O gün mütləq gələcək
Səhərimiz açılır və yurdun dörd
bucağındakı minlərlə məktəbdə yüz
minlərlə uşaq yeni günü sevimli Millət Şərqisi
ilə başlayır, səs-səsə verib ürəklə
Dua Nəğməni - himnimizi oxuyur. Əlbəttə ki, böyüklərə
nisbətən qat-qat məsum, hələ günahlara az batmış, Allaha daha yaxın
uşaqların Vətən boyu təqribən eyni anlarda
qovuşub güclənən, yüksələn sədası
İlahi Ünvana daha tez yetişər. Oxuyurlar, Azərbaycançün
dua edirlər, Vətənə, millətə gələcəklər
içində indi gələndən də gözəl
sabahlar diləyirlər: "Sən olasan gülüstan!.."
Doğma
yurdun hər qarışının əlvan çiçəklərli,
həyat eşqi saçan tər-təzə
yaşıllıqlı gülüstana dönməsindən
gözəl nə arzu olar! Amma bu Vətənin tarixində və
taleyində düyünlü xatirələri ilə yaddaş
göynədən bir ayrı gülüstan da var axı!
Torpağımızın ən əvvəl Vətən olduğu
üçün əziz sayılmalı daha bir
parçası, göyçək adlı Gülüstan ki, nə
qədər əziz olsa da, xalqın bəxtindəki əzazil
bir qəsdin baş verdiyi məkan kimi həm də daim
qarğıyaraq anılır. Yerin-yurdun nə təqsiri
ki, ona yaxşılıq-yamanlıq möhürünün
vurulmasının baisi insanlar olur. Gülüstan
Qarabağın yüzlərlə kəndindən biriydi.
1813-cü ilin 12 oktyabrında bir
bağlaşmaya qonan iki yad imzayla Azərbaycan Çar
Rusiyası ilə şahlıq İranı arasında ikiyə
bölündü və 1828-ci ilin 10 fevralında Təbriz həndəvərindəki
Türkmənçay kəndində qollanan ikinci sövdələşmə
ilə faciəli aqibət kökündən həll edildi.
Azərbaycanın böyük parçası
Arazın o tayında, kiçik parçası Xudafərinin
bu tayında qaldı. Və artıq iki əsrdən
çoxdur ki, ayrılıq davam edir. Ürəyin
bir parçası orada, bir parası burada. Zaman-zaman siyasətlər
ürəyin o yarısı ilə bu hissəsinin
arasındakı uçurumları dərinləşdirib, elə
dərdli əyyamlar da yetişib ki, adam nədir,
quş quşluğuyla o taydan bu taya adlaya bilməyib.
Müxtəlif vaxt kəsiklərində burada - bizlərdə
Güney mövzusunun açıqlıq həddi İranla
münasibətlərimiz nəzərə alınaraq fərqli
olub. Bəzən yasaq, hərdən yarımqapalı,
ara-sıra da asudə. Dəlillərin təsdiqlədiyi
odur ki, hər halda Heydər Əliyev dönəmi bu
baxımdan darvazanın getdikcə daha gen açılması
ilə xüsusilə seçilib. Məhz onun Sovet Azərbaycanına
başçılıq etdiyi vaxtlarda respublika radiosunun xarici
ölkələr üçün verilişlər
hazırlayan bölməsində ayrıca "Cənubi Azərbaycan
redaksiyası", Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda "Cənubi Azərbaycan tarixi", Ədəbiyyat
İnstitutunda "Cənubi Azərbaycan ədəbiyyatı"
şöbələri yaradılıb, güneyli siyasi
mühacirlərin nəzm və nəsr əsərləri bir
kitabxana dolduracaq qədər bolluca nəşrlərə
çevrilib.
Bütün başqa səbəblərdən savayı
burada bir incə məqam da, söz yox ki, təsirini buraxmaqda
idi. Heydər
Əliyev Azərbaycan Respublikasına rəhbərliyə
ömrünün 25 ilini həsr etdiyi Dövlət Təhlükəsizliyi
Komitəsindən gəlməsi və yolunun lap əvvəlindən
də bütövlükdə İran, özəlliklə Cənubi
Azərbaycan məsələlərinin daim iş gündəliyində
yer alması, 1950-60-cı illərdə Azərbaycan gənclərinin
gizli təşkilatlarında Güney və Quzeyin birləşməsi
uğrunda mübarizələrin nə kimi təzahürləriylə
əksini tapmasından ayrıntıları ilə bilgili
olması, Kremlin də bu istiqamətdə həm gizli - kəşfiyyat,
həm də açıq - dövlət siyasəti hərəkətləri
və gözləntilərindən yerli-yataqlı xəbərdarlığı
ona arxayınca ən məlumatlı güneyşünas
adlandırılacaq qədər üstünlük verirdi. Ona
görə də ayrı ən yüksək vəzifə
sahibi, hətta birinci katib, baş nazir səviyyəsinəcən,
ənənəvi idarəçilikdən gələn
mühafizəkarlığının buxovlarından Heydər
Əliyev daha azad idi, nəyi hansı həddədək
deyib-yaza bilməyin, haracan hərəkət etməyin əndazələrindən
düzgün baş çıxarırdı. Ona
görə də çevrəni daha geniş götürmək
gücündə və imkanında idi. Bunların da
üstünə gəl onun risklərə mail şəxsiyyət
olması amilini, milli maraqlarla sovet dövləti tələblərinin
çox nazik xətti üzərində cızıqdan
qırağa çıxmamaqla iş görə bilmək
istedadını. Yəqin, elə bundandır ki,
məhz Heydər Əliyev dönəmində Güney məsələləri
ilə irəliləyişlər ondan əvvəlki və
sonrakı dövrlərlə müqayisədə daha çox
gözə dəydi (Hələ nə qədər də
açıqca gözə görünməyənləri
vardı).
