Hərb tariximizdə
Heydər Əliyev fenomeni
1996-cı ildə
ilk dəfə Prezident və Ali Baş Komandan kimi Naxçıvana gələn Heydər Əliyev ötən müddətdə baş verən müsbət dəyişikliklərdən, xüsusən də hərbi quruculuq sahəsində görülən işlərdən məmnun qalmışdı. Sonralar, 1999-cu və 2002-ci (iki dəfə) illərdə
Naxçıvanda olan ümummilli lider yeni obyektlərin
açılışında, müxtəlif
yığıncaq və görüşlərdə olmaqla
yanaşı, Hərbi Liseyin Naxçıvan Filialında və
hərbi hissələrdə olaraq yeniliklərlə
maraqlanmış, kursantlara, müəllim-zabit heyətinə,
döyüş bölgələrinin əsgərlərinə
dərin minnətdarlıq etmiş, tövsiyə və
tapşırıqlarını vermişdi.
2002-ci il iyunun 15-də Naxçıvana səfər
edən Heydər Əliyev iki gün sonra C.Naxçıvanski
adına Hərbi Liseyin Naxçıvan filialını ziyarət
edərək kollektivimizlə səmimi görüş
keçirdi və kursantlarımıza müraciətlə belə
dedi:
"Mən sizə baxaraq Azərbaycanın gözəl
gələcəyini görürəm. Azərbaycanın
gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə
etibar edirik. Əziz övladlarımız,
sizə etibar edirik. Siz isə bizim bu
ümidlərimizi, arzularımızı
doğrultmalısınız. İnanıram
ki, doğruldacaqsınız. Mən sizə
cansağlığı arzu edirəm. Sizə
yaxşı təhsil almağı, peşəkar hərbçi
olmağı, Vətəni qorumaq peşəsinə
yaxşı yiyələnməyi, yüksək rütbəli
zabit olmağı arzulayıram".
Həmin il noyabr ayının 19-da Ulu öndər Heydər
Əliyev "Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin 30 illik yubileyi haqqında" Sərəncam imzaladı.
Sərəncamda həmçinin Azərbaycanın
hərb tarixi, xalqımızın qəhrəmanlıq ənənələri,
el oğullarımızın igidliyi və hərbi elmə olan
həvəsi, sərkərdələrimizin şücaəti
geniş işıqlandırılmışdı.
2003-cü
il aprelin 19-da, yubiley münasibətilə Hərbi Liseydə
olan Heydər Əliyev qazanılan son nailiyyətlərə
xeyli sevinmiş, aprelin 21-də isə Respublika
Sarayındakı yubiley təntənəsində böyük
sevinc və həyəcanla geniş nitq söyləmişdi.
O, çıxışında xüsusi olaraq
vurğulamışdı ki, 30 il əvvəl
minbir çətinliklə yaratdığı bu məktəb
böyük uğurlar əldə etmiş, layiqli məzunlar
buraxmışdır və onların əksəriyyəti
Milli Ordumuzun adlı-sanlı zabitləri,
generallarıdırlar. Daha sonra o, qeyd etmişdi ki,
bütünlükdə Milli Ordumuzun bayramı olan bu yubiley
günündə Hərbi Liseyin 30 il ərzində indiki səviyyəyə
yüksəlməsi və inkişafından böyük
qürur duyur.
2003-cü ilin soyuq 12 dekabr günündə Ulu öndər
bizi cismən tərk etsə də, ruhən daim bizimlədir. Onun memarı
olduğu müstəqil Azərbaycan yaşadıqca,
ideyaları və müəyyənləşdirdiyi kurs yolumuzu
hər zaman aydınladacaq, bizləri bütöv, aydın səmalı,
daha firavan Azərbaycana qovuşduracaq.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Heydər
Əliyev adına Hərbi Liseyin
yaradılması haqqında" 27 fevral 2004-cü il tarixli 108
¹-li Sərəncamı ilə C.Naxçıvanski adına Hərbi
Liseyin Naxçıvan filialı ləğv edildi, onun
bazası əsasında müstəqil hərbi lisey
yaradıldı.
