"Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq"
kitabının yeni nəşri
Əhməd Bican ERCİLASUN
Professor, Türk Kültürü Araşdırmaları İnstitutunun başqanı
Kamal Abdulla və Rafiq Əliyevin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabının "təkmilləşdirilmiş" üçüncü nəşri İstanbulda işıq üzü görüb.
Əsərin ikinci nəşrini əvvəllər oxumuş
və bəzi qeydlər aparmışdım. Yeni nəşrdə
Türkiyə Cümhuriyyəti
Dil və Sistem Fondunun direktoru, tanınmış
vəkil Burak Ekenin də bir ön sözü
var.
Dil və Sistem Fondu 27 oktyabr 2023-cü il tarixində
İstanbulda Silkar Plazada ümumilikdə Dədə Qorqud haqqında və xüsusi olaraq K.Abdulla və R.Əliyevin birlikdə ərsəyə gətirdiyi
kitabın tanıtım-təqdimatı
məqsədilə bir
toplantı keçirdi.
K.Abdulla və R.Əliyev kitab haqqında, ümumən qeyri-səlis
məntiqin "Kitabi-Dədə
Qorqud"a tətbiqi mövzusunda çıxış
etdilər. Görkəmli
türk folklorşünası
və tədqiqatçısı,
hazırda Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetində dekan vəzifəsində çalışan professor Umay
Günay isə çıxışında Dədə
Qorqud dastanının
strukturunun öyrənilməsində
Propp üsulundan istifadənin mümkünlüyünü
iştirakçıların diqqətinə çatdırdı.
Mən də öz çıxışımda "Dədə Qorqud" boylarının "Oğuznamə"lər
arasında yerini izah etməyə çalışdım. Toplantının günorta sessiyasında dinləyicilərin maraqlı
sualları oldu. Toplantı daha çox Lütfi Zadənin işləyib hazırladığı qeyri-səlis
məntiq nəzəriyyəsinin
süni intellektin inkişafında rolunun
müzakirəsinə yönəldi.
İştirakçılar süni intellektin
perspektivləri və
sərhədləri ilə
bağlı fikirlərini
bildirdilər. Saat
17:00-da müəlliflər öz əsərlərini
toplantı iştirakçıları
üçün imzaladılar.
Dostum Kamal Abdulla ilə yenidən görüşmək
və bu görüş münasibətilə
Rafiq Əliyevi tanımaq mənim üçün çox xoş oldu.
Toplantıdan əvvəl kitabı təkrar oxumuşdum, toplantıdan sonra da bəzi hissələrini
yenidən gözdən
keçirmişdim. Ömrünü Dədə Qorqud mətnlərinin araşdırılmasına
həsr edən Kamal Abdulla sanki bu dəfə detektoru əlinə alıb yerin altında qızıl mədəni axtaran bir tədqiqatçıya
çevrilmişdi. Əvvəllər mən onu Dədə
Qorqudun arxeologiyası
ilə məşğul
olan arxeoloqa bənzətmişdim. Kamal Abdulla torpağın
altını qazıb
arxeoloji materiallar axtaran tədqiqatçılar
kimi, hər dəfə dastanın alt qatında gizlənən yeni nələrsə tapır. Bu dəfə
o, dəqiq elmlər sahəsində tədqiqat
aparan bir alimlə birlikdə yerin altında "qiymətli metalların"
axtarışına çıxıb.
Görəsən, K.Abdulla növbəti
dəfə "Dədə
Qorqud" dastanının
hansı bilinməyənlərinin,
hansı gizlinlərinin
izinə düşəcək?
Hərçənd ki, müəlliflər
hazırda bu araşdırmanı genişləndirməyə
çalışdıqlarını qeyd edirlər. Amma kim
bilir, müəlliflər
tamamilə yeni baxış və yanaşmalar da ortaya qoya bilərlər.
Əsərdə 0 ilə 1 və
ağ ilə
qara arasında müxtəlif səviyyələr
qeyd olunmuş, "Kitabi-Dədə Qorqud"
boylarından buna uyğun nümunələr
göstərilmişdir. Müəlliflər əcdadlarımızın Aristotel
məntiqinin "ya bu, ya o" sərhədindən kənara
çıxdığını diqqətə çatdırmış,
ən əsası isə Dastanda ağla qara arasında çoxlu rəng və çalarların olmasını
ulu əcdadlarımızın
demokratik düşüncəsinin
sübutu kimi təqdim etmişlər.
Yəni əcdadlarımız
"ya bu, ya o" demirlər,
"Bu iki şeyin arasında o da ola bilər,
bu da" deyirlər.
K.Abdulla və R.Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlərə ilk tətbiqidir. Beləliklə, Lütfü Zadənin arzusu yerinə yetmiş, əsər həm də onun "əziz xatirəsinə" həsr
edilmişdir.
Əsəri yenidən oxuyarkən
və qeyri-səlis məntiqin süni intellektin təkamülündə
rolu haqqında düşünərkən, dedim,
görəsən, süni
intellekt "Kitabi-Dədə
Qorqud" boylarına
da tətbiq oluna bilərmi?
Məsələn, "Kitabi-Dədə Qorqud" dastanının
12 boyu süni intellektə yüklənsə
və aşağıdakılar
olsa;
Boylarda istifadə olunan sözləri tezliyinə görə
sıralamaq.
Bütün
dil və cümlə strukturlarını tezliyinə görə
sıralamaq.
"Dədə
Qorqud" kitabında bir neçə özəlliyi sadalanan,
lakin ayrı bir boyu olmayan Şir Şəmsəddinin
xüsusiyyətlərini də sistemə əlavə edib,
sonra süni intellektdən Şir Şəmsəddinin boyunu
yazmasını istəsək.
Şir Şəmsəddin kimi bir neçə qəhrəman var. Maraqlıdır, görəsən, biz də süni intellektə bu üsulla onların boylarını yazdıra bilərik?
Bu gün olmasa da, bəlkə, sabah.
Dədə Qorqud boyları bizim üçün bitib-tükənməyən bir
bulaqdır. Bu bulaqdan içənlər necə
də xoşbəxtdir!
525-ci qəzet .- 2023.- 4 noyabr, №201.- S.16.