Mənzərəni aydınlığı ilə təsəvvür
etməkçün gərək hər şeyi lap əvvəldən
izləyəsən. O uzaqları görməkdən ötrü
açası münasib pəncərə də var.
Hər
ilin sonunda Azərbaycan KP MK Ümumi şöbəsində
siyasi mühacirlər və onlara bərabər tutulan şəxslərlə
bağlı "məxfi" qrifli sənədlər
ayrıca toplanaraq cildlənib və həmin üzdən
qaradinməz, amma dindirincə dilli-dilavər sənəd-şahidlər
o mənzərəni cızır ki, yolun əvvəlində
-- Heydər Əliyev rəhbərliyə başlayıb bu sahəni
də artıq respublikanın başçısı kimi
birbaşa nəzarətə götürəndə vəziyyət
nə təhər idi və 1980-ci illərin əvvəllərində
-- o, Bakı ilə xudahafizləşib Kremldə vəzifəyə
keçəndə işlər hansı mərtəbəyə
gəlib çatmışdı?
1970-ci il yanvarın 1-nə olan məlumata görə,
Azərbaycan Respublikasındakı siyasi mühacirlərin
sayı 2.810, onlara bərabər tutulanların miqdarı 1.966
nəfər idi. Qeyd edilirdi ki, onlardan 709 nəfəri ali məktəblərdə, 487 nəfəri
orta ixtisas məktəblərində təhsil alır və
bunlardan da ali təhsil almağa 1969-cu ildə başlayanlar
118, texnikumlara girənlər 126 nəfərdir. Digər sahələrdə
nisbətən əsas nəzərəçarpan nəticə
elə təhsil sahəsində olduğundan başlıca
ağırlıq bu səmtə yönəldilir, tablo bir az
tam və effektli görünsün deyə siyasi mühacir
uşaqlarına fars dilini öyrətməkçün Seyid Cəfər
Pişəvəri adına 4 saylı internat məktəbdə
xüsusi kurslar açıldığı, orada nə qədər
öyrəncinin həftədə neçə saat dərs
aldığı bildirilir. Hər hesabatda ayrıca bölmədə
siyasi mühacirlər sırasında kadr
hazırlığının gedişi ilə əlaqədar məlumatlar
da ətraflı təqdim edilir və burada da 1967-1969-cu illərdə
müxtəlif sahələr üzrə Bakı, Sumqayıt,
Əli Bayramlı (indi Şirvan), Gəncə, Quba, Xanlar,
Şəki, Şamaxı, Bərdə və digər rayonlarda
cəmi 451 mütəxəssisin yetişdirildiyi xəbər
verilir.
Növbəti
ildən bu rəqəmlər artmağa başlayacaq və
siyasi mühacirlərlə bağlı görülən
işlərin dairəsi xeyli genişlənəcək, siyasi fəaliyyətlər
üstünlük təşkil etməyə başlayacaq və
bu zümrədən olan adamların vəzifələrdə
irəli çəkilməsi, mükafatlandırılması,
mənzil şəraitinin
yaxşılaşdırılması ilə bağlı
müraciətlər kəskin şəkildə artacaq, o
ricalara əməl edilməsi də daha rəvan bir məcraya
yönələcək. 1981-ci ilin yanvarında tərtib
olunmuş hesabatda siyasi pənahəndələrin sayında
ciddi bir fərq yoxdur. 10 ilə
ölüm-itim də olub, köçüb xaricə gedən
də, təzə gələnlər də. İndi siyasi mühacirlər 2.415, onlara bərabər
tutulanlar 1.803 nəfər idi, cəmi 4.218. Lakin görülən işlərin həcmi o qədər
artıb ki, daha köhnə-təzə rəqəmləri yanaşı
qoyaraq müqayisə etməyə də gərək yoxdur.
Təfavütü elə ilk baxışdanca duyursan...
Elə bircə göstərici nəyə desən dəyər. Çünki
ən həssas məsələyə -- mənzil təminatına
aiddir. Bakıda və bölgələrdəki
siyasi mühacirlərin bu yöndə ehtiyacları tamamilə
ödənmiş kimidir. 1.036 nəfərin
fərdi evi var, 3.156 nəfər də dövlətin
ayırdığı mənzillərdə yaşayır.