Beləliklə də, Ümummilli liderimizin müqəddəs
adı Azərbaycanda ilk dəfə onun doğma yurdunda,
yaratdığı hərbi məktəbdə əbədiləşmiş
oldu. Bununla yalnız, hərbi liseyin zabit-müəllim və
texniki heyəti, kursantları və məzunları deyil,
Naxçıvan şəhərinin, muxtar respublikanın əhalisi
qurur duyur. Mən həm bir müəllim, həm də
bir ana kimi fəxr edirəm ki, ali təhsilini də başa
vurduqdan sonra müxtəlif döyüş bölgələrində
xidmət etmiş, hazırda isə Azərbaycan Hərbi Hava
Qüvvələrinin zabiti olan böyük oğlum da məhz
bu liseyin məzunları sırasındadır.
2005-ci il iyun ayının 15-də - Milli Qurtuluş
Günündə Heydər Əliyev adına Hərbi Liseyin ərazisindəki
yeni tikililərin, demək olar ki, yeni bir hərbi-tədris
şəhərciyinin təntənəli
açılış mərasimi oldu. Həmin
gün məzunların buraxılışı da bu təntənəyə
qarışdı. Bakıdan xeyli sayda fəxri
qonaqların, generallar və digər yüksək rütbəli
zabitlərin gəlişi bu mərasimi daha da rövnəqləndirdi.
Bu gözəl gündə Heydər Əliyevin
"...illər keçəcək, biz yenidən burada
görüşəcəyik" sözləri də mənəvi
baxımdan gerçəkləşdi. Kursantların, müəllim
və zabit heyətinin, həmçinin fəxri qonaqların
Ümummilli liderlə budəfəki görüşü onun
hərbi liseyin həyətində - həmin anlarda
açılışı olan tunc büstü ilə oldu.
Qonaqlar həmçinin qərargah binasının birinci mərtəbəsində
yaradılmış "Heydər Əliyev muzeyi"ni də ziyarət etdilər.
"Heydər Əliyev muzeyi"ndə Ümummilli
liderimizin həyat və fəaliyyətinə dair sənədlər,
onun hərbi liseyimizi ziyarət etdiyi zamanlarda çəkilmiş
fotoşəkilləri nümayiş etdirilir. Burada fəxri
qonaqlar üçün nəzərdə tutulmuş rəy
kitabı da maraqlı eksponatlar sırasındadır.
2005-ci
ilin dekabrında möhtərəm Prezidentimiz, cənab Ali
Baş Komandan İlham Əliyev liseyimizdə olarkən və
bu muzeyi ziyarət etdikdən sonra həmin rəy kitabında
öz ürək sözlərini belə ifadə etmişdi:
"Əziz kursantlar, Heydər Əliyev adına
Hərbi Liseydə təhsil almaq həm böyük şərəf
həm də böyük məsuliyyətdir. Ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyəti
Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin
şah əsəridir. Heydər Əliyev
siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə
aparmalıyıq. Əziz kursantlar,
yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin,
ölkəmizin inkişafında fəal iştirak edin".
2016-cı ilin "Aprel döyüşləri"ndə,
Vətənin o çətin sınaqlı günlərində
mənfur düşmən təxribatına layiqincə cavab
verən qoşun hissələrinin tərkibindəki zabitlər
sırasında hərbi liseyimizin də ləyaqətli məzunları
qəhrəmancasına döyüşmüş, onlardan 1 nəfəri
şəhid olmuşdu.
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi
altında savaşan qüdrətli Azərbaycan Ordusunun
böyük rəşadəti nəticəsində 44
günlük Vətən müharibəsində şanlı Zəfərimizin
qazanılmasında Heydər Əliyev adına
Hərbi Liseyin məzunu olmuş zabitlərimizin də
danılmaz şücaəti var, onlardan 75 nəfəri şəhidlik
məqamına yüksəlib.
