Miokard
(hekayə)
Dənizin qırağında sakitcə
oturub səssizliklə
danışırdım. Əlimdə yenicə bitirdiyim, kumirim Vladimir Nabukovun kitabı vardı. Fikirləşirdim ki, mən -
Fərhad - dahiyəm,
yoxsa axmaq? Bu,
dilemma idi, eyni zamanda fəlsəfə tarixinin ən aktual problematikası! Aristotel, Ptolomey, Tit Lukretsi Kardan müasir dövrün filosofları Eko və Soljenitsına qədər düşünülən
və cavabsız qalan suallar idi.
Bir tərəfdən ağıllı
sayırdım özümü.
Axı mən hamı kimi düşünmürdüm.
Mənim
beynimdə, sözün
həqiqi mənasında,
"fırtınalar" qopurdu.
Anlayırdım ki, böyük
qalaktikalar sistemində
bizim özümüz
heçlik kimiyik, o ki qaldı bizim
bəsit ideallarımız.
İndi mənim kredit borcum, günəmuzd işlədiyim
işlər, evdə həyat yoldaşımın
"bir qısmat çörək qazan, yaşa, neynirsən bu kitabları" tənəsi də o qədər primitiv idi ki... Hərdən də düşünürdüm,
görəsən, mən
Dante, həyatım isə
"İlahi komediya"dır?
Mənim düşüncələrim bir
neçə, anam demiş, "mən ağılda" olan adamdan savayı hamıya qaranlıq idi. Amma axı qaranlıq
həm də işığın yaranma
səbəbi idi.
Mən ətrafımın qaranlığında
itən işıq ovçusu idim. Bu anda arxada adi qeybətlər edən iki gənc
sevgili əl-ələ
tutub yanımdan keçdi. Onlar düşünürdülər
ki, evləndikdən sonra ipoteka krediti
götürüb 25 illik
maddi asılılığa
"salam desinlər".
Mən isə sevdiyim fikir adamlarından birinin düşüncələrini
beynimdə təkrarlayardım.
Bir vaxt gəncliyin bizə verdiyi o çılğınlıq hesabına
Qərbi aydınlıq,
Şərqi qaranlıq
kimi görməyimiz bizi o qədər "məşğul edirdi ki", fikirlərimizi vahid bir məcrada
toplayıb, doğru-dürüst
fikirlərdən özümüzü
uzaq tuturduq. İnsan azadlıqlarının
görüntüsündəki xoşbəxt insan simaları, komplekssiz həyat yaşayan Qərb insani münasibətləri, övladlarının
seçimini əngəlləməyən
"yanki" valideyn modeli və sərbəst sevgililəri
gördükdə açıq-açığına
Qərbə o qədər
simpatiya duyurduq ki, özümüz və mənsub olduğumuz Şərq arealına qarşı əsəbi bir refleks formalaşırdı
beyinimizdə. Halbuki Şərq
dəyərdir, Şərq
zirvədir. Bəzən də
bir yazar dostumun dediklərini düşünürdüm; yazmaq
həm də ruhi tələbatdan daha çox, intellektual təklikdən qaçışdır.
Həmişə özümə Nitşsesayağı
suallar verməyi sevirdim.
Bakı bulvarında gəmilər
siqnal verirdi. Orda uzaqlarda
qağayılar səmada
uçurdular. Mənim beynimdə
Feyerbax fəlsəfəsi
var-gəl edirdi.
O qağayı varlıq
olaraq daha çox imkana malikdir, ya mənim
qəribə nisgilli ruhum? "Gənc
Verterin iztirabları"nda
sentimentallıq da yox idi. Bilirdim ki, əsrlər əvvəl olduğu kimi, əsrlər sonra da çoxluqda
məcburi yaşayan, amma əbədi beyin və qəlb
təkliyinə məhkum
olan insanlar yaşayacaqlar.
Birdən
telefonuma mesaj gəldi: "Gələndə
çörək al".
Anidən
isə...
- Xanım, həyat yoldaşının vəfatından
bir il
ötüb. Yazığın
ürəyi xəstə
imiş heç kimə demirmiş yəqin, ya ürəyinə salırmış
nələrisə...
- Yox, vallah. Ürəyi sağlam
idi. Günəmuzd işlədiyi işlər
də bizi qane edirdi, atamın
da hər imkanı var, bizə kömək edir, ona heç
nə demirdi.
- Allah rəhmət eləsin. Barı get arada
qəbrinin kol-kosunu təmizlə...
Hadisədən 5 il sonra Fərhadın qeydləri ortaya
çıxdı. Sonda belə qeyd vardı: "Düşüncə öldürür, amma
düşüncəsizlik faciədir, fikirləşmək isə
yaşatdığı qədər də ürəyi
parçalayır".
Tural
İSMAYILOV
525-ci qəzet.- 2023.- 31 may.- S.16.