Güneyli siyasi mühacirlər və həmin
zümrəyə aidlərdən mənzil məsələsi
ilə bağlı müraciətləri baxılmaqda olanlarsa
vur-tut 198 nəfərdir ki, onların da əslində mənzili
var, sadəcə şəraitlərini
yaxşılaşdırmaq, daha çox otaqlı mənzillər
əldə etmək niyyətindədirlər. O dövrdə,
ondan sonrakı neçə ildə də ta sovet çökənəcən
mənzil sıxıntısı çox vətəndaşımızın
əsas qayğısı idi. Ev növbəsində
illərlə bəxtinin açılacağı saatı
gözləyən minlərlə insan vardı.
Yalnız evmi? Nə qədər adam mənzilinə
telefon çəkilməsi intizarında idi.
Heydər
Əliyevə Azərbaycan Demokrat Firqəsi rəhbərliyindən
göndərilən məktublarda haqqında söz
açılan şəxslərin böyük əksəriyyəti
respublikanın yeni rəhbərinə yaxşı tanış idi və onların kimliyinə,
faydalılıq dərəcəsinə qədərincə bələd
olduğundan xahişlərlə bağlı hansısa qərara
gəlməkçün əvvəlcə həmin şəxslərlə
əlaqədar müfəssəl arayışların
hazırlanmasını tələb etməyə lüzum yox
idi. Heydər Əliyevin heyrətli dərəcədə
möhkəm hafizəsinin etibarlı "kartotekasında"
lap çoxdan onların əksərinin ayrıca rəfi,
indinin diliylə desək, öz faylı vardı və
müraciət məktubundakı ad gözünə dəyən
kimi həmin şəxsin ömür və fəaliyyət
lenti yaddaşında dolanmağa başlayırdı.
Azərbaycan
Demokrat Firqəsi Mərkəzi Komitəsindən, Siyasi Pənahəndələr
Cəmiyyətindən respublika rəhbərliyinə yollanan məktublarda
"atalıq qayğısı" deyiminə tez-tez tuş
düşülür. Bu ifadəni təşbih
yox, elə əsl həqiqət kimi qəbul edin. Çünki uşaq nə təmənnası olursa,
arxayınca bütün sualların açarı
saydığı valideyninə üz tutan kimi, firqə rəhbərliyi
də siyasi pənahəndələrin irili-xırdalı hər
müşkülünün çözülməsindən
ötrü Heydər Əliyevə iltimas məktubu göndərirmiş
və yubadılmadan da umduqları atalıq
qayğısını hiss edirmişlər.
Heydər Əliyevin Güney məsələləri ilə
bağlı yürütdüyü siyasətin bir
çalarına da göz atmaq yersiz olmaz. Ara-sıra
güneylilərlə ilgili hansısa mövzu Mərkəzi
Komitə Bürosuna da çıxarılırmış, təfsilatı
ilə baxılırmış, amma heç də Heydər
Əliyevə onlardan gələn hər məktub
açıq müzakirə müstəvisinə
çıxarılmırdı. Heydər
Əliyevsə səy edirmiş ki, respublika rəhbərliyindəkilər
bu işlərdən hali olsunlar, Güney məsələləri
daim onların da fikrində dolaşsın. Həm də bu yazılmamış qaydanı elə
respublikaya başçılıq etdiyi ilk çağlardan
müəyyənləşdiribmiş.
1970-ci il iyunun 23-də Heydər Əliyevə ADF MK sədri
Qulam Danişyandan növbəti məktub yetişir. Bu məktubda
hər hansı xahiş yoxdur, keçilmiş mübarizəli
yola baxış, olub-keçənlərin təhlili var.
İran Kommunist Firqəsinin yaradılmasının 50 illiyinin
qeyd edildiyi günlərdə ADF sədri dünənə
boylanır, bu gün olduğu kimi, dünənlərdə də
quzeyli qardaşların arasıkəsilmədən onlara bəslədiyi
məhəbbət və simsarlığın tarixi mənası
və dəyərindən bəhs edir: "İran inqilabi hərəkatı
əsrimizin ilk illərindən Qafqaz xalqları və
xüsusilə Bakı proletariatının sinfi mübarizəsi
ilə sıx bağlı olmuş və həmişə
onların qardaşlıq köməyini hiss etmişdir.
Həmin mübarizəni davam etdirən biz iranlı
siyasi pənahəndələr uzun illərdir ki, qan qardaşlarımızın
bizə göstərdikləri ürək məhəbbətlərini
və qardaşlıq qayğısını
görürük, onun səmərəsindən istifadə
edirik. Sizi bir daha əmin edirik ki, bizə göstərdiyiniz
sevgi və tükənməz qayğıya vətən
azadlığı uğrunda fədakarcasına mübarizə
aparmaqla cavab verəcəyik. Gənclərimiz
sovetlər ölkəsində əldə etdikləri bilik və
təcrübədən xalq səadəti uğrunda istifadə
etməklə sovet xalqına və elminə həmişə
minnətdar olacaqlar".
Bu, bir raport idi, yenilməz əsgərlərin növbəti
dəfə içdiyi and idi, həm də açıq
işarəydi ki, biz yeni nəsillərimizi də elə
öz ruhumuzda yetişdirmişik, deməli, mübarizə
yolumuzu da onlar davam etdirəcək".
