İlham Nəzərov:
"Xaricə qastrol səfərləri yaradıcı insana əlavə
stimul verir"
Müsahibimiz Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının solisti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Prezident
mükafatçısı, Əməkdar artist İlham Nəzərovdur.
Onunla söhbətimizə bu günlərdə gerçəkləşmiş
Moskva səfəri barədə sualla başladıq.
- Rusiyanın paytaxtı Moskvada böyük sənətkar,
məşhur opera müğənnisi Tamara Sinyavskayanın 80
illik yubileyi münasibəti ilə qastrol səfərində
idim. Oraya Müslüm Maqomayev adına müsabiqənin
qalibi kimi dəvət olunmuşdum. Konsert möhtəşəm
keçdi. Mənim üçün əlamətdar hadisə
idi.
- Vətəndaşı olduğunuz ölkəni
sərhədlərdən kənarda, dünya səhnələrində
təmsil etmək necə bir hissdir?
- Çox gözəl bir hissdir.
İdmançılar, müğənnilər və digər
ölkəsini təmsil etmək şansına malik peşə
sahibləri çox xoşbəxt şəxslərdir.
Çünki onlar seçilirlər. Bu şəxslər
dünyada özlərindən sonra bir iz qoymaq imkanına
malikdirlər. Təbii ki, bu iz tarixdə nə qədər
qalacaq, əbədi, yoxsa qısa müddətli olacaq,
bütün bunlar o şəxsin
yaradıcılığının dərinliyindən və
şansından asılıdır. Çox xoşbəxt sənətçiyəm
ki, Azərbaycanımızı 65-ə yaxın ölkədə
təmsil etmişəm. Xaricə qastrol səfərləri
yaradıcı insan üçün çox önəmlidir,
ona əlavə stimul verir, öz üzərində daha
çox çalışmağa sövq edir.
- Bir az əvvələ qayıtmaq istərdik.
Sizin ilk musiqi təhsiliniz muğam üzrə olub. Hətta
Ağaxan Abdullayevin şagirdi olmusunuz. Bəs sonra niyə
istiqamətinizi dəyişdiniz?
- İlk musiqi təhsilimi indiki Şirvan şəhərində
almışam. Sonra Bülbül adına orta ixtisas məktəbinin
xanəndəlik sinfinə daxil oldum və Xalq artistimiz
Ağaxan Abdullayevdən dərs aldım. Qeyd edim ki, xanəndəlik,
yəni milli vokal ifaçılığı akademik vokal
ifaçılığı kimi mürəkkəbdir və
böyük səs imkanları tələb edir. Həmçinin,
milli vokal ifaçılığı fərqli üslub və
yanaşma tələb edir. Ancaq mən heç
zaman özümü xanəndə kimi hiss etməmişəm.
11-ci sinifdə oxuyanda qərara aldım ki, akademik vokalla məşğul
olmalıyam. Çünki mən bariton səs tembrinə malikəm
və milli vokal sənətində bariton səs tembrinə
malik ifaçılar üçün repertuar elə də
geniş deyil. Ona görə də qərara aldım ki,
akademik vokal ifaçısı kimi təhsil alım. Beləcə
Yevgeniya Məmmədovanın sinfində təhsilimi davam
etdirdim və milli vokal ifaçısı kimi daxil olduğum
Bülbül adına Orta İxtisas Məktəbini akademik
vokal ifaçısı kimi bitirdim.
- Sizcə, muğam ifaçısı kimi
yaradıcılığa davam etsəydiniz, necə olardı?
- Fikrimcə, akademik vokal
ifaçısı kimi milli vokalı da ifa etmək qabiliyətinə
malik olmaq çox müsbət haldır. Çünki o zaman
ifaçı Azərbaycan bəstəkarlarının əsərlərini
gözəl səsləndirə biləcək, milli musiqimizə
yaxından bələd olacaq. Əsasən, akademik vokal
ifaçıları milli musiqimizin ifaçılıq
üslubunabələd olmadıqlarından Azərbaycan xalq
mahnılarını, bəstəkarlarımızın əsərlərini
lazımi qədər ifa edə bilmirlər. Buna görə də
fikrimcə, musiqi təhsilimə milli vokal ifaçısı
kimi başlamağım hazırkı dövrdə Azərbaycan
bəstəkarlarının əsərlərini ifa etməyimdə
mənə böyük kömək olur. Bununla milli musiqimizin,
təsniflərin, muğamlarımızın ifası ilə
tanış oldum. Ancaq fikrimcə, milli vokal
ifaçısı kimi fəaliyyətimə davam edə bilməzdim.
Bəli, milli musiqimizi kontratenor səs tembri ilə ifa etmək
mümkündür. Lakin bu səs tembri akademik vokalın
borokko dövrünün musiqisi üçün nəzərdə
tutulub. Bu səs tembrinə malik ifaçılar
borokko dövrünün musiqisini ifa edirlər. Əlbəttə
ki, indi də mən milli musiqimizi, Azərbaycan bəstəkarlarının
əsərlərini kontratenor səs tembri ilə oxuyuram və
bu yolda ilk azərbaycanlı ifaçı olmağın
qürurunu yaşayıram. Düşünürəm
ki, kontratenor səs tembri ilə ifaya qərar verməklə
doğru addım atdım.
