7 gəmi üzərində şəhər

"QARA DAŞLAR" NECƏ ŞƏHƏRƏ ÇEVRİLDİ?

 

 

Neft daşlarına getmək üçün səhər 7:30-da Zığ Dəniz Limanına toplaşdıq. Bu səfərin ideyası 2 ay əvvəl "Neft daşları" qəzetinin 55 illik yubileyi münasibətilə baş redaktor Xeyrulla müəllimlə Mətbuat Şurasında keçirilən görüşdə yaranmışdı, uyğun hava şəraitini gözləmək məqsədilə bir az yubandı (Xeyrulla müəllimi sadəcə tanımaq, onunla ünsiyyət elə Neft Daşlarına qiyabi ekskursiyadır, bu möcüzəni Xeyrulla müəllimlə gəzmək isə təsəvvür edin necə bir zövqdür. İnsan nə qədər həlim, həzin, peşəkar, öz işini dəlicəsinə sevən və təbliğ edən biri olar- Xeyrulla müəllim bax bu obrazdır. Hər sahədə 3-4 Xeyrulla müəllim kimisi olsa, o sahəyə zaval olmaz).

Səfərə Qara Qarayev sərnişin gəmisində çıxdıq. Ümumiyyətlə, Neft daşlarına iki yol var - gəmi ilə və helikopter ilə. Gəmi əvvəllər Bakı Dəniz Vağzalından gedirdi, indi Zığ Dəniz Vağzalından yola düşür. Helikopter isə Zabratdan havaya qalxır, hamısı AZALa məxsusdur və müqavilə əsasında xidmət göstərir. Uzun illər Neft Daşlarına Sabit Orucov gəmisi işləyir, işçiləri aparıb-gətirirdi. O köhnə tipli gəmi idi və 6 saat yol gedirdi, qayıtmağı da elə o qədər çəkirdi. Bir müddət olar ki, İtaliya istehsalı olan sürətli sərnişin gəmisi alınıb. İndi bizi aparan Qara Qarayev gəmisi həmin müasir tipli gəmidir və bir tərəfə cəmi 2,5 saata gedir, çox rahatdır və gün ərzində bir neçə reys edir. Bu gəmidən daha ikisi var - Müslüm Maqomayev və Rəşid Behbudov gəmiləri. Bəxtimizdən Xəzər sakit idi, hava əla idi və "Qara Qarayev" gəmisi bizi ideal rahatlıqla Neft daşlarına gətirdi...

Yaxınlaşdıqca bu qeyri-adi şəhərin üstünə yox, altına baxırdım - bu boyda sistem, infrastruktur suda necə dayanır, necə bərkidilib? Çoxlu enli və möhkəm metal dirək suyun dibinə basdırılıb. Sonra öyrəndim ki, bir boru suyun dibinə basdırılır, sonra onun içinə ikinci boru salınır və içi ən dərin nöqtəyədək betonlanır. Zamanla sıradan çıxan bu dirəklər mütləq yenisi ilə əvəz olunur. Neft daşları elə bir yerdir ki, daim orada gedir -  nəsə təzələnir, nəsə dəyişdirilir və ya tam yenidən tikilir. Dirəklər bəzi yerdə 15 metr, bəzi yerlərdə 40 metr dərinliyə basdırılıb. Ümumiyyətlə, dənizin Neft daşları yerləşən hissəsi çox da dərin deyil.

Bir-birinə sıx yerləşmiş qalın dirəklərin üstündə bərqərar olmuş möcüzə şəhərə qədəm qoyuruq. Dar dəmir pilləkənlə yuxarı qalxırıq, burada bizi 2 avtobus gözləyir. Minib gəlirik helikopter gözləmə zalına, orada bizə qısa təhlükəsizlik təlimatı verilir. Sonra yenə avtobuslara minib gəlirik Neft daşlarının mərkəzi sayılan hissəyə.