Belə məktubların
içərisində yer alan və
dövrün ideoloji ab-havasını əks etdirən
kommunist, sovet ahəngli deyiş tərzi və ayrı-ayrı
o qəbil ifadələr heç kəsi diksindirməsin. Özəkdə dayanan xalqın azadlığı
uğrunda çarpışmaq amalıdır, qalan hər
şey vasitədir.
Heydər
Əliyev bu məktubu oxuyunca üstündə dərkənar
qoyur: "Xahiş edirəm Büro üzvlərini tanış edin".
Bu da onun sabit öyrətmə, dərs üsullarından
idi - ətrafındakıları bəlli cazibə dairəsində
saxlamaq, səmt küləyi ilə onları gərəkli
saydığı sahələrə istiqamətləndirmək,
vacib mövzulara kökləmək, alışdırmaq. "Alışdırmaq"
sözünün həm "adətkərdə etmək"
anlamında həm həvəsləndirmək,
qızışdırmaq, içəridən alovlandırmaq mənasında.
...Bu adlar
hamısı mənə əzizdir. Keçmiş müəllimlərim, iş yoldaşlarım,
dostlarım, yaxınlarım. Bu xahiş ərizəsi
Əhməd Şəfai ilə bağlı yazılıb.
Digər müraciət Həmid Məmmədzadə
haqqında, ayrı bir xahiş məktubu Əli Tudə, bir digəri
Həsən Əblüc, bir özgəsi Lətif Hüseynzadə,
bir başqaı Əli Şəmidə ilə əlaqədar.
Hərəsi əvəzsiz bir şəxsiyyət,
hərəsi çətin bir tale yiyəsi.
O
xahişlər ki Heydər Əliyevdən siyasi pənahəndələrə
görə edilirdi, dövlətin imkanları daxilində onlar
xırda məsələlərdi, lakin bu insanların heç
biri sıravi adam deyildi və Heydər
Əliyev işin içərisində olan rəhbər kimi
bilirdi onların hər birinin necə yüksək gərəklilik
potensialı, ali faydalılıq əmsalı var. Həm də
yalnız Azərbaycan miqyasında yox!
Mərkəzi Komitənin Birinci katibinə, illah da Heydər
Əliyev kimi şəxsiyyətə bir qədər
aşağı səviyyədə də həll oluna biləsi
bu cür müraciətlərin edilməsi nabələd adama
çeçin də gələ bilər. Ancaq bu cür məktublar
yazılırdısa, demək, səlahiyyəti də o
özü vermişdi: irili-xırdalı nə dərd-səriniz
oldu yazın.
Elə bunun özü mahiyyətcə kiçik
respublika başçısı səviyyəsinə
qaldırılması rəva olmayan məsələ deyilmi?
Elmlər Akademiyasında işləyən bir siyasi
mühacirə əlavə olaraq Azərbaycan Dövlət
Universitetində dərs demək üçün Heydər
Əliyevdən kömək istənilir.
1973-cü
ilin 24 dekabrında Mərkəzi Komitəyə İranlı
Siyasi Pənahəndələr Cəmiyyəti Azərbaycan
şöbəsinin sədri Ə.Rəhmaninin imzası ilə
daxil olan məktubda Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi, Azərbaycan Dövlət
Universitetində saathesabı dərs deyən Əli Kəlavejin
ora yarımştat işə götürülməsinə
köməklik göstərilməsi rica olunurdu. Əli Kəlavej mənim müəllimim olub, elə
həmin dövrdə universitetin şərqşünaslıq
fakültəsində bizə dərs deyirdi. Onun nə qədər müstəsna sima olduğunu
o vaxt hələ çoxları bilmirdi, hətta hər
gün işə gəldiyi akademiyanın Yaxın və Orta
Şərq Xalqları İnstitutunda da. Mükəmməl
savadlı, ərəb, fars, rus, alman,
fransız dillərini mükəmməl bilən, kübar, mədəni
bir insan idi. Elə ilk mühazirəsindəncə
bir ifadəsi yadımızda qaldı və zarafat mövzusu
kimi düşdü dilimizə. Tələbə
yoldaşlarımızdan kimsə elə yerindən
danışanda Əli müəllim onu nəzakətlə
intizama dəvət etmişdi: "Sözünüz olanda əlinizi
qovzayın".
Əli Kəlavej milliyyətcə kürd idi və mən
tələbə vaxtımdan XI əsrin filosof şairi,
dübeytiləri orta əsrlərdən İranın müxtəlif
tayfaları, o sıradan kürdlər arasında da geniş
yayılmış Baba Tahir Üryanı
araşdırırdım. Dildə-ağızda
dolaşdıqca bu dübeytilərə bir para əski kürd
kəlmələri də qarışmışdı, həm
də o kəlmələr ləhcə və şivələrdən
bu misralara qatışdığından, indi lap
anlaşılmaz idi. Əli müəllimin
kürd olduğunu bilincə bir gün həmin şeirlərdəki
başa düşmədiyim kəlmələri göstərib
mənalarını soruşdum. Elə həmin
gündən də isinişdik, mehriban münasibətlərimiz
yarandı və o nurlu insanı hərəsi təkrarsız və
parlaq şəxsiyyət olan digər müəllimlərim
kimi həmişə sevgiylə xatırlayıram.
