Zəfər Günü – Azərbaycanın qüdrətinin rəmzi

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin üç illiyi yaxınlaşır. Qələbənin şərəfinə 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Müzəffər ordumuz 44 gündə şərəfli tarix, qəhrəmanlıq səlnaməsi yazdı. Şərəf və qürur tariximizin ən şanlı səhifələrindən biri 8 noyabr Şuşanın işğaldan azad edildiyi gün oldu. Məhz həmin gün alınmaz qala olan qədim və tarixi şəhərimizə, hər bir azərbaycanlı üçün misilsiz mənəvi dəyərə malik olan Şuşaya qovuşduq. Azərbaycan Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

 

           2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın otuz ilə yaxın işğalına son qoydu.

 

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də, Vətən müharibəsinin birinci günündə xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

 

Müharibədə qələbəmizi şərtləndirən əsas amillərdən biri Azərbaycan xalqının öz dövləti, ordusu ətrafında bir yumruq kimi birləşməsi, həmrəylik göstərməsi, insanlarımızın yaşından asılı olmayaraq könüllü döyüşə yollanmaq istəyi, mübarizə əzmi oldu. Bütün bunlar qələbəmizi daha da yaxınlaşdırırdı. Müharibənin ilk günlərindən ordumuzun üstünlüyü ələ alması nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz düşmənin illərlə qurduğu və keçilməz deyilən istehkamlarını yara bildi. Hər bir kənd, şəhər, yaşayış məntəqəsi uğrunda gedən döyüş ayrıca qəhrəmalıq nümunəsinə çevrildi.

 

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

 

Azərbaycan liderinin hələ döyüş əməliyyatlarının gedişində "Şuşaya bir nəfəs qədər yaxınıq" söyləməsi xalqımızın Şuşa həsrətinə son qoyulacağından xəbər verirdi.

 

Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi.

 

Sitat: "Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

 

İki gün sonra isə müharibə başa çatdı, Ermənistanın təslim olmaqdan başqa yolu qalmamışdı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, şəhid verilmədən azad edildi. Bəyanatda, kommunikasiyaların açılması, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması və s. əksini tapmışdı. Ötən il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi.

 

Müharibədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi üçtərəfli bəyanatı yerinə yetirməkdən imtina edir, müxtəlif hərbi, siyasi təxribatlara əl atırdı. Ermənistanın öz havadarlarının dəstəyi ilə bütün təxrtibatlarına rəğmən, Azərbaycanın sülh, reinteqrasiya çağırışları, təmkin və səbr nümayiş etdirməsinə görə, bəziləri düşünürdülər ki, Bakı 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Bunu da belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Ermənistan tərəfi Qarabağdakı separatçıları, qanunsuz silahlı dəstələri maliyyələşdirməkdə, silah-sursatla təmin etməkdə idi. 2022-ci ilin sonu 2023-cu ilin əvvəllərində Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar ölkəmizə Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. ABŞ, Avropa İttifaqı, Fransa və digərləri 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Hətta bu məqsədlə ATƏT-in keçmiş Minsk qrupunun reanimasiyasına cəhdlər göstərir, yenidən uzun-uzadı, mənasız danışıqlar prosesinə start verilmişdi. Vəziyyətin bu cür qalması isə daim "parçala hökm sür" siyasəti yürüdən qüvvələrin öz işlərini bu ənənəvi fəaliyyət prinsipi üzərində qurmaqla Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamağa imkan yaradırdı. Bütün bu prosesin məntiqi ondan ibarət idi ki, Qərb ermənilərin Azərbaycanda  yaşaya bilməyəcəyi və buna görə də ayrılmasının zəruriliyini ehtiva edən hüquqi proseduru işə salsın. Azərbaycana, şəxsən Prezident İlham Əliyevə qarşı olan təzyiqlər, dövlət başçısına və onun ailə üzvlərinə qarşı aparılan çirkin kampaniyalar, BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr Qərb dairələrinin sadəcə sözçülüklə məşğul olmadığını və öz niyyətlərini praktiki müstəviyə keçirdiklərini aydın nümayiş etdirdi. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi.

 

Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca "nəyi, nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.

 

Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran liderdir. Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan bir çox addımlar illər sonra necə tam yeni bir keyfiyyət yaradırdısa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. İlham Əliyevin böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, o, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı.

 

2023-cü il sentyabrın 19-da başladılan və cəmi 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim oldular, separatçı rejimin varlığına son qoyuldu. Oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər gününə bərabər və onu tamamlayan tarixi hadisədir. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını ən böyük arzusu olan Ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Bu gün zəngin tariximizin müxtəlif mərhələlərində xalqımızı və dövlətimizi qələbədən qələbəyə aparmış Cavanşir, Eldəniz, Cahan Pəhləvan kimi hökmdarların, Şah İsmayıl Xətainin ruhu şaddır. Bu il Azərbaycan dövləti Zəfər gününü bütöv olaraq qeyd edir və bu, əbədi olacaq

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.-2 noyabr.-2023 199.-S.5