O sevda nə sevda idi?
Ağacəfər HƏSƏNLİ
Azər Turan
barədə, ilk görüşümüz haqda
mütləq yazacaqdım,
sadəcə, məqam
gözləyirdim. Nə
olursa-olsun, qələmə
sarılacaqdım, Azər
Turanı - Azər Əbilovu 17-18 yaşında
necə görmüşdümsə,
tanımışdımsa, elə
o şəkildə ondan
bəhs edəcəkdim.
Heç nə artırıb-əskiltmədən. Baxmayaraq ki, həmin tarixdən 43 il sərasər ötüb. Onda dekan müavininin (adını xatırlamıram)
Mədəniyyət və
İncəsənət Universitetinin
II kursunda oxuyan Azər İmamverdi oğlundan odlu-odlu danışmasını, tapılanacan
susmamasını, qısa
dəri gödəkçəsinin
düymələrini möhkəm
bağlayan tələbə
gəncin açıq,
cılız görkəmdə
dəhlizdə qəfildən
peyda olmasını, müəlliminin fərəhlə
"Azər budur"
həyəcanını indiyəcən
unutmamışam.
Qış semester
həyəcanı yaxınlaşdığından
və tələbələrin
qayğıları artdığından
Azər Əbilov gözümə bir az yorğun, yuxulu və əsəbi göründü.
Dekan müavini işinin dalınca getdi. Mən özümü Azərbaycan
radiosunun müxbiri kimi təqdim elədim, məqsədimi də dərhal açdım, "yaxşı
oxuyan, fəal, ictimaiyyətçi tələbələrdən
veriliş hazırlamaq
istəyirəm. "Gənclik"
redaksiyası üçün".
O, duruxa-duruxa xeyli altdan-yuxarı məni süzdü. Əvvəl müsahibimin qəribə
baxışlarını anlamadım,
sonra tələbə
oğlan ürəyindəkiləri
gizlətmədi:
- Sən jurnalist deyilsən, şair Ağacəfər Həsənlisən.
Mən Neftçalada orta məktəbdə oxuyarkən "Azərbaycan"
jurnalında şeirlərin
çıxmışdı, təxminən 12-15 səhifəlik
sarı cildli jurnal idi. İlk səhifədən sənin
şeirlərin verilmişdi.
O zamandan səni tanıyıram, yaradıcılığını
izləyirəm. Nə
olsun ki, rejissorluqda təhsil alıram, ədəbiyyat həvəskarıyam,
poeziya vurğunuyam...
Doğrusu, Azərin bu cür tanışlığımıza
müdaxiləsi, emosionallığı
məni əməlli-başlı
təsirləndirdi və
çaşdırdı. Elə
bil heç qarşımda imtahanlara hazırlaşan tələbə
dayanmamışdı, yetkin
hazırlıq keçmiş
bir müdrik cavan peyda olmuşdu.
Artıq "görünən
kəndə bələdçi"
lazım deyildi, istiqaməti tələbə
özü müəyyənləşdirmişdi.
Necə təəccübləndimsə,
bütün düşündüklərim
alt-üst oldu, qabaqcadan hazırladığım,
ona verəcəyim sualları unutdum. Azər Əbilov isə susmurdu, tam açılmışdı, sərbəst
surətdə ədəbiyyat
haqqında fikirlərini
bölüşür, sistemli
şəkildə Azərbaycan
poeziyasından - Nəsimidən,
Xətaidən, Füzulidən,
Şirvanidən, Əli
bəy Hüseynzadədən,
Sabirdən, Caviddən
misallar çəkirdi.
Əməlli-başlı yaddaşına
və savadına heyrətləndim. Mən yalnız arada bir cümlə işlətdim: - Azər, orta məktəbdə ədəbiyyat müəllimin
kim olub?
- Atam İmamverdi Əbilov, evimizdəki zəngin kitabxana. Gördüyüm və görmədiyim məşhur
qələm ustalarının
kitabları. Mirzə
İbrahimov, Süleyman Rəhimov,
Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Qılman İlkin, Məsud Əlioğlu, Yusif və Vaqif
Səmədoğlular, Musa Yaqub,
Əliağa Kürçaylı,
Xəlil Rza, Məmməd Aslan, adlar, avtoqraflı kitablar, dərgilər evdə çeşid-çeşiddir. Neçə-neçə
böyük ədiblə
şəklim var...
Həə, deməli, möcüzənin
sirri açıldı.
Azər məşhur neftçalalı pedaqoq-müəllim,
filoloq-alim İmamverdi
Əbilovun oğluymuş.
O İmamverdi Əbilovun
ki, cavanlığından tez-tez
adı Səməd Vurğunla, Cəfər Xəndanla, Azərbaycanın
ən böyük zəka sahiblərilə bir çəkilir, hallanırdı. Doğulduğu
Muğan torpağını,
Xəzər sahillərini
heç bir yerə-yurda dəyişməyən
bu zəngin mənəviyyat "taciri"nin
yeganə ünvanı
Neftçaladakı sadə
həyətiydi və
ömrünün sonuna
qədər İmamverdi
müəllim ünvan
dəyişmədi, başqa
yerə köçmədi,
burda yaşadı. Halalca evindən də əbədiyyətə
yol aldı, vida nəğməsini oxudu.