Əruzu yaxşı öyrənməyim üçün
haqqımda zəmanət verərək məni iş
yoldaşı Əkrəm Cəfərin yanına göndərmişdi,
beləcə, ömrümdə silinməz izi qalacaq ən əvəzsiz
ustadlarımdan biri ilə tanışlığımın
xeyirxah səbəbkarına çevrilmişdi. Yay tətilində
Leninqrada (indiki Sankt-Peterburq) SSRİ Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun arxivində işləməkçün
gedəcəyimi deyəndə mənə bir məktub
yazıb vermişdi, demişdi ki, məşhur alim Məhəmməd
Mokri də bu yay 1 ay orada olacaq, həmin arxivlərdə
işləyəcək, yaxınlaşarsan, bu
kağızı verərsən ona, axşam ona əlavə məktub
da yazacağam, o, Paris Universitetinin professorudur, böyük
şərqşünas alimdir, sənə çox köməyi
dəyər.
O yay Mokri
ilə də tanış oldum, biliklərindən
də bəhrələndim, sonra yazışmağa
başladıq, mənə kitablarını da göndərirdi.
Mokrinin xanımı rus idi, Sovet İttifaqı
ilə bağlılıqları çoxdu. Yalnız üstündən illər ötəndən
sonra onun da, Əli Kəlavejin də əslində yalnız
sanballı alimlər deyil, böyük siyasət, inqilab
adamları olduqlarını bildim. 1979-cu il
İran inqilabı baş verəndən lap az sonra İran
İslam Cümhuriyyətinin SSRİ-də səfiri kim təyin
olunsa yaxşıdır? Həmin Məhəmməd Mokri! Əli Kəlavej də 1970-ci illərin sonlarında
Almaniyaya getmişdi, Hezb-e Tudənin liderlərindən biri kimi
Leypsiqdə qaynar fəaliyyətdə idi. Bütün
bunları yazmağımı əsas mətləbdən
aralanma deyə qiymətləndirməyin. İş
ondadır ki, biz bütün bunları çox sonradan bildik,
amma Əli Kəlavejin kim olmasından Heydər Əliyev elə
o vaxtlar yaxşı agahmış, münasibətləri də
varmış, Hezb-e Tude-ye İranın sədri İrəc
İskəndərinin xanımı ilə Bakıya səfərə
gəlməsi üçün vasitəçilik edənlərdən
biri də o olubmuş. İran Xalq Partiyasının SSRİ-də
və sosializm düşərgəsi ölkələrindəki
bütün təşkilatlarının fəaliyyətini
dayandırması haqda qərar qəbul etməsindən sonra
baş tutan həmin gəliş, Tudə liderinin Heydər
Əliyevlə görüşünün və söhbətlərininsə
Kremlin ağır zərbə kimi qəbul etdiyi həmin qərarın
ləğvinə gətirib çıxarmasının,
ardınca isə o təşkilatların daha vüsətli
çalışmalara başlamasının hansı beynəlxalq
siqlətli bir əməliyyat olmasınınsa, yəqin ki, fərqindəsiniz.
Heydər Əliyevlə tanışlıqları barədə
Əli Kəlavej özü mənə
danışmışdı. Bir dəfə şikayətləndi
ki, mənin sizin fakültədə dərs deməyimə
qısqanc yanaşanlar var, növbəti dərs ilindən saat
vermək istəmirlər, bəhanələri də budur ki, sən
ədəbi Azərbaycan dilini yaxşı bilmirsən, Cənub
ləhcəsində, loru dildə danışırsan. Mən də qayıtdım ki, axı mən şərqşünaslara
siyasi iqtisadı öyrədirəm, onlara mühazirələr
oxuduqca Şərq ölkələrinin siyasi-iqtisadi təfəkkürü
ilə bağlı da elə məlumatlar verirəm ki, bunlar nə
dərsliklərdə var, nə də universitetin həmin
kafedrasında bunları bilən müəllim tapmaq
mümkündür. Əlavə də elədi
ki, mən Heydər Əliyevə müraciət edə bilərəm,
köməyini də əsirgəməz, amma belə məsələdən
ötrü o boyda insana ağız açmağa üzüm
gəlmir.
Ağız
açmayıbmış, amma indi artıq əziz Əli Kəlavej
ustadın qətlindən 40 ilə yaxın vaxt keçəndə
Siyasi Pənahəndələr Cəmiyyətindən gələn
məktubla təsadüfən rastlaşarkən görürəm
ki, onun əvəzindən bunu ediblərmiş. Heydər
Əliyevin də tanış
adı-soyadı görüncə göstərişi ani
olubmuş. Təhsil Nazirliyinə, universitetə və Elmlər
Akademiyasına bu istəyi müsbət həll etmək
tapşırılıbmış.