Ağa Qurban Əliyevin abidəsi önündə Xeyrulla müəllim bizə Neft daşlarının tarixi haqda danışır. Neft daşları dünyada ilk neft platforması və dənizdən neftin sənaye üsulu ilə çıxarıldığı ilk yerdir. Bakıdan 110 km uzaqda yerləşir. Burada dənizin üzünə çıxan qaya hissəcikləri var. İlk dövrlərdə bu qaya parçalarının yan-yörəsindən çıxan neft daşları qaraltdığına görə ora "Qara daşlar" deyirmişlər. Dənizin bu hissəsində neftin mövcudluğu barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. Ona görə də burada XIX yüzillikdə və XX əsrin birinci yarısında tədqiqatlar aparılmışdı. Ötən əsrin 40-cı illərin ortalarında dənizdə neft kəşfiyyatını genişləndirmək məqsədilə xüsusi trest yaradılmışdı və 1945-ci ildə başlanan geoloji-kəşfiyyat işlərinə rəhbərlik Ağa Qurban Əliyevə tapşırılmışdı. Düz 3 il təlatümlü Xəzərdə axtarışlar aparılıb, geoloji xəritə hazırlanır. Ağa Qurban Əliyev rəsmi Moskva qarşısında "Neft daşları"nın mövcudluğunu elmi dəlillərlə əsaslandırır. Lakin onun bütün fikir və təklifləri rədd edilir. Geoloq rəhbərlik etdiyi ekspedisiya ilə birlikdə gəldiyi nəticələri sübut etmək üçün çətin sınaqlardan keçir. O, "Neft daşları"nı işləməyə başlamaq üçün ciddi səy göstərir, mübarizə aparır və nəhayət, sübut edir ki, dənizdəki nefti çıxarmaq mümkündür!

1947-ci ildə "Pobeda" adlı kiçik bir gəmi adacıqlara yaxınlaşır və mütəxəssislər kiçik bir adaya düşüb burada ilk qazma qurğusunuqazma briqadası üçün sahəsi cəmi 14 kvadratmetr olan evcik tikirlər. 1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başlayır. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağa Qurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik olan Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək məqsədilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırılır. Süni buxta yaradılır. Bu gəmilərdən biri vaxtilə Bakıda çalışmış Nobellərin tankeri idi. Beləcə, "Qara daşlar" əfsanəvi "7 gəmi adası"na çevrilir (Həmin gəmilərdən bəziləri basdırıldığı yerdə, suyun üzündə gözə dəyir). Usta Mixail Kaveroçkinin başçılıq etdiyi briqadanın qazdığı 1 nömrəli quyu 1949-cu il noyabrın 7-də fontan vurur. Deyilənə görə, "Neft daşları"nda ilk quyu qazılarkən Ağa Qurban Əliyev və heyət 90 gün sahilə çıxmayıb. Bax beləcə, dünyanın 8-ci möcüzəsi yaranıb. Həmin ilk quyu rəmzi olaraq saxlanır, "Neft daşları"nın mərkəzi meydanında abidə kimi təqdim olunur.

Maraqlı faktdır ki, Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə başladığı gün məhz "Neft daşları"na səfər edib.

O vaxtlar platformalar arasında əlaqəni estakadalar vasitəsilə yaradırdılar. Buna görə indiyədək 125 km-lik estakada çəkilib. İndi onlardan yalnız 31 km-i işləkdir. İndi müasir texnologiya həm platformalar arasında əlaqənin qurulmasında, həm quyuların qazılmasında yeniliklərin tətbiqini mümkün edir.

1957-ci il noyabrın 20-dən 21-nə keçən gecə "Neft daşları"nın tarixində ən faciəli gün kimi tarixə düşüb. Həmin fırtınalı gündə küləyin sürəti 44 m/san, dalğanın hündürlüyü 13 metrə çatırdı. Dəniz özülü kənardan baxan hər kəsin gözü önündə güclü dalğalara tab gətirməyərək dağılır burada növbədə olan 21 nəfər nəhəng metal hissələri altında qalır, dənizə düşür, həlak olurlar. Fırtınada onlara heç bir kömək etmək mümkün olmur. Deyirlər ki, həmin 21 nəfərin qışqırıqları saatlarla davam edib. "Neft daşları"nda hər il noyabrın 21-də həlak olmuş 21 nəfər neftçinin xatirəsini yad etmək məqsədilə 21 ədəd gül dəstəsi dənizə buraxılır. Onların xatirəsinə burada abidə- adlarının yazıldığı iri lövhə var.

Birinci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin xatirəsi ayrıca guşədə yad edilir. İkinci Qarabağ müharibəsində iştirak edən neftçi qazilərin şəkilləri inzibati binanın girişini bəzəyir.

"Neft daşları"nda ən maraqlı əsl sənət əsəri sayıla biləcək abidə isə 1979-cu ildə-ilk quyudan neft çıxarılmasının 30 illiyi münasibətilə qoyulub. Arxadakı böyük divarda neftçi əməyini əks etdirən mozaik təsvirlərin fonunda nəhəng neftçi abidəsi var. Əzəmətli heykəl kompleksidir. Heç Bakının özündə belə abidə yoxdur.

