BU DÜNYA
NAZİMDƏN KEÇDİ
O, küləyə də bənzəyirdi,
şimşəyə də oxşayırdı. Bir az yağış kimi idi, bir az
qaya misallı. Ona köklü-köməcli br ağac da demək
olardı, zərifdən-zərif çiçək də. O,
təbiət balası idi. Təbiətin bir
parçası idi. Və bu dünyada -
yerdə, suda, göydə olan nə varsa hamısından
çox dənizə oxşayırdı. Dəniz
kimi gah mülayim, gah coşqun idi. Dəniz
kimi nəhayətsiz, dəniz kimi əbədi, dəniz kimi
doyulmaz.
Dəniz sahilində doğulmuşdu. Dənizə
baxa-baxa böyümüşdü. Dəniz
gözlərinə, ürəyinə, varlığına
hopmuşdu. Və özü də
çevrilib bir dəniz oldu.
Bu, böyük Nazim Hikmətdir.
Bu isə
böyük Nazim haqqında şair qardaşı Süleyman
Rüstəmin misraları:
Dalğaya
bənzəyirdi yel vuranda saçların,
Dənizdən söz düşəndə
çatılardı qaşların.
Göy dənizdən
almışdı gözlərin öz rəngini,
Sözlərin ahəngini.
Şeirlərində, dostum, dəniz qoxusu vardı.
Vəznisə qəlbindəki enməyən
dalğalardı.
Dostlar məclisində
də, masa arxasında da
Dənizdin
başdan-başa sözünlə, söhbətinlə...
Nazim Hikmətin şeirlərini səhnələrdən,
radio-televiziyalardan çoxları oxuyub. Aralarında ən məşhur
səs sənətkarları da var. Ancaq heç kim Nazim şeirlərini onun özünün
çatdırdığı təsirliliklə, onun
canlandırdığı cazibədarlıqla oxuya bilməz. Şeir oxuyan Nazimə qulaq asın. Elə biləcəksiniz
ki, dənizin səsini dinləyirsiniz...
Sevinc, xoşbəxtlik insanın öz içərisində
yaşadığı, beynində daşıdığı
hisslərdir.
Məhz duyğu olduğuna görə zahirən
insana elə gəlir ki, sevincə, xoşbəxtliyə əllə
toxunmaq, onu sığallamaq, tumarlamaq
mümkünsüzdür. Ancaq olurmuş.
Sevinci, xoşbəxtliyi də sığallamaq,
ona əllə toxunmaq olur.
Balaca, nazik bir kitab. Bu, azman türk şairi, görkəmli Azərbaycan
şairi, üstün dünya şairi Nazim Hikmətin həyatındakı
ilk ən ölçüyəgəlməz sevinc,
oçağacankı ömrünün ən böyük
xoşbəxtliyidir. Belə
düşünürkən öz yaşadıqlarıma əsaslanıram.
Bir insan həyatını şeirə, sözə
bağlayırsa, ədəbiyyat onun üçün məsləkə
çevrilirsə, əlbəttə, istəyir ki, onun
yazdıqları insanlara çatsın. Doğurduqlarının
insanlarla görüşüb onlarla təkbətək
qalmasının, onların könüllərinə girə
bilməsinin ən münasib, ən qısa yolusa kitabdır.
Nazim Hikmətin həyatında işıq üzü
görmüş ilk kitabı 1928-ci ildə Bakıda nəşr
olunub - "Günəşi içənlərin
türküsü". Həmin kitabının lap əvvəlində gənc
Nazimin fotosu var. Və kitabın ilk misraları:
Bu bir
türkü:
torpaq
çanaqlarda
Günəşi
içənlərin türküsü!
Və səhifələr
boyu şeirlər dəyişsə də, həmin
türkü ahəngi son şeirədək davam edir və
kitabı bu misralar yekunlaşdırır:
Bakının
müqəddəs torpağına
üz
üstə düşüb,
ovuclayıb
Nefti siyah
şərab kimi
İçmək istiyorum.
Nazim Hikmət
Bakını, onun torpağını, insanını,
havasını-suyunu, bütün Azərbaycanı beləcə
bütün qəlbi ilə, qara neftini şərab sayacaq qədər
hərarətlə sevirdi. Və o məhəbbət ki Nazim
Hikmət yurdumuza bəsləyirdi, bugünədək Azərbaycanda
Nazim Hikmətin əziz adına, bizə
yadigar qoyub getdiyi solmaz irsə bəslənir.
...Şeir də, şair də dildən başlanır. Nazim Hikmət
gözəl türkcədə yazıb-yaratdı. Onun ana dilində yazdığı şeirləri
oxuyanların hamısı - dostu da, düşməni də,
sevənləri də, rəqibləri, hətta düşmənləri
də ya açıq, ya ən azı içərisində
etiraf etdi ki, Nazim sıradan olan bir yaradıcı deyil - dahidir.
Ancaq Nazim Hikmətin şeirləri başqa dillərə
də çevrilib axı. Nazim Hikməti
ruscaya, ingiliscəyə, fransızcaya, almancaya, italyancaya ...tərcümə
ediblər, onun poeziyası dünyanın ən müxtəlif
ölkələrində nəşr olunub, eşidilib, oxunub.
Və o dillərdə Nazimi mütaliə edənlərin
də hamısı etiraf edib ki, bu, sadə şair deyil,
tayı-bərabəri olmayandır, zirvədir.
Demək, Nazim Hikmət kimi böyük söz
ustaları şeirin yalnız dildən
başlanmadığını, həm də düşüncədən,
duyğudan rişələndiyini və misralarının
nüvəsində olan bu enerjini sətirlərin üst
qabığının hansı dil olmasına rəğmən,
insanlara ötürmək gücünü sübut edə
bilirlər.
