Əli Əmirli
və yetmiş beş?!
AD
GÜNÜNÜ QEYD ETMƏYİ XOŞLAMAYAN YAZIÇI
İLƏ YUBİLEY SÖHBƏTİ
Bu günlərdə internetdə gəzişib dəyəri
yazıçımız, dramaturq Əli Əmirli ilə bir
neçə ay öncə etdiyimiz müsahibəni axtararkən
qarşıma həmkarım Cavid Zeynallının "Yeddinin
yanında sıfır" yazısı çıxdı. Belə bir
yazını nə vaxtsa oxuduğumu xatırlayıb,
yaddaşımı yeniləmək üçün keçidə
daxil oldum və yanılmadığımı anladım.
Yazı düz beş il öncə -
Əli Əmirlinin 70 illik yubileyinə hədiyyə olaraq
yazılmışdı. Ən maraqlısı isə müəllifin
günlərdən bəri beynimdə
dolandırdığım, gah səsli, gah da səssiz təəccüb
nidaları ilə qarşıladığım faktı beş ilk öncə öz yazısında əks
etdirməyidir: "Niyə 70 yox, yeddinin yanında
sıfır?! Bu suala kimdən cavab istəsəniz, belə deyəcək:
70 yaşı Əli Əmirliyə rəva görmürəm.
Ya da Əli Əmirlini 70 yaşa
yaraşdırmıram".
İndi
bir də düşünün ki, bu yazıdan beş
il keçib və biz bu günlərdə Əli Əmirlinin
75 yaşını qeyd etdik. 75?! Yox, gəlin, mən də onu
müəlliflə dostluğumuza arxalanaraq "yeddinin
yanında beş" kimi deyim. Axı, 75
yaş hara, hər zaman həyat dolu, şux, üzündə
təbəssüm gördüyümüz, hələ də
Azərbaycan teatr səhnəsində yorulmadan yaratdığı
bir-birindən maraqlı pyeslərini izlədiyimiz Əli
Əmirli hara?! Yox, doğrudan da, Əli Əmirli adı ilə
"75" sözü bir cümlədə alınmır, nəsə
bir-birinə yaraşmırlar e...
Amma biz yaraşdırsaq da, yaraşdırmasaq da, bu
faktdır ki, həmişəcavan Əli Əmirlinin 75
yaşı tamam oldu. Və mən bu gün xoşbəxtəm ki,
uşaqlığımda teatr divarlarındakı afişalarda
səhnələşdirilmiş əsərlərin müəllifi
kimi oxuduğum o adın sahibi ilə sonra ədəbi mühitdə
şəxsən tanış olmaq
şansı qazandım. Sonra isə hətta iş
yoldaşı və yol yoldaşı da oldum.
Əli
Əmirlinin 1999-cu ildən pedaqoq kimi fəaliyyət göstərdiyi,
kafedra müdiri və professoru olduğu Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
mətbuat katibi kimi fəaliyyətə başlayanda universitetdə
ilk qarşılaşdığım və təbrikini,
xeyir-duasını aldığım şəxslərdən
biri də məhz o oldu. Bu gün də
iclaslarda, konfranslarda, tələbə tamaşalarında, ya da
eləcə dəhlizlərdə ilk gözüm axtaranlardan
biridir Əli Əmirli. Çünki hər
zaman şən, həyat dolu, kübar müraciəti,
üzündəki insana rahatlıq bəxş edən səmimi
təbəssümü ilə özündən sonra belə səni
müsbət enerjidə saxlayan aura bəxş edir.
Sonra isə həyat bizə elə gözəl
sürprizlər yaşatdı ki, dadı
damağımızdan bir ömür getməz. Məsələn, düz 28
il xəyalını qurub, hətta öz
içimizdə belə inanmağa qorxuduğumuz
Şuşamızın azadlığı və bu
azadlıqdan sadəcə aylar sonra bizim Şuşa səfərimiz...
Qələbədən sonra ilk dəfə
keçirilən Vaqif Poeziya Günlərində Əli
Əmirli ilə yol yoldaşı olduq. Bu müqəddəs
yolda Əli müəllimlə birgə addımlamaq, onun Şuşa ilə, Qarabağla bağlı
xatirələrini dinləmək, Şuşa qalasında şəhidlərimizin,
qazilərimizin bizə bəxş etdiyi vüqarla şəkil
çəkdirmək əvəzsiz və unudulmaz xatirəyə
çevrildi.
