Qələm və zəhmət birliyi  

ELMİRA AXUNDOVANIN YUBİLEYİNDƏ BİR NEÇƏ SÖZ

 

 

1

 

Bu da təbiətin maraqlı bir işidir ki, illər (onilliklər!) keçdikcə xatirələr uzaqlaşmaq əvəzinə daha da yaxınlaşır və mən Elmira haqqında bu kiçik təbrik yazısını yazmaq istəyəndə, onunla ilk görüşümü xatırladım.

1970-ci illərin ortaları idi, mən artıq Yazıçılar İttifaqının katibi işləyirdim və bir gün İttifaqda rəhmətlik İshaq İbrahimovla söhbət etdiyimiz zaman Ramiz Axundovla gənc bir qız ərklə qapını açıb içəri buyurdu. Ramiz cavan olsa da, AzTV-nin aparıcı rejissorlarından biri idi və mənim ilk iki sənədli ssenarilərimin əsasında telefilm çəkmişdi, aramızda da isti bir münasibət yaranmışdı, ancaq məlum oldu ki, onun İshaq müəllimlə daha yaxın bir dostluğu var. Burası da məlum oldu ki, bu gənc, gülərüz və çox da pozitiv qız Ramizin həyat yoldaşıdır və onlar İshaqa baş çəkməyə gəliblər.

Dediyim kimi, aradan onilliklər keçib, ancaq o gənc qızın gülərüzlüyü, yaradıcı və müsbət enerjisi, ədəbiyyata və ədəbiyyatı yaradanlara doğmalığı, eləcə də qələm zəhmətkeşliyi həmişə onunla birlikdə olub. Mən bu cəhətləri ona görə xüsusi qeyd edirəm ki, Elmira Axundova 1970-lərin sonu, 80-lərin əvvəllərindən etibarən xeyli müddət Yazıçılar İttifaqında əvvəlcə referent, sonra da məsləhətçi kimi çalışmağa başladı və mən onu insan kimi də, işçi kimi də yaxından tanıdım, elə buna görə də "işləməyə başladı" yox, məhz "çalışmağa başladı" yazıram.

O zaman Yazıçılar İttifaqının Birinci katibi çox mədəni, səliqə-səhmanlı, xeyirxah bir insan olan rəhmətlik İmran Qasımov idi və Elmira onun dövründə cəmi bir il-il yarım işlədi (yazıçıların sağlamlıq qayğısına qalan və həmişə də əlindən gələni əsirgəməyən İmran müəllim özü 1981-ci ildə 63 yaşında vəfat etdi), ancaq bu qısa müddətə baxmayaraq, mən dəfələrlə bunun şahidi olmuşdum ki, o, Elmira haqqında necə ürəkdolusu danışır. İndi bu sətirləri yaza-yaza fikrimdən keçir ki, İmran müəllimin beləcə hərarətlə danışmasının bir səbəbi də yəqin o idi ki, Elmirada da özünün mədəniyyətini, səliqəsini, xeyirxahlığını gördü.

Sonra Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri oldu və Elmira dünyanın hər üzünü görmüş, təcrübəli və səriştəli Mirzə müəllimin də hüsn-rəğbətini qazanmışdı.

Mən bütün bunları ona görə xatırlayır (və xatırladır), o rəhmətlikləri bir daha yada salıram ki, Elmira Axundovanın davranışında da, qələmində də bu gün çox adamda çatışmayan (hətta olmayan!) bir qədirşünaslıq var, sədaqət, istiqanlı yaddaş var və bu mənada söhbət sırf insani münasibətdən başqa, həm də indiki halda bilavasitə ədəbiyyatdan gedir.

Yadıma gəlir, eləcə də o vaxtlar Elmira hansı bir həvəs və inadkarlıqla gənc yazıçıların - Rafiq Tağının, Saday Budaqlının, Baba Vəziroğlunun, yadımda qalanları sayıram - bir sözlə, o dövrün istedadlı cavanlarının hekayələrini rus dilinə tərcümə etdi və mən də o kitaba ön söz yazdım, 1984-cü ildə nəşr olundu. Həmin kitabdakı müəlliflərin çoxunun yazısı ilk dəfəydi ki, rus dilində çap olunurdu.