Nazim Hikmət narahat və xoşbəxt - təzadlı
ömür yaşadı. O, Türkiyədə doğuldu, amma
ilk kitabı Türkiyədə deyil, Azərbaycanda
işıq üzü gördü. Nazim Hikmət
bütün varlığı ilə Türkiyəni sevdi,
ancaq ömrü uzunu Türkiyənin həsrətini çəkməyə
vadar qaldı, qürbətlərdə yaşadı. Arzulayırdı ki, bir ağac kimi minlərlə
yarpağı olsun, o yarpaqları qollar kimi açaraq sevimli
İstanbulu qucaqlasın. Ancaq vətəndən
uzaqlarda, qürbətlərdə yaşadı, həyatının
son saatı da İstanbulda deyil, Moskvada yetişdi, Vətəndən
uzaqlarda qərib torpağa tapşırıldı. Ancaq yaşamının bütün
sıxıntılarına baxmayaraq, Nazim bəxtiyar idi. Çünki içəridən azad bir insan idi.
Bir şair, illah da Nazim kimi böyük şairdən
ötrü çox qısa ömrünün (61 il ədir ki!) təxminən yarısını
- 28 ilini həbsxanalarda oturmağa məhkum kəsildi. Bu 28 ilin 15 ilini isə o, bilavasitə türmə
divarları arasında yaşadı. Daxilənsə, hər
zaman olduğu kimi, elə qazamatdaykən də azaddı!
Üzləşdiyi məhrumiyyətlər,
düçar olduğu nisgillər səadətini onun əlindən
ala bilmədi.
Bu qədər düyünlü və nigaran
ömrün çərçivəsində də Nazim Hikmət
məsud olmağı bacardı. Çünki
onun şeir kimi əngin dünyası vardı. Şeir adlı nəhayətsiz dünyasıında
onun qanad əvəzi qələm-kağızı vardı.
Misralara düşüncəsini,
duyğularını, ürəyini köçürərək
insanlara ötürə bilirdi. Və həmin
sonsuzluqda nə qələm, nə kağız, nə
düşüncələri heç vaxt ona xəyanət etmədi.
İnsanlardan və taledən fərqli olaraq, qələmin,
sözün, kağızın, duyğuların,
düşüncələrin dönük çıxmaq,
etibarsızlıq etmək xisləti yoxdu. Və
bu sədaqət, bu vəfalılıq Nazim Hikmətin
özündə də vardı. Ömrünün
əvvəlindən sonunacan, şeir yazmağa
başladığı ilk gündən axıracanəlində
qələm olanda üz tutduğunu qətiyyən
aldatmadı, saxtakarlıq etmədi, qəlp söz söyləmədi,
nə yazdısa hamısında öz içərisinin şəklini
çəkdi. Bəlkə üstündən zamanlar
keçəndən sonra kiməsə onun hansısa
düşüncələri, hansısa siyasi
baxışları yöndəmsiz, lap yanlış gələ
bilər. Ayrı bir zaman axarında yaşayaraq bir başqa
zaman layındakıları sonacan ədalətlə dəyərləndirmək,
büsbütün dəyişmiş özgə bir vaxt kəsiyində
onların düşüncələrinə, fikir istiqamətinə
nə qədər səy etsən belə dürüst qiymət
vermək çox çətindir (Hələ bunu demirəm
ki, Nazimin dövrü ilə yeni çağın şərtlərini
qətiyyən nəzərə almadan, öz dediklərini həqiqətin
son mərtəbəsi sayaraq münsiflik iddiasına
düşənlər də az olmayıb,
yenə də tapılır).
Nazimi bütün əzəməti və gerçəkliyi
ilə duymaq və tanımaqçün onu
yaşadığı illərin qoynunda araşdırmaq
lazımdır. Nazim gerçəkçi yazar,
sözün ən doğrusunu deməyə köklənmiş
bir insan idi. Bu qəbil yaradıcılar həyata
başqaları kimi sadəcə mövcud olmaq, ömrü
baş girləməklə sürməkçün gəlmirlər.
Onlar dünyaya onlara qədər olan
dünyanı əvvəlkindən daha gözəl etməkçün
ezam edilirlər. Və Nazim bu İlahi
Tapşırığı yerinə yetirənlərdən
oldu!
İlk şeirini yazanda onun 13-14 yaşı vardı. Özü bunu lent
yazılarında qalan şifahi xatirələrində də
söyləyir, qələmə də alıb. Hərbi
dəniz məktəbində oxuduğu vaxtlarda Yəhya Kamaldan
dərs alırdı və artıq qəlbinə
duyğuların zərif qatına varid olmaq keyfiyyəti
qonmuşdu. Və ilk şeirlərini
yazmışdı. Onlardan birini müəlliminə
göstərir. Nazim Hikmət yada
salırdı ki, həmin şeir bacımın pişiyi
haqqında idi. Müəllim türk ədəbiyyatını
yaxşı bilən, özü də qələm sahibi olan adam idi. Şeiri oxuyur və deyir
ki, gətir o pişiyi baxım. Nazim
pişiyi gətirir. Müəllim baxır
ki, çəlimsiz, bir dəri-bir sümük arıq
pişikdir. Və dillənir: "Sən ki bu cür zəif,
cüssəsiz, heç nə ilə nəzəri çəkməyən
pişikdən bu cür şeir yazmısan, sən şair
olacaqsan".