- Opera bütün dünyada öz məxsusi
dinləyiciləri olan, daha geniş kütləyə xitab etməyən
musiqi növü sayılır. Siz bu istiqaməti seçəndə
məşhurluq məsələsində çətinlik
yaşayacağınızı
düşündünüzmü?
- Heç zaman məşhur olmaq
üçün çalışmamışam. Fikrimcə,
peşəsini həqiqətən sevən kimsənin hədəfi
məşhurluq olmur. Yaradıcı insan yaratmağa məhkumdur.
O, yaratmadan yaşaya bilməz. Yaradıcılıqla məşğul
olmalıdır ki, həyatını sürdürə bilsin.
Mən akademik vokal ifaçılığı ilə
yanaşı, milli, estrada, caz, hətta rok janrında fəaliyyət
göstərirəm.
- Sizcə, yetərincə
tanınırsınız?
- Bəli, demək olar ki, klassik musiqini sevən
hər kəs yaradıcılığımla tanışdır.
İstər Azərbaycanda, istərsə də ölkəmizin
hüdudlarından kənarda yetərincə sevildiyimi
düşünürəm. Bu, mənə kifayət edir.
Bildiyiniz kimi, "O Səs - Türkiyə",
"Böyük opera" və digər televiziya
proqramlarında da çıxış etmişəm. Bu vəsilə
ilə estrada, populyar musiqi sevərləri də akademik vokala cəlb
edə bilmişəm. Bir çox estrada musiqisi heyranı Opera
və Balet Teatrına təşrif buyuraraq bir-birindən
gözəl tamaşalarımızı izləyib. Bu, çox
gözəl haldır.
- Opera səhnəsində ən sevdiyiniz obraz
hansıdır və niyə?
- Opera səhnəsində 55 obraz
canlandırmışam. Həmçinin qeyd edim ki, bariton və
kontratenor səs tembrinə malik olmaqla bərabər, bas,
bas-bariton, kontralto mezzo-soprano və soprano tessiturasındakı
partiyaları da səsləndirirəm. Bu, bir ifaçı
üçün çox mürəkkəb prosesdir. Eləcə
də böyük məsuliyyəti var. Çünki
ifaçı səsini itirə bilər. Ona görə də
yüksək peşəkarlıq tələb edir.
Ən sevdiyim rola gəldikdə isə, bunu bir
neçə il öncə soruşsaydınız, "Paris
Notrdam kilsəsi"ndə Kvazimodo, "İntizar"da Yad
adam və canlandırdığım başqa obrazların
adlarını çəkərdim. Zaman keçdikcə
bütün obrazlar doğmalaşır və
ayrı-seçkilik etmək, hansınısa fərqləndirmək
çətin hal alır. Bütün obrazlarımı eyni dərəcədə
sevirəm. Sevmədiyim, öz səsimə uyğun bilmədiyim
partiyaları ifa etmirəm.
- Siz həm də elmi fəaliyyətlə məşğulsunuz,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru və pedaqoqsunuz. Fəaliyyətinizin bu sahəsi barədə
ilk növbədə nələri deyərdiniz?
- Bəli, 2021-ci ildə professor
Gülnaz Abdullazadənin elmi rəhbərliyi ilə
"Müslüm Maqomayevin Azərbaycan və dünya vokal
ifaçılığı sənətində rolu"
mövzusunda dissertasiya işimi müdafiə edərək sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsini
aldım. Ondan sonra müəllifi
olduğum "Müslüm Maqomayevin vokal
ifaçılığının nəzəri təhlili"
adlı dərs vəsaitim işıq üzü gördü.
Qeyd edim ki, 2008-ci ildən pedaqoji fəaliyyətlə məşğulam.
2018-ci ildən isə Ü.Hacıbəyov adına Bakı
Musiqi Akademiyasının "Solo oxuma və opera
hazırlığı" ixtisasında baş müəllim
kimi fəaliyyət göstərirəm. Böyük fəxrlə
vurğulamaq istərdim ki, şagird və tələblərim
respublika və beynəlxalq müsabiqələrin
laureatıdırlar. Bir yaradıcı şəxs yalnız
yaratmaqla xoşbəxt ola bilər. Mən də bir
musiqiçi kimi özümü çox xoşbəxt hiss
edirəm.
- Azərbaycan musiqisinin indiki durumu haqqında nə
düşünürsünüz, qane edirmi sizi?
- Fikrimcə, qənaətbəxşdir.
Çünki istər vokal ifaçıları, istərsə
də estrada ifaçıları arasında çox gözəl
səsə malik sənətçilərimiz var. Hər
dövr öz tələblərini irəli sürür.
Musiqiçilər də daha çox bu günün tələblərinə
uyğun şəkildə fəaliyyət göstərirlər.
İnsan yaşamaq üçün mübarizə aparır.
Bütün peşə sahibləri, eləcə də
musiqiçilər zamanın tələbinə uyğun
çalışırlar. İndi bizim musiqimizin də durumu əsasən
dövrümüzün tələbinə uyğundur.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2 noyabr.2023.-¹199.-S.11