(İran
Tudə Partiyasının nəşri olan və 2017-ci ildə
buraxılmış farsca "Tudə şəhidləri"
kitabının ikinci cildinin yazmasınca, Əli Kəlavej 1922-ci
il doğumlu idi, gənc yaşlarından xalq azadlıq hərəkatına
qoşulubmuş, İranda bizim kimi Milli Hökumətini
qurmuş azad Kürdüstan 1946-cı ildə onu da bir dəstə
başqa cavanla yanaşı təhsilini davam etdirmək
üçün SSRİ-yə göndərir, ancaq bizimki kimi,
onların da milli muxtariyyəti amansızca devrilir və
Əli Kəlavej Sovet İttifaqında qalası olur. Avropada
1980-ci illərin əvvəllərində yenə
barışmaz ideoloji mübarizəsini aparmaqda davam etsə də,
İran onu 1983-cü ildə həbs etməyə müvəffəq
olur, nə qədər işgəncələr versələr
də, əqidəsindən dönmür və 1988-ci ildə
bu mərd şəxsiyyəti - sonacan mətin
inqilabçı olaraq qalan Əli Kəlaveji edam
edirlər).
Bunu isə xahişsiz-filansız, müraciət gözləmədən
özü irəli düşərək etmişdi. Balaş Azəroğluya
Xalq şairi adı vermişdi, Moskvaya da şairin "Xalqlar
dostluğu" ordeniylə təltif edilməsindən
ötrü təqdimat yollamışdı. Xalq şairi adına layiq görülməsinin qəfilcə
baş verməsini özü belə nağıl edirdi:
"1981-ci il may ayının 12-si idi. Axşam
"Kommunist" qəzeti redaksiyasından mənə telefonla
dedilər ki, sizin haqqınızda qəzetdə fərman
gedir, dəqiq adınızı, familiyanızı
deyin. Soruşdum ki, xeyir ola, bu nə fərmandır
belə? O da məndən soruşdu ki, məgər bilmirsiniz,
sizə "Xalq şairi" fəxri adı verilib, qəzetdə
çap olunur, sabah oxuyarsınız".
Balaş
Azəroğlu ona "Xalq şairi" fəxri adı və
ordenin təqdimi mərasimində Heydər Əliyevə şəxsən
təşəkkür etmişdi, ancaq bu advermənin yüksək
tarixi mənasımı dərk edən şair elə yazı
olaraq onun imzası ilə tarixdə də qalsın deyə
Heydər Əliyevə minnətdarlıq məktubu
ünvanlamışdı: "Hörmətli Əliyev
yoldaş! Azərbaycan poeziyasının
böyük ümmanında mənim bir zərrə olan
yaradıcılığıma göstərdiyiniz bu atalıq
qayğısını mən imperializmə və
şahlıq diktaturasına qarşı ardıcıl
mübarizə aparmış demokratik ədəbiyyatımıza
və onun yaradıcılarına olan qayğı və verilən
qiymət kimi qəbul edirəm. Azərbaycan
xalqının sevimli rəhbəri Heydər Əliyev
yoldaş, qələm dostlarım və şəxsən
öz adımdan Sizə təşəkkür edir,
xalqımızın xoşbəxtliyi naminə uzun ömür
və müvəffəqiyyətlər arzulayıram!"
Balaş
Azəroğlunun "Xalq şairi" adına
layiq görülməsi bir ilk idi. O, əvvəlinci güneyli
şair idi ki, Azərbaycan Respublikasında bir ədib
üçün ən yüksək mükafatlandırma
sayılacaq bu rütbəyə yetirdi. Ona qədər
"Xalq şairi" adı cəmi 6 qələm sahibinə
-- Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza,
Məmməd Rahim, Mirvarid Dilbazi, bir də Nigar Rəfibəyliyə
qismət olmuşdu. Bu şərəfləndirmə
o zaman Cənubi Azərbaycanda da güclü əks-səda
doğurmuşdu. ADF-nin sədri Əmirəli
Lahrudi də bu münasibətlə bütün firqəçilər
adından minnətdarlıq ifadə etməyi borc
saymışdı. O, 1981-ci il 26 may
tarixli məktubunda belə yazırdı: "Hörmətli
Əliyev yoldaş! Öz şüurlu həyatını Azərbaycanın
mübariz şeirinin inkişafına həsr edən görkəmli
şair Balaş Azəroğlu yoldaşa Xalq şairi fəxri
adı verilməsi Sizin Cənubi Azərbaycan xalqına, onun
milli və demokratik ədəbiyyatına Cənubi Azərbaycanın
ədib və şairlərinə, o cümlədən,
mühacirət illərində demokratik ədəbiyyatımızın
yazıb-yaradan nümayəndələrinə göstərilən
atalıq qayğısıdır. Bu böyük qayğı
və etimada görə Hizb-e Tude-ye İranın Azərbaycan
təşkilatı - ADF-nin Mərkəzi Komitəsi adından
Sizə və Sizin simanızda qan qardaşlarımıza
öz təşəkkürlərimizi və dərin minnətdarlığımızı
bildirək və Sizi əmin edək ki, şair və
yazıçılarımız bu atalıq
qayğısına xalqımızın mübarizəsinə
layiq yeni-yeni əsərlər yazmaqla cavablar verəcəklər".