Və Nazim Hikmətin bütün şair ömrü
boyu müstəsnalığı həm də bu oldu ki, o,
başqalarının gözündə zəif görünən,
kiçik görünən, gücsüz görünənin
dərinindəki işığı, gücü, adi
olmayanı görməyi bacardı, gördüklərini
şeirə döndərərək hər kəsə
göstərməyə müvəffəq oldu. Başqalarının
baxıb, amma görə bilmədiklərini görmək,
gördüklərini hər kəsin deyə bilmədiyi
biçimdə və gözəllikdə göstərməyə
qadir olmaq xoşbəxtlik sayılmazmı?!
Nazim Hikmət haqqında bugünəcən
dünyanın ən müxtəlif dillərində,
çeşidli ölkələrdə ən adlı-sanlı
alimlərdən tutmuş ədəbiyyata, şeirə maraq
göstərən sadə insanlara qədər çoxları
məqalələr, kitablar, elmi araşdırmalar yazıb. İlk yazının kim tərəfindən qələmə
alındığı bəllidir. İlk məqalənin
haçan, harada çap olunduğu da məlumdur. Nazim Hikmət haqqındakı son araşdırma məqaləsi,
axırıncı düşüncə
bölüşümü haçan meydana çıxacaq, onu
heç kəs söyləyə bilməz.
Çünki Nazim Hikmət bundan belə daim yaşayacaq və
onun haqqında gələcək illər boyu da diri
sözlü bir adam olaraq dəfələrlə
yazılacaq. Nazim Hikmətin sözlərinə
nəğmələr bəstələnib. İlk nəğmə
nə zaman qoşulub, kim oxuyub - bəllidir.
Ancaq Nazim Hikmətin sözləri hansı gələcək
bəstəkarı, sabahın hansı təzə
musiqiçisini ilhamlandıraraq yeni nəğmə yazmağa
kökləyəcək, bu, bəlli deyil. Gələcəyin
gedişində elə təzə zamanların sakini kimi irəliləməkdə
davam edən Nazimin misralarındakı sehr çox bəstəkarı
cəzb edəcək, onları yeni nəğmələr
yazmağa həvəsləndirəcək.
Nazim Hikmət haqqında dünya boyunca yüzdən
artıq kitab yazılıb. İlk kitab haçan
yazılıb, bəllidir, son kitab nə zaman yazılacaq,
heç kəs söyləyə bilməz. Çünki Nazim Hikmət var olduqca onun haqqında
hələ çox kitablar yazılacaq. Nazim Hikmət
haqqındakı məşhur kitablardan birini 1965-ci ildə
Nazim Hikmətin gənclik dostu və fikirdaşı Va-Nu - Vala
Nurəddin buraxıb: "Bu dünyadan Nazim keçdi". Ancaq dünyadan gəlib keçmək sıradan olan
insanlara aid xüsusiyyətdir. O adi adamlardır ki, gəlirlər,
yaşayırlar, bu dünyaya pəncərədən seyr
edirmiş kimi baxıb keçirlər. Ancaq
Nazim Hikmət kimi şəxsiyyətlər sadəcə
dünyadan keçmirlər, dünya özü onlardan
keçir. Nazim Hikmət gəldi, dünya
onun içərisindən keçib durulaşdı,
yaradıcılığına köçdü və ona
görə də biz indi Nazim Hikmətin cildlərini vərəqlədikcə,
doğurduqlarını səhifə-səhifə oxuduqca
ayrı bir aləmin fəzasına düşürük -
Nazim dünyasına. Nazim Hikmət
haqqındakı son kitabı onun misralarından heyrətə
düşən, vəcdə gələn sabahın insanı
yaza bilər. Amma sabahların tükənən nöqtəsi
olmadığı kimi, Nazim heyranlarının da sırası
heç vaxt tamamlanmayacaq, demək, hər yazılan yeni kitab
sonuncu deyil, sonuncudan əvvəlki olacaq!
Və
Nazim Hikmət haqqında ən gözəl kitablardan birini
artıq onun çoxdan həyatda olmadığı
çağlarda - XXI yüzildə Anar yazdı - "Kərəm
kimi"!
Bu ad
Nazimin yalnız kitablarıyla deyil, son dərəcə
duyğulu, az qala bir nəğmə kimi
ruhu tərpədən öz səsiylə oxusunda bizə gəlib
çatan məşhur şeirindən qaynaqlanır:
Hava
qurğuşuntək ağır!
Bağır,
bağır,
bağır,
bağırıyorum.
...O deyir
mənə:
- Sən
öz səsinlə
kül
olarsan ey!
Kərəm
kimi
Yana
yana...
"Dərd
çox,
həmdərd
yox".
Ürəklərin
qulaqları
sağır.
Hava
qurğuşuntək ağır...
Mən
deyirəm ki, ona:
- Kül
olaydım
Kərəm
kimi
yana-yana...
Mən
yanmasam,
sən
yanmasan,
biz
yanmasaq,
necə
çıxar
qaranlıqlar
aydınlığa...
Çox kitablar arasından bu məqamda Anarın əsərini
xatırlamağım səbəbsiz deyil. Nə qədər
ki Azərbaycandakı tay-tuşları, köhnə
dostları həyatdaydılar, Bakıda Nazimin növbəti
yuvarlaq ildönümünün
yaxınlaşdığını yada salmağa ehtiyac yoxdu.