Mən bir qədər dərin düşüncələrə
dalarkən, mərhum yazıçı-dramaturq Məmmədhüseyn
Əliyevin Lənkəranda
yerləşən iş
otağında (Azərbaycan
Yazıçılar İttifaqının
zona şöbəsində) 1978-ci ildə İmamverdi Əbilovla unudulmaz görüşümüzü xatırlayarkən, Azər
çağdaş poeziyamızın
nailiyyətlərindən ağızdolusu
danışırdı. Xüsusən
də "Azərbaycan",
"Ulduz" dərgilərində
çap olunmuş
Ramiz Rövşənin, Vaqif
Cəbrayılzadənin (Bayatlı),
Eldar Baxışın,
İsa İsmayılzadənin, Ələkbər Salahzadənin,
Vaqif Bəhmənlinin,
Camal Yusifzadənin son şeirlərindən
misallar çəkirdi.
Yarıgerçək, yarızarafat
deyirdi ki, adları bəlli ədəbi jurnalların hamısına
atası İmamverdi müəllim abunə yazılıb. Onları şəxsi kitabxanasında
göz-bəbəyi kimi
qoruyur, o da sevdiyi şairləri həmin dərgilərdən oxuyub,
mütaliə edib.
Və beləliklə, taleyimin ən uğurlu günlərindən birini
yaşadım. Vaqif Səmədoğlunun bir
"Günün baxtı"
şeiri var, elə bil bizim üçün
yazılmışdı. Artıq
mükəmməl biliyi,
savadı, mütaliəsi,
maraq dairəsi göstərdi ki, bu cavanla ürək söhbəti eləmək
mümkündür. Uçmağa
qanadım yox idi. Necə deyərlər, istədiyim
yar idi, pərvərdigar
onu da yetirmişdi. Düzü, neçə illik jurnalistlik fəaliyyətimdə Azər
rastıma çıxan
ilk tələbəydi, hərtərəfli
təsir bağışlayırdı,
içi dopdoluydu. Belə tələbəylə
söhbətləşməyə, dərdləşməyə nə
vardı ki? Həqiqətən
bəxt üzümə
gülmüşdü, Azəri
tapmışdım.
Tələbə verilişi ərsəyə
gətirməyə nə
vardı ki?! Mən hardan nəyisə başlayırdım, Azər
dərhal tamamlayırdı.
Əhatəli bir ssenari-süjet hazırladım.
Nə qədər
"Tələbəlik illəri"
verilişinin əl-ayağını
yığsam da, onu
10-15 dəqiqəlik vaxta
münasib çərçivəyə
sığışdıra bilmirdim. Nəhayət, redaksiyaya baş çəkdim, şöbə
müdiri Dəmir Gədəbəyliylə bu
haqda məsləhət-məşvərət
elədim. Dəmir müəllim Azər Əbilovun şair olduğunu zənn etdiyindən "onun üçün yarım saat efir vaxtı
ayıraram, madam belə
istedadlıdır" - dedi.
Sonra mən bu tələbənin mütaliəsini,
savadını önə
çəkdim, "Gənclik"
redaksiyasının baş
redaktoru Fəridə Aslanbəyova söhbətimizə
qoşuldu: "Əlbəttə,
ali məktəblərimizdə
belə tələbələrin
oxuması ilə yalnız öyünmək
olar. Studiyaya onu dəvət etsən, gətir kabinetimə, görüm kimdir, nəçidir. Sən demişkən, hazır kadrdısa, onu tez-tez verilişlərə
çağırarıq, yolunda
yaşıl işıq
yandırarıq. Püxtələşdirib,
yetişdirib, gələcəkdə
işə götürməyə
zəmanət verərəm".
Artıq
heç bir çətinlik çəkmədən
Azər Əbilovla bağlı verilişi efir məkanı üçün hazırladım.
Və tələbə
gənci çağırıb
şair Dəmir Gədəbəyli ilə,
sonra Fəridə xanımla tanış etdim. Hər iki peşəkar jurnalist Azərin ümumi səviyyəsindən
yerdən-göyəcən razı qaldılar. Təbii ki, həm Dəmir Gədəbəyli,
həm də Fəridə Aslanbəyova
Azərin atası İmamverdi müəllimi
nişan verən kimi o saat tanıdılar.
Elə o zaman hiss etdim
ki, Azər rejissorluqda
təhsil alsa da, hələ seçim qarşısındadır, o, yaxşı
teatr nəzəriyyəçisi-tənqidçisi
də ola bilərdi, istedadlı rejissor da, hətta aktyor da.