"Neft Daşları" əvvəllər bu məkanın, qəsəbənin adı idi, amma neft-qaz çıxarma idarəsi müxtəlif adlarla adlanırdı. Amma rəsmi olaraq 1991-ci ildən sonra neft-qaz çıxarma idarəsi "Neft daşları" adlandırılıb. İndiki rəisi Asim Bağırovdur. Həm Asim müəllim, həm baş mühəndis Azər müəllim Xeyrulla müəllim kimi bizi həvəslə gəzdirib, bilgiləndirdilər-onlar danışmaqdan, biz isə öyrənməkdən yorulmurduq.

"Neft daşları"nın strateji, xüsusi mühafizə olunan təhlükəsizlik qaydalarının ən üst səviyyədə qorunduğu bir yer olduğu məlumdur. Dənizdə neft çıxarılan məkan olaraq bura hamı istədiyi vaxt durub gələ bilməz. Amma bu sadəcə neft möcüzəsi deyil, bu həm də insan zəkasının qüdrətidir və tarixi abidədir. Faktiki Azərbaycanın dünyada öyünə biləcəyi sərvətlərindən biridir. Niyə indiyədək "Neft daşları"nı az insan, az jurnallist görüb? Məsələn, illərin media adamı, Mətbuat Şurasının 20 il rəhbəri olmuş Əflatun Amaşov ömründə bir dəfə - 1986-cı ildə buraya gəlib. Vüqar Rəhimzadədən başqa heyətimizdəki digər heç kəs daha öncə "Neft daşları" xariqəsini görməmişdi. 5 il yarım SOCAR-a bağlı olan CBC telekanalında işləmişəm, amma SOCAR-ın öz tapşırığı ilə buraya göndərilmiş qrupdan başqa bir dəfə də olsun "Neft daşları"ndan reportaj hazırlamağımız nəsib olmayıb. Dəfələrlə müraciət etmişik, amma nəticəsiz qalıb. Qurumun özü isə yalnız SOCAR rəhbəri "Neft daşları"na səfər edəndə qısa videosüjet hazırlayıb bizə təqdim edirdi. Lakin hava şəraiti imkan verdiyi qədər bu möcüzəni çox insan görməli, çoxlu reportajlar, sosial şəbəkə formatında təbliğat mahiyyətli videokontent hazırlanmalıdır. Bundan başqa, "Neft daşları" mövsümdən asılı olaraq mütləq turizm marşrutlarına daxil edilməlidir. Şəhərciyin içinə buraxılmasına da, turizm gəmiləri Norveç fiyordları turu kimi "Neft daşları"nın ətrafına dövr edib geri qayıda bilər. Əslində ətrafına dolananda bu möhtəşəm tarix daha aydın və detallı görünür, nəinki üzərində addımlayarkən...

Bütün bu fikirlərimi səbrlə dinləyən Asim Bağırovun cavabı hamımızı sevindirdi. SOCAR-ın PR strategiyasında əhəmiyyətli dərəcədə inkişaf var. Bu yaxınlarda İsveç jurnalistlərindən ibarət bir qrup "Neft daşları"na gətirilib. Sonra isə Azərbaycana gələn səyyahlardan ibarət böyük bir heyət "Neft daşları" ilə tanış edilib. Mətbuat Şurasının səfər istəyinə də dərhal müsbət cavab verilib. Bizdən bir gün sonra İTV "Neft daşları"nda çəkilişə gələcəkdi. Bir sözlə Azərbaycan neft sənayesi tarixinin təbliğatında artıq konkret addımlar atılır. Bu çox sevindiricidir, çünki dünya insanı, elə öz xalqımız da belə qeyri-adi, nadir məkanı tanımalı, haqqında bilgili olmalıdır.

Asim müəllim turizm marşrutları ilə bağlı təklifimi də rəhbərliyin diqqətinə çatdıracağına söz verdi.

Vaxt bitdi, gəmi saat 14:30-da geriyə qayıtmalıdır. Bizbu xariqədən ayrıla bilmirdik. Qaça-qaça gəmiyə çatıb yerimizi tutduq.

Bu unudulmaz səfərə və möhtəşəm təəssürata görə, Rəşad Məcidə, Vüqar Rəhimzadəyə, SOCAR-dan dəstək verən hər kəsə, "Neft daşları" NQÇİ-nin hər bir əməkdaşına - bizi gəminin qapısında qarşılayıb qapıda yola salan rəhbərliyindən tutmuş dadlı yeməkləri bişirən, super mixəkli çay dəmləyən mətbəx heyətinə - HAMIYA təşəkkür edirəm!..

 

 Səadət MƏMMƏDOVA

525-ci qəzet.- 2023.- 31 may.- S.9.