Nazim həyatdan erkən getdiyindən köhnə
curlarının xeylisi Nazimdən sonra 15, 20, 30 il
yaşadılar. Bakılı əski
simsarlarından Məmməd Rahim 1977-də, Rəsul Rza 1981-də,
Süleyman Rüstəm 1989-da, Mirzə İbrahimov 1993-də
həyatdan köçdü. Onlar və
Nazimi hələ də sıralarımızda təsəvvür
edən daha neçə başqa ədibimiz qoymurdular ki, Nazim
unudulsun, tədbirlər də təşkil edirdilər,
şeirlərindən yeni tərcümələrin, şairin
haqqında ən azı hər yeni yuvarlaq ildönümündə
məqalələrin dərc olunmasının qeydinə də
qalırdılar. Nazim Bakıda, Azərbaycanda yiyəsiz
deyildi. O, buranı və bizimkiləri özününkü
bildiyi kimi, bizimkilər də ona doğması kimi məhəbbət
bəsləyirdilər. Onlar bir-bir getdikcə
sanki Nazim də biraz-biraz onların hər birinə qoşulub
asta-asta gedirdi.
2022-ci ildə Nazimin 120 yaşı tamam oldu. Əvvəlki
əyyamlar olsaydı (ax keçmiş günlər,
keçmiş günlər...), təzə kitabı da
buraxılardı, bir neçə yubiley tədbiri də
keçirilərdi, radio-televiziyada verilişlər də
hazırlanardı.
Əvvəlki vaxtlar deyildi və gördüm ki,
heç nə edilmir, qımıldanan yoxdur, tərpəniş
hiss olunmur.
Ona görə də həmin boşluğu doldurmağı,
Nazimi dindirməyi və sevindirməyi qət etdim: ard-arda iki
gün sürəcək Nazim Hikmət bayramı - dekabrın
19-da ölməz şairə həsr edilən xatirə
axşamı, dekabrın 20-də isə Nazim Hikmətin həyat
və yaradıcılığından bəhs edən, plenar
iclasdan savayı, bir neçə bölmədə davam edəcək
respublika elmi konfransı düzənlədik.
Xatirələr axşamını daha vacib
sayırdım. Çünki Nazimi bilavasitə görənlərin
heç də hamısı hələ həyatdan getməyib,
onunla bağlı istisi soyumamış xatirələrini
yaşadanlar da şükür ki, az da
olsa, hələ qalır. Qərara aldım ki,
onları bir yerə toplayım. Nazimi görənləri,
onunla təmasda olmuşları, ataları, babaları Nazimlə
dostluq, yaxınlıq etmişlərdən
tanıdıqlarımı dərhal zəng vuraraq,
tanımadıqlarımı da soraq-soraq tapıb söhbətləşəndən
sonra bəlli gündə bir zamanlar Nazim Hikmətin
özünün dəfələrlə təşrif gətirdiyi
Nizami muzeyində gerçəkləşdirməyi
düşündüyüm ədəbi-bədii gecəyə
dəvət etdim. Azərbaycan televiziyasındakı müəllifi
olduğum, hər bazar ertəsi efirə çıxan "Vətənim"
verilişinin çəkilişlərini adətən çərşənbə
günü və cümə axşamı etdiyimdən bunu da
düşünmüşdüm ki, ixtiyarımda kameralar
olacağından elə həmin gecəni də bu iki gündən
birində keçirək və əvvəldən-sona yazaq ki,
tarixi adamlarla dolu olacaq həmin axşamınbir anı da itib
getməsin. Həmin məhrəm Nazim gecəsinə onu
görmüş, onunla əl tutmuş, kəlmə kəsmiş
Xalq şairi Nəriman Həsənzadə, görkəmli ədəbiyyatşünas
alim, mərhum akademik Həmid Araslının qızı
Nüşabə Araslı, tanınmış türkoloq Tofiq
Məlikli, hələ məktəbliykən, sonra da universitetdə
təhsil alarkən Nazimin qarşısında
çıxış etmiş, onun təqdirli sözlərini
eşitmiş şərqşünas alim Əsmətxanım
Məmmədova ilə yanaşı, Nazimi
tanımışların övladlarını
çağırdım. Nazim Hikmət irsini araşdırmaq və
təbliğ etməklə ömrü uzunu məşğul
olmuş yazıçı, alim Aqşin Babayevin oğlu
Gündüz, Nazimlə təmasda olmuş şairlər
-Böyükağa Qasımzadənin oğlu İntiqam
Qasımzadə, Zeynal Xəlilin oğlu Etibar, Ənvər
Əlibəylinin qızı Şəfəq Əlibəyli,
Adil Babayevin oğlu Etibar, Balaş Azəroğlu və Mədinə
Gülgünün nəvəsi Aysel, Azərbaycan şairləri
arasında Nazimi ilk tanımış, onunla yaxın dost
olmuş Süleyman Rüstəmin nəvəsi Günəş
qonaqlarımın arasında idilər.
Əlbəttə ki, dəvət edəcəklərimi
düşünərkən ən ilk ağlıma gələn
Anar olmuşdu.