Hər
addımında adətən bir neçə hədəfi
nişan alan Heydər Əliyev 60 yaşının
tamamında Balaş Azəroğluya belə diqqət göstərməklə
bir tərəfdən onun poeziyasına və şəxsiyyətinə
rəğbətini, sayğısını ifadə edirdisə,
digər tərəfdən də buna həmin dövrdə
getdikcə respub1ikanın dövlət siyasətində daha
artıq qabartmağa çalışdığı Güney
məsələsindəki təsirli addımlardan biri kimi
yanaşırdı. Təşəkkür edənlər
- Azəroğlu da, Lahrudi də düz yazırlar - bu təltif
bir adama yönəlmişdisə də, əslində
bütün güneylilərin ədəbi fəaliyyətlərinə
dövlət diqqətinin bariz ifadəsi kimi də mənalandırılmalı
biçimdə idi.
Etdiyi böyük yaxşılıqlarla minnətdar etməyi
bacaran Heydər Əliyev özü də ona göstərilən
hər kiçicik belə diqqətə böyük dəyər
verirdi. Bu iki məktubu da o, sadəcə növbətçi
qaydada göndərilən razılıq yazıları kimi
qavramamışdı, oxuyunca ürəyində ədəbiyyatımızdakı
güneylilər qanadının inkişafına bir qədər
də dəstək vermək istəyi yaranmışdı.
O çağlar Mərkəzi Komitədə ideologiya məsələləri
üzrə katib işləmiş Həsən Həsənov təsdiqləyir
ki, Yazıçılar Birliyində 1981-ci ilin iyununda
ayrıca Cənubi Azərbaycan bölməsinin
yaradılması, həmin bölmə üçün də
katib ştatının ayrılması Heydər Əliyevin
sırf öz təşəbbüsü idi.
Ya baxın Heydər Əliyevin nəhəngliyinə və
ondan edilən bu təvəqqenin kiçikliyinə. "İranlı
siyasi mühacir Şahin (İbrahimov) Tağı
Əbülqasım oğlu İran Kommunist Partiyasının
veteranlarından biridir. O, Kommunist Partiyasının
üzvü olduğu üçün 1937-ci ildə Rza şah
dövləti tərəfindən həbs edilmişdi. Azərbaycan Milli Hökuməti dövründə
Baş nazir Seyidcəfər Pişəvərinin köməkçisi
işləmişdir. Hazırda Elmlər
Akademiyasının Yaxın və Orta Şərq Xalqları
İnstitutunda baş elmi işçi vəzifəsində
çalışır, tarix elmləri doktorudur".
1981-ci ilin aprelidir. İndi adama qəribə gəlir - hər
kəsin mənzilində də telefonu var, üstəlik, ailə
üzvlərinin də adambaşı öz cib telefonu. O
illərdəsə hələ mənzilə telefon çəkilməsi
də asan iş deyildi, xüsusən Bakıda mənzilində
öz adına ayrıca telefonu olmaq balaca
bir xoşbəxtlik hesab edilirdi. Heydər
Əliyev ləngimədən "Həll edin" göstərişini
verir və Mərkəzi Komitənin bu sahə üzrə
cavabdeh katibi də müraciəti dərhal icraya yönəldir.
Çünki Tağı Şahinin şanlı tərcümeyi-halı
ilə bərabər necə kamil alim olmağından da məlumatlı
idi və güneylilərin xətrini əziz tutması öz
yerində, bu nurani alimə həm də bitkin elminə görə
qayğıkeş yanaşmanı zəruri hesab edirdi.
...Heydər
Əliyevin apardığı Güney siyasəti bütün
yönləriylə o qədər qabarıq, həm də bunu
görməli olanların görməyə bilməmələri
üçün o qədər nümayişkaranə idi ki, bu
xətdən xoflananlar səsini çıxarmaya bilməzdi. Bu səslərdən biri Mehrdad Azəri adlı
müəllifin "Azərbaycan və nəğmeha-ye taze-ye
estemargəran" ("Azərbaycan və
istismarçıların yeni nəğmələri")
adlı kitabından gəlməkdədir.
Heydər
Əliyev Bakıdan ayrılaraq Moskvaya -- SSRİ Nazirlər
Sovetinin birinci müavini vəzifəsinə aparılanda
1982-ci il noyabrın 23-də BBC radiosu
yaydığı xəbərdə Kreml ucalıqlarına
qalxan azərbaycanlının ötən ilin yayında xarici
diplomatlarla görüşündə toxunduğu bir məsələyə
xüsusi diqqət yönəldərək
vurğulamışdı ki, Heydər Əliyev iki Azərbaycanın
birləşməsi tərəfdarıdır. BBC-nin ingiliscə
olan bu reportajını ertəsi gün radionun İran
redaksiyası da farsca yaymışdı: "O
görüşdə Heydər Əliyev diplomatlara söyləyib
ki, iki Azərbaycan birləşməlidir. O bildirib ki, bu, onun
şəxsi qənaətidir, həmin birləşmənin
hansı şəkildə həyata keçəcəyini isə
Azərbaycan xalqı özü müəyyən
etməlidir".