Adlarını İkinci Qarabağ müharibəsinin
şanlı zəfər tarixinə əbədi həkk
etmiş şəhid məzunlarımız bugünkü
kursantlarımız üçün bir igidlik, əsl vətənpərvərlik
nümunəsidirlər. Böyük zəfərin
qazanılmasında xidmətlərinə görə orden və
medallarla təltif olunanların da siyahısında
keçmiş kursantlarımızin adlarını
gördükdə böyük qürur və iftixar hissləri
keçirmişik.
2020-ci il dekabr ayının 10-da,
paytaxtımızın Azadlıq meydanında Vətən
müharibəsində qazanılmış şanlı Qələbə
münasibətilə Zəfər paradı keçirildi. Bu
paradda da Heydər Əliyev adına Hərbi
Liseyi rəsmi keçidlə bir qrup kursant layiqincə təmsil
etdi.
Hər
bir tədris ilinin ilk günlərindən məzun olanadək
kursantlarımızın məhz bu ruhda yetişmələri,
Azərbaycan Silahlı Qüvvələrində savadlı və
qabiliyyətli komandir olmaları, Vətənimizə,
xalqımıza və müstəqil dövlətimizə sədaqətlə
və ləyaqətlə xidmət edən zabit və nümunəvi
vətəndaş kimi tanınmaları üçün səfərbər
olan pedaqoji kollektivimiz bütün varlığı ilə, səy,
bilik və bacarığı ilə, yüksək tələbkarlıq
və məsuliyyət hissilə çalışmaqdadır.
Heydər
Əliyev adına Hərbi Lisey artıq
20-ci ildir ki, müstəqil fəaliyyət göstərərək
Ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi
kimi Milli Ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər
zabitlərlə təmin olunması yolunda inamla irəliləyir.
Liseyin son 20 ildə 3000-ə yaxın məzunu
olub.
Ümummilli
liderimiz Heydər Əliyev C.Naxçıvanski adına
Hərbi Liseyi özünün övladı hesab etdiyini dəfələrlə
vurğulamışdı. Babanın
adını daşımaq nəvəyə müyəssər
olduğuna görə, bizim hərbi liseyimizi də Ulu öndərimizin
mənəvi nəvəsi adlandırsaq, heç də səhv
etmərik. Odur ki, bu lisey belə bir müqəddəs
adı bundan sonra da şərəflə doğrultmağa,
böyük liderin arzularının daha da gerçəkləşməsi
yolunda daim qətiyyətlə irəliləyə
çalışacaq!
Azərbaycanın özü kimi əbədi olan Heydər
Əliyev ideyaları yolumuzu nurlandıran sönməz məşəldir. Bu məşəlin
hərarəti dünya durduqca bütün azərbaycanlıların
ürəyini isidəcək, müstəqil Azərbaycanın
inkişafına xidmət edəcək. Necə ki, Azərbaycan
xalqı var, necə ki, müstəqil dövlətimiz var, ulu
rəhbər, zamanın dahisi, müdrik şəxsiyyət -
"Mənim üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır" - deyən Heydər Əliyevin
adı və əməlləri də yaşayacaq!
Ümummilli liderimizin bu gün
reallığa çevrilən və 30 ildən sonra öz ərazi
bütövlüyünü tamamilə bərpa edən Azərbaycan
Respublikasının qüdrətlənməsinə,
çiçəklənməsinə xidmət edən beynəlxalq
layihələri onu söyləməyə əsas verir ki,
müstəqilliyi əbədi və dönməz olan
ölkəmiz özünün güclü ordusuna arxalanaraq
işıqlı sabaha doğru qəti addımlarla irəliləyir
və bu yol hər zaman uğurla davam edəcək.
Mehri QASIMOVA
Heydər Əliyev adına Hərbi
Liseyin tarix müəllimi
(Əvvəli ötən sayımızda)
525-ci qəzet.-2 noyabr 2023.-¹199.-S15