İllər boyu Anar müəllim mənə
atasının və özünün çoxlu Nazim Hikmətli
xatirələrini söyləyib. 1992-ci ildə - Nazimin
90 yaşında Anar müəllimgildə lentə
aldığım söhbətlərimiz əsasında Azərbaycan
radiosunda "Axşam görüşləri"
verilişimin dalbadal, hərəsi 1 saatlıq iki
buraxılışını da hazırlamışdım. Onu bilirəm ki, Nazim Hikmət Anar müəllimin
içərisini bütün ömrü boyu aydınladan, ona
yıpranmışlıqdan uzaq çağdaş
düşüncə impulsları bağışlayan əsas
gücvericilərdən olub. Rəsul Rza da
belə idi. Rəsul Rzaqanla, hisslə, ruhla bir çox
sevgiləri, o cümlədən, Nazim Hikmətin şəxsiyyətinə
və sözünə məhəbbəti də Anara
ötürüb. Həmin sevgi olmasaydı, Anar
"Kərəm kimi" siqlətli kitabı bütün məziyyətlərindən
savayı, bunca duyğunluq, qahmarlıq və səmimimiyyətlə
çağlayan bir ürək əsəri olaraq deyil,
sanballı bir araşdırma kitabı, ya Azərbaycanda
bugünədək neçələrinin etdiyi kimi,
yaxşı bir dissertasiya təki yazardı. Ancaq elə bir əsər doğurub ki, onun içərisində
həm araşdırma var, həm dissertasiya
ağırlığı, həm də Nazimin və onun
böyük sözünün əsl çöhrəsi, vuran
nəbzi, döyünən ürəyi.
Şux
sözü həmişə hazır olan Anar həmin unudulmaz
gecədə ilk söz ona verilincə zarafatdan başladı
ki, Rafael məni bu məclisə çağıranda əvvəl
ürəyimdən keçdi gələndə "Kərəm
kimi" kitabımı götürüm, başlayım o min
səhifəlik kitabı əvvəldən-axıra
oxumağa. Sonra da əlavə etdi ki, Nazimin 1950-ci illərdə
Bakıya gəlişlərində mən çox cavan idim,
amma atamla dost idilər. Bakıya hər səfərində
hökmən bizdə olurdu. Moskvaya yolumuz
düşəndə də biz onun evində, ya bağında
olurduq, yaxud da Nazim atam-anamla görüşməyə hotelə
gəlirdi. Ona görə mənim xatirələrim
çoxdur. Onu deyim ki, indi Nazimdən iyirmi
yaş böyüyəm. Xatirələr
öz yerində, ancaq ondan öyrəndiyim çox vacib bir cəhət
də var. Təbii ki, böyük şair idi, XX əsrin ən
böyük söz ustalarından biridir, onun
yaradıcılığından da çox şey öyrənmək
olar. Amma insan kimi mənim şəxsən ondan əxz elədiyim
ən böyük dərs odur ki, adam
böyük olduqca gərək təvazökarlığı
da artsın. Və Nazimdə bu vardı. Nazim heç vaxt özünü dahi saymırdı,
heç vaxt mən istedadlıyam demirdi. Hətta
Rəfiliyə yazdığı şeirdə deyir ki, "Sənin
də işin, mənim də işim orta idi zənn edirəm",
"bu qübbə altında səsimiz qalmayacaq". Bu sözlər Rəfiliyə münasibətdə də
təvazökarlıqdır, çünki Rəfilinin də səsi
ədəbiyyatımızda, tariximizdə qalıb, fəqət
bu sözlərdəki daha da böyük təvazökarlıq
Nazimin özünə aiddir. Nazim tək
türk aləminin yox, XX əsr dünya ədəbiyyatının
ən böyük simalarındandır. Və
Nazimin təvazökarlığı nələrdə
görünürdü? O, özünə həmişə
bir az ironik münasibət bəsləyirdi.
Başqaları ilə də bağlı zarafatları
vardı, ancaq həm də özünə aid zarafatları az deyildi. Moskvada mənzilindədir,
zəng gəlir, götürür telefonu. Kimdir? Aa, İvan
Petroviç, doroqoy, davno tebə ne slışno, kak tı
pojivaeşğ? Vera, bu İvan Petroviç kimdi
belə zəng edir mənə?
Yaxınları
ona deyəndə ki, sən niyə az
çimirsən? Deyirdi, mən ördək deyiləm
ki, tez-tez çiməm.
Anar müəllim bu məqama toxunanda yadıma başqa
xatirələr düşmüşdü, mən də
söz-sözü çəkdiyindən onları
bölüşmüşdüm. Mənə bunları
unudulmaz heykəltaraşımız Münəvvər Rzayeva
söyləmişdi. Onu Nazim Hikmət
qızlığa götürmüşdü, çox
qayğılarını da çəkmişdi.
İxtiyar çağlarında artıq heç bir yerdə
işləməyən, heykəl sifarişləri
olmadığından maddi baxımdan da korluq çəkən
Münəvvər xanımı Nizami muzeyinə direktorluğa
başlayandan az sonra - 2003-cü ildə işə
götürmüşdüm, ilk istəklərimdən biri bu
olmuşdu ki, Nazim Hikmətin doğma saydığı, Nazim
Hikməti simsar tutan bir insan və sənətkar kimi onun
portretini işləsin. Münəvvər
xanım da məmnuniyyətlə bu işi başladı,
şairin yaxşı bir barelyefini düzəltdi, indi də həmin
əsər hər gün Nizami muzeyinin elə girişindəki
divardaca dünyanın digər misilsiz söz sənətkarları
ilə yanaşı, tamaşaçıları
salamlamaqdadır.
İmkan düşdükcə Münəvvər
xanımla söhbətləşər, ondan Nazim Hikmətlə
bağlı danışmasını rica edərdim. Nağıl edirdi ki, Nazim
çimməyi sevməzdi, daha doğrusu, sudan
qorxardı. Çimmək əvəzinə
pambığı spirtə batırıb bədənini silərdi.
Sudan qorxması da ağır həbsxana illərinin
fəsadı idi. Orada ayda bir dəfə,
iki dəfə Nazim kimi xüsusən xatalı siyasi
dustaqları çimizdirmək məqamı yetişəndə
onların üstünə güclü su
şırnağını tuşlayarmışlar.
