Ərdoğanın qələbəsi...
Türkiyədə
mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib
Ərdoğan növbəti dəfə xalqın dəstəyini alaraq inamlı qələbə qazandı. Əslində mayın 14-də keçirilmiş
seçkilərin birinci
turunda əsas rəqibi Kamal Kılıçdaroğlu üzərində
qələbə qazanan
Ərdoğanın ikinci
turda da liderlik edəcəyi gözlənilən idi. Amma bəzən
seçkilərdə sürprizlər
də istisna edilmir. Ona görə də
seçkilərin ikinci
turunda da eyni həyəcan yaşandı. Türkiyə xalqı öz iradəsini ortaya qoyaraq qarşıdakı
5 ildə yenidən Ərdoğana etimad göstərməklə milli
xətti, müstəqil
siyasət aparan və Türkiyəni dünyada söz sahibinə çevirən
lideri dəstəklədi.
Məlum
olduğu kimi, Ədalət və İnkişaf Partiyası,
Milliyyətçi Hərəkat
Partiyası, Böyük
Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyasının birləşdiyi
"Cümhur İttifaqı"
seçkilərin birinci
turunda parlament seçkilərində qalib
oldu. Prezident seçkilərində "Millət
ittifaqı"nın namizədi olan Kılıçdaroğlunun qələbə
qazanması ölkə
daxilində siyasi böhranı qaçılmaz
edirdi. Ərdoğan özü də balkon çıxışı
zamanı bu məqama toxunaraq bildirib ki, 1950-ci ildən bəri yaşadığımız bütün
problemlərin - çevrilişlər,
koalisiya hökumətləri
və s. arxasında Türkiyənin gücünün
zəiflədilməsi məqsədi
olub. Məhz Ərdoğanın 21 illik hakimiyyəti dövründə Türkiyə
dünya gücünə,
diqtə edən dövlətə, regional və
qlobal problemlərin həllində əsas oyunçuya çevrilib.
Deməli, Türkiyə xalqı
da bu məqamları
nəzərə alaraq,
daha müdrik davranıb və düzgün seçim edib. Bu seçkinin
nəticələri həm
də Azərbaycansız
"Türk yolu" cızan Kılıçdaroğluna
elə öz xalqı tərəfindən
verilmiş ən yaxşı cavab oldu. Kılıçdaroğlunun və onun komandasında olan bəzi şəxslərin
hansısa xarici qüvvələrə xoş
gəlmək üçün
Azərbaycan əleyhinə
verdikləri açıqlamaları
Türkiyə xalqı
təpki ilə qarşıladı. Çünki bu gün xalqlarımız
arasında qardaşlıq
bağları elə güclüdür ki, onu zəiflətməyə
çalışan istənilən
şəxs uğursuzluğa
məhkumdur. Digər tərəfdən,
bir dövlətin lideri olmaq istəyən
şəxs xarici qüvvələrin deyil, öz xalqının maraqlarından çıxış
etməlidir.
Türkiyədə keçirilən seçkilər həm də demokratikliyi, şəffaflığı ilə dünyanın diqqətində oldu. Bu seçki onu göstərdi ki, qardaş ölkə üçün demokratiya və onun dəyərləri ilk sırada gəlir. "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı - "Bizə demokratiya bayramı yaşadan millətimə təşəkkür edirəm. Qarşıdakı 5 il boyunca ölkəni bizə etibar edən hər bir vətəndaşımıza təşəkkür edirəm. İnşallah, sizin etimadınıza layiq olacağıq. 21 il necə olmuşuqsa, indi də elə olacağıq. Mən öz seçimi ilə növbəti 5 ildə ölkəni idarə etmək məsuliyyətini bir daha bizə həvalə edən millətimizin hər bir üzvünə təşəkkür edirəm", dedi.
Ərdoğanı ənənəvi olaraq ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev oldu. Dövlət başçısı həm də Ərdoğanla telefonla danışaraq onu Azərbaycana səfərə dəvət etdi. Prezident İlham Əliyevin təbrikində qeyd olunub ki, milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Eyni zamanda, Azərbaycan lideri qardaş ölkənin İkinci Qarabağ müharibəsində verdiyi dəstəyə də toxunub: "Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır. Əziz Qardaşım, fürsətdən istifadə edərək, Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm. Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi "Bir millət iki dövlət" və "Bir yumruq" fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir".
Şübhəsiz ki, Türkiyədə seçkinin nəticələri bütün türk dünyası, region üçün də mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinin də qarşıdakı dönəmdə bütün istiqamətlərdə daha da dərinləşəcəyini söyləyə bilərik. Bununla yanaşı, qardaş ölkənin qarşısında bir sıra çağırışlar dayanır ki, bu sırada iqtisadi məsələlər də var.
Milli Məclisin deputatı Vüqar Bayramov Ərdoğanın qələbəsinin Türkiyə və region iqtisadiyyatı üçün nə vəd etdiyi sualına aydınlıq gətirib: "Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Cənab Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı anonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyli sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Türkiyədə hazırkı prezidentin yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlar ilə daxil olacaq.
Son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmasa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır. Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68 faiz artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır".
Deputat əlavə edib ki, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir: "Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq".
V.Bayramov əlavə edib ki, Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib: "İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bu isə o deməkdir ki, Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək.
Bütövlükdə, Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətli idi. Ərdoğanın yenidən prezident seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq".
Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib: "Milli qürur və şərəf tariximiz
olan 28 may
günündə qardaş Türkiyədə
də qlobal miqyaslı tarixi
hadisə baş verdi.
Dünya
imperializminin Türkiyəyə və türk dünyasına qarşı
apardığı uzun müddətli pozuculuq fəaliyyəti Türkiyədə
keçirilən demokratik və şəffaf
seçkilərdə iflasa uğradı. Türk xalqının milli
iradəsi qlobal təzyiqlərə və
təhdidlərə qalib gəldi. Xalq Türkiyənin milli təhlükəsizliyinə
və müstəqilliyinin daha da möhkəmləndirilməsinə səs verdi. Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə
Cümhuriyyətinin Prezidenti seçməklə
qardaş türk
xalqı bütün türk
dünyasının bütövlüyünə səs vermiş oldu.
Ərdoğanın qələbəsi beynəlxalq siyasətdə
türk faktorunun
güclənməsi və bütün türk dövlətlərinin
milli maraqlarının dünya
miqyasında etibarlı şəkildə təminatı deməkdir.
Cənab Ərdoğanın möhtəşəm qələbəsi
dünya türklüyünün
qələbəsidir. Bütün Türk Dünyası üçün
uğurlu və xeyirli
olsun!"
Pərvanə SULTANOVA
pervane525@mail.ru
525-ci qəzet.- 2023.- 31 may.- S.5.