Yeri gəlmişkən deyim ki, Elmira mən də daxil olmaqla bir sıra yazıçılarımızın əsərlərini rus dilinə tərcümə edib və bu tərcümələr sovet vaxtı Moskvada, ümumittifaq mətbuatında çap olunub. Bu gün adi bir fakt kimi görünə bilər, ancaq o zaman bu - bir nəfərin, iki nəfərin yazısı kimi əhəmiyyətli bir hadisə olmaqla bərabər, milli ədəbiyyatımızın təbliği idi və bizim yazılarımız əsas etibarilə rus dilindən tərcümə edilərək xarici ölkələrdə də nəşr olunurdu.

Bunu da deyim ki, Elmira yalnız bədii ədəbiyyatı tərcümə etmirdi, onun elmi hazırlığı elə idi ki, mühüm ədəbi-nəzəri problemlər qaldıran məqalələri də səriştə ilə tərcümə edirdi və yadıma düşür ki, 1980-ci illərin əvvəllərində uşaq ədəbiyyatı problemlərini qaldıran, bu problemləri həll etmək istəyən "Detskaya literatura" ("Uşaq ədəbiyyatı") adlı nüfuzlu jurnal nəşr olunurdu. O zaman mən jurnalın xahişi ilə uşaq ədəbiyyatı və problemləri barədə geniş bir məqalə yazdım. Məqaləni rus dilinə Elmira tərcümə etdi və jurnalın redaksiyası o tərcümənin bircə sözünə də toxunmadan dərc etdi.

Elə həmin vaxtlarda da Elmira "Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu, XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və həmin dissertasiya əsasında hazırladığı maraqlı monoqrafiyası da nəşr olundu.

 

2

 

Elmira qələm adamıdır - yazıçıdır, tərcüməçidir, publisistdir, jurnalistdir və o, bütün bu sahələrdə nə qazanıbsa - qələminin sayəsində qazanıb. O, cəmiyyətin mühüm və aktual problemlərini diqqət mərkəzinə çəkən, ayrı-ayrı maraqlı şəxsiyyətlərdən bəhs edən xeyli publisistik kitabları, ancaq onun əsas ədəbi qəhrəmanlarının birincisi Heydər Əliyevdir və burasını xüsusi vurğulamanq istəyirəm ki, Ulu öndər Moskvadan qayıtdıqdan sonra, vəzifələrə təyin etdiyi, fəaliyyətləri, yaradıcılıqları üçün münbit zəmin yaratdığı adamların arasında ona qarşı hörmətsizlik edən, dönük çıxanlar da az olmadı. Həmin ədalətsiz və çətin zamanda da Elmira Axundova Heydər Əliyevin təəssübünü çəkən insanlar arasında oldu, dəfələrlə Naxçıvana gedib onunla görüşdü, ondan müsahibələr aldı və bu müsahibələri Respublikadan kənardakı nüfuzlu mətbuat orqanlarında çap etdirdi, "Azadlıq" radiosunun rusdilli redaksiyasında onun haqqında verilişlər təşkil etdi. Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə gəldikdən sonra da Elmira bir jurnalist kimi onu xarici səfərlərdə müşayiət etdi.

Mən dəfələrlə bunun da şahidi olmuşam ki, Heydər Əliyev Elmiranın yazdıqlarını, səfərlərdən reportajlarını necə yüksək qiymətləndirirdi və yadıma 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərimiz düşür. O unudulmaz səfər zamanı biz Məkkə və Mədinəni ziyarət etdik və bütün səfər boyu qələm həmişə Elmiranın əlində olurdu. Gözündən və diqqətindən heç nə yayınmayan Heydər Əliyev də bunu görür və qiymətləndirirdi.

Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman" çoxcildli sənədli romanı əslində, XX əsrin son qırx ilinin və XXI əsrin son on üç ilinin - müstəqil Azərbaycanın - zəngin tarixi salnaməsidir, çünki SSRİ dönəmində də, müstəqillik zamanı da Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycanın yeni tarixinin ifadəsi və təsdiqidir.

Elmira dövlət və şəxsi arxiv sənədlərinə əsaslanaraq, qiymətli və zəngin müsahibələr apararaq, bir çox xatirələri toplayaraq bu böyük sənədli romanda Ulu öndərin canlı surətini yaratmışdır. Bu romanın qəhrəmanı həm böyük bir siyasətçi, böyük dövlət xadimi, həm də zəngin daxili aləmə malik bir insandır və müəllifin əsas uğuru da ondadır ki, bu əsərdə publisistik quruluq yoxdur, burada təhkiyə - sənədlərə istinad edən bədii təhkiyədir. Səmimiyyət və yazdığı mövzunu tam mənimsədiyi üçün, bir çox epizodların şəxsən şahidi olduğu üçün...

