Vərəsəliyi qəbul edib borca düşənlər
Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında bununla bağlı qərar qəbul edib. Qərara əsasən, Mülki Məcəllənin 1306-cı maddəsinə
uyğun olaraq, borclunun ölümündən
sonra mirası qəbul etmiş vərəsələr miras
açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında
birgə məsuliyyət
daşıyırlar. Eyni
zamanda Mülki Məcəllə və
"İpoteka haqqında"
qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən,
əsas borclunun ölümü halında
vərəsələr öhdəliyi
icra etmədikdə və ya lazımınca
icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi
barədə iddia qaldıra bilər.
Məhkəmənin bu qərarı vətəndaşlar arasında
narazılığa səbəb
olub. Vətəndaşlar ölən şəxsin
pensiya kapitalının
onun varisinə ödənilmədiyi halda,
borclarının hansı
əsasla varisdən tələb edildiyindən
şikayətlənirlər.
Məsələyə münasibət bildirən
hüquqşünas Əkrəm
Həsənov deyir ki, Azərbaycanda əksər hallarda vərəsə ölən
şəxsin ailə üzvü hesab olunur. Amma vərəsə ölən şəxsin ailə üzvü, yaxın qohumu olmaya da bilər.
Ölən şəxsin mirasını
qəbul edən şəxs vərəsə
sayılır. Qanuna görə
də, vəfat edən şəxsin vərəsəsi qəbul
etdiyi mirasın dəyəri həddində
borc öhdəliyini götürməlidir. Tutaq
ki, şəxs ölüb, onun banka 50 min manat borcu var. Amma onun 100 min manat dəyərində evi var.
Oğlu atasının
mülkünü qəbul
edibsə, onun borcunu da ödəməlidir.
Beləcə, vərəsə qəbul etdiyi mirasın dəyəri qədər borc öhdəliyini üzərinə
götürmüş olur.
Yaxud əksinə, ölən şəxsin borcu 100 min manat, əmlakının dəyəri
isə 50 min manatdırsa,
bu halda vərəsə yalnız
qəbul etdiyi mirasın dəyərində,
yəni 50 min manat borcu banka ödəməlidir:
"Sözügedən məsələ
elə əvvəldən
də Mülki Məcəllədə öz
əksini tapıb. Bu, yeni qayda deyil. Sadəcə, Konstitusiya Məhkəməsi
buna yenidən şərh verib. Bu ümumi qaydalar
qanunvericilikdə onsuz
da olub. Təəssüf ki, Konstitusiya
Məhkəməsinin şərhini
insanların çoxu
düzgün başa düşmədi. Məhkəmənin şərhi ona görə yaranmışdı
ki, bank ipoteka qoyan şəxsi ipoteka qoyduğuna görə məhkəməyə
verə bilərmi sualı yaranmışdı.
Konstitusiya Məhkəməsi də deyir ki,
əgər vərəsəsi
varsa, avtomatik çevrilib borclu olur. Vəfat edən şəxsin
mirasını qəbul
edən şəxs onun borcuna görə
qəbul etdiyi əmlak həddində borcludur. Konstitusiya Məhkəməsi bu halda bankın
vərəsəni məhkəməyə
verməli olduğunu deyir. Qanuna əsasən, hər
kəs öz borclarına görə əmlakı ilə cavabdehlik daşıyır.
İnsan
vəfat edərkən
həmin əmlakdan borclar tutulmalıdır.
Əgər ev
girovdadırsa, vərəsə
girovda olan evi miras olaraq
qəbul edirsə, qalmış borcunu da ödəməlidir. Əgər istəmirsə, mirası qəbul etməsin. Həyat sığortası olanların
borcunu sığorta şirkəti ödəməlidir.
İpoteka kreditlərində bir qayda olaraq
ipoteka götürmüş
şəxsin həyat
sığortası olur.
Əgər ölən şəxsin
həyat sığortası
varsa, onun borcunu vərəsəsi yox, sığorta şirkəti ödəməlidir.
Çox
təəssüf ki, Azərbaycanda kreditlərin
əksəriyyətində həyat sığortası
tətbiq edilmir.
Harada tətbiq edilirsə, həyat sığortasının şərtlərinə
uyğun olaraq vəfat etmiş şəxsin borcu sığorta şirkəti
tərəfindən ödənilməlidir".
Hüquqşünasın dediyinə görə, ipoteka daşınmaz əmlakın girovudur. Daşınmaz
əmlak ev,
torpaq, mənzil və avtomobildir. İpotekanı evini təmir
etmək, biznes qurmaq və ya başqa nəsə
etmək üçün
götürə bilərsən.
Bir sözlə, hansı səbəblə götürülməsindən
asılı olmayaraq, əmlakı bank kreditinə
girov qoyursansa, bu, ipotekadır. İpoteka krediti isə elə bir növdur ki, bunu ev almaq üçün götürürsən
və onu da girov qoyursan.
Burada məqsəd biznes və başqa məqsədlər deyil.