Heydər Əliyev aydın həqiqəti, hər kəsin
ağlından keçməsi mümkün olan mülahizəni
dilə gətirmişdi. Bu bəyanatın BBC dalğalarından
eşidilməsi, İran mətbuatında tirajlanması,
canlara vəlvələ salması isə həmin sözlərin
məhz Heydər Əliyevin dilindən səslənməsi
idi. Çünki hansı sözü,
hansı fikri kimin deməsindən asılı olaraq həmin
sözün də, fikrin də çəkisi dəfə-dəfə
arta bilir.
...Əsliylə-köküylə Güneydən olan, amma Quzeydə əskilərdən yurd-yuva salan, artıq buralılaşmış, vətəndaşlıq haqqı qazanmış azərbaycanlılarla 1946-cı ildən sonra gələn, milli hərəkatla bağlı olmuş, siyasi pənahəndə aqibətli soydaşlarımız, əlbəttə ki, talecə fərqli təbəqələr idilər. Çox da ki, elə artıq buralılaşmış köhnə güneylilərin də o tayda qohum-əqrəbası vardı, onlar da oraların həsrətini çəkirdilər, yollar açıq olsaydı, məmnuniyyətlə gedib-gələrdilər. Hər halda şahlıq o köhnələri siyasi mühacirlər kimi düşmən saymırdı, onlarla işi yoxdu, hətta belələri nə sayaqsa viza alıb oyanlara səfərə çıxmaq imkanından da məhrum deyildilər.
Şahlıq tar-mar oldu, dünya dəyişdi, gün gəldi ki, bunlar da gedə bildilər. Ancaq hiss etdilər ki, onları azad buraxmayan, qıraqdan-bucaqdan onlara baxan, baxdıqca da sıxan gizli nəzərlər var. Daha əvvəlki Sazman-e Əmniyyət yox idi, indi Ettelaat vardı. Dövlət ki yenə İran dövləti idi, alt qatdakı milli siyasət də elə köhnə rəngində, ötənlərdəki axışında idi.
...Ömrün xəzan çağında bir gün yenə Balaş Azəroğlu ilə mənzilində oturmuşduq üz-üzə, təzəlikcə əməliyyat olunmuşdu. Mənə dolabdakı iri qara daşı göstərib soruşdu: "Bilirsən nədir bu?" Mən də: "Nədir ki?" -- dedim. Qayıtdı ki, bu daşı böyrəyimdən çıxarıblar. Həkim məəttəl qalmışdı ki, bu yekəlikdə, bu ağırlıqda daşı illərcə necə daşımısan".
Balaş müəllim bunu söylədi, sonra da qüssəylə dilləndi ki, bu daşı çıxarmağına çıxardılar, amma başqa, bundan da qat-qat ağır, iri daş ürəyimdən asılı qalır. Yəqin, elə mənimlə də birgə gedəcək. İran inqilabı baş verəndə sevinmişdim, ümidlərim artmışdı ki, bu gedişlə o tayla bu tayın birləşməsi də uzun çəkməz. Ancaq sonra buludlar qatılaşdı. Daha nə o birləşmək gününü, nə də Təbrizin 1946-cı ilin yazındakı bəxtəvər günlərinin təkrarını görməyə ömrüm çatar. Amma çox istəyərdim o günləri görüm. Mənə nəsib olmadı, barı nəvələrim görsün!..
...O Azərbaycanla bu Azərbaycanın gec-tez birləşəcəyi labüddür. Hərçənd bu, uzaq sabahlarda yerini tutacaq bir niyyətdir, amma ayrı bir dilək var ki, o, bizdən heç də aralı olmayan gələcəkdə sayrışmaqdadır. Arxa bir yol gəlmiş su ora əvvəl-axır yenə döndüyü kimi, Güney Azərbaycanda da təzədən Milli Hökumətin qurulacağı, ora istiqlalın bir daha qayıdacağı çox da iraqda olmayan həqiqətdir.
O günün gəlişini bu yolda can qoymuş, ən ixtiyar sinlərində də fədai ruhu və havası ürəklərindən və başlarından getməyən güneylilər də gözləyirdi, ömrünün yarım əsrdən uzun bir parçasında həmişə qəlbən cənublularla olmuş, həmin günün gəlişi naminə onillərcə çox unudulmaz zəhmətlərə qatlaşmış Heydər Əliyev də.
Onların ömür möhləti həmin əziz gü
nün yetişəcəyi günədək bitdi.
Dünyadan gedən hər insan özüylə hansısa gerçəkləşməmiş arzularını aparır və bu səbəbdən də hər bir insan nə qədər məsud ömür sürmüş olsa belə, həyatdan nigaran ayrılır.
Onlar da Güneylə bağlı ülvi istəkləri çin olmadan dünyanı nigaran tərk etdilər. Ancaq onlar sadəcə arzulamamışdılar, həmin bəxtiyar gün gəlsin deyə çox iş görmüşdülər, möhkəm təməllər tökmüşdülər. Özləri getdilər. Müqəddəs arzunun həqiqətə çevrilməsini görmək onlara nəsib olmadı. Həmin günsə gələcək. Mütləq gələcək!
28-29 may, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 31 may.- S.10-11.