Qələmi elə bu cür mühüm xüsusiyyətə malik olduğu üçün də Elmira "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" kitabında sırf insani hiss-həyəcanlar, insani yaşantılar baxımından həm Heydər Əliyevin, həm də Zərifə xanımın mənəvi portretlərini yaratmağa nail olub və buradakı səmimiyyət kitabın mövzudan irəli gələn bədii-emosional təsirini daha da artırır.

 

3

1990-cı illərdə Elmira Axundova "Literaturnaya qazeta"nın ("Ədəbiyyat qəzeti"nin) Azərbaycan üzrə müxbiri idi və bu qəzet hələ sovet vaxtı partiya orqanı "Pravda"dan sonra ən nüfuzlu mətbuat orqanı idi. Yüksək tirajlarla çap olunan "Literaturnaya qazeta" o zaman yeganə mətbuat orqanı idi ki, ideoloji çərçivələrdən kənara çıxmağı bacarırdı. Mən 1950-ci illərin sonlarından etibarən bu qəzetin bizdəki müxbirlərini tanıyırdım və deyim ki, Elmira o müxbirlərin ən yaxşılarından, fəallarından, milli təəssübkeşlərindən biri idi.

1970-ci illərdən etibarən mən də o qəzetin müəlliflərindən biri idim və düzdür, bu yazıda öz şahidliyimdən bir neçə dəfə istifadə etmişəm, ancaq yenə də istifadə edirəm: redaksiya əməkdaşları hər dəfə Elmiradan həvəslə, açıq, ürəklə danışırdı, onun fəallığını, qələminin aktuallığını qeyd edirdi. Təfərrüata varıb söhbəti uzatmaq istəmirəm, yalnız onu deyim ki, Elmiranın dərc edilən yazıları, təqdim etdiyi müsahibələr, onun cəhdləri nəticəsində çap olunan Azərbaycan ədəbiyyatı nümunələri - hekayələr, şeirlər yalnız ədəbiyyatımızın yox, həm də müstəqilliyimizin təbliği və təsdiqi idi.

Yenə Elmira ilə ilk görüşümüzü xatırlayıram və o zaman Elmira rus təhsilli "şəhər qızı" idi, ancaq o "şəhər qızı"nın aradan keçən onilliklər boyunca Azərbaycanda getmədiyi bir rayon qalmadı və bu, daxili turist səfərləri deyildi, ölkəni tanımaq, xalqın güzəranını öyrənmək baxımından onun həm yazıçı, həm də jurnalist kimi püxtələşməsində mühüm rol oynayan səfərlər idi.

Mən, Elmira Axundovanın Xuraman Quliyeva ilə birlikdə tərtib edib hazırladıqları və bu gün də aktuallığını itirməyən (bəlkə də, əksinə, bu gün daha da aktualdır!) bir nəşri də xatırlatmaq istəyirəm: "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası".

Burada Orta əsrin klassiklərindən tutmuş, müasir cənublu şair və nasirlərin əsərlərinəcən nümunələr yer almışdı və bu nəşrin əhəmiyyətli cəhətlərindən biri də bu idi ki, ikicildlik rus dilində nəşr olundu. Müəlliflərin də bir çoxunun əsərləri rus dilində ilk dəfə çap olunurdu və bu nəşrlə tarixən Cənubi Azərbaycanda yaranan ədəbiyyatın çoxmillətli oxucu auditoriyası genişlənirdi. İkicildlikdəki poeziya nümunələrinin bir çoxunu Elmira rus dilinə sətri tərcümə edir, sonra da bədii tərcümə üçün axtarıb, tapıb, danışıb, tanınmış rus şairlərinə verirdi. Təəssüf ki, bu ikicildlik cəmi 300 tirajla çap olundu və elə bilirəm ki, nəşriyyatlarımız bununla maraqlansa, onu yenidən nəşr etsə, çox yerinə düşər.

 

Mən bu təbrik yazısının əvvəlində gənc Elmiranı Ramizlə birlikdə xatırladım və onlarla birlikdə də bitirmək istəyirəm, çünki şübhə etmirəm ki, o gənc qızın bu yubiley günlərində Ramizin də ruhu daha artıq şad olur.

 

25 may 2023

 

Bakı

ELÇİN

525-ci qəzet.- 2023.- 27 may.- S.9.