Ancaq repressiyaya məruz qalmış Hüseyn Cavidin dəhşətli taleyi, dramaturgiyası onu tədqiqatçı-araşdırıcı,
türkçü, turançı
etdi. Böyük ədibin yeganə varisi, yadigarı Turan xanıma bəslənən ana-bacı
sevgisi Azər Turana ürəklərdə
heykəl ucaltdı, millət fədaisinə çevirdi. Bu əqidə
yolçusu Əli bəy Hüseynzadə və onun ardıcıllarının
irsini öyrənə-öyrənə,
müqəddəs amallarını
içində yaşada-yaşada,
cücərdə-cücərdə Azərbaycanda azərturançılıq
konsepsiyasının əsasını
qoydu, məfkurə məktəbi yaratdı, baş redaktorluq etdiyi "Ədəbiyyat qəzeti"ni böyütdü,
çevrəsini genişləndirdi,
yazarların əski orqanına demokratiya, yenilik-təzəlik gətirdi.
Bu gün Azər Turanın fəaliyyəti
mənəviyyatca saf,
əqidəcə möhkəm,
mədəniyyətimizə, ümumən dövlətçiliyimizə
bağlı əsl azərbaycanlının fəaliyyətidir.
Bu istedadlı, kifayət
qədər savadlı,
elmi-biliyi, zənginliyi
özündə birləşdirən
məfkurə adamı
nümunə göstəriləsi
ziyalı-şəxsiyyətdir.
Mən cəsarətlə deyərdim
ki, "Ədəbiyyat qəzeti"
Azər Turanın fəaliyyətinin bir tərəfidir, yəni aysberqin görünən tərəfi. Əlbəttə,
geniş anlamda məhəbbət qazanmaq,
çoxşaxəli surətdə
şöhrət tapmaq
hər başıpapaqlının
işi deyil. Azər müəllim təsdiq edir ki, o, qəlibə sığmır,
ölçü-biçi tanımır.
Onun üçün
yeni bir talantı kəşf eləmək, nişan vermək daha maraqlı önəm daşıyır,
nəinki hardasa bir məşhurla ədəbiyyat-sənət barədə
söhbət açmaq,
problem çözmək... Məsələn, o, inandığı
gənc istedadı başa çəkir, qəzetin ilk səhifələrinə
çıxarır, ona
güvənir, yazısının
nöqtəsinə-vergülünə toxunmadan çap etdirir. Doğrudur, hərdən tənqidlə,
qınaqla üzləşir,
qısqancların ironik
baxışlarına, tənəli
sözlərinə tuş
gəlir, cavab verməli olur... Ancaq Azər Turan, necə deyərlər, xarakterdi, yolundan sapan, dönən deyil. Belələrini yerində
oturtmağa hazırdı,
cavabı var...
O, böyük yollar yolçusudu. Daim Turançılıq istiqamətində
ürəyini çırağa
döndərən, özünü
oda-közə vuran yorulmaz fədaidi. Sinəsi türk dünyasının nadir xəritəsidi.
Bütün yollar ordan kəsişir, birləşir, ayrılır.
Gah sorağı Naxçıvandan
gəlir, gah da Ankaradan,
İzmirdən, İstanbuldan...
Gah Təbrizə baş
çəkir, gah da Kazana
(Rusiya), Almatıya (Qazaxıstan), Daşkəndə,
Səmərqəndə (Özbəkistana),
Aşqabada, (Türkmənistana),
Ufaya (Rusiya). Balkan türklərini də, Avropa ölkələrinə
(Almaniya, Belçika, İsveç, Fransa, Britaniya krallığı
və s.) səpələnmiş
soydaşlarımızı da axtarmağa, aramağa, həmrəylik naminə birləşməyə vaxt
tapır Azər Turan.
Həqiqətən istedadlı, hərtərəfli
zəkaya, təşkilatçılığa
malik insan gərək
anadan elə doğula. Fəhmi-fərasəti,
Allah vergisi yerli-yerində.
Yoxsa "filankəsi yaşadığı mühit
yetişdirib" - söyləməklə
deyil. Azər Turanın kabineti kitablarla, nadir şəkillərlə
doludur. Özünün
və sevdiyi ədiblərin irili-xırdalı
əsərləri, məqalələri
bir yana, başının üstündə
üç nəhəng
Azərbaycan türkünün
portreti var: Məhəmməd
Füzilinin, Əli bəy Hüseynzadənin və Hüseyn Cavidin.
Mənim
42-43 illik qədim dostuma bir sualım
vardı. O zaman verə
bilməmişdim, sanki
məqamı deyildi.
İndi onu Azərdən
soruşmaq istəyirəm:
"O sevda nə sevda idi, ürəyində,
gözlərində çağlayırdı?"
Əlbəttə, əziz
Azər Turan, bu cavab mənə
indi əyandır. Dahi Füzuli demişkən, "Sual olursa bu səndən,
nədir cavab sənə". Əslində
bu ötən narahat illər ərzində sən çox suallara əməllərinlə doğru
cavab tapmısan...
525- ci qəzet.- 2023- cü il.- 5 noyabr.- №- 202.- S. 14.