Münəvvər xanım yada salırdı ki, o səhnələri
xatırlayanda Nazim dəyişərdi, həyəcandan sifətində
əsəb tellərinin titrəyişi sezilərdi, deyərdi
ki, məni həbsxana divarına sıxan çimizdirmə
adlı o həmlə, o su işkəncəsi adamı
qılınc kimi kəsərdi, ağrısı əzələlərdən
uzun zaman getməzdi, hər çimmək dəstgahı
başdan-ayağa bir zülm idi. Münəvvər
xanım bunu da söyləyərdi ki, Nazim həmişə
istəyirdi ki, evin divarları, xüsusən yataq otağı
əlvan rəsmlərlə bəzənsin. Özü də yaxşı şəkil çəkirdi,
amma mənzilində məşhur rəssamların əsərlərini
toplamışdı, rəngbərəng gəlincikləri,
kuklaları yığmağı da xoşlardı. Sanki yaddaşını həmişəlik
yaralamış həbsxana divarlarının onu təqib edən
bozluğundan bu yolla qurtulmağa çalışırdı.
Anar deyir ki, Moskvaya ata-anamsız, tək gedəndə də
Nazim Hikmətə zəng çalardım. Bir dəfə
yenə Moskvadayam, nömrəsini yığdım, soruşdu
"Burdasanmı?" Cavab gözləmədən
dediki, "Onda bekle". Çox keçmədi
Əkbər Babayev mənə, qaldığım
"Moskva" mehmanxanasına zəng vurdu ki, en
aşağı, gəlirik, Nazim tapşırdı Anarı da
götürək, gedək bir yerdə oturaq.
Anar o
görüşlərdən Nazimin hər an gözlənilməz,
təkrarsız ola bilməsinə dəlalət
edən maraqlı bir təfərrüatı da unutmayıb. Hər yerdə sözü keçən Nazimin
"Volqa" əldə etməyin çətindən-çətin
çağlarında birbaşa Qorki şəhərindəki
avtomobil zavodundan götürdüyü, başqa
"Volqa"lardan da zahirən seçilən, bir cüt ikirəngli
maşını varmış. Anarın
ardınca hotelə həmin qoşa maşınla gəlirlər.
Birində Nazim və Qalina, obirində Əkbər. Anar təbəssümlə
dəqiqləşdirir: "Əkbər də tək deyildi,
yanında növbəti məşuqələrindən biri əyləşmişdi".
Nazimin oturduğu "Volqa" qabaqda gedirmiş. Hərdən
izdihamlı bir yerdə qəfilcə o maşın dayanırmış,
Nazim tək düşürmüş, küçədə
obaş-bubaşa var-gəl eləyirmiş, sonra yenidən tərpənirmişlər.
Bir az keçirmiş, yenə Nazimin maşınının əyləci
növbəti get-gəli sıx bir yerdə
basılırmış, yenə Nazim, bayaqkı kimi, bir-iki dəqiqə
oyan-buyana gəzirmiş, təzədən yola davam edirmişlər.
Anar deyir ki, təəccüblə Əkbərdən
soruşdum ki, bu niyə belə edir? O da qayıtdı ki, nə bilim niyə
belə edir, özündən soruşarsan.
Nəhayət, seçdikləri restorana çatıb
masa arxasında oturanda Anar xəbər alır ki, ustad, siz niyə
elə edirdiniz?
Adətən
şıq, son dəbdə geyinməyi xoşlayan, xaricə
tez-tez səfərlərə getdiyindən yerli istehasal
nimdaş libaslarda gəzən moskvalılardan fərqli olaraq əcnəbi
paltarları almaq imkanı da geniş olan Nazim gülümsəyir:
"Kardeşim, bu şəhərdə göstərmək
istəyirəm ki, iyi geyinmək nasıl olur".
2023-cü
ilin son oktyabr günlərində Musiqi Akademiyasının
Opera Studiyasında Anarın 85 illiyinə həsr olunmuş gecə
idi, arxada qalan illərin munis anlarıyla süslənmiş
xatirələr sıralanırdı və ömrünün ən
yaddaqalan hadisələrindən birini - indi bu yaddaşları
dilə gətirdiyi dəqiqələrədək
ötmüş 62 illik yol boyunca birgə yaşadıqları
Zemfira xanımla toy axşamını hafizəsində
canlandırırdı. 1962-ci il yanvarın 27-dəki o şad
məclis Bakıdakı, bəlkə elə bütün Azərbaycandakı
ilk toy imiş ki, Rəsul Rza irəlicədən xəbərdarlıq
edibmiş: "Gələn çiçəkdən başqa
heç bir hədiyyə, pul-filan gətirməsin" (Anar
sözarası bunu da məzə ilə yada salır ki, bizdən
az sonra atamın dostu Sabit Rəhman da oğlu Emini evləndirirdi
və toyqabağı o da elan etmişdi: "Rəsul
yenilikçidir, özü bilər, bizim toya gələnlər
elə dədə-baba qaydasında hədiyyələri ilə
gəlsinlər").
Ancaq həmin
toya dəvət edilsə də, müəyyən səbəblərlə
bağlı gələ bilməyən Nazim Hikmət Moskvadan
istənilən sovqatdan - puldan qat-qat baha və dəyəri həmişə
üstündə qalacaq bircə cümləlik təbrik
teleqramı yollamışdı: "Gənclərə
dünyada ən çətin şey olan mutluluq
arzulayıram".
Başqalarına mutluluq diləyən, elə şeirlərində
də ən ümdə arzularından biri insan oğlunu məsud
görmək olan Nazim Hikmət özü nə dərəcədə
xoşbəxt idi?