Bu krediti Azərbaycanda
İpoteka və Kredit Zəmanət Fondu verir. Lakin bəzi banklar da öz hesabına
belə kreditlər verir. Kredit götürən zaman şəxsin həyat sığortasını
bank tələb edə
və etməyə bilər. Amma İpoteka və
Kredit Zəmanət Fondu bunu hər
zaman tələb edir. Çünki onun verdiyi kreditin
müddəti uzundur və şəxsin ölmək ehtimalı
var. Bu halda sabah
həmin şəxs ölərsə, o pulu sığorta şirkəti
ödəyəcək, əmlaka
dəyilməyəcək və
vərəsələrindən də heç nə istənilməyəcək.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi hallarda vərəsələr mənzili qəbul edirdilər, amma öhdəliklərini, yəni kredit öhdəliklərini qəbul etmirdilər. Kredit öhdəliklərini qəbul etmək o deməkdir ki, şəxs hətta həyatdan köçsə belə, onun sığorta pulunu kimsə alır: "Bəzi hallarda ölənin həyat sığortası pulunu alan şəxs krediti ödəməkdən imtina edir. Ona görə imtina edir ki, həm də vərəsəliyi qəbul etdikdə paralel olaraq o pulu da almaq istəyir. Məhkəmələrdə bununla bağlı iş çox idi. İndi Konstitusiya məhkəməsi birdəfəlik şərh yazdı. Artıq məhkəmələrə ehtiyac qalmadı, məsələ yerinə yetiriləcək. Yəni vərəsəlik qəbul edilirsə, sığorta pulu alınırsa, o kredit də ödənilməlidir və yaxud da kreditlər həyat sığortasına aid olmayan banklar tərəfindən kommersiya krediti kimi verilibsə, yenə də vərəsəliyi qəbul edən şəxs öhdəliyi də qəbul etməlidir və krediti ödəməlidir. Bu günə qədər də bu belə idi. Sadəcə, əvvəllər mübahisələr yarananda məhkəmələr yolu ilə həll olunurdu. Banklar və yaxud da vətəndaşlar müraciət edirdi, işlər uzanırdı. Artıq Konstitusiya məhkəməsi bununla bağlı şərh verib, daha məhkəmə qərarına ehtiyac qalmayacaq. Qərarlar, qanunlar o qədər quru, hüquqi dillə verilir ki, vətəndaşlar çaş-baş qalır. Ona görə də sözügedən qərar insanlarda çaşqınlıq yaradıb".
Millət vəkili Fazil Mustafa hesab edir ki, bu, birbaşa vətəndaşın əleyhinə çıxardılmış qərardır. Əgər insan vəfat edərkən pensiya kapitalı onun varisinə ödənilmirsə, ölmüş şəxsin varisindən onun borcunu tələb etmək düzgün deyil. Əgər şəxsin kreditin götürülməsində rolu yoxdursa, varis olsa belə, ata-anasının götürdüyü borca görə məsuliyyət daşıması dorğu deyil: "Dövlətin vətəndaşa olan borcunu verməyib, amma vətəndaşın dövlətə borcunu onun varisinə yükləyirlər. Bu, doğru deyil. O vaxt varisdən borc tələb oluna bilər ki, ipoteka kreditinin götürülməsində iştirak etmiş olsun. Hesab edirəm ki, ipoteka kreditlərində borcun ölən şəxsin varisi tərəfindən ödənilməsi tələbinə görə vətəndaşların narazılığı haqlıdır".
Millət vəkili Vüqar Bayramovun dediyinə görə, həyat sığortası ilə kredit götürülən və ya əmlaka sahib olan şəxslərin varislərindən ödəniş tələb edilə bilməz. Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz: "Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın. İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu, həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir".
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, ipoteka krediti götürülərkən həyat sığortasının edilməsi məcburi şərtdir. Bu halda vətəndaşa sığorta şəhadətnaməsi verilir. Sığorta şirkəti sığorta olunan şəxsin borcun müəyyən hissəsinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Həyat sığortasına görə şəxs vəfat etdiyi halda onun ipoteka borcunun nə qədərinin ödəniləcəyi isə müqavilədə qeyd edilir. Orada hansı hallarda, ipoteka borcunun nə qədər hissəsinin sığorta şirkəti tərəfindən qarşılanacağı barədə müddəalar öz əksini tapır: "Həyat sığortasına görə, ipoteka götürən şəxs gələcəkdə sağlamlığına dəymiş zərərə görə əmək qabiliyyətini itirirsə, bu zaman da həmin şəxsin borcunu sığorta şirkəti ödəyir".
Azərbaycan
Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına müvəkkil
banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər
hansı bir rəy verilməyib. Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin
təminatı üsulu kimi
götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının
mülkiyyətçisi borcalan deyil, başqa biridirsə
və bu kredit
müqaviləsi üzrə borcalan vəfat
etdikdə banka olan
borcun necə ödənilməsini tənzimləyən
şərh verilib: "Bu
qərarın Azərbaycan İpoteka və
Kredit Zəmanət Fondunun
vəsaiti hesabına müvəkkil banklar
tərəfindən verilən ipoteka
kreditlərinə aidiyyəti yoxdur. Belə ki, bu
kreditlər Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun
tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka
krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət
göstərən həyat sığortası şirkətləri
tərəfindən sığortalanır və istənilən
səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan
borcu tam məbləğdə
həmin həyat sığortası şirkətləri tərəfindən
sığorta ödənişi şəklində
qarşılanır. Bu qərar borcalan
ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da İpoteka
və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən
ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən
verilən kreditlərdə
təminat (girov) olaraq ipotekanın götürülməsi ilə
bağlıdır. Odur ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən
ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun
olaraq sığrta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 27 may.- S.8.