"Qarabağ
atı"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Şəbnəm
Əzizdir. Onunla rəssam Nərminə
Uluxanovanın "Qarabağ
atı" əsərindən
danışmışıq.
Nərminə Uluxanova 27 oktyabr 1983-cü
ildə Bakıda anadan olub. Xarici Dillər Universitetində təhsil alan
rəssam, ailəsi ilə birlikdə köçdüyü Londonda
incəsənətin müxtəlif
sahələrinə olan
marağın arxasınca
gedir və Tətbiqi sənətin
Batik və rəngli yunla toxunma növü
ilə məşğul
olmaqla yanaşı, rəngkarlıq fəaliyyətini
də davam etdirir. İncəsənətə olan marağı
rəssamın yolunu
"London Art College"ndən salmışdır. Bir-birindən rəngarəng və müxtəlif janrlı əsərlər yaradan Nərminə Uluxanova Türkiyə, Dubay, Paris, Belçika, Lüksemburq,
Doha və həmçinin,
yerli sərgilərdə
də iştirak etmişdi. Türkiyədə 2020-ci ildə "İlin gənc rəssamı" nominasiyasında
təltif olunmuşdu.
- Şəbnəm xanım,
əsərin yaranmasını
şərtləndirən amillər
nələr olub?
- 44 günlük müharibədəki
qalibiyyətin ardından
Teymur Rəcəbovun erməni əsilli rəqibinə qalib gəlməsi rəssama ilham mənbəyi olmuş və 2021-ci ildə "Oyun bitdi" əsərini tamamlamışdı. At tarixən güc, qələbə, müstəqillik
rəmzi sayılıb
və bu rəmzin uğur gətirdiyinə inam olub. Tarixən də qəhrəmanlarla
paralel olaraq zoonomik fiqur kimi məhz atın adının çəkilməyi də
təsadüfi deyil.
Bu rəsmdə qızıl bərbəzəkdə
və füsunkar naxışlar fonunda şahə qalxmış Qarabağ atı Azərbaycan xalqının
Qarabağda qazandığı
zəfərlə qürurlanır.
Atın yəhərindəki
şahmat lövhəsi
isə dünya şöhrətli şahmatçı
Teymur Rəcəbovun qalibiyyətinə
işarə edir. Şahmat lövhəsindəki bütün
fiqurlar darmadağın
olub, yalnız at fiquru öz yerində möhkəm durub. Bu da
özlüyündə at fiquruna
yüklənən məna
ilə əlaqədardır.
- Bəs atın belindən kənara sıçrayan narlar nəyə işarədir?
- Həmin narlar Azərbaycandakı etnik azlıqları və multikultural dəyərləri
göstərən simvoldur.
Tarix boyu hər zaman
etnik azlıqlar torpaqlarımızda məskunlaşmış
və öz adət-ənənələrinə və dillərinə sadiq qalmışdır.
Bir çox xalqlar bu torpaqda narın
içindəki al qırmızı
dənələr kimi
birgə və mehriban yaşayır, eyni zamanda, mədəni
müxtəlifliklərini qoruyub
saxlayırlar.
- Əsər hazırda
harada saxlanılır?
- Bəzi əsərlər rəssamların ayrılmaz
bir parçasına çevrilir. Bu əsər
də belələrindəndir.
Əsər hazırda rəssamın
şəxsi kolleksiyasındadır.
Bir neçə dəfə istənilsə də, rəssamın hələ
ki əsəri satmaq və ya kiməsə, hansısa qalereyaya vermək niyyəti yoxdur.
- Əsərin rəng
koloriti necədir?
- Rəssamın bir çox əsərlərində
olduğu kimi, əlvan rəng çalarları tablodakı
Qarabağ atının
plastik həlli və şahə qalxdığı anda üzərindən tökülən
fiqurların dinamikasını
əks etdirməyə
şərait yaradır.
Eyni zamada, batika ustası olan Nərminə Uluxanova əsərin fonunda istifadə etdiyi ornamental
batik bəzəkləri kompozisiyanı
incəldərək milliliyə
olan vurğunu artırmaqdadır.
- Bəs əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası rəssamın bir çox işlərində istifadə etdiyi diqqəti mərkəzdə yer alan fiqura cəmləmə xüsusiyyətinə malikdir. Mərkəzi fiquru vurğulamaqla yanaşı, detallara da nəzər yetirilməsini istədiyi üçün dinamik kompozisiya yaradıb. Eyni zamanda tablo izləyiciyə sakitlik və dinclik bəxş etməkdədir.
Hər zaman məğrur duruşunu və şux qamətini görməyə adət etdiyimiz Qarabağ atının incə və plastik həlli əsərə olan marağı daha da artırır. Belə ki, dekorativ təsvir olunan at miniatür sayağı incəliyə malikdir. Sanki tarixi miniatürlərdən dövrümüzə səfər edərək bizi müjdələməkdədir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Tarixi faktların və ya hadisələrin əsərlərdə öz əksini tapmasını incəsənətin əsas funksiyalarından hesab etmək olar. Azərbaycan xalqı üçün Qarabağ mövzusu daim aktual olub. II Qarabağ müharibəsi isə millətimizin 30 illik həsrətinin vüsatıdır. İllər boyu istər sərhəddə, istərsə də beynəlxalq arenalarda müdafiə olunan "Qarabağ Azərbacandır!" devizinin sübuta yetdiyi andır. Eləcə də bütün müsabiqələrdə düşməni məğlub etmə istəyi və cəhdi də baş tutmuşdu. Bu əsər də özlüyündə dövrünün ən aktual iki hadisəsini birlikdə ehtiva edərək tarixi faktları bir əsərdə simvolik mənalarla ölümsüzləşdirmişdir.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 31 may.- S.16.