Sovet
İttifaqına sığınmışdı, ona hər
şərait yaradılmışdı, kitabları nəhəng
tirajlarla nəşr edilirdi, əsərləri SSRİ-nin
müxtəlif şəhərlərindəki səhnələrdən
düşmürdü, rahat, tam təminatlı firavan güzərana
sahib idi, amma Anar bunu da söyləyir ki, Nazim Rəsul Rzayla
ikilikdəki ürək söhbətlərində etiraf
edibmiş: "Kardeş, buranın hürriyyətindənsə
mən Türkiyənin həbsxanalarında daha 15 il yatmağa
hazıram".
İlk gənclik
çağlarında çılğın Nazim kommunist
ideallarına inanmışdı, bərabərlikdən deyən
bu məfkurənin insanları bəxtiyar edə biləcəyinə
ümid bəsləmişdi, başı çox bəlalar
çəkəndən sonra Sovet İttifaqına pənah gətirmişdi
və buradakı gerçəkliyə getdikcə daha artıq
nüfuz etdikcə, parıltılı avandın o
üzündəki astarın bütün yöndəmsizliklərinə
yaxın məsafədən şahid kəsildikcə onu
sarsıdan, peşman edən xəyal
qırıqlığına uğramışdı.
Çiliklənmiş ümidlər, tar-mar olmuş
idealların ağrısını yaşaya-yaşaya necə
mutlu olasan?!
Amma hər
halda Sovetlər Birliyindəki bu təzadlı, könlündəki
üzüntülü çək-çevirlərlə ləbələb
illərində də Nazim Hikməti daim ovudan, anlarla, dəqiqələrlə,
saatlarla, bəlkə hərdən lap bütöv günlərlə
bəxtiyar edən ömür tikələri də vardı:
Azərbaycan!
O, ana
dilində, göyçək, dadlı türkcəsində
danışdığı, hamı tərəfindən
anlanıldığı, bütün siyasi nəzarətlərə
və güdmələrə rəğmən, onu qəlbən
istəyənlərlə əhatələndiyi Azərbaycanda
sanki hər dəfə bir azadlıq, asudəlik, könül
toxtaqlığı adasına düşürdü. Azərbaycan onunçün sərhədləri
üzünə qapalı Türkiyə, Bakı isə
yalnız röyalarında gedib-gələ bildiyi İstanbul
idi.
Hətta
Rəsul Rzayla arzudan artıq vəsiyyətə oxşayan son
umacağını da bölüşübmüş:
"İstərdim ki, öləndən sonra məni sizin
aranızda - burda, Bakıda basdırsınlar".
Bəxti
arzuladığı kimi rəvan, xoş arzuları umduğu
kimi çin olsaydı, şair şair olmazdı ki! Moskvada vəfat etdi, onu elə orada da torpağa
tapşırdılar. Ancaq vəsiyyət də
vəsiyyətliyində qalmaqdadır. Kim
bilir, bəlkə günlərin birində dərin kədər
və tükənməz sevinc qarışıq o ecazkar anlar
da yetişdi, böyük Nazimin həsrətində olduğu
Vətən torpağına qovuşacağı gün də
gəldi?!
...Ölüm
haqqında hər insan kimi, o da ömrünün hər
parçasında həm danışıb, həm yazıb, həm
düşünüb. Daha cavan yaşlarında,
yenə hər kəs kimi, ölümün labüd gəlişinə
inansa da, onu sonadək ciddi qəbul etmirdi, ölümə bir
qədər üstdən, kinayəli baxırdı. Amma yaş artdıqca, yenə hər insan
balasında olduğu kimi, onda da ölümün yaxın hənirinin
hürküsü yaranmışdı. Lakin
təəssüf ki, başqalarına nisbətən daha erkən.
1961-ci ilin 10 sentyabrında o, heç altmışına
çatmamışdı, Leypsiqdə bir gələcək
şeir yazmışdı:
Gəlməkdə sıram.
qəfilcə atılacağam boşluğa
nə
çürüyən ətimdən xəbərim olacaq,
nə
gözlərimin çuxurunda dolaşan böcəklərdən.
durmadan,
dincəlmədən ölümü düşünürəm,
növbəm yaxın, deməli.
Özü özünə, öz qara-qura fikirlərinə
gendən baxırdı, boynuna alırdı ki, bu ölüm
düşüncələri əvvəlki illərinkilərdən
deyil, bu fikirlər məni artıq mütəmadi olaraq cənginə
alırsa, belə çıxır ki, ölümün
özü də astanadadır.
Doğru
hiss edibmiş. Ölüm marığa yatmışdı.
Lap yaxında idi. Başqaları bu yovuq məşum
soyuqluğun artıq gerçək olduğunu görməkdə
yanıla bilərdilər, o isə şair idi, öncəgörən
idi və ölümü böyründəcə
gördüyü kimi, ondan bir az sonrakı
səadətli iqbalı - ölümsüzlüyünü də
qabaqcadan duyurdu və ona görə də dünyadan bunca əmin-arxayın
getməyə hazır idi:
Bizim həyətdənmi qalxacaq cənazəm?
Məni necə endirəcəklər
üçüncü qatdan?
Liftə
sığmaz ki, tabut,
Pilləkən də darısqal.
...Maşına,
yerli adətlə, üzüaçıq yüklənsəm,
Bir şey damlaya bilir alnıma göyərçindən
- uğuradır.
...Baxacaq
arxamca mətbəx pəncərəmiz,
Eyvanımız ötürəcək məni
camaşırlarıyla.
