Qurtuluşdan tərəqqiyə: müstəqillik
dövründə Heydər Əliyevin yeni və müasir
dövlət quruculuğu
Ulu öndər Heydər
Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində
yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini
yaradıb və gələcəyə aparan yolları müəyyən
edib. Məhz buna görə də Azərbaycan
tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu
öndərin adı ilə sıx bağlıdır və
tarixə Heydər Əliyev dövrü kimi həkk olunub.
Bu dövrün Azərbaycanın gələcək
tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır.
Heydər Əliyevin dövlətçilik
strateji proqramında azərbaycançılıq məfkurəsi
xüsusi yer tutub. Heydər Əliyevin 1987-ci ilin
oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun və şəxsən Baş
katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa verməsi,
1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar
ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını
tələb etməsi, Dağlıq Qarabağda yaranmış
kəskin münaqişəli vəziyyətlə bağlı
SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz
əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını qətiyyətlə
tərk etməsi vətənpərvərliklə, azərbaycançılıq
məfkurəsi ilə bağlı idi. Bu, əsl
vətənpərvərlik mövqeyinin nümayişi idi.
Azərbaycanda
dövlətçilik ənənələrinin XX əsrin
sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi,
dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi
inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq
nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli
fəaliyyəti sayəsində mümkün olub. Heydər Əliyev öz müdrik rəhbərliyi,
siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı
ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi
tanınmış, Azərbaycan xalqının Ümummilli
liderinə çevrilib. Azərbaycan
ziyalısını keçən yüzilliklərdə ən
ciddi bir şəkildə düşündürən milli
dirçəliş problemləri bütöv şəkildə
Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət
siyasəti müstəvisinə keçib. Azərbaycanın hərtərəfli inkişafı
üçün onun hazırladığı strateji istiqamətlər
hələ uzun illər müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsi və gücləndirilməsi,
iqtisadi qüdrətinin artırılması,
xalqımızın layiq olduğu xoşbəxt həyata
qovuşması işinə xidmət edəcəkdir.
Azərbaycanın müasir dövlətçiliyi
tarixində müstəqillik dövrünün arxada qalan hər
ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın
keçdiyi sınaqlar, dövlətçiliyimizin ən
ağır günlərində Heydər Əliyev qətiyyəti
və müdrikliyi xalqımızı və Azərbaycanımızı
həmişə xilas edib. Ümummilli lider
keçilməsi mümkün olmayan maneələri dahiyanə
yanaşması ilə böyük əzm və səylə qət
edib.
Azərbaycan xalqının dahilik rəmzi olan Heydər
Əliyevin dövlət, millət qarşısında tarixi
xidmətləri zaman keçdikcə daha aydın
görünür. Aydın görünür ki, Heydər
Əliyev rəhbərliyinin bütün dövrlərində
daim tərəqqisi üçün
çalışdığı, zəngin mədəniyyəti,
böyük tarixi keçmişi ilə həmişə
qürur duyduğu və gələcək nəsillərin
taleyi üçün düşündüyü doğma
yurdu Azərbaycanı bir dövlət kimi zamanın
ağır və sərt sınaqlarından
çıxarıb. O, böyük siyasi və dövlət
xadimi, xalqın şəksiz lideri olaraq hələ
sağlığında canlı əfsanəyə
çevrilmiş, buna görə də Heydər Əliyev
fenomeni həmişə diqqətləri cəlb edib,
heyranlıq doğuracaq dərəcədə coşğun
siyasi fəaliyyəti istər ölkə, istərsə də
dünya miqyasında kök atıb.
Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində
müstəqil Azərbaycan dünya xalqları içərisində
inkişaf etmiş dövlətlər birliyində öz
layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr
sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə
irəliləyib. Qısa müddətdə Azərbaycanın
beynəlxalq imici dəyişib, ölkəmiz dünyanın
siyasi və iqtisadi arenasının fəal subyektlərindən
birinə çevrilib. Bütün ölkədaxili,
regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan
dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində
böyük nailiyyətlər əldə edib. Məhz Heydər Əliyevin hakimiyyəti
dövründə ölkədə siyasi plüralizm
yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə
inkişaf yoluna çıxıb.
Məhz Heydər Əliyevin sayəsində Azərbaycan
inkişaf edib və sivil dövlətlər sırasına
çatıb.
Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda,
beynəlxalq sahədə kifayət qədər nailiyyətlər
qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində,
ölkənin tərəqqisində nə qədər yeniliklər,
uğurlar əldə edilibsə - bunlar Heydər Əliyevin
sayəsində mümkün olub.
Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi
ilə aparılan məqsədyönlü siyasət nəticəsində
ölkənin iqtisadi həyatında qazanılan ən
mühüm uğurlardan biri də dünyanın inkişaf
etmiş nüfuzlu şirkətləri ilə
bağlanmış neft müqavilələri olub. Bu müqavilələr
Azərbaycan iqtisadiyyatının gələcək
inkişafı üçün geniş perspektivlər
açıb. Heydər Əliyevin neft
strategiyası dövlətimizin müstəqilliyinin
qarantına çevrilməklə yanaşı, azad iqtisadi
münasibətlər mexanizmlərini də hərəkətə
gətirib, ölkəmizin dünya iqtisadi məkanına
dinamik inteqrasiyasını, xalqımızın
rifahının artması üçün çox önəmli
olan xarici sərmayələrin cəlb edilməsini təmin
edib.
Bütün bunlar dövlətimizin daxili qüdrəti
ilə yanaşı, beynəlxalq nüfuzunun
artırılmasına xidmət edir. Xəzərin Azərbaycan hissəsində
dünyanın tanınmış neft şirkətləri ilə
yataqların birgə işlənməsi üzrə ilk
sazişlərin, "Əsrin müqaviləsi"nin imzalanması, ölkəmizin parlaq gələcəyinə
stimul yaradan yeni neft strategiyası Heydər Əliyev
müdrikliyinin bariz nümunəsi idi. Siyasi və
iqtisadi böhran keçirən bir ölkədə qısa
zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini
regiona cəlb etmək, konkret olaraq milyard dollarla
ölçülən sazişləri imzalamaq, sözsüz
ki, uzaqgörən siyasət və müdriklik tələb
edirdi. "Əsrin müqaviləsi"nin
Azərbaycanın parlaq inkişafı üçün nə
demək olduğunu hamı anlamalıdır". Bu sözlər məhz Ümummilli lider Heydər
Əliyevə məxsusdur.
2003-cü ilə qədərki tarixi nailiyyət bu
dövrə qədər keçən son on ildə hüquqi
dövlət quruculuğu, iqtisadi, sosial, humanitar və xarici
siyasət sahəsində aparılan müdrik siyasi xəttin məntiqi
nəticəsində qazanılıb. Azərbaycanın
müharibə şəraitində yaşamasına və
keçid dövrünün mahiyyətindən doğan
çətinliklərə baxmayaraq, bu müddət ərzində
Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti
demokratik təsisatların, vətəndaş cəmiyyətinin
formalaşması prosesinə, ictimai-siyasi sabitliyin və
güclü iqtisadi potensialın yaranmasına gətirib
çıxarıb. Bərqərar
olmuş ictimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit
xarici sərmayələrin həcminin artmasına səbəb
olub. Neft strategiyasının uğurla həyata
keçirilməsi sosial-iqtisadi inkişafa təkan vermiş, əhalinin
sosial həyat şəraiti
yaxşılaşdırılıb, yoxsulluğun səviyyəsinin
azaldılması üçün mühüm işlər
görülüb.
Milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, zənginləşməsi və gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin
prioritet vəzifələrindən birinə çevrilib. Siyasi sistemin
demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə
ümumbəşəri dəyərlərin dərin kök
salması Azərbaycanın beynəlxalq aləmə sıx
inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət
kimi tanınmasına yol açıb. Azərbaycanın
dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyinin
möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin
inkişaf etdirilməsi, beynəlxalq və regional təşkilatlarla
səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq
münasibətlər sistemində layiqli yer tutmasını təmin
edib. Beləliklə, Ümummilli lider Heydər
Əliyevin ölkəmizə rəhbərlik etdiyi
1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi
üçün möhkəm təməl
yaradılmışdır. Bu dahi insan var
qüvvəsi və bacarığını Azərbaycanımızın
yüksəlişinə və böyük zirvələri qət
etməsinə sərf edib.
Xilaskarlıq missiyasının banisi kimi tanınan Heydər
Əliyev XX əsrin son dərəcə mürəkkəb və
ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərib.