O unudulmaz
və müqəddəs xatirəmin qəhrəmanı ilə
bu günlərdə 75 yaşın söhbətini etdik. Etiraf edim ki, bu qısa, amma maraqlı söhbətdə
də Əli Əmirli bir ustad kimi öyrətməyi,
nümunə olmağı bacardı.
Maraqlı idi ki, bizim
yaraşdırmadığımız 75 yaşda
yazıçı özünü necə hiss edir? Gəlin, özü desin
görək, indi necədir, ümumiyyətlə, ad günləri
ilə arası varmı?
"Əslində
çətin sualdır, çox ciddi, ağayana, müdrik
cavablarım ola bilərdi, amma bir qədər
yumorla deyəcəm. Əgər adam
"Heç vaxt özümü indiki kimi cavan hiss etməmişəm"
deyirsə, deməli, artıq qocalıb.
Ad günlərimi qeyd eləməyi xoşlamıram, bu,
təvazökarlıqdan irəli gəlmir, sadəcə tənbəllikdəndir. Əlavə qayğı
çəkmək, yubiley məclisi düzəltmək,
dost-tanışı dəvət etmək, məclis qurmaq və
nəhayət, yubiley təbrikləri, tərifləri eşitmək...
Nə bilim, bu işlərə vaxt və güc
sərf etməyə həvəsim yoxdur. Ailəm, ətrafım
olmasa, bu günün üstündən sükutla keçərəm,
amma olmur, qəribə
görünmək istəmirəm. Dərindən
düşünəndə, hər günü, açılan
hər sabahı doğum günü hesab eləmək olar.
Səhər oyanırsan (oyanmaya da bilərsən),
hər şey təzə-tər, yeni günün yeni
başlanğıcı, heç bir gün də təkrar
olunmur".
Bu yerdə
yadıma düşür ki, Əli müəllimin beş il öncə 70 illik yubileyi də sadəcə
bir tədbirlə qeyd olunmuşdu. Bakı Şəhər
Mədəniyyət Baş İdarəsindən gələn təklifə
razılıq verən yazıçı sonra digər təklifləri
dəyərləndirmək istəməmiş, ikinci tədbirə
ehtiyac görməmişdi. O bunu "tənbəllik"
kimi xarakterizə etsə də, əlbəttə, bu, sadəliyin
təvazökarlığın ən aydın nümunəsidir.
Amma Əli müəllimin bir ömür unutmadığı
ad günləri də olub. Özü də bu geniş konsert
salonlarında, yüzlərlə dəvətlinin iştirak
etdiyi ehtişamlı ad günü tədbirləri yox, sadə
bir əsgər süfrəsidir:
"Uzaq, uzaq, pək uzaq 1974-cü ildə
Naxçıvanda əsgəri xidmətdə qeyd elədiyim həmin
gün yadımdan çıxmır. Gecə rabitəçi
kimi KPP deyilən hissədə kommutatorun qabağında
növbə çəkirdim. Axşam yeməyi çox
pis olmuşdu: paslanmış selyodka, palçıq kimi qara
çörək, iki yumru qənd və bütün bunlara
layiq çay. Gecəni də saat səkkizdən
səhər səkkizə qədər növbədə
olmalıyam. Bir tərəfdən də lənətə
gəlmiş ad günü. Mənimlə
bərabər növbədə zabit kimi iki illik xidmətdə
olan bir erməni vardı - Ağababyan. Bu
erməni rus dilini heç bilmirdi, gecədə iki-üç
dəfə ştaba zəng eləyib dörd-beş cümlədən
ibarət hesabat verməli idi. Danışa
bilmədiyindən hesabatı onun adından mən verirdim.
Deməli, adam özünü bir az mənə
borclu hesab eləyirdi. Elə ki mənim ad
günüm olduğunu bildi, tələsik qaçıb
qaldığı zabit kotecindən "pasılka" deyilən
bir bağlama qutusu gətirdi. Dedi ki, elə bu gün evdən
göndəriblər. Biz ikilikdə o
"pasılkanı" yarı elədik. O ad
günü heç yadımdan çıxmır".