Mən bu
həyətdə bəxtiyar yaşadım bilmədiyiniz qədər
Həyətdaşlarım,
uzun ömürlər dilərəm hər birinizə!
"Avlu" - həyət dediyi əslində dünya
idi, "avludaşlarım" dediyi əslində insanlar. Ömrünün, hələ
son saatı çatmamış, amma hər halda əllə
toxunacaq qədər yaxınlıqda olan bitəcəyində
o, əlçatmaz uzaqlardakı - bizim indiki dünyamıza bənzəməyən
sonsuzluğu da, oradakı əbədiyyətini də
görürdü (oraları təsvir edirdisə, demək,
oranı hökmən öncədən görürdü) və
həmin məchul uzaqlığa ən sarsılmaz ümidlər
bəsləyərək oranı da insanlı görməyi diləyirdi:
Böyük
insanlığın torpağında kölgə yox,
küçəsində fanar,
pəncərəsində şüşə.
amma
ümidi var böyük insanlığın,
ümidsiz yaşamayır.
...Nazimin
ömrün son parçasında qələmə
aldığı o misralar hələ gəlməmiş
zamanlara söylənib. Amma əlimdə
tutduğum bu gerçək kağızda da onun əlinin hərarəti
qalıb, bu kağızın üstündə öz xətti
ilə sözlər yazıb və həmin kağızı
da bir məzarlıqda özü kimi ömrü bitməz bir
dahinin uyuduğu qəbrin üstünə qoyub.
1954-cü ilin 18 oktyabrı. Bir dəstə Azərbaycan
yazıçısı Tiflisdəki Nəbatat bağında
Mirzə Fətəli Axundzadənin məzarını ziyarətə
gedibmiş. Nazim Hikmət də onların
arasında. Özü ilə bir dəstə
çiçək də aparıbmış. Ancaq dahi ilə
qaibanə görüşdə nədirsə, bu bir dəstə
çiçək ona az gəlir. Sağa-sola baxır. Yerdə
nazik kağızdan çox kartona bənzəyən bir vərəq
nəzərlərinə sataşır. Götürüb
tozunu çırpır, qələmini çıxarıb
Mirzə Fətəliyə məktub yazır.
Ziyarət bir neçə dəqiqə çəkəcək,
aralanacaqlar oradan. Yazıçıların məzarın
üztünə düzdükləri güllər də bir
neçə günə solacaq, quruyacaq, o kağız
parçasını da orda qalarsa, külək alıb aparacaq.
Lakin yazıçılar Mirzə Fətəlinin
məzarından aralananda həmin dəstədəki şair Məmməd
Rahim bir qədər ləngiyir. Nazim Hikmətin
yazıb çiçək dəstəsiylə bərabər
məzarın üzərinə qoyduğu kağız
parçasını götürür, qatlayıb salır
cibinə, gətirir Bakıya və ilk fürsətdə
Nizami muzeyinə baş çəkərək həmin
yadigarı həmişəlik qorunmaqçün muzeyin fonduna
təhvil verir.
Məmməd
Rahimin heç bir şeirindən almadığım qədər
ləzzət duyduğum bu hərəkətini minnətdarlıqla
anır, o nəcibliyinə görə şairə rəhmət
deyir və əvvəlcə onun özünün
yazdığını oxuyuram: "1954-cü ilin 18
oktyabrında biz Mirzə Fətəli Axundovun qəbrini ziyarətə
Tiflis mehmanxanasından yola düşəcəkdik. Bundan xəbər tutan məşhur türk şairi
Nazim Hikmət böyük mütəfəkkirin məzarı
üstə getmək istədiyini bildirdi. O, qəbrin
üstünə güllərlə bərabər, bu sözləri
yazıb qoydu, mən bu yazını muzeyə verməyi
özümə borc bildim. Məmməd
Rahim".
Bu isə
Nazim Hikmətin kobud, əzik-üzük kağız
parçasında iri, aydın xətti ilə
yazdığı Mirzə Fətəli Axundzadəyə
müraciəti: "Kağıt (bu kağız - R.H.)
kardeş halkın - Türkiye halkının bu günki haline
benziyor. Güller Azerbaycan halkının haline.
Gülleri kağıtla kabül et".
Şair Məmməd
Rahimin xilas etdiyi bu kağız parçasında bənzərsiz
Nazim Hikmətin ömrünün bir qırpımı,
düşüncə tərzinin bir əlçim
işığı, hər həyat şəraitində başqalarından
mütləq fərqliliyinin aydın əks-sədası var.
Elə bu bircə anın timsalında Nazim Hikmət necə
insan və necə şair olub sualının da cavabını
tapmaq mümkündür.
Amma o Müstəsnanın sərgüzəştlərlə
dolu ömrünün nə qədər belə qəlpələri
vaxtın dumanlarına qarışaraq əriyib-itib. Nadirlərin yanında
onların izi qalan əzik kağız parçasına da belə
sevgi və həssaslıqla yanaşacaq qayğıkeşlərin
olmasına həmişə ehtiyac var. Ancaq neyləməli ki,
qəzavü qədər belə nurluları hayanlar, nəvazişkarlar,
halayananlar sarıdan adətən yarıtmasa da, bədxahlarını,
ayaqlarından çəkənləri, neştərləməyə
hazırlarını da heç vaxt əsirgəməyib. Qaçası
yerimiz yox, dünya belə dünyadır!..
Nazimin də keçdiyi və Nazimdən də
keçmiş dünya!
Rafael HÜSEYNOV Akademik,Milli Məclisin
üzvü
525-ci qəzet.-1 noyabr.2023.-№198.-S.10-12