o taylı-bu taylı Azərbaycan boyu
yayılan, Milli Hökumət dönəmində rəmz
simalardan sayılmış, həmişə xalq adına ən
faydalı işlər görmüşlər cərgəsində
öndə getmiş, bu müraciət edilən vaxt da Elmlər
Akademiyasında çalışan, mədəniyyətlə
yanaşı, elmdə də qiymətli bəhrələrini
verən Balaş Azəroğluya Əməkdar incəsənət
xadimi adının verilməsi istənilirdi. Layiq
deyildimi məgər?
Heydər Əliyev onların hər birini şəxsən
tanıyırdı və Heydər Əliyevin bir millət və
dövlət rəhbəri olaraq da ən sevimli
üstünlüklərindən biri məhz adamları
yerli-yataqlı tanıyıb-bilməsi idi.
Yaxşı
tanıması və hər kəsin də düzgün qiymətini
bilməsi!
Bilməsi
və layiq olduğu qiyməti və diqqəti də o şəxslərdən
əsirgəməməsi!
Balaş Azəroğlu Heydər Əliyevin ən
köhnədən tanıdığı, şəxsiyyətinə
də, yaradıcılığına da rəğbət bəslədiyi
insan idi. Onun Azəroğluya hər təltifdən daha
artıq diqqətcilliyinin bir səhnəsinə bilavasitə
şahidəm. 1993-cü il iyunun 29-da
Heydər Əliyev İran İslam Cümhuriyyətinə rəsmi
səfərə yola düşürdü və özü ilə
də Azərbaycanın ədəbi-mədəni-elmi ictimaiyyətinin
bir təyyarəlik böyük dəstəsini
aparırdı. Demişdilər ki, Tehrana,
İsfahana gedəndən sonra Təbrizə də
uçacağıq. Bu, səfərə
çıxanların hamısında xoş həyəcanlı
intizar duyğusu da yaratmışdı. Ancaq
Təbrizə gedəsi olmadıq, İran səfərinin
axırında Azərbaycan nümayəndə heyətini
Kiş adasına apardılar. Düzü, elə əvvəldən
də Təbrizə gedişin baş tutacağına az ümid bəsləyirdim. Heç
İran rəva görərdimi Heydər Əliyev kimi Azərbaycan
öndəri Təbrizə qədəm bassın?! Bəli,
onlara məlum idi ki, Heydər Əliyev təcrübəli
siyasətçidir, usta diplomatdır, Təbrizə gələrsə,
elə orada da, Tehrandakı kimi, İran-Azərbaycan
dostluğundan, əlaqələrin daha da inkişaf etdirilməsinin
vacibliyindən və belə-belə ümumi mətləblərdən
bəhs edəcək. Ancaq onlar bilirdilər axı Heydər
Əliyev nəhəngdir, anlayırdılar ki, Heydər
Əliyevin gizlədilməsi mümkünsüz cazibəsi,
işığı var. Heydər Əliyev kimi qüdrətli,
ad-sanı dünyaca olan bir Azərbaycan öndərinin Təbrizə
təşrif gətirməsi, şübhəsiz ki, güneylilərin
düşüncəsində izini buraxacaqdı, bu gəliş
artıq baş tutması ilə onların hamısının
dərk edəcəyi ciddi mənəvi ismarışa, daxillərində
milli tərpənişlərə təkan verən impulsa
çevriləcəkdi.
1993-cü
il iyunun 29-u idi, Prezident təyyarəsində
İrana yola düşməli olanlar
yığışmışdı hava limanındakı
gözləmə zalına və gedənlərin arasında
Balaş Azəroğlu da vardı. Ancaq çox
keçməmiş bir pərtlik yarandı. Bəlli oldu ki, siyahıdakılardan yalnız bircə
nəfər gedə bilməyəcək. Balaş
Azəroğlunun viza məsələsində uyğunsuzluq
vardı.
Heydər
Əliyev mütəəssir olmuş şairə şəfqətlə
baxdı, gülümsünərək: "Fikir eləmə,
tezliklə səni bundan da yaxşı səfərə
aparacağam", - dedi.
Lap az keçdi, Səudiyyə Ərəbistanına həm rəsmi səfərə, həm də elə o səfər çərçivəsində ümrə ziyarətinə yola düşən Azərbaycan Prezidentini müşayiət edən ziyalılar arasında Balaş Azəroğlu da vardı. Adətən səfərə gedəcəklərin siyahısı Xarici İşlər Nazirliyində hazırlanırdı, sonra Prezident Aparatında lazım bilinən hansısa şəxslər bura əlavə edilirdi. Ancaq bu dəfə həmin siyahı hələ tərtib edilməmişdən Heydər Əliyevin orada olmasını istədiyi ilk ad Balaş müəlliminki idi.
Balaş Azəroğlu şair idi və təbii, onun da misralarında cürbəcür təşbihlər, istiarələr, mübaliğələr az deyildi. Ancaq bir adam haqqında danışanda, tərifli söz deyəndə heç vaxt qədərindən artıq deməzdi, heç digər şairlər kimi öz şeirini də uca səslə, odlu-alovlu oxumazdı. Həmin sadə, saya deyiş tərzi ilə o səfər əsnasında buradan uzaqlarda, Məkkədə Səfa və Mərva təpələri arasında təvaf etdiyimiz anlarda mənə dediyi sözlər indi də qulağımda səslənir: "Demişdi səni daha gözəl səfərə aparacam. Bir gör haradayam! Mən bu insana, onun həssaslığına necə qiymət verim?! Biz xoşbəxtik ki, Azərbaycanın hər cəhətdən misli olmayan belə övladı var!"
25 may 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 27 may.- S.10-11.