Hər zaman pozitiv görməyə
alışdığımız Əli Əmirli, görəsən,
öz ömründən necə, razıdırmı? Bunu da özündən
soruşduq və cavabı çox maraqlı idi: "Bu
sualın cavabı çox uzun söhbətə aparar, mən
qısa deyəcəm. Ən deyingən, ən narazı adam da yaşadığı ömrü
pis-yaxşı dəyişmək istəməz. İnsanın necə yaşadığını isə
onun əməli göstərir. Söz yox, məhz əməl,
ona görə də deyirlər: hər kəs öz əməlinin
girovudur, sözünün yox, məhz əməlinin. Konkret
desəm, həyatımdan narazı deyiləm, həmişə
yaxşı, qədirbilən, xeyirxah adamların əhatəsində
olmuşam. Məişətdə də, işdə
də, yaradıcılıqda da. Keçdiyim
uzun ömür yoluna nəzər salanda mənə, həyatıma
dəxli olan nə qədər adamın surətini
görürəm, xatırlayıram. Bu yerdə gənc
şair Fuad Novruzlunun "Arzu" adlı şeirinin son
misrasını xatırlayıram: "- Acı xudahafizlərlə
gedənlər salamat qayıdıb gəlsəydi..."
Əli Əmirli üçün ən qiymətli olan isə
MƏRHƏMƏTdir".
Mərhəmət demişkən, bu gün
yazıçını ən çox qayğılandıran
da elə bütün dünyada baş alıb gedən mərhəmətsizlik,
əxlaq problemi imiş. Bunu da özü dedi: "Bütün dünyada, o
cümlədən, yaşadığımız cəmiyyətdə
də bir əxlaq problemi var.
Bütün pisliklərin kökündə məhz bu problem
dayanır. Oğurluq, qəddarlıq, rüşvətxorluq,
yaltaqlıq, ikili standartlar... Siyahını
uzatmaq olar, amma dediklərimiz də kifayət edir. Bütün bu pisliklərin əsasında əxlaq
naqisliyi dayanır".
Hər yaş özü ilə nələrsə gətirir,
nələrsə aparır. Bəs görəsən,
Əli müəllim, necə düşünür, bu yaş
onda nəyi dəyişəcək və bu gündən arxaya
boylananda onun "ömrümə yazılmasın" dediyi
günləri varmı?
"Yaşdan asılı olmayaraq, xarakter dəyişmir. Mahiyyət həmin
mahiyyətdir. Dünyaya, hadisələrə,
insanlara münasibətin yaxşıya, ya pisə dəyişə
bilər, xarakterin isə heç vaxt. İnsanın
mahiyyəti, demək olar ki, olduğu kimi qalır.
Hələ ki yorulmaq nədir bilmirəm. Səbəb
gördüyüm işlərdən ləzzət
almağımdır. İstər
yazıçı kimi, istərsə də, pedaqoq kimi. İyirmi ildən çox işlədiyim Mədəniyyət
və İncəsənət Universiteti kollektivinin təşəbbüsü
ilə 75-ci ad günümü qeyd etdiyimiz xudmani məclisdə
rektorumuz Ceyran xanım soruşdu ki, Əli müəllim, ən
yaxşı təbriki kimdən aldınız? Cavab verdim, tələbələrimdən. Özü də çoxdan Universiteti bitirib
getmiş, heç bir cəhətdən məndən
asılı olmayan tələbələrimdən.
Xoşbəxtliyin düsturu çox sadədir, hətta
bəsitdir. Bəlkə elə ona görədir ki, ən qiymətli
əsərlərin əsasında xoşbəxtlik deyil, qəm-kədər
dayanır. Realda da insanın həyatı, o cümlədən,
mənim həyatım da ancaq xoşbəxtliklərdən ibarət
ola bilməz. Eniş var,
yoxuş var, yeri heç vaxt dolmayacaq itkilər var. Bu sənin
bütöv həyatındır, ordan nəyisə
çıxarmaq, redaktə eləmək, "olmasın" və
ya "ömrümə yazılmasın" demək sadəlövhlükolardı".
Söhbətimizin sonunda isə
yazıçıdan planlarını soruşduq. Dedi ki,
"Adətən, həm məişət, həm də
yaradıcılıq müstəvisində plan qurmur, planlı
yaşamıram. Əgər plan qursam, mənən əziləcəm,
rahatlığımı itirəcəm. Odur ki, plan tutmuram,
amma boynuma düşən hər bir işi, vəzifəni
yerinə yetirməyincə rahat ola bilmirəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet.-4 noyabr 2023.-¹201.-S.19