Məhz dahi şəxsiyyət Heydər
Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə
siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik
tarixində yeni bir mərhələnin
başlanğıcını qoyub. O dövrü bir anlığa
xatırlayanda göz önünə, ilk növbədə,
ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik
və dərəbəylik gəlir. Bütün bunlara son
qoymaq, ictimai-siyasi prosesləri normal məcraya yönəltmək
hər kəsin işi deyildi və bu missiyanı öz Liderlik
və Xilaskarlıq səyi və bacarığı sayəsində
əbədiyaşar Prezident Heydər Əliyev üzərinə
götürdü, bu dövləti əbədi, sarsılmaz və
qüdrətli dövlətə, Azərbaycanın müstəqilliyini
dünya müstəvisində reallığa çevirdi. Bəli, əsl həqiqətdir ki, bu böyük
şəxsiyyət öz dərin zəkası, iti
ağlı və mətin iradəsi ilə Azərbaycanımızı
yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və
əbədiləşdirdi. İndi Azərbaycan
adı Heydər Əliyevin adı ilə qoşa çəkilir.
Məhz Ulu öndərin tarixi şəxsiyyət kimi
meydana çıxması Azərbaycanda yeni günəşin
doğmasına, ölkəmizin parlaq gələcəyinin bərqərar
olmasına təkan verib. Azərbaycanın inkişaf yolunu müəyyən
edən Heydər Əliyevin səyləri nəticəsində
ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında
ciddi dönüş mərhələsinin
başlanğıcı qoyulub. Dövlətin
əsası olan suverenlik, dövlətçilik, ədalət,
demokratiya, milli yüksəliş, dünyəvi dövlət
və liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərlərin
sintezini təmin edən milli ideologiya
formalaşdırılıb. Azərbaycanlıları
dünyaya sivil dəyərlərin
daşıyıcısı kimi tanıdan, dünya azərbaycanlılarını
vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin
əsasları yarandı. Dünya xəritəsində
suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət
ünvanı hər kəsə bəlli oldu. Heydər Əliyev sübut etdi ki, siyasət
naşıların zənn etdiyi kimi asan məsələ
deyildir. Hətta ən keşməkeşli
zamanlarda belə, Azərbaycan xalqının müstəqil
olmaq hüququnu təmin edə bilmək böyük sənətdir.
Bu gün də Heydər Əliyevin müəyyən
etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə
qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da
gücləndirir. İndi Heydər
Əliyev ideyaları Azərbaycan dövlətinin strateji
inkişaf xəttinin ideoloji əsaslarını təşkil
edir.
Onun xalqımız, Vətənimiz qarşısında ən
böyük və müqəddəs borcu onun məmləkətimizin
nailiyyətlərini gələcəkdə yaşatmaq və
daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli
bir varisi - İlham Əliyevi yetişdirməsidir. Belə ki,
İlham Əliyev türk dünyasının ən qüdrətli
sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi
liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində
bərkimiş, yetkin dövlət başçısı
olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir.
Əgər indi Ulu öndərin siyasi varisi, layiqli
davamçısı İlham Əliyev bütün
varlığı ilə müstəqil Azərbaycanımızın
siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində
həlledici əhəmiyyətə malik işlər
görürsə, deməli, Heydər Əliyev ideyalarının
həyata keçirilməsi başlıca vəzifə kimi
öz aktuallığını saxlayır və xalq da öz
Prezidentinin həyata keçirdiyi məqsədyönlü
siyasəti dəstəkləyir. Artıq bu bir
reallıqdır ki, Azərbaycan Ümummilli liderimizin müəyyən
etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir,
dövlətimiz gənc və dərin zəkaya malik liderlə
daha sürətlə inkişaf edir. Azərbaycan
getdikcə qüdrətli və dayanıqlı ölkəyə
çevrilməklə dünya miqyasında öz mövqeyini
və yerini möhkəmləndirir.
İsgəndər HƏSƏNOV
Yazı Yeni Azərbaycan Partiyasının
"Heydər Əliyev İli" çərçivəsində
jurnalistlər arasında "Heydər Əliyev və yeni Azərbaycan"
mövzusunda elan etdiyi fərdi yazı müsabiqəsinə təqdim
edilir
525-ci qəzet.- 2023.- 31 may.- S.13.